10.07.2011

“Yeni xəbər”dən “Yeni xəbər”ə yazırlar


Oxucu məktubu
        
             Nöqtələr yanbayan dayandıqda kolorit yaranır

 Hörmətli redaksiya! Aylarla fasilədən sonra qəzetinizin yenidən çıxacağını eşidib çox sevindim. İndi artıq bütün fikirlərim yenə bu qəzetə yönəlib, hər həftə səbirsizliklə gözləyirəm. Sevə-sevə oxuduğum bir neçə qəzet var. Bunlardan biri özümün də yazarı olduğum “Xural”, biri “Yeni xəbər”, bir də “P.S.Nota”dır. Sadaladığım bu qəzetlər bütün məna və dərinliyi ilə məni özünə çəkib.
 Məni “Yeni xəbər”dən “Yeni xəbər”ə yazmaya bilməzdim. Yenidən çıxacağınızı eşidəndə qərara gəldim ki, bütün yaradıcı kollektivinizi təbrik edim. “Çox sağ olun” deyim, belə bir informativ qəzetə görə. “Sion müdriklərinin protokolları”, maraqlı köşə yazıları, qeyri-adi baxışlar, yanaşmalar qəzetinizi digər qəzetlərdən fərqləndirir. Firudin Gilar Bəg, Hafiz Mirzə, Cavidan kimi yazarları bir nəfəsə oxumaq olur. Bir az mübaliğəli və gülməli çıxar, amma “Yeni xəbər” artıq mənim ailə üzvlərimdən biri kimi olub. Hər axşam evə gəldikdən sonra ailə üzvlərim, uşaqlarım yanıma yığışdığı kimi, bu qəzet də yanımda olur, başımı qatır, darıxmağa qoymur. Tərki-dünya edib başqa aləmlərə aparır, intellektual informasiya verir, ağrılı-acılı dünyamızdan müvəqqəti də olsa ayırır.
 Bir yazar dostum vardı, həmişə “təsir gücündən” danışanda məşhur “Xaç atası” filmindən bir hissəni yada salırdı, harada ki qruplaşmaların, mafiyaların başçıları bir çox itkilərdən sonra- öz aralarında aparılan münaqişəyə son qoymaq məqsədi ilə əzizlərinin canına and içirlər və bununla da uzun illər davam edən müharibəni qurtarırlar. Sizin qəzet də bir növ mənimçün ictimai müharibələrdən kənara çəkən, sosial hücumlardan qoruyan bir yaxınıma çevrilib. Qəzetinizin başlıca məziyyəti bilirsinizmi nədir? Sion müdriklərinin protokollarında MƏĞZİ bilməyən adamlara “qoy” (bunu bizim dildə “qoyun” kimi də ifadə etmək olar) deyirlər. Sizin qəzet oxuyan adam MƏĞZİ başa düşür, MAHİYYƏTİ anlayır, odur ki belə oxucunun sıradan bir “qoy” hesab olunması şansı çox cüzidir.
 Müsbət saydığım cəhətlərdən biri odur ki, “Yeni xəbər” siyasiləşmədi, nə diniləşdi, nə də masonlaşdı və hansısa məmurlararası oyunda da iştirak etmədi. “Yeni xəbər” çağdaş Azərbaycan qəzetçiliyinə sözün həqiqi mənasında nəfəs verdi. Bu isə rəhbərliyin heç bir ayrı-seçkilik qoymadan, heç bir qütbə bölmədən hamıya eyni şəraiti yaratması atmosferində olmuşdur. Təbii ki bir yazar olaraq mənim də “Yeni xəbər”də görmək istədiklərim var. Birincisi təklif edərdim ki, “Xural”dakı kimi yazarların və oxucuların görüşləri təşkil olunsun. Beləcə oxucu yazar əlaqələri möhkəmlənsin. İkincisi istərdim ki, sizin qəzetdə ədəbiyyat səhifəsi də olsun, çünki oxucuların içərisində ədəbiyyatçılar az deyil. Üçüncüsü qəzetin saytı da yaradılsın ki, internetdəki oxucular da materiallarla tanış ola bilsinlər.
 “Yeni xəbər”də çox real yaradıcı məktəb gördüm, kiminsə formalaşmış üslubu, rəqabəti, oxucusu, təcrübəsi var. Bizdə real oxucu kütləsi olmadığından, publisistikaya bu qədər zəif axın fonunda qəzetlərdə hətta bəzən o qədər də yaxşı yazı tərzi olmayan qələm sahiblərinə də rast gəlmək olur. Amma təsadüfən olsa da, oxuduğu ən zəif yazı belə oxucunun intellektual səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər. İnanıram ki, hələ daha da inkişaf edəcəksiniz.
 Bu gün xalqımızın öz hüquqlarını bilmələri üçün maariflənməyə böyük ehtiyacı var. Həmin ehtiyacı isə yalnız yüksək səviyyəli mətbuat ödəyə bilər. Bu sahədə bizim qəzet və jurnallarımızın, televiziya və radio kanallarının, fədakar jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür. Təhsil sistemi onsuz da məhv olub gedib. Təəssüf ki bu gün Azərbaycan təhsili xarici təşkilatçılar üçün eksperiment meydanına çevrilib. Bütün yük mətbuatın üzərinə düşür. Cəmiyyət hər zaman inkişaf etməli, dəyişməlidir. Bütün bu keşməkeşlərin, qlobal proseslərin içərisində hər zaman insanların maarifləndirilməsinə ehtiyac var. “Yeni xəbər” qəzetinin bu işin öhdəsindən layiqincə gələcəyinə inanıram.
 İndiki naşirlər qəzet buraxanda ilk növbədə onun gözəlliyinə, yazıların səliqə-sahmanına diqqət yetirərlər. Amma oxunaqlı olması, maraq yaratması heç kəsin vecinə deyil. İntellektuallıqdan isə heç söhbət gedə bilməz. Sizin qəzet isə əlinə keçən ilk oxucuda böyük maraq yaradır, hər həftə yeni sayı aramağa, səbirsizliklə gözləməyə vadar edir. Zənnimcə bu, baş redaktorun estetik baxışlarından, bədii zövqündən soraq verir.
 Sevindirici haldır ki, qəzetinizdə həm solçular, həm sağçılar, həm islamçılar, həm ateistlər, həm postmodernistlər, həm də ənənəvi, klassik ədəbiyyatçılar dərc olunur, öz fikirlərini cəmiyyətlə bölüşürlər. Görürük ki, bu gün “Yeni xəbər”in qapıları hər kəsin üzünə taybatay açıqdır. Bu fikir plüralizmindən, demokratik yanaşmadan xəbər verir. Ağ kətan üzərində əlvan, rəngarəng nöqtələr kimi milli qəzetçiliyimizdə də müxtəlif təsvirlər öz əksini tapmalıdır. Mən istərdim ki, nöqtələrin sayı yüzlərlə olsun. İncəsənət tarixində puantalizm, yəni nöqtələr vasitəsilə rəngkarlıq üslubu var. Bu üslubun banisi məşhur fransız rəssamı Söra olub ki, o da impressionizm dövrünün rəssamıdır. Təbii ki nöqtələr yanbayan dayandıqda kolorit yaranır, yoxsa Söra Söra olmazdı. Mütləq nöqtələrin sayı çox olmalıdır ki, onlar birləşsinlər.
 Baş redaktor əslində elə neytral olmalıdır. Bu konsepsiyanız sözün əsl mənasında təqdirə layiqdir. Unutmayaq ki, himnimizin müəllifi Əhməd Cavad doğma Azərbaycanımız üçün “Səndə ötrü can verməyə cümlə hazırız” deyib. Yazarlarınız müxtəlif mövqeləri təmsil etsələr də, inanırıq ki, vətənpərvərlik ideyalarına sadiq insanlardır. Qoy sizin qəzetinizdə hər zaman Azərbaycanımızın bütün milli-mənəvi dəyərləri, heç kəsin tariximizdən silə bilmədiyi adət-ənənələri, bir sözlə gözəllikləri və özəllikləri görünsün.
 İşinizi yüksək qiymətləndirirəm! İndi vaxtım çox azdır, amma bu az vaxt kəsiyində də sizinlə əlaqələri möhkəmlətməyə ciddi fikir verəcəyimə söz verirəm. Ədəbi tənqidə mühüm yer verilməsi daha da önəmli olardı. Amma hər kəs də tənqidçi olmağı bacarmır. Köşə yazılarının sayını artırmağı da nəzərdən qaçırmaq olmaz. Həm elmi, həm fəlsəfi və s. sahələri əhatə edən məqalələr az şey demir. Sizi təbrik edirəm! Bu yol uğura aparır!
 Oxuculara isə demək istərdim ki, bu “Yeni xəbər”ə tez-tez üz tutun. Bayırda isti, toz-tozanaq, “Yeni xəbər”də isə təmizlik, gözəllik, bir də hər kəsin bütün varlığına, iç dünyasına təsir edəcək sərinlik var.
 Bir daha “Yeni xəbər”in kollektivini ürəkdən salamlayır, işlərinizdə daim yeniliklər və uğurlar arzulayırıq. Sevə-sevə oxuyur və çıxacaq hər yeni nömrənizi səbirsizliklə gözləyirik. Çox qısa zamanda böyük uğura nail olduğunuz üçün sizi təbrik edirəm!
 Duyulur ki, böyük amallar uğrunda görmək istədiyiniz işlər hələ çoxdur. Odur ki bu yolda dizinizə taqət, sözünüzə qüvvət arzulayıram. Bir də arzu edirəm ki, “Yeni xəbər”in qoruyucusu daim xeyirxah mələklər olsun.

Hüsamə bin Sərxan, “Xural” qəzetinin köşə yazarı

                                         Yuxarıdakı şəkildə: “Yeni xəbər” qəzetinin redaksiya heyəti

Комментариев нет:

Отправить комментарий