Aliya Əsədova
AYAQQABI SALAMI
Ordan göründüyü kimiydi,
rəf üstündə qəhvəyi ayaqqabılar.
Qabarsız ayaq pəncələrinin
ləpirləri vardı sənə göndərdiyim salamda.
Ürəyi vardı karton qutularda.
Ordan döyündüyü kimiydi.
Tozlu rəfdə özünü,
karton qutuda izini,
tozunu alarsan.
Qaldırarsan qutusunun qapağını .
Sən ayaqlamağı sevənsən.
Səni ayağa qaldıranı da,
Ayaqda saxlayanı da
Sevərsən ayaqlamağı,
Ayaqladıqlarının adından
Tozlu, ayaq qoxulu qutulardan
göndərdik sənə
ayaqqabı salamı.
Allah kəssin belə salamı,
Mən onu sənə yolladım...
HƏR ŞEY İKİYƏ
İki kitab ver
iki qələm, iki dəftər,
Böl almanı iki hissəyə.
Ayır qabındakı yeməyi iki paya,
Çağır uşaqları iki dəfə
Dəyiş yolları--
əvvəl min metroya
Sonra da taksiyə.
Zəngli saatın vaxtını quraşdır iki dəfə.
Bu qədər ikilərdən
ikiləşib xasiyyətlər də.
-onları neyliyək`?
yenə bölək ikiyə,
amma mən deməmiş olum.
LİON MORUQLARI
Sənə çatmadı bu sabahkı sevgidən
payızda dadmağa, sevməyə öyrəşdiyim
yaz bir də payız ətirli
Lion moruqları...
Qarda itirilmiş Günəş parçaları
erkən açılmış səhərə uzatdı əllərini ,
işıldayan bəyaz-bəyaz örtüklərdə
saf qoxuları udmağa
bir həvəs istəyirəm.
Bu qoxularda böyüyür kiçik sevgilər,
bir az da böyüyür böyük arzular,
genəlib dünyanın dar tərəfi,
ədalət istədim, qəddar anların xatirəsindən-
elə bu kol dibində qarda tökülmüş
moruqları saymağa hərarət istədim,
hələ ki susub dünyanın kar tərəfi ,
hər şey sənin olur
inandığın çox şeylər.
Təsadüfən çiçəkləyən alçaları
bəyaz çiçəklərinə görə sevdim
bu qış bəyazlığında-
bu qarda kolda yetişmiş
çəhrayı moruqları
daha çox sevdim ətrinə görə.
Sındırılmış cəsarəti
qopmuş inamı
bu qış bəyazlığında
acız oldun yapışdırmağa-
Lion -moruqlar şəhəri.
Olub-keçənləri düz-əməlli saymağa
hər şeyin tarixinə varmağa
çağır bütün qışları,
ey fransız şəhəri ,
qarda tökülmüş qışın kal alçaları,
qarda itirilmiş Günəş parçaları
erkən açılmış səhərə uzatdı əllərini...
Sənə çatmadı
bu sabahkı sevgidən
payızda sevməyə öyrəşdiyim
yaz, payız ətirli dadlı Lion moruqları.
Комментариев нет:
Отправить комментарий