14.11.2012

“Mənim bəxtim əməlli-başlı gətirib”

Şirinxanım Kərimbəyli Şadiman: “Tənhalığa, sakitliyə çəkilmək üçün Neft Daşlarına getdim”

Şirinxanım Kərimbəyli Şadiman 2 sentyabr 1955-ci ildə Şabran bölgəsinin (indiki Siyəzən) Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik, sonra Siyəzən şəhər 2 saylı orta məktəbini bitirib. Ali təhsilini Bakı Dövlət Universitetində 1979-83-cü illər ərzində kitabxanaçılıq fakültəsində alıb. 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunu olub. 1991-ci ildə “Ürək niyə ağrıyırsan?” adlı ilk şeirlər kitabı işıq üzü görüb. 1992-ci ildə Türkiyədə silsilə şeirləri “Çağdaş Azərbaycan şeiri antologiyası”nda çap olunub. 10-dan çox kitabı var, özü, yaradıcılığı haqqında da kitablar qələmə alınıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


- Söhbətə ilk olaraq ədəbi mühitlə bağlı olan qayğılarınızdan danışmaqla başlamaq istəyirəm. Bildiyim qədər ədəbi mühitdə sizi sıxan və narahat edən məqamlar çoxdur...
- Ədəbi mühit deyəndə ki... Əgər səni bir yazar kimi tanımaq, səsini-sorağını eşitmək istəmirlərsə, mən nə etməliyəm? Yəqin ki, tərcümeyi-halımdan bilməmiş deyilsiz, ilk kitabım 1991-ci ildə "Ürək niyə ağrıyırsan?" adıyla çap olunub. Deməli, mən ədəbiyyata mətbəxdən yox, tələbəlik illərindən, 1980-ci illərdən gəlmişəm... İlk şeirim 1977-ci ildə Bakı Dövlət Universiteti qəzetində dərc edilib, "Mənə elə gəlir ki" adlanırdı.

-1980-cı illərdəki ədəbi mühitdə hansı çətinliklərlə üzləşmisiniz, müasir gənclər üçün tanınmaq, oxucu toplamaq o illərə baxanda daha rahatdır, eləmi?
- Mənə elə gəlir, yazıçı birinci növbədə oxucu toplamaq haqqında yox, özündə olan ilham barədə düşünməli, özünə sual verməlidir ki, onda doğrudanmı, yazıçı olmaq üçün güc var?  İkincisi, sənətə pul qazanmaqdan çox ondan zövq almaq üçün, bütün gücünlə ona bağlamaq üçün gəlmək lazımdır. Əgər sən sənətə gəlir mənbəyi kimi baxacaqsansa, o sənət olmayacaq. Pul qazanmaq üçün tamam başqa peşə seçmək lazımdır, əsl sənət heç kimdən və heç nədən asılı olmamalıdır.

Dövrlərin müqayisəsinə gəlincə, mən elə bir fərq görmürəm, indi bir az sərbəstlik var, vəssalam. O vaxt adamlar sözünü qorxa-qorxa deyirdilər. Hazırda mühit azaddır, amma milli düşüncədən, milli məfkurədən uzaqlaşma halları da var. Elə bu məqamda bir alman tərcüməçisi olan qadının sözləri yadıma düşdü. O deyirdi ki, hər bir yazar öz milli ənənələrini qorumalıdır, onda dünyəvilik də olacaq...

- Müasir ədəbi mühitdə ənənələr bir az unudulub və bu məsələdə sizinlə razıyam. Az qala əksər yazarların əsərlərindən Avropalaşma, qərbpərəst ab-hava duyulur.
- Səmimi deyirəm, özü də etirazla: Bu, dəhşətdir! Biz bu gün dastanlarda, nağıllarda nə axtarırıq? Kimliyimizi, kökümüzü... Belə getsə, bizim ədəbiyyatda 100 il sonrakı nəsil nə tapacaq? Avropasayağı şeir-hekayə? Bəzi ədəbi nümunələrə rast gəlirəm, eyni ilə elə bil Avropa yazıçısının məhsuludur! Əzizim, dünya ona görə gözəldir ki, rəngarəngdir, orda müxtəlif xalqlar, müxtəlif zümrələr öz həyatlarını bədii ədəbiyyata, sənətə köçürürlər. İnsanlar da dinindən, dilindən asılı olmayaraq, mənəvi qida alırlar. Başqalarının yazdığını təkrarlamaq bizi hara aparır?

- Onlarla kitab müəllifisiniz, eyni zamanda haqqınızda da kitablar, məqalələr yazılıb. Yaradıcılığınıza maraq oyatmaq çətin olmayıb ki?
- Çox çətin olub. İşarə vurduğum kimi, mən yaradıcılığa gəlir mənbəyi kimi baxmamışam, nəyi ürəyim istəyib onu yazmışam, kifayət qədər çap olunmuşam. Türkiyədə, İraqda, Orta Asiyada, Amerikada, İngiltərədə, bir sözlə, harda türk dilli xalqlar və ya onların nümayəndələri var, orda internet qəzetlərdə yaradıcılığım yayımlanıb... Deməli, illərlə çəkdiyim acılar öz bəhrəsini verir...

- Çox maraqlı bir məqama toxundunuz. İnternetin inkişafı son zamanlar uzaq düşdüyümüz, hətta deyərdim, iplərini qopardığımız türk dünyası ilə əlaqələrimizin yenidən bərpasına kömək edir. Biz onların ədəbiyyatla, onlar da bizim ədəbi mühitlə tanış ola, əlaqələr qura bilirik.
- Öz payıma deyirəm, mənim bəxtim əməlli-başlı gətirib. Geofizikada, tamam ayrı bir peşədə 22 mühəndis işlədim. Kompüteri 1992-ci ildən mənimsəmişəm. Bu da yaradıcılığımın sürətli hərəkətinə təkan verdi. İndi də şükür internet var. Sənətimizi aləmə faş edə bilirik, dilimizi bilənlər arasında... Heç kəsə mənim çəkdiklərimi çəkməyi arzu etmirəm. Daima yolum üstə əngəllər olub...

- Kitabxanaçılıq fakültəsini bitirmisiz, sonra jurnalistika sahəsində təhsil almısız və mühəndis kimi fəaliyyət göstərmisiz. Bütün bu işləri görməyə və qəlbinizin duyğularını qələmə almağa necə zaman tapa bilmisiz?
- Çox maraqlı sualdır. Mən geofizikada texniki nəzarət şöbəsində işləyirdim, çox  məsuliyyətli iş idi.Yerin təkində layları axtarırdıq, gil, su, neft qatlarının araşdırması ilə məşğul idik. İşdən sonra öz yaradıcılığımla məşgul olurdum, mən xörək bişirə-bişirə, iş görə-görə yazırdım.Yalnız ürəyim dolanda onu kağızlar üstünə tökürdüm. Bu, çətin yox, dillə deyiləsi mümkün olmayan bir mənəvi zövq idi. Neft Daşlarına da tənhalığa, sakitliyə çəkilmək üçün, Xəzərin dəhşətlərini udmaq üçün getmişdim. Atam rəhmətlik orda işləyirdi, yalvar-yaxarla mən də atamın işlədiyi idarədə çalışmağa getdim. Sonra həyat yoldaşımla da orda qarşılaşdıq, ailə qurduq. Həyat yoldaşım həm də mənim dostumdu, mənəvi dostum... Sənətimə dəstək verən gözəl insan, savadlı geofizik, ziyalı...

- Paytaxtın ən uzaq guşələrindən birində - Pirallahıda yaşayırsız. Bu, nəylə bağlıdır?
- Hay-küyü sevmirəm, təqdimat mərasimlərindən qaçıram, nadir hallarda belə yerlərdə görünürəm, hətta Neft Şirkətindən ev nöbəsindəydik, şəhərdə ev vermək istəyirdilər, getmədim. Burda həyət evidi, ayağım torpaqdadı. Sakitlikdi, bir yazara bundan artıq nə lazımdır, sadə, sakit, təmtəraqsız... Bunları da öz gücümüzə, illər zəhmətinə qazanmışıq...

- Bu sakitlikdə nələr yazmısız ?
- Başqalarını bilmirəm, mənim yazdıqlarım əvvəl beynimə gəlir, sonra ürəyimi yandırır, onda yazmağa başlayıram. Həm publisist yazılarım, həm şeirlərim belə doğulub. Bütün formalarda şeirlərim var - əruz, sərbəst, heca... Son vaxtlar "Ay adamlar, mən burdayam" kitabım çapdan çıxıb, ikicildlik "Seçmələr" kitabım isə nəşriyyatdadır. Bir sıra publisist məqalələr, şeirlər yazmışam. Yazılarım internet qəzetlərdə yayımlanır. Bir çox saytlarla əməkdaşlıq edirəm. Ötən illərdən yığılıb qalmış bir şeir kitabı hazırlayıram.


- Publisistika və digər sahələrdə də yaradıcılıq nümunələriniz var. Son zamanlar bir publisist kimi sizi narahat edən mövzular hansılardır ?
- Məni narahat edən çox mövzular var, beynimdə öz növbəsini gözləyir yazılmaq üçün. Küçələrdə baş alıb gedən anti-sanitariya, ruhumuzu, mənəviyyatımızı puç edən tele-verilişlər, sosial həyatımızdakı haqsızlıqlar...

Könül Səid                            teleqraf.com

Комментариев нет:

Отправить комментарий