05.01.2012

“Dəvələr ədəbli oturuşları ilə digər heyvanlardan fərqlənirlər”


Şabran rayonu qədim yaşayış məskənlərindən biridir. Bu məkan tarixin müxtəlif dövrlərində səyyah və tacirlərin məskəni olub, karvan yolu kimi bir anlayışı özündə əks etdirib. Bəlkə də rayonun adının Dəvəçi adlandırılması bu tarixi faktla bağlı olub. (Qeyd edək ki, rayonun adı Şabran adı ilə əvəzlənib).
Hazırda rayonunun dənizkənarı Udulu kəndində dəvəçilik təsərrüfatı da fəaliyyət göstərir. Uduluda həmsöhbət olduğumuz  dəvəçi Həsən Əliyevin (Həsən Əliyev 3 ildir ki, atası Təhmirazla birgə dəvələrin qayğısına qalır) sözlərinə görə, 1957-ci ildən 2008-ci ilə qədər bu rayonda kimsə dəvəçiliklə məşğul olmayıb: “3 il öncə rayonda bu sahənin inkişafı gündəmə gətirilib. Belə ki, 17 mart 2008-ci ildə rayon rəhbərliyinin təşəbbüsü ilə Salyan rayonundan Şabrana 2 dəvə gətirilib. Hazırda onların sayı 9-dur”.


Dəvəni digər heyvanlarla müqayisə edən Həsən bəy dedi ki, dəvələr olduqca sadiq heyvanlardır. Hətta öz sahiblərindən başqa kimsəni qəbul etmirlər. Dəvə özünü müdafiə etməyi bacaran, özünü qidalandıran heyvandır”. Dəvənin çox kinli olduğunu bildirən həmsöhbətimiz onun zəif yerinin qulağı olduğunu qeyd etdi: “Onu da deyim ki, dəvələr çox ədəbli oturuşları ilə digər heyvanlardan fərqlənirlər. Belə ki, onlar üzləri qibləyə, həm də dairəvi otururlar. Balalarını da dairənin içərisində saxlayırlar. Bu isə hər şeydən əvvəl, onları kənar təsirlərdən qorumağa xidmət edir.”
Məlumat üçün qeyd edək ki, dəvələrin saxlanıldığı məkan rayon mərkəzinin 25-30 kilometrliyində - dəniz kənarındadır. Həsən bəyin sözlərinə görə, Dəvəçi dəvə saxlamaq üçün əlverişli iqlimə malikdir: “Digər heyvanlarla müqayisədə dəvənin ayaqlaının altı ətdəndir, daşlıq yerlərdə çox çətinlik və narahatlıqla yeriyir. Daha çox tikanlı otlar - dəvətikanı, qanqal yeyirlər”. O, dəvə südündən də söz açdı: “Dəvə südü tibbi nöqteyi-nəzərdən insan sağlamlığı üçün faydalıdır. Astma, bronxit, ümumiyyətlə, ağciyər xəstəliklərinin dərmanıdır. Dəvə südü üçün də bizə çoxlu müraciətlər olur. Çalışırıq ki, onları nagüman qoymayaq. Bu heyvanın yunundan da istifadə olunur. O ki qaldı ətinə... Dəvələrin sayı az olduğuna görə onları kəsmirik. Lakin məlumat üçün deyim ki, bir dəvənin təxminən 300 kiloqram əti olur”. O, rayona daha bir neçə dəvənin gətirilməsinin planlaşdırılıdığını bildirdi.
Dəvələri “Mıxı”,  “Gözəl”, “Nərdəvə” adları ilə çağırdığını söyləyən Həsən bəy dəvələrə tamaşa etməyin maraqlı olduğunu söyləməklə yanaşı, bu sözləri də əlavə etdi: “Amma bu işlə məşğul olmaq insandan səbir tələb edir”. “Buna rəğmən, artıq bu iş mənim sevimli məşğuliyyətimə çevrilib”, - deyən Həsən bəy söhbətinin sonunda insanların dəvələrə olan marağından danışdı: “İlk dəfə rayonumuza dəvələr gətiriləndə onlara tamaşa etməyə xeyli adam gəlmişdi. Elə indi də onlara baxmağa gələnlər var. Yay aylarında isə belə tamaşaçılarımızın sayı daha çox olur”.


zaman.az

Комментариев нет:

Отправить комментарий