Professional Oxucu Liqası üzvlərinin tanınmış şair Faiq Balabəyli ilə çoxdan gözlənilən, lakin vaxt qıtlığından alınmayan görüşü, nəhayət ki baş tutdu. Məlum olduğu kimi, Faiq Balabəyli azad fikirlərinə görə məhbəsə atılmış, azadlığa çıxdıqdan sonra yenidən öz sevimli sahəsinə- jurnalistikaya qayıtmışdır. Həmin görüşdə Faiq yeni kitabını- “Burda darıxmaq olmaz” adlı məhbəsdə qələmə alınmış şeirlər toplusunu iştirakçılara ərməğan etdi. Bu yazımızda həmin kitab haqqında təəssüratlardan və Faiqin yenilikcə qələmini sınadığı nəsr sahəsindən bəhs etməyə çalışacağıq.
Doğrusu, kitaba bu qədər uzun giriş sözü yazılması adamı təəccübləndirir. “Giriş sözü” deyəndə, müəllif özü haqqında müxtəlif yazarların qələmə aldığı uzun-uzadı məqalələri verir. Oxucunu yorucu, darıxdırıcı bir ovqata kökləmək nəyə lazım? Bu yazılar artıq bir neçə qəzetdə dərc olunub. Dostumsan, qardaşımsan, canımsan-ciyərimsən… öz yerində. Sağ olsunlar, bu adamlar dörd divar arasında qalmış dostlarını unutmayıblar, ziyarət ediblər, bəziləri hətta dəfələrlə. Onu da başa düşürük ki, bu məqalələr indilərdə yazılmayıb, şair içəridə olanda mətbuat səhifələrinə çıxarılıb, onu gündəmdən düşməyə qoymayıblar… Hər halda, onlar elə mətbuat səhifələrində qalsaydılar, yaxşı olardı.
Vasif, Bilal, Azər, Elçin… neçə-neçə dostları Faiqin unudulmamağı (yaradıcı adam üçün ən böyuk bəlalardan biri) üçün əllərindən gələni ediblər, düzdür. Bu da heç nəyi dəyişmir hər halda! Uzun-uzadı girişlər nə qədər oxucunu müəllifə yaxınlaşdırırsa, bir o qədər də mətndən uzaqlaşdırmaq xüsusiyyətinə malikdirlər.
Bir tərəfdən də axı bu, qeyri-təvazökarlıq kimi alınır…
***
Bir şey də var ki, Faiq haqqında çox söz deyir bu yazılar…
Elçin İsgəndərzadə yazır: “Məni ilgiləndirən odur ki, sən demə mən Faiqi nəinki bütün əzizlərindən və yaxınlarından, hətta Faiqin özündən də çox istəyirəmmiş”. Həyatda necədir, deyə bilmərəm, bunu Faiqlə yoldaşlıq edənlər bilər. Ancaq yaratdıqlarında açıq-aydın fon yaranır. Faiqi istəməmək olmur, qeyri-ixtiyari onunla “qardaş” olursan, bir yerdə balanda yeyirsən, pəncərədən görünən yarpağın üstündəki şeh damcısını balanın göz yaşına bənzədib darıxırsan, döyüşən oğlanlarının məhbəsə atıldığı məmləkətin halına necə də acıyırsan... Faiqin poetik qələmi o qədər dolğun və ifadəlidir ki, kitabı oxuyarkən onunla birlikdə eyni anları yaşayır, nifrət edir, sevir və sevinirsən… “Onun məhkumluq sürəsinin hər anını onunla bərabər yaşamalı olursan”.
“Bu şeirlərə görə Faiqi həbs etməyə dəyərdi” -Vasif Süleyman belə yazır. Mənsə bu sözləri onun nəsrinə daha çox şamil etmək olar. Əgər o məhbəsə atılmasaydı, “divarın o üzü”nü görüb gəlməsəydi, çətin ki hardasa belə riqqətəgətirən hekayətlər oxuyacaqdıq. Həyat dərsi proqramı. Faiq həmin darıxdırıcı axşamlarda məhbəs yoldaşlarının uzun-uzun həyat hekayətlərini dinləməli olmasaydı, içində gizlətdiyi “yazıçı” hərisliyi ilə ovunu- öz gələcək qəhrəmanlarını izləməsəydi, qələmə alacağı süjetləri saf-çürük edərək yaddaşına hopdurmasaydı, ikinci bir “Zindan” yaranacaqdımı? (Yadınızdadırsa, 90-cı illərdə türmə həyatından bəhs edən çox populyar belə bir kitab vardı). Taleyin qəzavü-qədəri Faiqin başında çatladı və həmişə tələbatda olan şanson yenidən gündəmə gəldi (Ziba xanım, Azərbaycan ədəbiyyatına necə böyük bir töhfə verdiyinizin fərqindəsinizmi?). Taleyin nə qəribə işləri var, bir yandan nələrisə alıb aparır, bir yandan nələrisə gətirir... Bu sarıdan, bizlərə baxanda Faiqin bəxti gətirib. Adi vaxt günlərlə, aylarla mövzu, süjet tapmırıq yazmağa. ORADA isə sağdan-soldan mövzu yağır üzərinə. Özün də olasan bu işin xiridarı...
Kimsə Diogeni, sürgün olunduğuna görə məzəmmət edəndə: “Ay bədbəxt,- filosof ona deyir- məni elə o sürgün filosof eləyib…”
“Dövrümüzün zindan ədəbiyyatını yaradanlardan biri” -ədəbiyyatımızın geoloqu Bilal Alarlı isə Faiqi məhz belə səciyyələndirir və bu fikirdə mən onunla tam razıyam.
Ümumiyyətlə, Faiq nəsrə keçəcəkdimi? Yoxsa odamı axına qoşularaq əksəriyyət kimi gül-bülbül bağında ilişib qalacaqdı, bu bağın çürük ağaclarını budamaqla məşğul olacaqdı?..
Beş addımlıq “mənzil” onu ayrılıqlara öyrətdi- yazır sayqılı Vasif Süleyman… Azadlığın necə şirin olduğunu isə, sən demə içəridə yaxşıca anlamaq olur...
Mən sizi çox istəyirəm,
Lap çox.
O qədər ki, heç kəs belə istəyə bilməz
Heç kəs, bunu bilin.
Məndən incimək keçirsə könlünüzdən,
İnciyin,
Qaramca danışmaq istəyirsinizsə,
Danışın.
Amma yadınızda qalsın
Mən sizi doğrudan da çox istəyirəm...
Sadə, lakin ağrıyla, acıyla dolu duyğular… Bu sətirləri yazarkən əlimin atındakı kitaba bir də baxıram; karandaşla bu şeir olan yerdə səhifənin ağ küncünə nədənsə “insan qəlbinin dərinliyini səmadan da gözəl bir mənzərə sayırdı Hüqo” yazmışam… İndi yadıma gəlmir nəyə görə belə yazmışam...
Müəllifin sətirlər arasından sezilən tutqun obrazı da elə sevimli Hüqomuzun qəhrəmanları kimi böyük fiziki və mənəvi gücə malik
bir obraz kimi görünür…
Faiq oxucuları əsərə yaxınlaşdıra bilir, oxucu ilə əsər arasında distansiya itir; müəllifin çəkdiyi iztirablar səni də yükləyir və həmin ovqata sən də köklənirsən…
Çərxi fələksə öz işində…
***
Faiq barədə yazanların bir çoxu göstərirlər ki, türmə həyatı onun yaradıcılığını büsbütün dəyişdi, indi o ən məhsuldar dövrünü yaşayıb yaradır, yazdıqları əvvəlki illərə nistbətən daha uğurlu, sanballı və maraqlıdır. Mənim yadımdadır, Faiqin şeirinə ilk dəfə hələ tutulmamışdan çox-çox qabaq, “əmin-amanlıq” illərində “Çərçivəsiz” ədəbi qrupunun buraxdığı bir dərgidə, yoxsa qəzetdəmi rast gəlmişdim. Onda vətənə təzəcə dönmüşdüm, uzun illərin ayrılığından sonra bütün ədəbi dərgilərimizi yenidən acgözlüklə vərəqləyirdim. Bu şeirdən sonra məndə belə təəssürat yaranmışdı ki, Faiq də özünü “andeqraund” adlandıranlarla bir zümrədəndir. Bir dəfə hətta “Alatoran” jurnalı alanda orada Faiqin də şeirlərini axtardım. Sonradan Sabutaydan öyrəndim ki, “zır ayebeçidir”. Maraqlıdır… O vaxtdan kəsib arxivimdə saxladığım həmin şeiri məmnuniyyətlə sizlərə də təqdim edim ki, təsdiqləyəsiniz; bu misralarin müəllifinin AYB üzvü olmasına inanmaq doğrudan da çətindir:
Məni ağlamazsan,
Sağlığımda səni çox ağlatdım,
Saçlarından tutub başını
Divara vurdum
Eşitmək istəmədiyin
Sözlərlə təhqir etdim səni.
Hədəqədən çıxmış gözlərinlə
Boğazından keçməyən nəfəsinlə
Mənim belə olmadığımı
Bilmədiyini demək istəyirdin
Məni ağlamazsan.
Düyün-düyün olmuş ürəyinin əzabını
Mən vermişəm sənə.
Saçlarının arasındakı ağ cığırları
Mən göndərmişəm sənə.
Çayımı, çörəyimi vermisən
Sevmisən məni, dəli kimi sevmisən…
Məni ağlamazsan…
Belə. İndi həmin saralmış vərəqə bir də baxıram, “ağlamazsan” sözündə axırıncı “a”nın üstündən xətt çəkib “ı” yazmışam. “Ağlamazsın” alınıb. Nəyə görə belə etmişəm, indi yadıma gəlmir.... Bəlkə türk şarkısı effekti yaratmaq lazım idi?.. Bu da bir xəstəlikdir: “teatralnaya lixoradka” keçib boğazıma, əl çəkmir... (Fürsətdən istifadə edib bütün professional oxuculara bir daha öz salamlarımı yetirim!).
“Ağlamazsın” olmalıydı. Belə daha poetik alınır.
Kitabda postmodern söz oyunları saysız-hesabsızdır. “Pəncərədən daş gəlmədi…” misraları ilə başlayan şeir də bu qəbildəndir. Müəllif yazır ki, bir gün səhər İctimai radioda xalq mahnıları səsləndirildi və bu şeiri konsert bitəndən sonra yazdım. Həmin şeir Həmid Herisçinin dekonstruksiya təklifi ilə necə də uyuşur! Yadınızdadırsa, Həmid “Gecə kanalı”ında “Ağıllı kukla” şeirini tam fərqli bir tərtibatda vermişdi. Ölkəmizdə baş verməsi labüd olan mədəni inqilab bax bu cur, “Ağıllı kukla” nəğməsindən başlamalı, bütün köhnə mahnılarımız lirik-sentimental ahəngdən mərhum edilib tam başqa tərzdə, rok musiqi uzərində xalq kutləsinə, ilk növbədə üsyankar gəncliyə qaytarılmalıdır…
Faiq bəlalarımızın çoxuna da elə sadə postmodern cavablar tapır ki, heç yatsan yuxuna da girməz:
Babaların öyüdlərinə tapınmışıq,
sakit olmuşuq.
Bəlkə elə ona görə
Yerimizdən, yurdumuzdan
Qovulmuşuq…
***
Türmə mövzusuna həmişə bizdə tələbat olub, oxunub və maraqla qarşılanıb. Səbəblərdən biri də şudur ki, tipik ədəbiyyatımızın bizə sırıdığı girdirmə, süni mətnlərdən bezmiş xalqımız saf duyğular, səmimi hislərin təzahürünü axtarıb və qəribədir ki, bu axtarışlar onu zek ədəbiyyatının üstünə gətirib. Çünki burda falş yoxdur, hər şey necə var elə- acı reallığı ilə birgə ortaya qoyulur. Kriminal bioqrafiyalar müəllifi Oqtay Qorçu bədiilik baxımından kamil nümunələr yaratmasa da, Azərbaycanın istənilən “bərkgedən” yazarından populyardır. Elə mən özüm də həmişə asudə vaxtlarımçün türmə ədəbiyyatı aramışam oxumağa. Ancaq bir var kommersiya tələbinə hesablanmış nəsnələr, bir də var ciddi oxu üçün nəzərdə tutulmuş...
***
Ay sizi, 90-cılar!.. 90-cılar mərd çıxdılar, deyərdi o vaxt Qasid Nağıoğlu. Onunla tam şərikəm. “Özlərindən əvvəlkilərin çörəyini, özlərindən sonrakıların başını” yemədilər. Kabinetlərlə təriflənib, təqaüdlərlə layiq görülmədilər. Həyatlarını ölərkən Fəxri Xiyabanda basdırılmağa hesablamadılar. Müstəqilliklərini, öz kişilik sifətlərini saxladılar. İndiki 2000-cilərə yaltaqlığa nifrət etməyi, riyakarlığa tüpürməyi məhz o nəsil öyrətdi. Təsadüfi deyil ki, indiki postmodernizm dalğasının təkan götürdüyü modernizmi də- bu azadlıq müjdəsini də ədəbiyyata məhz onlar gətirdi; Salamlar, Muradlar, Faiqlər…
Faiqin bir çox şeirlərinə də məhz öz nəslinə- 90-cılara xas olan ab-hava səciyyəvidir, bu nəsildən bir çoxlarında olduğu kimi onda da Sarvançılıq dəsti-xətti duyulmaqdadır:
Dünya elə yaranandan
Ağı qaraya çəkilib.
Fikrin məndə deyilsə
Görən haraya çəkilib.
Oxucunu “qruzlamaq” da elə 90-cılara xas xüsusiyyətlərdəndir…
***
Bu ərəfədə gənc yazarlardan biri söhbət edirdi ki, Faiqin şeirləri Türkiyə dərgilərindən birində dərc olunduqdan sonra türk sənətçilərinin diqqətini cəlb edib, onun telefonunu arayaraq şeirlərinə musiqi bəstələmək istəklərini bildiriblər. Bilmirəm bu nə dərəcədə doğrudur, ancaq deyim ki, Faiqin şeirlərinin musiqisi elə öz içindədi. Hazır şarkıdı. Bu şeirləri ürəyəyatan ritmə köklənmiş klip effekti müşayət edir- Faiqi bir şair kimi başqalarından seçdirən digər əhəmiyyətli göstərici də məhz budur. Mənim həmişə aradığım klip effekti! O şeirlərində kəlmələri riyazi dəqiqliklə düzür, bəndlərin bir çoxu haçansa oxunmuş, melodiyaları indi unudulmuş, havası İtkin təsniflərin, nəğmələrin mətnləridir sanki- sözbəsöz, misrabamisra musiqiyəuyğun, ekvoritmik mətnlərdir.
Poeziyasında ilk əvvəl nəzərə çarpan Faiqin güclü daxili dünyasıdır. Lakin Faiqin yaratdığı obraz mübaliğəli, həyatilikdən uzaq, şişirdilmiş deyil, real obrazdır. Bu mənada Faiqin nəzm havası fantastika məhsulu kimi yox, gerçəklikdən yoğrulmuş metafora kimi də izhar etməkdədir.
“Burda darıxmaq olmaz”ı oxumaq çox çətindir... Rahat mütaliə belə kitablar üçün yaddır. Hər halda bir dostumuz yarızarafat, yarıgerçək bir ifadə işlətdi ki, ürəyi zəif olanlar oxumasın. Çün hər səhifəsindan od püskürür; buradakı şeirlərin hər misrasından ağrı və məşəqqət yağır. Bəzi şeirlərdə tipik məhbəs əzablarının doğurduğu konkret ifadələrlə rastlaşıb yazıçı cəsarətinə heyran qalmaya bilmirsən. Əsl zek iztirablarının təzahürü! Mənə elə gəlir ki, Azərbaycan poetikasında tipik zek yuxularını bir də heç kəs Faiq kimi verə bilməz:
Əsəbim tarıma çəkildi hər gün,
İlgək yellənirdi kəndirin üstə.
Yuxumda gördüm ki, qəmgin dayanan
Ağbirçək anamın təndirin üstə-
Əlində küt gedir kündə, darıxdım.
Bəzi yerlərdə melodramatik ab-hava məni cavanlığımda çox sevdiyim Kuçin nəğmələrinin yanına dartıb apardı. İnanın ki Faiqin bir sıra şeirlərini, məsələn, “Çəmən boyu səpələnmiş gülləri…” oxuyarkən sanki yenə də, bir vaxtlar pərəstişkarı olduğum Kuçin melodiyalarını dinləyirdim: “Qorodskom sadu podal sneq, Ya po snequ idu k tebe…”
Bir çox oxucuları kimi, mən də bu kitabı mənəvi sarsıntılarla oxudum. Kənan Hacı deyir ki, “canım ağrıya-ağrıya...” Daxili təbəddülatlar hesabına başa gəsə də, kitabın özünə cəlbetmə əmsalı o qədər böyükdür ki, əlindən yerə qoymursan, sonadək oxumağa məcbursan. Yəqin hər bir əzabda nəsə xoşagəlimli bir tərəf də var, necə ki Kuçinin şansonlarını dinləyərək təsvirəgəlməz bir iztirabla yanaşı həzz də alırsan… Onların arasında fərqi onda görürəm ki, Kuçin kriminal dünya üçün işləyirdi, Faiq yaradıcı camiə üçün…
***
“Biləcəri” sindromu”nu aşmaq problematikası üzərində düşünən bir çox ədəbiyyatşünaslarımız qeyd edirlər ki, soyuqqanlı Qərb təfəkkürü ilə istiqanlı Şərq təfəkkürünün sintezini ortaya qoyan əsərlər yaratmaq lazımdır. Onlar məhz bu yöndə çalışmağa çağırırlar. Mən dəqiqləşdirmək istərdim: Şərq yox, Qafqaz! Şərq bitmiş fikirdir, bir mövzu kimi boşdur və təfəkkür arealına maraq doğuracaq heç nə vermir. Azərbaycanla da ki hər şey aydındır, görükən kəndə nə bələdçi? Çoxları bilmir ki dünya üçün biz nə azərbaycanlı, nə də ki şərqli kimi maraqlı deyilik- dünya üçün biz məhz qafqazlı kimi dəyər kəsb edirik. Dünya oxucusu üçün Şərqli və azərbaycanlı yoxdur, onlarçün Qafqazlı var. Əlbəttə, üzdə bəzi kənar təqdimatlar var və yanlışlıqlar da yetərincədir. Məsələn, adama deyərlər ki, indi bizdə modda olan Qarabağ hay-həşirinin, ağlaşmasının qafqazlı kontektstinə nə dəxli? Lakin söhbət ciddi yönümdən, sivil dünya baxışından, əsasən qərbli beyninin tələbləri üzərində qərarlaşmış oxu potensialından, Dünya Oxucusunun tələbindən gedirsə, onda “qafqazlı tipləri” yaradın. Bu baxımdan, mən bir müddətə əvvələ qayıtmaq, “Sənət qəzeti” bağlanmamışdan qabaq orada gedən erməni hekayələrinə diqqəti cəmləmək istərdim. Bax, əsl Qafqaz ruhu məhz orada duyulurdu! Qafqaz tematikası Nəriman Əbdülrəhmanlının gecə-gündüz bizə sırıdığı üçüncü sort gürcü sicilləmələrində də deyil, “Alatoran” 8 nömrəsində Eyvaz Əlləzoğlunun SEÇİB,- yeri gəlmişkən gözəl də- tərcümə etdiyi “Konflikt zonasındakı bostan” əsərini oxuyun. Qafqaz tipikiyi məhz belə əsərlərdədir.
Təəssüf ki Qafqaz dedikdə avropalıların gözü önündə hərb, qalmaqal meydanı canlanır. Regiondakı son çaxnaşmalardan sonra isə adımıza bir az da ləkə gəlib. Köçlərdən sonra mədəniyyətimiz reqressə uğrayıb. İnanıram ki ədəbiyyat bu təsəvvürləri dağıda biləcək. Dünyanın gözündə yüksəlmək üçün biz əvvəl özümüzü, öz yerimizi tanımalıyıq. Axı mədəniyyət insan şüurunu təzələyən ən əsas amillərdəndir. Qafqazda və onun bir parçası olan Azərbaycanda bu cür yenilənməyə ehtiyac var. Ədəbiyyat təklikdə insanların baxışını dəyişə bilməz, lakin o insanlar, xüsusilə də mədəni elitalar arasında etimad yarada bilər…
Qeyd etməliyəm ki, bizdə “qafqazlı” energetikasını özündə cəmləşdirən, ədəbi temperament püskürən əsərlər də az deyil (Müəlliflər yox, məhz bəzi mətnlər). Məsələn, Rafiq Tağının “Fərqanə”, Həzi Həsənlinin “Eşşəklər arpa yeyir”, Bəxtiyar Hidayətin “Kirabad”, Usuboğlunun qarşıqalardan bəhs edən hekayəsi (adı dəqiq yadımda deyil, “Proloq”da dərc olunmuşdu) bu qəbildəndir. Az sayda da olsa, var. Sadəcə, bizdə həmin tematikanı başa düşən, potensialı duyan və qiymətləndirən oxucu yoxdur, bu da ki 90-cı illərdən sonra Azərbaycan mədəniyyətində gedən geriləmə ilə bağlıdır. Məhz belə əsərlər tərcümə olunaraq dünya arenasına çıxarılmalıdır ki, başa düşülək və bizimlə ünsiyyətə girsinlər. Hətta bir az irəli gedərək deyə bilərəm ki, bizdə əsl qafqazlı yazarlar da var. Məsələn, Aslan Quliyev. Onun əsərlərinin qəhrəmanları nə azərbaycanlılar, nə də şərqlilər deyildir. ONUN ƏSƏRLƏRİNİN QƏHRƏMANLARI SIRF QAFQAZLILARDIR.
Necə ki minillik Azərbaycan şeirinin ruhunu Salam Sarvan çiyinlərində daşıyır, Qafqaz spesifikamızı da Aslan Quliyev açır. “Jiqit”liyimiz məhz onun əsərlərində üzə çıxır. Dağın başındakı qartala o, nə “şərqli” yazarlar kimi üzü qiblədən baxır, nə də “azərbaycanlı” yazarlar kimi qoyun otardığı dağın döşündən. Aslanı biz bərilərdə görmürük, çünki əsl qafqazlı kimi o elə dağın başındadır- qartalla yan-yana oturub, qəlyanını tüstülədir, böyründən də xəncəri asdanıb…
Aslanın bütün yaradıcılığı “Na qore sidit orel, U neqo kinjal bolşoy” saundtreki üstündə köklənib…
Nəzmdə Qafqaz dünyası cizgilərimizi isə məhz Faiq Balabəyli yaratdı. Mənimçün “Qafqaz Azərbaycanı ədəbiyyatı” deyilən bir anlayış vardır ki, həmin kateqoriyaya məhz bu iki yazarı aid edirəm.
***
Yaxın dostu və sirdaşı Vasif Süleyman yazır ki, Faiq tutulanda onun müdafiəsi üçün başqa metod seçdik; onu şeirlərindən gözəl kimsə müdafiə edə blməz. Biz də bu prinsipə sadiq qalaraq həmin yolla getmək qərarına gəldik.
Faiqin oxucularla görüşə gəldiyi “Burda darıxmaq olmaz” kitabı bir bəlanın steneoqrammasıdır. Potensiallı adam üçün türmə də əsl yaradıcı məkan, mövzu dağarcığı ola bilər. Jorj Sand: “Sənət ehtiyacdan yaranır və var-dövlət içində boğulub ölür”- əbəs yerə yazmırdı ki. Burda darıxmaq olmaz… Ancaq… bir tərəfdən, burda yazmaq da asan görünmür:
Bu divar boyuna qan çilənibdi
Vallah yazmaq olmur varağın üstə.
***
Bu da taleyin işidir; görünür, yazıçılığın içindən itigözlü birisi “içəri desant” olunmalıymış ki, orada gördüklərini qələmə alıb indiki bayağılıqdan, şitlikdən uzaq litera mühit yaratsın, fərqli bir istiqamət götürsün, öz potensialını dekonstruktizə edərək ortaya yeni anlamda nəsnə qoysun. Həmişə maraq doğuran, oxunan zindan mövzusunu öz qabarıq, qaranlıq tərəfləri ilə oxuculara çatdırsın.
Gəlimli, gedimli, qallı dünyada
Zəhərl, şəkərli, balı dünyada
Bu sərxoş dünyada, hallı dünyada
Deyən yaşamağa dəyərmiş hələ
Niyə görməmişdim səni mən belə…
Balabəyli kriminal mövzuya yeni bir nəfəs verdi, özünəməxsus bir şanson yaratdı. Həm də bu sözlər təkcə onun şeirlərinə aid deyil; sözün düzü, onun nəsr əsəri daha çox ürəyimə yatdı. Təkcə “Lənətlənmiş həyat” povestini oxumağa fürsət tapmışam. Elə bir povest də Faiqin nəsri barədə təəssürat yaratmağa bəs edir. Bu hekayətlər nəsr deyil, elə şeirləri kimi onlar da acı nəğmələrdir. Mamedin birinici “xodka”dan axırıncıya qədər hər söhbət ayrı-ayrı nəğmələrdir,- gərgin axıcılığa malik, səbrli dinləmə atmosferi yarada bilən mətnlərdir. Selinin dediyi “orta çağ dastanları effekti…”
Amma və lakin… Faiqi ideal Qafqaz yazarı olmağa qoymayan nədir? Milli nəsrimizə xas göz yaşları! Bax bunu xüsusi olaraq qeyd etmək istərdim. İçimizdəki tərəkəməçilik! Şablon klassikanın bizi saldığı qəliblər! Mənə elə gəlir ki, müəllif bu barədə düşünməlidir. Göz yaşının dozasını azaltmaq lazımdır.
Bütün bu “virus”ları öldürən və Faiqin mətnlərini maraq relsinin üzərinə salaraq oxunaqlı edən bu mətnlərdə dil gərginliyinin olmamasıdır. Bəli, onun nəsrində heç bir gərginlik, yazıçının hərdən çıxılmazlığa düşməsi- məlum vurnuxmalar müşahidə edilmir. Faiq qələminə gücsüz demək olmaz- sərbəstcə yazır özüyçün. Sadəcə, şablonlaşma var, bunu isə söküb dağıtmaq gərəkdir. Məhz şablonlaşma aradan qalxanda, Faiq şeiriyyatı orijinallıq, nəsri isə şedevrlik kontekstinə girir. “Əxlaqa uyğun olmayan bir iş görürəm” düsturuna müasir nəsrdə ehtiyac yoxdur. Belə cümlələr Bakı radiosundan yastı-yastı oxunan siyasi icmalları xatırladır. Necə ki Faiqdə 5 “xodka” srok oturmuş residivist, deyək ki müdrik qocanın dili ilə danışır. Və yaxud 7 yaşlı qız filosofluq edir bizə. Göz yaşı da ki bir anbar!.. Halbuki qəhrəmanların monoloqlarına az yer verməklə oxucuya daha çox söz demək olardı. Gələcək əsərlərinizdə bunu nəzərə almalısınız!
Danışıq minimum endirilməlidir. Söz az olmalıdır: hər şey vəziyyət içində gerçəkləşən əmələ bağlanmalıdır. Bizi sizin şərhlər maraqlandırmır, əziz yazarlar. Hadisələri təsvir edin və müdaxilə etməyin. Nobel mükafatçılarının əsərlərini oxuyun. “Xəzər” jurnalına elliklə abunə yazılın. “Təsvir elə, Dadaşbala”. Təsvir və bir daha təsvir! Süjetə müdaxilə etməyin, qoyun hər şey öz axarı ilə getsin və oxucuya tamaşaçı kimi seyr etməyə imkan yaradın.
Məni həmişə cəlb eləyib məsələnin yaxşı təsviri... Mən kino axtarıram!
Fellini deyir: Film üç şeydən yaranır- ssenari, ssenari, ssenari!
***
Müasir ədəbiyyatda dəqiqlik çatışmır. Biz hədsiz dərəcədə çox, əlaqəsiz, rabitəsiz danışır və gerçəkliyi lazımınca ifadə edə bilmirik. Doğrudur, bəzən metaforada və ya şeirdə bircə dəqiq zərbə ilə gerçəklik duyğsunu, xüsusi dünya duyumunu oxucuya çatdırmaq mümkün olur. Biz təsvir etmək qəsdinə durduğumuz reallığın ilk növbədə mahiyyətini dərk etməyə çalışmalıyıq.
Nisbətən düzgün mövqe- fikir yürütməkdən əl çəkməkdir. Yazıçının əsas ləyaqəti müdriklik eləməyində yox, təsvirin canlılığındadır. Bizim həqiqətən, dahi nasirləri xatırlayın. Onlar təsvir ediblər. Məhz təhkiyə rakursunun necəliyi son sözü deyir. Yazıçının əqidəsi, onun düşüncələri hadisəyə yapışmır, necə deyərlər, onlar təsvirin səthində oturuşmurlar- yalnız hadisələrin perspektivində duyulmalıdırlar.
Əsl ədəbiyyatın malı elə budur- hadisələrin canlı (lap elə quru) təsviri! Onlar həm də hekayədə yaşayırlar, amma təxəyyülün balaları olaraq, poeziyanın təbiətinə aiddirlər. Məhz xırda detalların diqqətli təsviri hekayənini canlandırır, oyaq saxlayır. Ehtiraslı təsvirçi Nabokov bunu yaxşı anlayırdı. “Detalları bəsləyib yetişdirin,- deyə məsləhət görürdü o,- qadasın aldığım detalları”. Və sonda, qədimlərdən axıb gələn ədəbiyyat dalğaları sizi çulğayacaq. O sizi qucaqlayacaq- parlaq və xəyali-həqiqi.
Deyəsən mövzudan yaman uzaq düşdük və biz də başladıq müdriklik eləməyə. Yeri gəlmişkən, “Lənətlənmiş həyat”ı oxuduqdan sonra dekonstruksiya edərək özüm bildiyim formatda hazırladım. Faiqə maraqlı olar deyə bildirim, mənim təklif etdiyim variantda povest belə başlayır: “Biri vardı, biri yox… Məmməd adında tanışım vardı…”
***
Görüşümüzdə özündən də çox dostları barədə danışdı. Özü də ağızdolusu. Biz də ona qoşulub deyirik: nə qədər ki, Elçinlər, Vasiflər, Sabirlər, Aqillər var, bu vətən basılmaz!..
Ədəbiyyat daha nə qədəri ilə təmas xoşbəxtliyini bizə bəxş edir!


Комментариев нет:
Отправить комментарий