16.12.2011

Lənkərana qoşun yeridildi

Hərbçilərlə balıqçılar arasındakı insident: zabitlərdən biri girov götürüldü, bir nəfər isə öldürüldü 

Lənkəran rayon Nərimanabad qəsəbəsində yerli sakinlərlə hərbçilər arasında münaqişə baş verib. TİA.AZ-a daxil olan məlumata görə, münaqişə hərbçilərlə balıqçılar arasında yaranıb. Məlumatda deyilir ki, münaqişəyə səbəb balıqçıların dənizə buraxılmamasıdır. 

Qeyd olunur ki, hərbçilərin balıqçıları dənizə buraxmaması və yüksək haqq tələb etmələri sakinlərin qəzəblənməsinə səbəb olub. Səbr kasası daşan Nərimanabad qəsəbəsinin sakinləri anlaşa bilmədikləri üçün hərbçilərlə üz-üzə gəlməli olublar. Yaşanan münaqişə nəticəsində qəsəbədə vəziyyətin ağırlaşdığı deyilir. 


TİA.AZ-a verilən məlumatda iddia olunur ki, qəsəbə sakinləri ilə hərbçilər arasında yaşanan insident nəticəsində bir nəfər dünyasını dəyişib. Hərbçilərdən isə zabitlərdən biri girov götürülüb. Xəbərdə deyilir ki, hal hazırda Lənkəran və Masallıda yerləşən Daxili Qoşunların heyəti vəziyyəti sabitləşdirmək üçün Nərimanabad qəsəbəsinə yeridilib. 

Son məlumatlara görə, təqribən 10 balıqçı saxlanılaraq Neftçalaya aparılıb. Hazırda qəsəbə sakinləri balıqçıların buraxılmasını tələb edirlər. 

Qeyd edək ki, sözügedən qəsəbədə balıqçılarla hərbçilər və digər dövlət qurumlarının nümayəndələri ilə belə hadisələr davamlı olaraq yaşanır. Hətta bir müddət əvvəl Lənkəran rayon İcra Hakimiyyətinin başçısı da Nərimanabada əhali ilə görüşə gələn zaman, onu girov götürmüşdülər. Lakin həmin vaxt aparılan danışıqlardan sonra icra başçısı girovluqdan azad edilmişdi. 

Комментариев нет:

Отправить комментарий