17.07.2011

TƏNHALIĞIN İFAÇISI

Ayxan Eyvaz                      http://www.dayaq.org/

Məhşur müğənni Tarkan bir gün Türkiyənin böyük ifaçılarından birinin evinə mahnı istəməyə gedir. Bu ifaçı Tarkana gözlənilmədən bu sualı verir: “Mövlanə Cəmaləddin Rumini oxumusan?”. Müğənni çaşıb qalır. O, Mövlanəni oxumadığını bildirəndə, ifaçı ona mahnı verməyəcəyini deyir və yumşaq şəkildə Tarkanı evindən qovur.
Bu söhbətdən sonra Tarkan Mövlanəni oxumağa girişir.
Həmin böyük ifaçının adını açıqlayıram: Sezen Aksu.
Şübhəsiz, onu tanımayan yoxdu, eləcə də dinləməyən.Elə bir gün olmayıb ki, mən bu əsrarəngiz müğənninin ifasını dinləməyim. Sezen Aksunu dinləməyin də bir qaydası var. Gərək onu dinləyərkən, həm də musiqiyə baxmağa çalışmalısan. Düşünürəm ki, Sezen Aksu elə müğənnidi ki, onu qarışıqlıqda, çoxlu insan içində dinləmək olmaz. Nədənsə, onun oxunuşunda bir tənhalıq, yalqızlıq var. Ən azı onu dinləyərkən otağına qapanmalısan və mahnının sözlərini də mızıldanmayasan. Yoxsa Sezen Aksunun ifasının sirliliyi, səssizliyi pozular. Bəzən mənə elə gəlir ki, Sezen Aksu oxumur, sükutun mənzərəsini çəkir. O, yüksək mahnıları belə öz səs tonuna uyğun, sakit və duyğulu oxuyur.
Yazıçı hər hansı əsərdə müəyyən bir obrazı təsvir edirsə gərək onu elə eləsin ki, oxucu o dəqiqə o obrazın cildinə düşsün. Məsələn, mən Dostoyevskinin “Cinayət və Cəza” romanını oxuyanda sanki sehrli bir qüvvə mənim əlimə balta verdi və mən Raskolnikova çevrildim, qarşımdakı qarının başını yardım. İnandırım sizi, “Cinayət və Cəza”nın həmin o öldürmə səhnəsində mən səksənmişdim. Bu, artıq yazıçının gücüdür. Bir fransız yazçısı da özünü zəhərlə öldürən insanı təsvir edərkən o qədər obrazın içinə giribmiş ki, ağzında zəhər tamının olduğunu hiss eləyib. Yazıçı gərək cilddən-cildə girsin ki, oxucu onun yazdığına inansın. Yoxsa, quru yazı kimə lazımdır?
Belə hesab edirəm ki, Sezen Aksu ifaçılığın Dostoyevskisidi. O, dinləyicini istənilən vəziyyətə sala bilər. Hətta intihara belə apara bilər. Bu cür ifaçılar Türkiyədə və dünyada az deyil. Emre Aydın, Ahmet Kaya, Kıraç, Mayk Cekson və digərləri buna misal ola bilər. Murat Kekillinin “Bu akşam ölürüm” mahnısını kim xatırlamır? Bir ara o mahnını Türkiyədə qadağan eləmişlər. Çünki sevgilisindən ayrılan neçə-neçə gənc bu mahnını dinlədikdən sonra intihar edib özünü öldürmüşdü.
Bir dəfə Türkiyənin TRT - 1 kanalında Sezen Aksu ilə Ajda Pekan düet oxumuşdu. Mən o günün necə keçdiyini deyə bilmərəm, bunu təsvir etmək qeyri-mümkündü. Ancaq bircə onu deyim ki, biz necə Frans Kafkanı, Dostoyevskini oxuyanda fəzada uçduğumuzu zənn edirik, mənə onda elə gəldi ki, doğurdan da göyün üzündəyəm. Möhtəşəm ifa bir yana, iki böyük sənətkarın bir-birinə qarşı mehriban hərəkətləri məni çaşdırmışdı. Sezen Aksu Ajda Pekanı böyük ifaçı hesab elədiyi halda Ajda Pekan da həmkarını böyük müğənni hesab edirdi. Belə təvazökar, qısqanclıqdan uzaq iki sənətkarın bir araya gəlməsi və düet etməsi...indi özünüz təsvir eləyin, necə möhtəşəm olar.
Sonda isə demək istəyirəm ki, güclü sənətkar özünün böyük olduğunu bilsə də bunu ətrafa bildirməməlidir. Sezen Aksu bu işi yaxşı bacarır. Onun ifasını sözlə ifadə etmək mümkün deyil. Onu dinləmək kifayətdir ki, Sezen Aksunun böyüklüyünə inanasan. Ancaq istərdim yazımın sonunda sizlərə onun “Perişanım şimdi” mahnısının sözlərini təqdim edim. Düzdü, ifa ayrı şeydi, ancaq hər halda sözlərini oxumaqla ən azı onun ifaçı simasını öz təsəvvürünüzdə canlandıra bilərsiniz. Buyurun, oxuyun:

Ne ağzımın tadı var, ne canda huzur,
Gönul nasıl derin bir kederde,
Aşkından ümidi kesdim hiç olmazsa
Evim şenlensin sohbete gel de.

Sen hiç fark etmeden kalp kırdınmı?
Merak edip vicdanına sormadınmı?
Ne yapdım ben sana bu kadar nihayet
Ben de bir anadan doğulmadımmı?

Bir daha olmaz, bir kere tövbe
Kan davasımı, bu nasıl öfke
Perişanım şimdi mutlu oldunmu?
Bir daha olmaz, bin kere tövbe,
Kan davasımı, bu nasıl öfke?
Perişanım şimdi mutlu oldunmu?
Başını yastığa rahat koydunmu?
Başını yastığa rahat koydunmu?

Şərhsiz...

Комментариев нет:

Отправить комментарий