22.07.2011

Əcəb epoxaya düşdük!


Ülvi Məmmədli                            Azad Yazarlar Ocağı

 Neft Akademiyasının qarşısında icazəsiz aksiya cəhdinin qarşısının alınması xəbərini oxudum, yenə qanım qaraldı. Trend-in müxbiri ağız dolusu yazırdı: “Bakı polisi Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümü ilə əlaqədar olaraq Cəfər Cabbarlı heykəli ətrafında icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısını alıb”.
 Gənclər həmyaşıdlarının Akademiyada bir küçədənkeçmə etnos manyakı tərəfindən qətlə yetirilməsinin ilini etiraz mitinqi ilə qeyd etmək istəyiblər. "Hüquq-mühafizə orqanlarının əməkdaşları gənclər təşkilatlarının bir sıra fəallarını tutaraq polis bölməsinə aparıb". Nəyə görə? Bir türk millətçisi kimi çox sözlər deyə bilərəm, çünki qırılan türk balaları idi, qıran da məlum!- amma qəzetə problem yaranar deyə məcburam susam.
 Əsəblərimi pozmamaq üçün yenə məcburam satrlarda eşələnməyə. Amerikada olan Ölüm Vadisi dünyanın ən isti yerlərindən biri sayılır. Burada selsi dərəcəsi ilə 50 dərəcə istilik adi hallardan biri sayılır. Vadinin möcüzələrindən biri hərəkət edən daşlardır. Burada adam boyda daşlar vaxtaşırı bir yerdən başqa yerə keçir və arxalarınca qum üzərində geniş izlər qoyurlar.
 Alimlər belə hesab edirlər ki, bu qəribəlik hava şəraiti ilə bağlıdır. Belə ki, Ölüm Vadisində tez-tez əsən küləklərin sürəti saatda 150 km-ə çatır. Bu zaman qum və gilin üzəri nazik buz təbəqəsi ilə örtülür, daşların üstü isə buxarlanan sudan buz bağlayır. Belə şəraitdə daşların yerdəyişməsi çox təbiidir...
 Alimlər həyəcan təbili çalırlar ki, Həbəşistan (Efiopiya) səhrasında yeni okean yarana bilər. Deyəsən, çox nahaq yerə səs-küy salmış "2012" blokbasterində rejissor Roland Emmerix bəşəriyyətə belə bir ideya bəxş eləmişdi ki, apokalipsis zamanı dünya sağ qalmış kontinentdə, Afrikada məskən salacaq. Son tədqiqatlar isə onu göstərir ki, Afrika ortadan bölünəcək.
 Fantastik yox, əsl fəlakətin əlamətlərini alimlər hələ 2005-ci ildə əldə etmişdilər. Onda cəmi bir neçə gün ərzində tektonik plitələr sərhəddində olan şərqiafrikan sınığı rayonunda uzunluğu 50, eni 7 kilometrə çatan yarıqlar əmələ gəlməyə başladı. Həmin vaxtdan geoloqlar bu fenomeni diqqətlə araşdırmağa başladılar və belə qərara gəldilər ki, burada yeni okeanın əmələ gəlməsi tam mümkündür.
 Yer səhtinə atılan maqma süxurları sübut etməkdədir. Sonuncu geofizik məlumatlara görə isə, məhz bu proses okeanik zirvələrin yaranması üçün xarakterikdir.
 Nə isə. Dünyanın axırı gəlib deyəsən. A kişilər, belə baxanda Çini o qədər də varlı ölkə saymırıq. Varlı ölkənin vətəndaşları hətta Azərbaycana da gəlib "bes manat, üs manat" deyib saxta mal satmaz. Di gəl ki Çində keçirilmiş hərracda çəkisi 5 karatdan böyük olan mavi rəngli briliant rekord qiymətə satılıb. Deyir, ekspertlər daşa maksimum 6 milyon dollar qiymət qoysa da, o, nəzərdə tutulandan baha satılıb. Adı açıqlanmayan alıcı nadir daşa 6,4 milyon dollar ödəyib. Bununla da, o, dünyanın ən qiymətli ikinci daşı adına da sahib çıxıb. İlk yeri isə hələ də ötən il Cenevrədə keçirilən hərracda satılmış 7 karatlıq briliant tutur- 9,5 milyon dollar. Budu acından ölən kitay? Ay-hay!..  
 Deyirəm, hərənin öz cibinin razmerinə görə dərdi var ey. O gün televizordan bizə sübut eləməyə çalışırdılar ki, ildə 1200 manata özəl ali məktəbdə oxumaq baha deyil. Çünki bir tələbənin bir il oxuması 3 min manata başa gəlir. Müqayisəni də dünya ölkələri ilə eləyirdilər. Heç biri də bizimkilərin aldığı maaşı dünya ölkələrində alınanla müqayisə eləmədi. Xalqın da başını belə qatırlar. Sizə elə gəlmirmi ki, get-getə bizə layla çalmağa başlayırlar?

Комментариев нет:

Отправить комментарий