25.09.2012

Güntay Gəncalpın “Səfəvilər” kitabı küçə sözləri ilə dolu, səviyyəsiz bir cızma-qaradır

Kərəm Məmmədov: “Güntay Gəncalpın yarı publisist, yarı iftira dolu cızma-qarasına vaxt ayırmağa dəyməz”

Vahid Qazinin “Səfəvi səfillər” adlı yazısı  Norveçdə yaşayan iranlı yazar Güntay Gəncalpın bu il ölkəmizdə çapdan çıxan “Səfəvilər” romanı haqqında idi. Bizi izləyənlər yəqin ki, yazı ilə tanışdırlar. Xəbəri olmayanlar bilsin deyə, qeyd edim ki, Güntay Gəncalpın “Səfəvilər” kitabında Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai məqsədli şəkildə aşağılanır. Müsahibimiz tarix üzrə fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədovla bəzi qaranlıq məqamları açıqlamağa çalışdıq. 

- Kərəm müəllim, yəqin iranlı yazar Güntay Gəncalpın bu yaxınlarda çapdan çıxan “Səfəvilər” kitabının ətrafında gedən müzakirələrdən xəbəriniz var? Sizin bu olaylara münasibətiniz necədir?

- Güntay Gəncalpın “Səfəvilər” kitabı küçə sözləri ilə dolu, səviyyəsiz bir cızma-qardır. Bu kitabı vərəqləməyə dəyməz. Qoy gənclərimiz, ümumiyyətlə, Səfəvilərin tarixi ilə maraqlananlar və əsl həqiqəti bilmək istəyənlər tarixi mənbələri daha çox oxusunlar. Məsələn, Berlində saxlanan və Azərbaycan dilində çap olunmuş “Birinci Təhmasibin təfkirəsi”, akademik Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti”, Şahin Fərzəlibəylinin “Azərbaycan XIV-XV əsrlərdə” kitablarını oxusunlar. Bu kitablar dərin, tarixi araşdırmalara və mənbələrə söykəndiyindən əsl həqiqəti ortaya qoyub. Bu səviyyədə yazılan kitabları qoyub, gedib Güntay Gəncalpın yarı publisist, yarı iftira dolu cızma-qarasını oxumağa və ona vaxt ayırmağa dəyməz.

- Güntay Gəncalp Şah İsmayıl Xətainin anasını zəhərlədiyini iddia edir kitabında.
- Çox gülməli iddiadır. Çünki Şah İsmayıl miladi tarixi ilə, 1486-87-ci illərdə doğulub, anası isə 1494-cü ildə ölüb. 8 yaşında uşaq anasını necə öldürə bilərdi? Bu, sadəcə, yalandır.

- Kitabda dönə-dönə qeyd edilir ki, Səfəvilər dövründəki dövlət İran dövləti idi, Azərbaycan dövləti deyildi. Hətta kitabın bir yerində iddia edilir ki, “İran islam cümhuriyyəti Səfəviliyin modern variantıdır. Osmanlının nəticəsi modern türk dövləti səfəviliyin nəticəsi modern fars dövləti oldu”.
- Səfəvilər dövləti klerikal formada (dini zəmində yaranmış dövlət) yaranmış bir dövlətdir. Bu gün özünü modern sayan dövlətlərin əksəriyyəti orta əsrlərdə belə yaranıb. Bu gün bütün dünyaya demokratiya dərsi keçən İsveçrə də klerikal formada yaranmış dövlətdir. İsveçrədə bir-neçə xalqı bir yerdə birləşdirən protestant dinidir. Almanların, fransızların və italyanların o hissəsi həmin dövlətdə təmsil olunur ki, onlar protestantdırlar. İsveçrə bu gün Avropanın mərkəzindədir və dünyanın ən demokratik ölkəsidir.

- Ümumiyyətlə, qızılbaşlıq sistemi nə idi?
- Hər bir xalq hər bir dini öz ruhuna uyğun şəkildə qəbul edir. Azərbaycanın islamı qəbul etməsinə baxaq, islam əvvəlcə sufilik formasında təcəlli edir. İlkin forması sufilik, sonra hurufilik, hurufiliyin varisi kimi qızılbaşlıq meydana çıxdı. Türkiyədə Qızılbaşlığın varisləri ələvilərdir. Biz o ələvilərə İranda da rast gəlirik. Sadəcə, bu ələvi adını daşıyır. Hurifilərə sovet dövründə dinsiz deyirdilər. Amma kitabda yazılıb ki, hurufilər pompoyest fəlsəfəyə inanırdılar. O zaman hurufilər necə dinsiz olur axı? “Qurani -Kərim”də də deyilir ki, dünya “OL” sözündən yarandı.
Yazılanla mövcudluq arasında kəskin fərqlər var. Məncə, Güntay Gəncalp kimilərin savadsız yazılarına alimlərin vaxtını sərf etməsi gərək deyil.

- Güntay Gəncalpın iddialarından doğan bir sual çıxır ortaya, gəlin, bu sualın cavabını konkretləşdirək - Səfəvi dövləti fars, yoxsa, türk dövləti idi?
- Orta əsrlərə qədər milli dövlətçilik məsələsi olmayıb. Milli dövlətçilik münasibətləri burjua məsələsi yaranandan sonra-XVII- XIX əsrdən sonra yaranıb. Səfəvilərin bugünkü varisi olaraq Əfqanıstanı, Azərbaycanı, İraqı da götürmək olar. Çünki bu ölkələr onun tərkibində idi. Mərakeş krallığı Osmanlı imperiyasının varisliyinə iddia edir. Ancaq Türkiyəni Osmanlı imperiyasının davamı kimi qəbul etməyin özü düzgün deyil. Niyə axı biz, Türkiyəni Qaraman əmirliyinin, Elxanilərin, eləcə də Səfəvilərin varisi elan etməyək?

- Kitabda belə bir abzas var: “Türküstan və Anadolu arasında müsəlman türklərin gəl-getləri üçün heç bir maneə yox idi. Səfəvilər buna əngəl törətdilər. 600 illik doğal türk birliyi ortadan qaldırıldı”.
- Güntay Gəncalpın Birinci Təhməsibdən xəbəri yoxdur. Yenə deyirəm, Güntayın yazdığı “Səfəvilər” çox savadsız şəkildə edilmiş cızma-qaradır. “Birinci Təhmasib Təfsirəsi”ndə deyir ki, göydə üç aypara var. O ayparanın biri mənim sağ çiynimdə, biri mənim sol çiynimdə dayanır.
Şah Təhmasib sağında dayanan ayparanın Osmanlı Sultanı Sultan Süleyman, solunda dayananın isə özbək xanı Beydulla xan olduğunu nəzərdə tutur.
Yəni Şah Təhmasib bu üç ölkənin mərkəzinin Türkiyə olduğunu gözəl dərk edirdi. Güntayın mövqeyindən yanaşsaq, gərək, biz də osmanlıları ittiham edək ki, niyə bir gündə 3 min qızılbaşı asdılar? Güntay bunu niyə yazmır?

- Bu günlərdə ölkəmizdə səfərdə olan türkiyəli yazar İskəndər Palanın da 2010-cu ilin oktyabrında “Şah və Sultan” adlı romanı çıxdı. O da demək olar ki, Güntay Gəncalpın iddialarına oxşar fikirlər səsləndirmişdi. Və ya bu günlərdə böyük kütlə tərəfindən həvəslə izlənilən “Möhtəşəm yüz il” türk serialında da Şah Təhmasib təhqir olundu. Maraqlıdır, sizcə, bu kampaniyanın arxasında kimlərin hansı maraqları dayanır?
- Dövlətlərin dostu, düşməni olmur. Artıq romantik millətçilik dövrü geridə qalıb. Romantik millətçilik XIX əsrin sonu XX əsrin əvvəlləri üçün xarakterizə olunan bir şey idi. Dövlətlərin dost-düşməni olmur, dövlətlərin mənafeyi olur. Azərbaycan da öz dövlət mənafeyindən çıxış etməlidr. Bu mənafeyi də Azərbaycanın bütövlüyünü və dünya azərbaycanlılarının birləşdirlməsini tələb edir.

- Siz dünya azərbaycanlılarının birləşdirilməsindən danışdınız. Amma Güntayın “Səfəvilər” kitabının ortaya qoyduğu məsələlər artıq Güney Azərbaycan iddiasından “Geri dur” siqnalını verir. Gerçəkdən də Şah İsmayılın yaratdığı dövlət fars dövləti idisə, bizim Güney Azərbaycanı ifadəsini işlətməyimiz gülünc olur o zaman.
- Səfəvilər dövlətini fars dövləti adlandırmaq savadsızlıqdır. Çünki Səfəvilərin dövlət dilinə, dövlət strukturunda olan adamlara, ordu quruluşuna fikir verəndə bəlli olur ki, bu, tərtəmiz türk dövlətidir, Azərbaycan dövlətidir. Sultan Səlim Şah İsmayıl haqqında o zaman maraqlı bir fikir işlədib: “Olmaya, bu zalım oğlu İsmayıl Əfrasiyab olub da Turanı dirçəltmək istəyir?
Güntay Gəncalpın kitabı özü kimi savadsız kütlə üçün hesablanıb. Sizcə, cəhalət, mövhumat harada daha güclü olur, əlbəttə, savadsızlıq olan yerdə.

Arzu Abdulla                       teleqraf.com

Комментариев нет:

Отправить комментарий