21.07.2011

"Yaşamaq istədiklərini də yazmalısan"


"Sadəcə tənbəlliyimin öhdəsindən gələ bilsəydim, daha gözəl yaza bilərdim"

Tanınmış yazıçı-publisist Bəxtiyar Hidayət əməkdaşımız Tural Balabəylinin suallarına cavab verir

-Bəxtiyar Hidayət özünü oxuculara necə təqdim edərdi?
-Yaradıcılığa başlayandan uzun illər başqa imzayla-Yaralı Bəxtiyar imzasıyla tanınmışam. Sonra ilk dəfə “Lakin” qəzetində Bəxtiyar Hidayət imzasıyla çıxış etmişəm. Sanki bu imza da düşərli olub, əvvəlkindən fərqli olaraq çap problemini az yaşamışam bu imza ilə.
 Özümü elə Bəxtiyar Hidayət kimi təqdim edərdim. Nə şair kimi, nə yazıçı kimi, nə də publisist kimi uğursuz deyiləm. İstedadıma bələdəm. Sadəcə tənbəlliyimin öhdəsindən gələ bilsəydim, daha gözəl yaza bilərdim. Sadəcə bir əyalət yazarıyam mən... Bu əyalət mühiti hardasa həm xeyirdi, həm də ziyan. Xeyirdi ona görə ki sadə adamlara daha yaxın olursan və bunlar sənin qəhrəmanlarındır, bacar yaxasından tut hekayənə, romanına qonaq elə. Ziyanı da odur ki nə qədər olmasa da ədəbi mühitdən kənardasan.

-Müasir ədəbiyyatımızda bir çox ədəbi qurumlar yaranıb və yaranır. Bəxtiyar Hidayət hal-hazırda hansı cəbhədədir?
-Yazar olmaq elə cəbhədə olmaq deməkdir. Xüsusən də bu gün bu qədər istedadlı yazar varkən, demək rəqabət də var. Ədəbiyyat da döyüş meydanıdır. Bacar sona qədər döyüş. Qaldı ki cərəyan məsələsi, mən yeniliyin yanındayam. Tabuları tabutlara qoyanların yanındayam. Bu mənada mənə ən çox yaxın olan qurum AYO-dur. Mənim ədəbiyyata baxışımı ilk dəfə Əli Kərim dəyişmişdi, sonra da AYO dəyişdi.

-Fikirləşdiyinizi, yoxsa yaşadıqlarınızı yazırsınız?
-Yaşadığını olduğu kimi yazmaq ədəbiyayt deyil, memorial yaratmaqdı, ya da gündəlik yazmaqdı... Yaşadığını poetik süzgəcdən keçirib yazmaq ədəbiyyatdır. Məncə bunlar iç-içədir, həm yaşadıqlarını, həm fikirləşdiklərini, düşüncələrini sintez eləməlisən. Və həm də yaşamadıqlarını, yaşamaq istədiklərini də yazmalısan. Bu haqda ən gözəlini Kiçik İsgəndər deyib- ondan “Sizin üçün ədəbiyyat nədir?”- deyə soruşanda cavab verib ki: “Sizdən soruşsalar sizdən ötrü qara ciyər nədir, nə cavab verərdiniz?” Yəni bu prosesləri yaşamaq, həyata keçirmək asandı, nəinki onu təsvir etmək.

-Özünüzü güclü yazar hesab edirsinizmi?
-Güclü yazar ifadəsi hardasa məsələn, “dəniz donanması”, “səhra dəvəsi” kimi səslənir. Donanma dənizdə olar, dəvə səhrada. Yazar da yazar olar- daha “zəif yazar” ifadəsini kimsə özünə yaraşdırmaz ki. Amma bəli, yazarlar arasında fərq qoymamaq da insafızlıq olar. Belə deyək də, pis deyil gücüm.

-Yazdığlarınızı hansı izimə aid edirsiz?
-Bu suala yuxarıda qismən cavab verdim. Yazar özü anlada bilmir bunları. Amma mən realizmin davamçısı sayıram özümü. Elə postmodernizm də realizm deməkdir mənimçün.

-Keşki... Nöqtələri necə tamamlıyardız?
-Keşkə ingilis, rus dillərini biləydim. Və o dillərdə yaza biləydim. İnanın dünyada tanıdardım öz imzamı. İngilis dilini öyrənməyə şansım da olub. Dörd il Universitet illərində bizə həftədə 3 qoşa saat ingilis dili keçilmişdir. Amma axmaqlıq eləyib öyrənməmişəm, zehnimə arxayın olub həmişə kafi qiymət almışam. Çox peşmanam bu dilə belə etinasız yanaşdığıma görə. İndi də zehn qalmayıb. Qalan peşmançılıqdır sadəcə.

-Bəs bu müsahibəni siz özünüz götürsəydiniz necə tamalayardınız?
Tural Balabeyli-Bu özü-özü ilə söhbət olardı. Mən isə o qədər özüm-özümlə söhbət etmişəm ki, bilmirəm daha özümə deyəcəyim nəsə söz qalıb ya yox. Təkrara yol verərdim yəqin. İndi cəmiyyətdən qaçmağa çalışdığım kimi özüm-özümdən də qaçıram mən. Beləcə də özüm-özümdən qaçmaq üçün tez tamamlayardım. Soruşardım ki: “Ən böyük arzun?” Cavab verərdim ki: “Xaricdə yaşamaq”.

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий