Hafiz Mirzə
Bu barədə düşünən hər adamın güzgüyə tərəf çevrilməsi məsləhət deyil
İnsanın həyatda hər şeyi bilməsi mümkün deyil. Bəşəriyyətin ən kamil mütəfəkkirlərindən biri hesab olunan Həzrət Əlinin (ə) bununla bağlı bir məşhur deyimi var - çoxlarına məlumdur: “Əgər mənim bilmədiklərimi ayaqlarımın altına toplasalar başım ərşi-əlaya çatar”. Bəli, həyatın bütün incəlikləri bütün elmlər və qeyri elmlər (fiziki və ya metafiziki) və dinlər təkcə cümlələrə çevrilərsə bu cümlələrin uzunluğu metaqalaktikaları keçər. İnsan düşüncəsi isə dünyada hər şeydən (işıqdan və səsdən də) daha sürətli olmasına rəğmən əgər bu dörd ölçülü primitiv dünyada hansısa bir ölçüyə salınarsa, heç ionosferə qədər yüksəlməz.
Amma həyatda elə sadə məsələlər var ki, bunları bilməkdən, anlamaqdan, dərk etməkdən ötrü heç də çox dərin (sürətli) düşüncə sahibi, filosof olmağa və ya Yerdən azacıq da olsun yüksəlməyə ehtiyac duyulmaz. Çünki bir sıra həyatı məsələlər hətta “2+2” qədər çox adidir. Sadəcə, bir çoxlarının düşüncəsi müxtəlif bicliklər və fırıldaqlarla o qədər tutulub ki, bu adiliyi dərk etmələrinə mane olur. Və bunu təkcə elmi deyil, həm də helmi cəhətdən görmək və anlamaqdan ötrü insanda azacıq imanın olması yetərlidir. Möminlər bunu haqlı olaraq iman, lotu oğlanlar isə “ponyatka”, yəni qabiliyyət kimi deşifrə edirlər. Adamın ki, qabiliyyəti olmadı, onu apar “metalloma” təhvil ver. Qabiliyyət dedikdə çox vaxt fərdin fiziki əmək bacarıqları, ustalığı nəzərə alınır, amma ən əsas qabiliyyət fərdin mənəvi məsələlərdə məharəti sayılmalıdır. Ona görə də fiziki (maddi) görüntülərin mahirliyi elmi xarakter daşıyır, şəxs usta və ya alim adlanır, mənəvi sahədə isə bu bacarıq fərdin helmi və müdrikliyi kimi anlaşılır və o ağıllı adam sayılır. Bir var ağıllı olmaq, bir də var ağıllı kimi məşhur olmaq. Ağıllı kimi məşhur olmaq heç də müdriklik əlaməti deyil. Çünki çox ağıllını heç yerdə, heç kəs xoşlamır. Müdriklik isə tamam qəliz məsələdir. Buna gərək insanın fitri istedadı çata. Amma dedik ki, bir çox həyatı məsələləri anlamaqdan ötrü heç də çox ağıllı və müdrik olmağa ehtiyac yoxdur.Yeniyetməlik çağlarında özünü çoxbilmiş kimi göstərən oğlanlara yaşlı adamlar məzə ilə “Sən hırnan zırın fərqini bilirsənmi?” sualını verərdilər.Təbii ki, yeniyetmə hırnan zırın fərqini heç anlamaz və dikbaşlığından peşiman olardı. Deməyək ki, indi elm və texnika o qədər inkişaf edib ki, insan kompüterlə, internetlə, mobil rabitə ilə, rəqəmsal sistemlərlə məşğuldur və çox ağıllıdır. Hətta o qədər ağıllı ki, hırnan zırın fərqini hamı əzbər bilir. Xeyr! Axtarış saytlarına bu sualı versən konkret cavab tapa bilməyəcəksən. Elm və texnika çox inkişaf etmişsə də insanlığın orta səviyyədə ağlı heç də artmamışdır. Artmış olsaydı, ekologiyanı bunca korlamaz, iqlimi bu qədər dəyişməz, təbiətin anasını bir belə ağlar qoymazdılar. Ağıllı sayılan bəşəriyyət öz çıxdığı budağı kəsərmi? Bu yaxınlarda ənənəvi cavanlıq sualını yaşı qırxa çatmış 10 adama verdim. Qırx yaş müdrikliyin cavanlığı hesab olunur. Qırxına qədər öyrənməyən qırxından sonra öyrənərsə, onu görunda çalar. Bunu hətta peyğəmbərlik yaşı da hesab edirlər. Təssüflər olsun ki, mənim bu, sadə sualıma kimsə düz-əməlli cavab verə bilmədi. Heç bu sorğunu keçirtməyə ehtiyac da yox imiş. Çünki bu barədə düşünənə qədər əvvəllər onu heç özüm də düz-əməlli bilmirdim. Düşünmək çox mühüm məsələdir. Əslində bu “hırnan zırın fərqi” nə bəla sualdır ki? Halbuki, onu ən sadə yolla da şərh etmək və anlamaq mümkündür. Bildiyimiz kimi “zır” cümlədə hər hansı bir sözə sifət olaraq bağlandıqda ( “zır dəli”, “zırpı”, “zırıltı”, “zıppıltı”, “zırıldamaq”,”zırrama”,..) həmin şeyin ən qatı, ən güclü, lap böyük, ən yaxşı və ya pisin də daha yüksək formasını ifadə edir. “Hır” isə hər hansı bir sözə, şəkilçiyə, səsə bağlandıqda ( “hırsız”, “hırıltı”,”hırrama”,..) əksinə, ən aşağı, ən zəif, ən pis, ən kiçik və ya əks tərəfin də ən son həddini anladır. Məsələn, “hırsız” oğru deməkdir. Yəni ən aşağı səviyyədə arı, abırı, imkanı olmayan birisi gedib başqasından oğurluq edər. Beləliklə, “Hırnan zırın fərqini bilməyən” adam ən aşağı ilə ən yuxarının, ən kiçiklə lap böyüyün, ən pislə ən yaxşının fərqini anlamayacaq qədər nadan, abdal, mənəviyyatı, insaf-mürüvvəti, bəsirəti tamam kor birisi deməkdir. Belələri həyatımızda azdırmı? Elə hey hamı zəmanədən şikayət edir. Amma bir düşünmürük ki, bu zəmanəni bu günə qoyan elə hırnan zırın fərqini anlamayanlardır. Günümüzdə başımızı 360 dərəcə hərlətməyimiz kifayət edir ki, gördüklərimizdə bir çox tanış-bilişin, qohum-qonşunun, küçədən keçənin, bəzi məmurların, eləcə də bəzi məsul, səlahiyyətli və ya səlahiyyətsiz şəxsin “hırnan zırın fərqi”ni anlamadığı aşkar məlum olsun. Məsələn, görürsən ki, küçədə bir qonşu yeni mağaza açdı və başladı ərzaq malları satmağa. Onun yaxşı alver etdiyini görən digər qonşu gecələr rahat yata bilmir və çox keçmir ki, yaxınlıqda o da bir ərzaq mağazası açır. Sonra üçüncü eyni cür mağaza açılır və çox keçmir ki, hər üçü müflis olur, vitrinində mağazasını satması barədə elan vərəqi görünür. Və ya bir-birinin bəhsinə bahalı maşınlar alır, təmtəraqlı ev tikdirir və özlərini borc, kredit ucbatından pis vəziyyətə salırlar. Hırnan zırın fərqini anlasalar bilərlər ki, başqasının ruzusuna göz dikən öz ruzusundan da olar. Yəni ev yıxandan ev quran olmaz. Hırnan zırın fərqini anlamayan gənc qadınlar ailəli kişilərə mehr salırlar və ya əksinə, gənc oğlanlar ailəli qadını yoldan çıxartmağa vaxt və enerji sərf edirlər. Fərqi qanan adam bilər ki, öz halalca ailəsinə sədaqət göstərməyən qadın və ya kişi bir başqasına heç sədaqətli olmaz. Şəhərdə ha yana baxırsan hamı nəsə satmaq barədə fikirləşir və dükan açır. Ancaq istehsal, tədarük, vasitəçilik, kəşf, elm və ya adicə evdarlıq xidməti barədə düşünən yoxdur. Şəhərləri əvvəl çayxanalar başına götürmüşdüsə, indi mağazalar və şadlıq sarayları sıralama düzülüb. Bir ölkədə, bir şəhərdə bu qədər şadlıq sarayı olarmı?! Azad bazar münasibətləri heç də iqtisadiyyatın bazara çevrilməsi demək deyil axı. Əgər o tam azad olmalıdırsa, bəs ŞİH-lərdə iqtisadiyyat, sənaye, kənd təsərrüfatı şöbələri və ya eyni adlı nazirliklər nə üçündür? Deməli, hırnan zırın fərqini anlamayanlar bütün zümrələrdə və pillələrdə var. Kimsə, hansısa bir struktur hökumətdə bu kimi ifrat halları tənzimləməlidir, ya yox?! Yaxud da, götürək qəzetçiliyi. Hələ də hər yerindən duran bir qəzet açır. Vaxtı ilə də bir fikirləşən olmadı ki, təhsili, ixtisası və peşəkarlıq qabiliyyəti çatmadan bu qədər adamın qəzet açması absurddur. İxtisasın, təhsilin yol verirsə, eybi yox, bunu anlamaq olar; heç milli mətbuatımızın banisi Həsən bəy Zərdabi də peşə etibarı ilə jurnalist olmayıb. Amma humanitar sahə üzrə ixtisaslı olanların hamısı ixtisasca qəzetçi sayıla bilməz axı. Bilməzsə, deməli, onun naşirliyi əslində əl-ayağa dolaşmaqdır, zövqü korlamaqdır, sözün çəkisini aşağı salmaqdır, vəssəlam. Demokratiya naminə bunu anlamadıqda qəzetbazlıq artıb mətbuatda sıxlıq, qarışıqlıq – tıxac yarada bilərdi və yaratdı da. Nəticədə, abırlı, həyalı, millət üçün faydalı qəzetlərin satışı erotika dərc edən sarı mətbuatın qarşısında uduzdu, sıradan çıxdı. Hırnan zırın fərqi bilinsəydi qeyri peşə sahiblərinə qəzetçilik və ya naşirlik strukturları həvalə olunmazdı. Belə olmasaydı, hansısa nəşriyyat əsil nəşriyyatın müəllfdən pul qopartmağı deyil, əsərini qəbul edib ona pul-qonorar verməli olduğunu anlayardı və indi ədəbiyyatımız can yatağına düşməzdi. Deməyək ki, bu yaş və baş məsələsidir. Elə yaşlı adamlar var ki, onun etdiyi məntiqsizliyi heç Fil Dişi sahillərində əyninə paltar əvəzinə yekə yarpaq bağlayan (çox vaxt heç onu da bağlamayan) aborigenlər də etməz. Məsələn, adam özü üçün 16 mərtəbəli bina tikdirir ki, sonra satıb pul qazansın. Amma özünün inşaat mühəndisliyindən anlayışı olmadığı halda, ətrafına da ali təhsili instituta rüşvətlə daxil olub, diplomu pul ilə almış mütəxəssisləri toplayır. Guya ki sementə qənaət edirlər deyə özü özündən oğurlayır və bina başa çatha-çatda aşır, uçulur Nəticədə adam həm maddi ziyana, həm də həbsə düşür. Yaxud da, adam İqtisadiyyat və ya adicə menecerlik, satıcılıq üzrə kurs belə bitirmədən bizneslə məşğul olur, sonda pulunu da, özünü də batırır. Əgər hər bir kəs biznesmen ola bilərmişsə, bəs onda müvafiq ali məktəblər və kolleclər nə üçün imiş? Mən hələ onu demirəm ki, hər kənddə yaşayan kəs və ya pulun bolluğuna düşüb kənddə böyük torpaq sahəsi alanlar hırnan zırın fərqini qanmadan birbaşa kəndli-fermer təsərrüfatı yaradırlar. Məhsulu harada və təxminən neçəyə satacağını bilmədən əkin aparan belə “fermerlər” əkinçiliyin spesifikasını anlamadan bol məhsul gözləyirlər. Təbii ki, çox hallarda buna nail olmurlar. Təsadüfən bol məhsul əldə etdikdə isə onu sata bilməyib, puça çıxardırlar. Yoxsa ki, kənd təsərrüfatı profilli institut və ya kolleclər nəyə lazım olacaqdı? Aqronomlar, zootexniklər çayxanalarda boş-bekar oturub domino çırpır, məktəbdə tarixdən dərs deyən İsfəndiyar müəllim isə taxıl əkdirir! İşə bax! Hələ üstəlik, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri bu cür qeyri peşəkarlara maliyyə yardımı da göstərir, banklar kredit də verirlər. Deməli, banklarda və müvafiq nazirliklərdə oturmuş əmilər də hırnan zırın fərqini bilmirlərmiş. O gün Bakıda köhnə milli bankın arxasından keçirdim. İmadəddin Nəsiminin heykəlinin yerinə qaytarıldığını görüb sevindim. Amma... heykəlin arxasında tikilmiş univermağın iri pəncərələrini müasir geyimdə,yarıçılpaq, “fasonnı” duruşda zənən şəkilləri və reklam panoları tutmuşdu. Yəqin ki, yenilənən panolar idi və çox güman ki, orada “Pampers” və ya “Olvais” reklamları da olmuşdu. Çox gülünc bir mənzərə idi. XIV- XV əsrin klassik şairi Seyid İmadəddin Nəsiminin dərisi soyulan, qolları bağlanmış heykəli hara, arxasındakı fonda müasir və iri qadın şəkilləri hara?.. Kompozisiya tamamlanmalıdır axı. Ancaq əcaib bir mənzərə görünürdü. Bakı şəhər İcra Hakimiyyətinin memarlıq departamentində bu sadə həqiqəti görmək və anlamaq üçün hökmən hırnan zırın fərqini bilmək lazımdırmı? Bu yaxınlarda Millət vəkili Fazil Mustafa ilə bir TV verlişdə idik. Bəy əfəndi canlı verlişə son dəqiqələrdə gəlib çatdı. Təyyarə ilə haradansa gəlirmiş. Bakının Beynəlxalq Hava limanında VİP zalda namaz qılmağa bir balaca otaqlıq ibadət yeri olmadığından deyinirdi. Hansısa müsəlman ölkəsinin ali Dövlət məmuru burada gözləyərkən və ya Bakıya gəliş zamanı namaz vaxtına düşə bilərdi. Bu zaman belə nəhəng bir aeroportda ibadət otağının olmadığını tərcüməçilər və ya xidmətçilər necə izah edə biləcəkdilər? Guya ki, bu bizim dünyəvi dövlət olmağımızı ifadə edirdisə, dünya bayrağımızdakı yaşıl rəngi görmürmü? Bir çox diletantlar da əslində “hırnan zır” sarıdan mağmun olduqlarına görədir ki, Azərbaycanın İslam dövləti olmadığını vurğulamaqdan həzz alırlar. Dövlət rəsmən olmasa da, ölkə əhalisinin böyük əksəriyyəti ki müsəlmandır və deməli, Azərbaycan müsəlman ölkəsidir. Bu müsəlman ölkəsində qadınlar lütlənməyə meyillənirlərsə, bunu heç hırnan zırın fərqini yaxşı anlaya bilənlər də başa düşməz. Sabir Mirzəyev kimi korifey sənətçi qaldığı halda onun şagirdinin şagirdi səviyyəsində oxuyanlara fəxri adlar verilirdisə, deməli, hırnan zırın fərqini anlamayanlar incəsənətdə də az deyil.
Mən hələ siyasətdə olanları demirəm. Xüsusən müxalifətdə tamam sıxlıqdır.
Baxaq futbolumuza,.. baxaq elmə, təhsilə, mədəniyyətə,..
Hər birimiz ətrafımıza bir nəzər salaq. Nə qədər beləsini görəcəyik?!
Hırnan zırın fərqini anlamayan kəsləri daha dəqiq görmək istəyənlər nəhayət çaşıb güzgüyə də baxa bilərlər. Diksinməsinlər.

Комментариев нет:
Отправить комментарий