12.05.2019

Azərbaycan Kommunistlər Birliyi faşizm üzərində Qələbənin 74 illiyini qeyd etdi

Azərbaycan kommunistləri Azərbaycan Kommunist Partiyası ilə birlikdə Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu, misilsiz qəhrəmanlıqlar əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsi önündə təntənəli mərasim keçirdiblər.
Mərasimdə respublikanın digər ictimai-siyasi təşkilatların – AMAC hərəkatı və “Vətən naminə xalq hərəkatı” İctimai Birliyin nümayəndələri də iştirak edirdi.
Tədbir Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov mərasimdə xalqımızın Böyük Vətən müharibəsindəki misilsiz qələbəsi ilə bağlı nitq söylədi. O dedi: "Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir".
Azərbaycanın tanınmış ictimai xadimi, sabiq millət vəkili Hacı Əbdül cıxışında qeyd etdi ki, Böyük Vətən müharibəsindəki tarixi qələbəmiz keçmişimizin, eləcə də bu günümüzün parlaq səhifəsidir: "Son vaxtlar respublikamızda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin dağıdılması – Masallı rayonunun Qızılavar kəndində məhz belə olmuşdur – faktı məni çox narahat edir. Hər birimiz belə vandalizmə qarşı qətiyyətlə mübarizə aparmalayıq".
AMAC hərəkatının lideri, filologiya elmləri doktoru Tahir Cəfərli, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov və AKP-nin üzvü Əlləz Həsənov bildirdilər ki, müasir gənclik xalqımızın qəhrəmanlıq tarixini mükəmməl öyrənməlidir.
Tariximizin qəhrəmanlıq səhifələri çox zəngindir. Böyük Vətən müharibəsindəki şücaətlərimiz buna parlaq misaldır.

Комментариев нет:

Отправить комментарий