Sayman Aruz
Darıxdım səninçün, bu şeiri yazdım
ürək darıxmasa demək səhvi var.
Ağlayıb ağlayıb qurusalar da,
bu çöllər də bir gün dəniz olublar.
Darıxmaq nə günah, nə də ayıbdı
astaca sızlayıb şeirləşirsən.
Nəsə ürəyində sənə “get” deyir
sənsə getməməyə hey tələsirsən!
Gözlərim yorğundur, lap ölüm kimi
Mən nəyəm, qəhrəman? Ya unudulmuş?
Sənə darıxdıqca millətləşirəm
Şişənin o tayı azmış, qudurmuş!
Edamdan qaçmışıq, qaralı, yaslı
Bakının toyları bizə yaraşmır.
Buranın sevinci çox dayazdı, çox
nə qədər batırsan, boynundan aşmır.
Nitşe və saatın ortasındayam
yatağın içində üzürəm yenə.
Məni boşalırlar hönkürtülərim
siqnala Sarterə dözürəm yenə!
Sənə darıxıram, azadlıq kimi
dustağın içindən, sənə mərhəba!
Birdən canlanırsan gözüm önündə
az qalır sevincdən batam yatağa!
Günəşi övlamaq, şairlik deyil
şeir ürəklərin dolanbacıdır!
Sənə vurulacam hər darıxanda
şeir yazmayacam, şeir acıdır.
Комментариев нет:
Отправить комментарий