17.07.2011

Anderqraund sevgilər



Bu yazı layihə deyil və heç bir xarici qurum tərəfindən maliyyələşdirilməyib

 FLƏŞ-MOB TƏHLÜKƏSİ. Son illər dünyada fləşmob (Flash mob) adlı bir termin yaranıb. Bu qabaqcadan hazırlaşmış bir qrup insanın qəfildən etdiyi qeyri-adi hərəkət və ya hərəkətlərdir. İlk baxışdan bu aksiyada hamı liderdir, lakin burada hamının tanıdığı bir lider var və hər bir iştirakçı onun tapşırıqlarına əməl etməlidir.
 İlk fləşmob Amerikada 60-cı illərdə kiçik qəsəbələrdən birində özünün qeyri-ənənəvi dini sektasını qurmuş Bill adlı şəxs tərəfindən təşkil edilib. Sonradan bu ideya başqa sektalar tərəfindən də öyrənilib və yayılıb. Ekspertlərin bildirdiyinə görə, bu aksiya ilk növbədə gənclərin şüuruna təsir etmək, onların müstəqil düşüşncə tərzini aradan qaldırıb bütün fikirlərinə hakim olmaq niyyəti güdür. Fləşmobun fəlsəfəsində də məhz bu dayanır. Əsasən gənclik qeyri-adiliyə, yeniliyə can atdığından fləşmoba da daha çox gənclər meyl edir. Bəzi intiharçı dini sektalar öz əlamətdar günlərində fləşmob intiharlar yolu ilə yoldan çıxardıqları insanları o dünyaya yola salırlar. Təkcə 2010-cu ildə dünyada 172 gənc fləşmoblar nəticəsində həyatını itirib ki, araşdırmalar nəticəsində onların missionerlərin təsiri nəticəsində müxtəlif qeyri-ənənəvi dini sektaların, xüsusilə saentist və satanistlərə qoşulmuş gənclər olduğu müəyyən edilib.
Təəssüf ki artıq fləşmoblar Azərbaycana, xüsusilə də Bakıya ayaq açıb və onun əsl mahiyyəti gənclərə izah olunmaqdansa, hətta bəzi telekanallarda da bu aksiyalar yeni bir oyun, əyləncə kimi təbliğ edilir. Amma  nə vaxtsa bu qorxulu oyunun çox təhlükəli bir virus olduğu hamıya aydın olacaq. Artıq Bakıda bir neçə belə fləşmob qeydə alınıb və bu dəhşətlərdən birinin videosu internetdə yayımlanıb. Nəticə çıxarmağı həmişə olduğu kimi, hər kəsin öz öhdəsinə buraxırıq. Anlatmaq bizdən, nəticə çıxarmaq sizdən…
 GİZLİ KAMERALARDAN QORUNUN. Şəxsi bloglardan birində mükəmməl bir araşdırma aparılıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb onu təqdim edirik.
 Həyatımızın tərkib hissəsinə çevrilmiş gizli kameralar bəzən bizləri çətin durumlara salır. Belə duruma düşməmək və sonra da Lider TV-nin ekranını, internet səhifələrini bəzəmək istəməyənlərə aşağıdakı qaydalara ciddi şəkildə riayət etməyi məsləhət görürük:
1.Şəhərdə və küçədə:
-qadınlar olan səmtə boylanmayın,
-küçədə uşaq yaxınlaşıb nəsə soruşsa, ona tərəf boylanmadan və cavab vermədən hərəkətinizi davam etdirin, yoxsa sizi kameraya çəkib pedofil kimi təqdim edəcəklər,
-günün saatından asılı olmayaraq tünd rəngli eynəkdən istifadə edin,
-kişilərlə belə əl tutub görüşməyin (sizi kameraya çəkib mavilikdə ittiham edə bilərlər), ümumiyyətlə mavi rəngi unudun. Kimsə sizə mavi rəngdə paltar, avtomaşın, hətta təyyarə bağışlamaq istəsə, bilin ki bu təxribatdır və nəzakətli şəkildə imtina edin,
-SOS: ictimai tualetdən heç bir halda istifadə etməyin!!! (ümumiyyətlə isə, ən etibarlısı evdən çıxanda böyük ölçüdə pampers geyinib çıxmaqdır)
-sex sözünü eşidəndə belə diqqətinizi o sözü deyənə çəkməyin (bu an sizi kənardan çəkə bilərlər).
-Səfirliklərdə viza üçün anket doldurduqda oradakı sex sözünün üstündən xətt çəkib, qarşısına “Bu bizim milli mentalitetimizə ziddir” yazıb, altından imza atın,
-çalışın internetdən (xüsusilə də sosial şəbəkələrdən) istifadə etməyin, etdikdə isə profilinizə xüsusi adlar seçin (“YAPsevər”, “Mən dəstəkləyirəm”, “Müxalifətə ölüm!”, “Vətən xainlərinə ar olsun!” və s.),
-toyda, ad günlərində qızlardan-qadınlardan uzaqda oturun, gəlinə və ya müğənniyə tərəf heç zaman boylanmayın- sizi gizli kameraya çəkib sonra namussuzluqda ittiham edə bilərlər,
-hüzr məclislərinə getdikdə isə mərhumdan maksimum uzaq olun, yoxsa gizli kamera sizi bu dəfə nekrofil kimi göstərəcək.
2.Evdə:
-qapıdan girdikdə həyat yoldaşınızla rəsmi görüşün və belə də müraciət edin (əl tutmayın, məsələn, “necəsiniz Kəmalə xanım?”- deyə salamlaşın),
-uşaqları soruşduqda yalnız “uşaqlar necədir?” kəlməsindən istifadə edin (uşaqlarımız desəniz, sizi həyat yoldaşınızla intim əlaqədə olmaqda ittiham edə bilərlər, sonra da bunu hökmən Lider TV-də göztərəcəklər),
-gecə saat 12-dən tez duşdan isifadə etməyin, vannanı isə ümumiyyətlə unudun, vanna otağına daxil olduqda işığı mütləq söndürün,
-həyat yoldaşınızla ayrı-ayrı otaqlarda yatın və təxəyyülünüzə güc verib, bütün intim tələbatlarınızı xəyalən təmin edin, yatanda heç zaman paltarlarınızı soyunmayın,
-SOS: tualetdə xüsusilə ehtiyatlı olun- unitaza əyləşməzdən öncə onun içində Lider TV-nin çəkiliş qrupunun, rəhbərlərinin və xüsusi xidmət orqanları (təbii ki xarici!!!) əməkdaşlarının olmadığına əmin olun. Hər ehtimal üçün əyləşməzdən əvvəl suyu buraxmağı vərdiş edin ki, yuxarıdakılar varsa, su yuyub aparsın. Tualet kağızı almayın, rulonun içində kamera gizlədilə bilər. Xanimlara isə gigiyenik paketlərdən istifadə zamanı xüsusilə diqqətli olmağı tövsiyyə edirik,
-çirkli alt paltarlarınızı vannaya atıb getsəniz, əmin olun ki onları hökmən çəkib Lider TV-də göztərəcəklər,
-evdə hərəkət edəndə ciddi olun, yerli-yersiz gülümsəməyin və xanımınızdan bəlli məsafə saxlayın. Oturub-durduqda isə şalvarınızı öndən və ya arxadan düzəltməyin, bu hərəkətiniz gizli kameraya tuş gələ bilər və onda siz zəhmətkeşlərə ononist kimi təqdim olunacaqsınız.
3.Əgər siz kənddə yaşayırsınızsa və heç olmazsa bir dəfə dolanışıqdan gileylənmisinizsə:
-çalışın, həyətdən bayıra çixmayın,
-ev heyvanlarına 30 metrdən yaxına getməyin, xüsusilə də dişi heyvanlara. Bilin sizi çəkib göstərəcəklər və zoofiliyada ittiham edəcəklər,
-eşşəklərə və qoyunlara tərəf isə hətta boylanmayın, burda təhlükə risqi ikiqatdır: zoofiliya ittihamından savayi, siz kiminsə qohum-əqrabasına təcavüzdə şübhəli bilinib, onların qəzəbinə tuş gələ bilərsiniz- bu isə artıq namus məsələsidir.
-həyat yoldaşınızın tənbəlliyi və ya pintiliyi sizi hövsələdən çıxaranda söyüşdən istifadə etməyin. Onu (söyüşü) “sənin var-yoxunun ömrü uzun olsun!”, “ay atanın goru nurla dolsun!”, “sənin nəslinə qurban olum!” kimi diplomatik ifadələrlə əvəzləyin. Bilin, gizli kamera sizin yanınızdadır, o sizin ehtiyatsızlığınızı gözləyir.
 Təlimatın hazırlanmasında əvəzsiz məsləhətlərinə və göstərdikləri təmənnasız dəstəyə görə VÇK rəhbəri Edmund Dzerjinskiyə, NKVD sədri Lavrentiy Beriyaya, Gestapo şefi Henrix Müllerə, 3-cü Reyxin kəşfiyyat şefi Valter Şellenberqə və onlarla digər dəyərli insansevər yoldaşlara səmimi təşəkkürümü bildirirəm!
 SÖYÜŞ SÖYƏK, YA SÖYMƏYƏK? Ədəbiyyatda söyüş və küfrün yer alması bu günün məsələsi deyil. Ədəbiyyat vaxtilə ona pərçimlənmiş didaktik funksiasını itirdikdən bu yana söyüşlərə və bu semantik yuvadan olan digər “janr”lara (folklorda buna ayrıca janr kimi baxırlar) geniş qucaq açmış oldu.
 Bu günlərdə ruscada Uelşin “İynəyə oturmaq” əsərini oxudum. Bu yüksək sənət əsərindən zövq almamaq mümkün deyil. Buradakı küfr kitab personajlarını canlı insanlara çevirmək vəsiləsidir yalnız. Dünya ədəbiyyatının klassiklərindən tutmuş müasir yazıçılara qədər saysız-hesabsız yazıçılar bizim həyayla “qeyri-normativ” leksika adlandırdığımız tərkibdən həvəslə istifadə etmişlər. Bunların sırasında Puşkin, Tolstoy, Bulqakov, Coys və s. də yer alır. Coysun “Uliss”ini oxuyanlar bilir ki, buradakı yağlı söyüşləri hələm-hələm Azərbaycan dilinə tərcümə etmək indiki bir az başıpozuq zamanımızda belə müşkül iş kimi görünür.
Avropada, ümumiyyətlə Qərbdə qeyri-normativ leksikadan istifadə ilə bağlı problemlər çoxdan zamanın arxivinə verilib.
 Orada “ədəbli, söyüşsüz, mərifətli” mətnin yazılması sənələr öncə şərt olmaqdan çıxıb. Söyüş söymənin üstündə bir-birini bıçaqlayan yurddaşlarımız məni düzgün anlasın. Gerçək, xəyali olmayan həyatı qələmə alarkən yazıçının qeyri-normatif leksikadan yararlanması normaldır.
 Baxmayaraq ki yazıçı istənilən halda gerçəkliyin estetik obrazını yaradır və bir növ onu modelləşdirir. Viktor Yerofeyevin Qərbdə də məşhurlaşmış “Moskva – Petuşki” əsərində bu leksika bütöv səhifələrlədir. Ancaq buna görə onu söyüb-yamanlayan yoxdur.
 Bu gün Hollivudda çəkilən filmlər açıq-saçıq söyüşlərlə zəngindir. Doğrudur, bunlar əsasən “böyüklər üçün” çəkilmiş filmlərdir. Qoy heç kəs məni inandırmağa çalışmasın ki, söyüş söymək və küfr söyləmək bizim mentalitetimizə, mədəniyyətimizə-filana yaddır. Heç olmasa öz “Oğuznamələr”imizdəki yağlı-buğlu arqolara nəzər salın. Adət-ənənədən, varislik-vərəsəlikdən danışarkən “Oğuznamələr”i görməzlikdən gəlməyin lütfən. Mənim kolleksiyamda çoxlu qədim türk şeirləri var ki, söyüşlərlə doludur (məsələn, arvada qancığ deyirdilər).
 O zaman biz arqo deyimlərindən istifadə edənlərə qarşı niyə bu qədər əsəb keçirdirik, bunu kəsdirə bilmirəm.
 Sonda bu günlərdə rus qəzetilərindən birində rastlaşdığım bir çıxışı diqqətinizə çatdırım, gülün. Günümüzün hadisəsidir: məşhur italyan sənətşünası, İtaliya parlamentinin üzvü Vittorio Sqarbi parlamentin iclasında bir məmurun ünvanına küfr püskürür: “Bu kəmsavad məmur katso, bu nadan katso, bu cəhalətpərəst katso, bizə mədəniyyət abidələri ilə necə davranmaq lazım olduğunu öyrətməyə çalışır, katso!”
 Diqqətinizə çatdırım ki, “katso” italyancada kişi cinsi orqanının adıdır.



İbrahim Sel   Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий