14.12.2011

Sarı rəng və təbəssüm - ESSE

Məşhur filimlərdən hərəkətli fotokadrlar
Könül Səid

Yol boyu xəyala dalmışdım. Keçmişə ani bir nəzər salıb çıxacaqdım, amma hər şey mənim düşündüyüm kimi olmadı. Xatirələr məni çəkib elə bir apardı ki, nə ətrafdakı insanları, nə də baş verən hadisələri görmürdüm. Birdən gözümə sarı bir işıq düşdü. Əvvəl elə bildim bu daldığım xəyal aləmindən gələn bir işıqdır. Amma gözlərimin dərinliyinə işlədiyini hiss edincə elə bil diksindim.


Bu sarı işıq yaşlı bir qadından gəlirdi. Əslində qadından yox onun geyindiyi uzun sarı plaşdan gəlirdi. Plaş çox uzun idi . Bəlkə də qadın çox balaca idi. O an bunun fərqinə o qədər də varmadım. Ya qadının balaca , ya da plaşın uzun olduğunun məsləyə heç bir aidiyyatı da yox idi. Əsas məsələ o işığın plaşdan gəlməsi idi.
Həyatımda qəribə hadisələr, dolaşıq məqamlar həmişə olub və olacaq da . Elə bil bu yaşadıqlarım məni izləyən doğma bir kölgədi . Həyatımın hər anında ayağıma yaxın bir yerdə durur. Bircə yerə baxmam yetər. Amma bu qəribəliklərin nədən məni seçdiyini bəlkə də heç vaxt bilməyəcəm. Heç bilmək də istəmirəm. Nə isə əsas məsələni unutdum .
Canlı rəsimlərUzun sarı plaşlı yaşlı qadının hardan gəlib hara getdiyini bilmirəm ,amma çox qəribə bir aura yarada bilmişdi ətrafında. Qara və boz tonlara bürünmüş insanlardan fərqlənirdi bu qadın. Elə bil gecəyə Günəş öz istiliyi və işığıyla qonaq gəlmişdi. Elə bil bu qadın həyatın sönüklüyünə son qoymaq üçün gəlmişdi. Bəlkə bu qadın mən onu görüm deyə burdan keçməyi qərara almışdı. Bəlkə də son günlər məni izləyən uğursuzluqlardan qurtulum deyə rastıma çıxmışdı. Bu suallar sonsuzdu bilirəm, amma səbəbi tapmaq üçün onu izləmıəyi qərara aldım. Öz yolumdan dönüb onun yolu ilə getməyə başladım . Bir baxdim ki , qaranlıq gecədən aydın bir gündüzə düşmüşəm . Hər yan sarı rəngə çalır . Qadının bircə təbəssümündən ətrafımda sarı güllər açdı. Bir anlıq ətrafım sarı divarlarla örtüldü. Üzüm də gülməyə başladı və bu təbəssüm də sarı bir işığa bənzədi.
Bu halım nə qədər davam etdi bilmirəm, amma xəyal aləmindən ayılanda özümü çox xoşbəxt hiss edirdim.Bircə o qadının hara yoxa çıxması mənə qaranlıq qaldı. Hardan gəlmişdi və kim idi ? İndi bu sualların cavabını bilməsəm də olar , amma əsas məsələ o məni ayılda bilmişdi. Bəlkə gələn dəfə onu yenə görə görəcəm, bəlkə də yox.. Amma bir şeyi anladım kədər burulğanından çıxmaq üçün insana az bir şey lazımdı. İsti və sevgi dolu təbəssüm belə yetər.
Canlı rəsimlər

Комментариев нет:

Отправить комментарий