PS. –sı mətnin özündən gözəl olan yazılar olduğu kimi, girişi də özündən daha mühüm olan yazılar olub tarixdə. Misal üçün, Böyük İslam alimi İbni Xəldunun tarix haqda yazdığı kitabın bu gün yalnız “Müqəddimə” (mənası giriş deməkdi) hissəsi qalır və bu əsəri bütün dünya tanıyır. Hətta bu “Müqəddiməsinə” görə İbni Xəldunu Sosiologiyanın banisi kimi qələmə verənlər də var. Dediyim nədi? – Demək istəyirəm ki, mənim elə bir kompleksim yoxdur ki, giriş uzun oldu, ya mətn qısa. Yetər ki nizam-intizamlı olsun – Misal üçün, giriş mətndən sonra gəlməsin...
Hə, baxın, ipucu verdim sizə. Bu gün nizam-intizamdan yazacam...
İnsanın özündə olmayan bir şey haqda yaxşı yaza bilməsi mümkünmü? Mümkündü. Bu necə olur? - Bu saat fikirlərimi muncuq dənələri kimi nizama düzüb sizə izah edəcəm.
Bilirsiz, bəzi mövzular o qədər gözəl mövzulardı ki, insan ömrü boyu onları davamlı olaraq xəyal etdiyindən onlar haqda yazanda (özündə olmasa belə) gözəl alınır. Misal üçün, götürək elə xoşbəxtliyi. Bu haqda hər kəs gözəl danışa, yaza bilir. Deyəcəksiz ki, bəs niyə Moşu elə “xoşbaxtlıx, xoşbaxtlıx” –deyə-deyə qaldı, davamını gətirə bilmədi? –Çünki xoşbəxtliyin ən gözəl tərifi elə xoşbəxtlikdi. Bu haqda başqa nə yazasan? Reseptini yazasan? Axı hər kəsin xoşbəxtliyi özəldi. Axı o anonim şair demişkən, dünyada insan sayı qədər xoşbəxtlik var. Ona görə, mənim fikrimcə xoşbəxtlik haqda ən gözəl şeri elə məhz Moşu yazıb: – “Xoşbaxtlıx”...
Nizam-intizam da o dediyim mövzulardandı. Praktiki tətbiqi çox çətin bir məsələ olsa da onun haqda danışmaq o qədər də çətin deyil. Heç yadımdan çıxmaz, müsəlman ölkələrinin birinə ilk səfərim idi. Başımı oyan-bu yana fırladıb, ətrafı seyr etməkdən boynum ağrayırdı. Birdən böyük bir binanın üzərində yazılmış bir elan diqqətimi çəkdi: - “Burada Motorsiklet saxlamaq qadağandı”. Baxışlarım plakatdan üzüaşağı süzüldükdə ürəyim də üzüldü; boooy, başıma xeyir, eyni binanın altında bəlkə də yüzdən çox motorsiklet park edilmişdi...
Konfransa getmişdik. Hər gün konfransın başlama saatı səhər saat 9 elan olunsa da konfrans 10-da başlayırdı. Elə sübh Allahu-əkbər, saat 9-dan gəlib zalda əyləşən mənim kimi bir-iki sadəlövh gözləyirdik ki, yəqin sözçü gecikməyə görə bizdən üzr istəyəcək amma hardasan, burdasan? – Elə davranırdılar ki, sanki günah tez gələnlərdə imiş. Bir sözlə nizamsızlıq nizama dönmüşdü...
...Amma danışanda hamı deyir ki, “nizam-intizam” lazımlı bir zaddı. Qardaşınızın canına and içirəm ki, müsəlmanı bu günə qoyan onun nizamsızlığıdı. Müsəlman pərakəndədi, təşkilatlana bilmir, türklər demişkən, bir türlü nizama düşə bilmir. Həyatında olan nizamına heyran olduğum Əli (ə) isə 1400 il öncədən belə müsəlmanın diaqnozunu qoyub. Görün nə deyir:
“Əgər haqq pərakəndə, batil nizam-intizamlı olacaqsa Batilin haqqa qalib gəlməsi haqdandı.”
Sözdəki gözəlliyi, mənanı və ən nəhayəti nizam-intizamı siz dəmi gördünüz? Bəli. Məsələ aydındı. Demək müsəlmanın bugünkü məğlubiyyəti haqqsızlığından deyil, nizamsızlığından qaynaqlanır. Dərd də budur ki, düşmən də (batil də) müsəlman kimi pərakəndə deyil. Onlar çox nizamlı və planlı işləyirlər. Və batili ayaqda saxlayan yeganə şey onun nizamlı və planlı olmasıdı.
Düşmnin nizamlı işlərindən biri də Qurani-Kərimin dediyi kimi, batilə haq donu geydirərək insanlara onu haqq adına sırımaqdı. İşə bir baxın a, müsəlman əlində olan haqqın eynini sata bilmir, düşmən gəlir və batilinə haqq donu geydirib müsəlman bazarını “monopolya” edir.
Bəsdi uzatdım, bir misal vurum, siz də dincəlin, mən də; Misal üçün, İslamın düşməni gəlib insanlara desə ki, namaz qılmayın, bu xurafatdı və s. heç kim ona inanan deyil onsuz da. Düşmən axmaq deyil ki, bir başa gəlib belə desin. Bəs necə deyir? – Deyir ki, namaz bəndə ilə Allah arasında olan özəl və intim bir məsələdi, gəlin onu ictimailəşdirməyək...
Görün necədə gözəl səslənir, deyilmi? Qardaşlar, vallah bunlar haqqı deyib batili qəsd edənlərdəndilər. İnanmayaq bu hiylələrə. Düşməyək tələyə. Necə yəni namaz intimdi? Bu namaz da bizə avropadan gəlməyib ki, onun necə və nə formada olmasını özümüz istəyən kimi təyin edək. Namaz təlimi bizə Qurani-Kərimdən gəlir və Quranın bu haqda sözü netdir:
“İnanclı bəndələrimə de ki, namazlarını qılsınlar, onlara verdiyim ruzidən ehsan etsinlər – gizlində və aşkarda...” (İbrahim 31)
Ayədən də göründüyü kimi, Namazın bir yönü fərdidirsə, başqa bir yönü ictimaidir. Bəs İslam təlimlərində cümə namazlarına niyə bu qədər önəm verilir, düşündünüzmü? – Əlbətdə ki, Namazı bir ictimai dəyər halına gətirmək üçün...
Yox e, maraqlısı budur ki, Namaza "intimdi" gərək ictimailəşməsin deyənlər bir əxlaqsızın öz arvadı ilə küçənin tən ortasında marça-marçla öpüşməsinə haqq qazandırmağa çalışırlar amma. Bununla bağlı “kitab” yazacaq qədər belə qərarlıdırlar. Biz isə hələ də intimdi deyə namazımızdan danışmağa utanırıq, onu həya örpəyimizə büküb boxçamızda gizlədirik. Ayıl e, ay müsəlman, həqiqi dəyərin yerini öz dəyər donu geymiş iyrənclikləri ilə doldurmaq istəyirlər. Sən də onlara bu işlərində dəstək olursan. Xüsusi nizamla işləyib səni də elə ipə-sapa düzüblər ki, planın bir hissəsi olduğundan xəbərin belə yoxdu.
Birimiz canlı efirdə namaz qılmaq istəsək tufan qopar ölkədə. Ağzıgöyçəklər Biz İslam dövləti deyilik, və sayir və ilaxır - ağzına gələni yazarlar bu haqda. Amma iki səviyyəsiz - canlı efirdə öz itlərini evləndirirlər, elçi düşürlər, quda olurlar və s. xalqın tükü belə tərpənmir. Vallahi, bu məsələlərin gündəmə gəlməsi təsadüfi deyil, düşmən əxlaqsızlığı planlı və nizamlı formada yayır. Sən hələ də gizlən, müsəlman! Gizlən və beləliklə etiraf et ki, qıldığım namazımdan utanıram...
Sözümü bu ürəkağrısı ilə yazdığım misralarla bitirirəm:
Utanma, qardaşım!
Əgər onlar
Allahsızların qarşısında əyilməkdən utanmırlarsa
Sən də Allahın qarşısında əyilməkdən
Utanma!
Utanma, bacım!
Əgər onlar namusunu pula-paraya satmaqdan
Şərəflərini ayaqlar altına atmaqdan,
sexsual fiquraları ilə öyünməkdən,
abırsızca soyunmaqdan utanmırlarsa,
sən də Allah üçün geyinməkdən
utanma!
Utanma, atam!
Əgər onlar min bir hoqqa ilə
Xalqın malını talamaqdan
Pula görə hər yoldan keçənə
quyruq bulamaqdan,
Şişirtdikləri haramdolu qarından utanmırlarsa
Sən də bizim yanımızda gizlətmə əllərini,
Əllərinin qabarından
utanma!
Utanma atam!
Mən də utanmıram...
Комментариев нет:
Отправить комментарий