Rövşən Yerfi
Əvvəlki
yazılarda “burjuylar” barədə bəhs etmişdim. Onlardan sonra qanunda olmayan
“dövlətin əhalisi” içərisində ikinci, həm də orta təbəqə - ortabablardır.
Ortabablar barəsində ətraflı bəhs etməməzdən əvvəl bir əhvalat danışmaq
istəyirəm. Bir gün yaşlı, köhnə məhkumlardan birisi cəza çəkdiyi müəssisə
rəisinin qəbuluna şikayətə gəlir:
-Ay
rəis, xahiş edirəm işçilərinə deyəsən inəyimi özümə qaytarsınlar.
Rəis
təəccüblənir:
-Sən nə
danışırsan? İnək nədi? “Türmədə” inək olar? Kişi, neçə ildi yatırsan?
-Hə,
deyəsən çəkdiyin “srok” yavaş-yavaş ağlını başından çıxarır...
-Rəis, elə deyil. Bilirsiz ki, mən
ömrümdə nə içən olmamışam, nə də çəkən, heç kimin işinə də qarışan deyiləm.
Başımı qatmaq üçün kalona gələndə çöldən gizlin, əl boyda radio gətirtmişdim. O
vaxt alanda qiyməti qırx manata olub. Gətirtməyimin üstündən üç gün keçmədi
rejimniklər gəlib qulaq asan yerdə tutdular ki, radioya icazə yoxdur. İyirmi
manat verib geri aldım. Nə başını ağrıdım, bu qaydada radionu ildə azı on dəfə
alıblar əlimdən, mən də pul verib qaytartmışam. Səkkiz ildə verdiyim pulları bu gün maraq xatirinə üst-üstə gəlib
hesablamışam. Azadlıqdan gələnlərdən də soruşub öyrənmişəm çöldə o qədər pula
bir inək düşür. İndi yenə təzəliklə alıblar əlimdən. Xahiş edirəm deyin, daha
bəsdi “sağdılar”, inəyimi özümə qaytarsınlar...
Ortabablardan
hamıdan artıq “faydalanmaq” həvəsinə düşənlər rejim qaydalarına nəzarət edən
əməkdaşlar olur. Rejiim qaydalarından kənara çıxan hər bir hərəkət onlara
“yükləmək” fürsəti verir. Hər ay və ya ay yarımdan bir məhkum heyətinə tətbiq
edilən saç qırxımı da bu baxımdan mühüm rejim tədbirlərindən biridir. Saçının
bir az çox olmasını istəyirsənsə mütləq rejim əməkdaşını “görməlisən”. Bu işə
baxanları digər əməkdaş yoldaşları öz aralarında “kəkil ölçən” çağırırlar.
Rəisin
“obyekləri” hesab edilən “əhaliyə” xidmət yerlərində – dərzi, çəkməçi, hamamçı, bərbər,
kitabxanaçı, kluba baxan və sair belə işlərdə “burjuya” təsadüfi hallarda rast
gəlmək olar. Ən çox orta təbəqənin məhkumlarıdır bu cür “toçkalarda” işləyənlər.
O yerlərə təyin olunmaq elə də asan deyil. Qabiliyyətdən öncə, ilkin “ödəniş”
edilməlidir, sonra da hər ayın sonunda
“haqq” çatmalıdır.
Qalan başqa
“toçkalar” – qazançı (koçeqar), elektrik, santexnik, rəssam – bu kimi işlər
aşağı təbəqənin, kasıblarındır. Kasıbların içərisindən bəzən imkansızlıqdan,
bəzən də işsizlikdən başının qarışması üçün hörməti olan zabitlərə
“dnevalnilik” edirlər. “Dnevalni” işinin mənası nədir?
Müəssisə
rəisindən başlamış bütün əməkdaşların gün ərzində çayını qaynatmaq, yeməyini
hazırlamaq işlərinə “dnevalnilər” baxırlar. “Dnevalni” işləmək könüllü olur,
kimsəyə məcbur edilmir. Cinayət aləmində belələrini bir qədər kobud səslənən –
“şusturyak” adlandırırlar. Onların əməliyyat şöbəsinin agentura şəbəkəsinə
gizli cəlb olunmasından ehtiyatlanan, sərbəst işləmək istəyən bəzi
əməkdaşlar “dnevalni”siz keçinirlər.
Qanunda
olmayan “dövlətin” – bütün müəssisənin təmizlik işləri kasıbların ən aşağı,
üzdəniraqlar deyilən bədbəxt zümrəsinin
boynundadır. Üzdəniraqlar kimlərdir?
Üzdəniraqlar -
əsasən cinayət aləmində “sxodka” adlandırılan məşvərətin “fətvası” ilə
“sındırılmış” məhkumlardır. Onların içərisində törətdiklər cinayətin ağırlığına
uyğun haqlı əvəz olaraq alçaldıcı cəza çəkənlər (xüsusilə, azyaşlıların
zorlanması ilə bağlı cinayətlər üzündən)
də var, ağılsızlıqdan özləri demışkən “zibilə düşənlər” də var. Oğru dünyasının
qanunlarına görə onlarla əl ilə görüşmək, oturduğları yerdə əyləşmək, bir yerdə
çörək yemək, yoldaşlıq, dostluq etmək olmaz. Kimsə bilərəkdən və ya bilməyərəkdən
bu qadağalardan birinə əməl etməzsə, o da onların sırasında - üzdəniraq
sayılmış olar. Bundan əlavə, cinsi azlıq kimi fərqlənən və passivliyi açıqlanan
məhkumlar da üzdəniraqlara aid edilirlər. Müəyyən müəssisələrdə “petuxlar”
çağırılsalar da, bu heç də onların hamısının cinsəl baxımdan passiv olması
demək deyil. Bir çox yerlərdə isə onları daha mədəni, daha münasib adla –
“sanitarlar” adlandırırlar.
Onlar istər
“paqon”, istər məhkum – hamı tərəfindən incidilir və hədd qoyulmadan təhqir olunur.
Gün boyu ən ağır (ərzaqdan qeyri bütün materialları daşımaq, yükləmək,
boşaltmaq) və çirkli, natəmiz (süpürmək, silmək, yumaq, kanalizasiya, ayaqyolu
təmizləmək) işlər üzdəniraqlara gördürülür. Belə təsəvvür yaranır ki, onlar
olmasa müəssisə anisanitariya və tullantı içində batar.
Üzdəniraqlıq bu
insanları müəssisənin hər tərəfində ağır yük kimi əzir. Səhər və axşam
yoxlamalarında onlar sonuncu cərgələrdə dururlar, yataqxanalarda ancaq qapının yaxınlığındakı
yatacaqlarda yata bilərlər. Ümumi yeməkxanaya buraxılmadıqları üçün yeməklərini
müəyyən edilmiş yerlərdə yeyirlər. Hər yerdə olduğu kimi hamamda, karsda da
onların yerləri fərqləndirilir.
Məsələnin pis
tərəfi odur ki. əgər məhkum üzdəniraq elan olunubsa, həmin qərarın geri
götürülməsi mümkün iş deyil. Az qala tam hüquqsuz bir vəziyyətə düşdükləri üçün heç yerə şikayət edə
bilməyən, bu utanc ada görə hamının nəzərindən düşmələrinə dözməyənlər çox vaxt
yaşamaq istəməyib intihara cəhd edirlər.
Gördükləri işin
qarşılığında papiros və yemək “qrev”inə möhtac olan belələrinə “peredaça” demək
olar ki, gəlmir. Çünki, üzdəniraq olduqlarını biləndən sonra, əksərən
yaxınları, hətta ailələri də, olan hər bir ünsiyyəti dayandırır və onlardan
həmişəlik imtina edirlər.
Bəzi
üzdəniraqların bədbəxtliyini yaradan başlıca şəbəblərindən biri də hədsiz kasıb
olmalarıdır. Cinayət aləminin ən böyük ədalətsizliyi pula, vara qarşı duruş
gətirə bilməməsindədir. Nə vaxtsa, kimsə görübrmü ki, burjuy üzdənirağa
çevrilsin, çarpayısı barakın girəcəyinə qoyulsun? Məgər oğru qanunlarının sərt
üzü yalnız kasıblar üçünmüdür..?
Qanunda olmayan
“dövlət” - “türmə” dünyası nə qədər “əsrarəngiz”
sirrlərlə və mənalarla dolu olsa da, heç vaxt azadlığı əvəz edə bilməz: onlar
gecə-gündüz, qaranlıq-işıq kimi bir-birinin əksi və davamıdırlar. Biri
qurtaranda, digəri başlayır. Nahaq deyilməyib ki, gecənin xeyrindən gündüzün
şəri yaxşıdır. Ona görə də sözümün sonunda hamıya gecəsi, qaranlığı (“türməsi”)
olmayan, qütb gündüzləri sayaq azadlığı bitib tükənməyən, daim səması işıqlı ömür arzulayıram.
Комментариев нет:
Отправить комментарий