– Tural bəy, ölkəmizdə telekanalların işini qənaətbəxş hesab edirsinizmi?
– Yerli telekanallar adətən məcburiyyət üzündən izlənilir. Yayımlanan verilişlərdən, şou-proqramlar, saatlarla davam edən yemək verilişlərindən bezməmək mümkün deyil. Əslində, KİV çox güclü “silahdır”. Hakimiyyət telekanallar vasitəsi ilə milli ruhu yüksəldə, insanları mənəviyyata yönəldə bilər. Təbii ki, marağında olsa. Lakin indiki durumda yerli telekanallar faydasız verilişlərlə, kütləni zəhərləyən şouproqramları ilə gündəlik yayımını davam etdirir.
–Nəyə görə telekanallarımız daha çox şou xarakterli verilişlərə üz tutur. Misal üçün, hansısa səviyyəsiz, savadsız müğənni haqda lazımsız verilişlərin getməsi nəyə xidmət edir?
– Bilirsiniz, əlsində, telekanallar daha yaxşı proqramlar hazırlaya bilərlər. Lakin senzura buna imkan vermir. Nazirlərdən, deputatlardan, ictimai problemlərdən danışmaq, hadisələri olduğu kimi işıqlandırmaq hakimiyyətin imicinə mənfi təsir etdiyinə görə senzuradadır. Digər tərəfdən dini veriliş hazırlanmır. Dini verilişlər insanları mənəviyyata, əxlaqa, qarşılıqlı hörmətə dəvət edir. Bir halda ki, bu, qadağan olunub. Bu boşluğu mənəviyyatsızlığı aşılayan şou proqramlarla doldururlar. Əyləncəli verilişlər gənclərlə yanaşı, yaşlı nəsli də artıq zəhərləyib. İctimaiyyətdə olanda kütlənin telekanallardakı hansısa verilişin “qəhrəmanları”barədə uzun-uzadı araşdırma aparmağı, teleseriallardakı insanların taleyinin təhlilinə çox rast gəlirik. Xalqın başı belə şeylərə qarışdığı halda, onların yadına neftdən gələn gəlir düşər? Qiymətlərin sürətlə artımı düşər? Siyasi analizlər etməyə vaxt qalar? Bu tək Azərbaycanda deyil, deyərdim ki, bütün dünyada belədir. Vətəndaşlar serial qəhrəmanının taleyinə o dərəcədə adaptə olurlar ki, öz həyatları barədə düşünməyə çox az vaxt qalır. Bu da massonların dünyanı qarışdırmasına xidmət edir.
– Həqiqətənmi, xalqımız yüngül səviyyəli informasiya dalınca qaçır, yoxsa bütün bunlar hansısa maraqların siyasətidir?
- Dahilərdən biri deyib: “Xalq ac kütlədir, nə versən, onu yeyəcək”. Həqiqətən də belədir. Məsələn, bir kişi axşam işdən evə gəlir. Televizor qarşısında oturur. Ya futbola baxır, ya xəbərlərə, ya da hansısa şuo proqrama. Artıq kişilərin də baxa biləcəyi seriallar çəkilir. Başqa seçim yoxdur. Onun baxdığı futbolun bir xeyri yoxdur, xəbərlərin çoxu dezinformasiya, əyləncə verilişləri isə daha zəhərli. Çarəsiz adam kanalları dəyişir, dəyişir, bir şey tapmır, məcburən də olsa, telekanalda nə yayımlansa, ona da baxır. Yəni ki istəsən də budur, istəməsən də. Xatırlayıram, “Həzrəti-Yusif” filmi yayımlananda hər yerdə ondan danışılırdı. Xalqın seçiminə qalsa, xalq mənəviyyatı seçir. Bəs görək xalqı idarə edənlərə mənəviyyat sərf edir? Yaxud da aparıcı qüvvələrin özlərinin mənəvi səviyyəsi hansı dərəcədədir?
– Telekanallarda dini maarifləndirmə nə yerdədir. Ümumiyyətlə, bu sahədə irəliləyişlərin olması üçün kimlər daha çox məsuldur. Hökumət, ya ictimaiyyət?
– Bir neçə il öncə dini verilişlər yayımlanırdı, dini-tarixi seriallar verilirdi. Lakin bu cür verilişlər təbii ki, sərfəli deyil. Ona görə də “Həzrəti-Yusif” teleserialı sonuncu oldu. Ondan sonra nəinki dini kino, hətta mənəviyyatı, təmiz hissləri, ataya atalıq, anaya analıq, övlada övladlıq hissini aşılayan kinolar da qadağan edildi. Bir halda ki məscidlərdə dini dərs keçmək qadağan olunub, telekanallarda dini təbliğata da təbii ki, icazə verilməz. İctimaiyyət hakimiyyətdən nəsə tələb edəndə telekanallarımızda bu qanunsuz aksiya, xarici qüvvələrin marağı, separatçılıq, daxili düşmən, iğtişaş yaradan, qaraguruhçu qüvvələr kimi tanıdıldığına görə, məsuliyyət hakimiyyətin öhdəsindədir. 1-2 ay ərzində hakimiyyət elə verilişlər hazırlatdıra bilər ki, bütün xalq Qarabağı azad etmək üçün əlinə silah alar. Buna sübut olaraq 91-93-cü illərin radio verilişlərini misal gətirə bilərik.
– Teleməkanımızı necə görmək istərdiniz?
– İndikindən tam fərqli. Günü 3 yerə bölmək olardı. Məsələn, birinci yarısında azyaşlılar üçün həyat bilgiləri, dərslər və s. İkinci yarısında isə evdar xanımların maraqlarını təmin edən milli-mənəvi adət ənənələrimizin təbliği, mənəvi verilişlər, evdar xanımların intellektini artıran verilişlər. Üçüncü hissəsində isə həyati filmlər, ötən gündən götürə biləcəyimiz dərslər, maraqlı məlumatlar, əsəbləri sakitləşdirən milli musiqilər, dini verilişlər, vətənpərvərlikdən, milli ruhun ucaldılması haqda verilişlər və s. Bu cür olsaydı, övladlarımız narkomaniyaya qoşulmaz, ailələr dağılmaz, insanlar bir-birilərinə qarşı mehriban olardılar. İndiki durumda isə bunun tam əksidir. Seriallarla xəyanət, cinayət aşılanırsa, bayağı müğənnilərlə də əxlaqsız geyimlər, narkomaniya, hərislik, bir sözlə, bütün pisliklər təbliğ olunur. Bu da heç yaxşı nəticə verməyəcək.
Nizami birlik.az

Комментариев нет:
Отправить комментарий