23.07.2018

Rus “omonçu”nun qızı: Biz atamın uğrunda şəhid olduğu Azərbaycanı heç vaxt tərk etmərik

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Yuri Kovalyovun qızı Regina Kovalyova moscow-baku.ru nəşrinə müsahibə verib.  
Qəhrəman azərbaycanlı rus "omon"çu həlak olanda qızı Reginanın 2 yaşı vardı. Atasını yaxşı xatırlamasa da, anası, böyük bacısı və nənəsinin danışdıqları, məktubları, şəkil və şəxsi əşyaları sayəsində onu tanıyır...
“Dağlıq Qarabağ – mənim işim, mənim acılarım, mənim kədərim. Tanrı bizi qorusun!”. Bu sözlər Azərbaycanın milli qəhrəmanı Yuri Kovalyovun 1990-cu ilin noyabrında anasına yazdığı məktubdandır. Göyçay rayonunun yetirməsi olan Kovalyov Qarabağ münaqişəsinin qızğın çağında hadisələrdən kənarda qala bilmədi. O, Azərbaycanı özünün vətəni, Azərbaycan xalqını isə öz ailəsi kimi qəbul edirdi.
“Atam heç vaxt yadımdan çıxmır. Onun qəhrəmanlıqlarını unutmuram. Həmişə bu haqda hər kəsə danışıram. Demək olar, hər bazar günü atama baş çəkirəm. Məzarına gül aparıram. Yanında oturub söhbət edirəm. Bu, mənim üçün çox önəmlidir...” - deyə Regina bildirir.
Yuri Kovalyov 1965-ci ildə Azərbaycanda anadan olub. Hələ uşaq vaxtından hərbçi olmağı arzulayıb. 1991-ci ildə rəhmэtlik şəhid Daxili İşlər naziri Məhəmmd Əsədovun əmri ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü kimi Azərbaycan ərazilərinin işğalçılardan azad olunması uğrunda döyüşlərə qatılıb, Çaykənd əməliyyatında – onlarla kəndimizin erməni terrorçularından təmizlənməsində iştirak edib. Erməni tərəfin törətdiyi terror aktlarının baş verdiyi ərazilərə gedib.
Yuri Kovalyov 1991-ci ilin aprelində Şuşa yaxınlığında qəzaya uğrayan helikopterin sərnişinlərinin xilasında da iştirak edib. Bu haqda qardaşı Vitali Kovalyov danışır: “Aprel ayında qəzaya uğrayan helikopterdə çoxlu jurnalist, deputatlar vardı. Qəza anında hamısı özünü itirmişdi. Yura isə komandanlığı öz əlinə aldı, bir neçə dəqiqə içində qərar vermək lazım idi. Özü də düzgün qərar vermək lazım idi. Yura hamını təşkilatlandırıb bir yerə yığdı, bəzi adamları ordan çıxartdı. Özü ən sonuncu olaraq helikopteri tərk etdi. O, çıxan kimi helikopter uçurumdan aşağı aşdı”.
1991-ci il sentyabrın 13-ü Yuri Kovalyov xanımı Tamara, qızları Regina və Yulya ilə sağollaşaraq Bakıdan çıxıb və cəbhəyə qayıdıb. Həlak olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub hal-əhval tutub...
1991-ci il 3 oktyabrda digər “omon”çu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdarkən içində olduqları “UAZ” avtomobilini ermənilər fasiləsiz olaraq atəşə tutublar. Yuri Kovalyov həlak olub, A.Kudenin isə ağır yaralanıb. Ermənilər “UAZ”-a yaxınlaşanda partlayış baş verib. Azərbaycan “omon”çuları ölüm ayağında belə bir neçə düşməni məhv ediblər.
Yuri Kovalyov Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Yuri Kovalyov qarabəniz olduğundan, ona “qara” ləqəbi vermişdilər. Görkəmindən istifadə edərək Kovalyov tez-tez düşmən tərəfə kəşfiyyata gedirdi. Erməni silahlı dəstələri onun başına pul qoymuşdular.
Yuri Kovalyov həyatının son anına kimi Azəraycanın ərazi bütövlüyü uğrunda döyüşüb. Doğrudan da, anasına yazdığı kimi – Qarabağ onun üçün yalnız vətəninin bir parçası yox, həm də ağrısı, acısı, işi idi. 1992-ci il iyunun 5-də Yuri Kovalyova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bakıda onun adını daşıyan 229 saylı məktəbi bitirmiş Regina və əmisi Vitali Kovalyov ictimai fəaliyyətlə də məşğuldurlar. Vitali Kovalyov Azərbaycandakı Rus icmasının Nizami rayon şöbəsinin rəhbəridir. Regina isə həm də Azərbaycanın Rus Gəncləri Assosiasiyası idarə heyətinin üzvüdür. O, bu günlərdə Cocuq Mərcanlı kəndində keçirilmiş “Moskva-Bakı geosiyasi oxu”  konfransında fəal iştirak etmişdir.
Jurnalistin “Nə vaxtsa Azərbaycanı tərk etmək haqda düşünmüsünüzmü” sualına rus Milli Qəhrəmanın qızı belə cavab verir: “Biz atamızın uğrunda şəhid olduğu Vətəni- Azərbaycanı heç vaxt tərk etməyəcəyik...”

moderator.az

Комментариев нет:

Отправить комментарий