21.05.2013

Türkiyə Suriya proseslərinin əsirinə çevrilib

Qonşu ölkədə müharibənin uzanması Ankaranın durumunu günü gündən pisləşdirir, hökumət isə çıxış yolları tapa bilmir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri regional siyasət və əsas da Suriya mövzusu ilə bağlı xüsusi önəm daşıyırdı. Çünki indi faktiki olaraq Türkiyə Suriya məsələsində əsas aktyor kimi çıxış edir. Bu səbəbdən də Türkiyə baş nazirinin ABŞ-a səfəri Suriya məsələsi ilə bağlı qərarların verilməsi baxımından diqqət çəkirdi. Mayın 16-da Vaşinqtonda Ağ evdə Ərdoğanla prezident Obama arasında görüş keçirilib. Türkiyə hökumət başçısı ABŞ-da ən yüksək səviyyədə qarşılanıb.
ABŞ-da Türkiyənin Anadolu Agentliyinə açıqlama verən Ərdoğan “çox gözəl və uğurlu” görüşlər keçirdiyini, gələcəyə istiqamətlənmiş yol xəritəsi cızaraq tutulan xətti davam etdirəcəklərini bildirib. Amerika səfərinin ən önəmli mövzusu olan Suriya məsələsi ilə bağlı Ağ Evin həyətində keçirilən birgə mətbuat konfransında Ərdoğan deyib ki, Suriyada davam edən qanlı hadisələrin başa çatması üçün ABŞ-la tam koordinasiyalı fəaliyyət göstərir. “Suriyanın terror təşkilatlarının fəaliyyət sahəsinə çevrilməməsi və kimyəvi silahların istifadəsinin əngəllənməsi əsas prioritetlərimizə daxildir”, - o söyləyib. Obama isə bildirib ki, bölgə ölkələrinə Suriya məsələsi ilə bağlı yardımları davam etdirəcək. Sitat: “Xüsusən də Türkiyəyə sığınan qaçqınlara yardımları davam etdirəcəyik. Bəşər Əsədin olmadığı bir Suriya üçün səylərimizi davam etdirəcəyik, onun getməsi ilə bağlı Türkiyə hökuməti ilə həmfikirik. Bu, bütün xalqların xeyrinədir”. Ancaq Obama Əsədin getməsi ilə bağlı hansısa bir formulun ortada olmadığını da deyib. Ərdoğanın Amerika səfərindən sonra verdiyi açıqlamalar onu göstərir ki, Türkiyə hökuməti Suriya məsələsində ABŞ-la birgə hərəkət etməkdə qərarlıdır. Ancaq bu birgəlik yekun nəticəyə gəlmək üçün nə qədər faydalı ola biləcək, bu hələ dəqiq bilinmir. Məsələ ondadır ki, Amerika Suriyada B.Əsədin getməsini və onun yerinə Şamda dünyəvi və daha çox liberal ağırlıqlı hakimiyyətin (Liviyada olduğu kimi) qurulmasını istəyir. Suriyada hazırkı proseslər ABŞ-ı qane etmir və bir sıra müşahidəçilərə görə, Suriyada hakimiyyət dəyişikliyini yubadan əsas amillərdən biri də bu olub. Çünki Ərdoğanın açıqlamasında qeyd etdiyi kimi, ABŞ Suriyada radikal islamçı qrupların söz sahibi olmasını istəmir. Hətta diqqət etdikdə ABŞ-ı Misirdə olduğu kimi mötədil islamçıların da hakimiyyətə gəlməsi qane etmir. Ən optimal olan liberal, qərbyönümlü qüvvələrdir ki, hazırda Suriya inqilabında bu qüvvələrin rolu xeyli dərəcədə zəifdir. Türkiyə hakimiyyəti isə bütün hallarda münaqişənin sona çatmasına çalışır. Türkiyə üçün yeganə istisna B.Əsədin də tərəf kimi tanıdığı danışıqlar prosesidir. Ankara hesab edir ki, Əsəd hakimiyyətdən uzaqlaşdıqdan sonra danışıqlar və yeni hakimiyyət qurulması prosesi başladılmalıdır. Türkiyə hesab edir ki, Suriyanın ağırlıqlı mötədil islamçıları olan “müsəlman qardaşlar” ın yerli qolu və dağınıq digər müxalifəti bir araya gətirib radikalları azlıqda qoya bilib, Suriyada mötədil islamçıların (Misir və Türkiyədə olduğu kimi) hakimiyyətini qurmaq mümkün olacaq. Bu variant indiki halda Türkiyəni qane edir. Bu isə hələ ki mümkün olmur. Amerikanın bu vəziyyətə qane olmadığı hiss olunur. Eyni zamanda Suriya məsələsində həlledici dövlətlərdən biri olan Rusiya isə hakimiyyət dəyişikliyi prosesində aparılacaq danışıqlarda Əsədin tərəf kimi tanınmasını tələb edir. Yeri gəlmişkən, Türkiyə mediasının yazdığına görə, ABŞ səfərindən sonra Ərdoğan Rusiya başda olmaqla bir sıra ölkələrə səfər edəcək. Ehtimallara əsasən, Ərdoğan Rusiyanı Əsədin getməsinə razı salmağa çalışacaq. Ancaq Ərdoğanın Moskvanı razı salacağı və bunu nəyin qarşılığında edəcəyi hələ aydın deyil. Suriya məsələsində daha bir tərəf isə ərəb dövlətləridir. Xüsusən də Səudiyyə Ərəbistanıdır. Son illərdə bölgənin əsas söz sahibi ölkələrindən birinə çevrilən Ər-Riyad hökuməti Suriya hakimiyyət bölgüsündə “pay” almaq istəyir. Ancaq Suriyada ən narahatlıq doğuran məqam nəzarətdən çıxmış radikal silahlı qruplardır. Artıq Bu ölkədə “ən-Nusra” radikal silahlı briqadası ilə yanaşı, əl-Qaidənin İraq qolunun yaratdığı “Şam İslam Dövləti” adlı qrup da fəaliyət göstərir. Bu silahlı qruplar (onların sayı günü gündən artır) Suriyada vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilərlər. Bu isə Yaxın Şərqdə ikinci İraqın yaranması deməkdir, hansı ki bunu indi heç kim istəmir. Yekun olaraq hazırda Türkiyə müəyyən mənada çıxılmaza düşüb. Suriyada proseslərin uzanması Türkiyə dövlətinə böyük zərbə vurur. Hökumət qaçqınların saxlanılmasından əziyyət çəkir, üstəlik onların yerli əhali ilə problemləri yaranır və toqquşmalar baş verir. İkinci tərəfdən, Suriyada fəaliyyət göstərən radikal dinçi qrupların dəhşət doğuran hərəkətləri artıq Türkiyə cəmiyyətində etirazlara səbəb olur, ziyalılar, siyasi partiyalar hökumətin Suriyada bu cür radikal silahlılara dəstək verməsini pisləyir, hökumətə qınaqlar artır. Və nəhayət, Reyhanlıda baş verən terror aktı göstərdi ki, müharibə, terror hər an Türkiyə sərhədlərini aşaraq ölkəyə daxil ola bilər. Ankaranın bu durumda yeganə çıxış yolu Suriyada proseslərin tez bir zamanda başa çatması, Əsədin devrilməsidir ki, bu da hazırda o qədər də real görünmür.

birlik.az

Комментариев нет:

Отправить комментарий