20.04.2016

LƏNKƏRAN ZİYARƏTGAHLARI HAQQINDA QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ

“Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”. Heydər Əliyev.

VII əsrdə təşəkkül tapan və yayılmağa başlayan İslam dini ilahi dinlərin sonuncusudur. Bu din daim insanları saflığa, təmizliyə və ülvi mənəviyyata dəvət etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulana qədər (1920) xalqımız İslam adət-ənənələrinə sadiq olmuş, Quranın hökmlərini, Əhli-beyt irsini və milli-mənəvi dəyərlərimizi heç bir maneə olmadan qorumağı, yaşatmağı bacarmışdır. Bu illər ərzində Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Mirzə ələkbər Sabir, Aşıq Ələsgər və digər klassiklərimiz öz yaradıcılıqlarında İslam dinini tərənnüm etmişlər.
Ağqoyunlu hökmdarı Həsən bəy Bayandur (Uzun Həsən) tərəfindən qəbul edilən “Qanunnamə” dövlət aktında İslam qaydalarından istifadə olunmuş, Səfəvilər imperiyasının (1501-1736) əsasını qoyan Şah İsmayıl Xətai tərəfindən məhərrəmlik mərasimləri dövlət səviyyəsində qeyd edilmişdir. 
Keçmiş sovetlər dönəmində quruma üzv olan bütün millətləri öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq kommunist ideologiyası əslində mövcud olmayan “sovet ailəsi” qanunlarını təbliğ edirdi. Mənəvi dəyərlər 70 il müddətində (1920-1991) birliyin üzvü olan millətlərə xurafat adı altında təqdim olunmuşdur. Bu illərdə xalqımız milli-mənəvi dəyərlərindən uzaqlaşdırılaraq doğma bayramlarını belə qeyd edə bilməmiş, dini etiqadlara qadağa qoyularaq  məscid və ziyarətgahlara getmək yasaq edilmişdir. 1969-cu ildə hakimiyyətə gəlmiş Azərbaycanın böyük oğlu Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna xidmətlər göstərmişdir. Ulu öndərin uzaqgörənliyi sayəsində bölgələrdə tariximizin qorunması üçün tarix-diyarşünaslıq muzeyləri yaradılmış, Azərbaycan folklorunun dərindən araşdırılması,Novruz bayramının yüksək səviyyədə keçirilməsi, milli mərasimlərin təbliği istiqamətində ardıcıl tədbirlər ənənə halını almışdır. Bu cür tədbirlər tariximizə, keçmişimizə olan sədaqətdən irəli gəlir.
Sovetlər dövründə Azərbaycanda rəsmi olaraq 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda məscidlərimizin sayı 1800-dən çoxdur. Ölkəmizdə Təzəpir məscidi,  Mir Mövsün Ağa ziyarətgahı, Əjdərbəy məscidi, İçərişəhər “Cümə” və “Həzrət Məhəmməd” məscidləri, Şamaxı “Cümə” məscidi və digər ibadət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bibiheybət məscid-ziyarətgah kompleksi bərpa edilmiş, 2014-cü ildə isə Bakıda Qafqazın ən iri məscidlərindən biri olan Heydər məscidi  tikilmişdir.
Bu günə qədər bir çox tədqiqatçı Azərbaycanda olan ziyarətgahları araşdırmışdır. Bunların sırasında İ. Meşşaninov (“Пиры Азербайджана”), Z. Yampolski (“ Религия древного Азербайджана”), M.Nemət (“Azərbaycanda pirlər”), R.Bəxtiyarova (“Azərbaycanda ağac ayini”), R.Quliyeva (“Azərbaycanda daş ayini”) və başqa müəllifləri görə bilirik. Aparılan araşdırmalar çox vaxt ateist ideologiyasının təsiri altında yazıldığından əsaslı bir nəticə əldə olunmamışdır.
Bu gün Azərbaycanda dini sahədə multikultural bir ab-hava hökm sürməkdədir. Belə bir şəraitdə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəranda ziyarətgahların tədqiq edilərək öyrənilməsi dövrümüzün ən zəruri məsələlərindən biridir. Bu çətin və məsuliyyətli işi  Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi İldırım Şükürzadə öz öhdəsinə götürmüşdür.  İ.Şükürzadə  “Havzava”, “Havzava məktəbi”, “Lənkəran toponimləri” kitablarının və bölgənin tarixi, toponimləri, dini abidələri ilə bağlı  çoxlu sayda  məqalələrin müəllifidir.
Müəllif material və mənbələrdən istifadə edərək, Lənkəran ziyarətgahlarının tarixini öyrənmiş, hər birinə yeni aspektdə yanaşmışdır. Lənkəran ziyarətgahları bu günə qədər öyrənilməmiş gizli bir xəzinəyə bənzəyir. Burada XIII əsr islam mədəniyyətini özündə ehtiva edən “Şeyx Zahid” məqbərəsi, “Sexəlifə” ocağı, neçə-neçə imamzadələr və haqqında heç bir məlumat olmayan kəramət sahibi, övliyaların qəbirləri vardır. Burada tarixin sirləri sanki daşlara həkk olunduğundan, ziyarətgahlar insanların inanc yerinə çevrilmişdir. 
İ.Şükürzadənin ciddi elmi tədqiqat əsəri  təsiri bağışlayan “Lənkəran ziyarətgahları” kitabı islamsevərlər, bu sahəni tədqiq edənlər üçün qiymətli hədiyyədir. Inanırıq ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.
Vassələmu aleykum va rahmətullahi va bərəkətuhu!

Samid Quliyev
Qafqaz Müsəlmanları İdarəsi, Lənkəran rayonunun 
Ləj kənd məscidinin Axundu, AMEA-nın doktorantı

Комментариев нет:

Отправить комментарий