23.10.2021

Dilrüba Camalovanın oğlunu kimlər qaçırmışdı, kimlər xilas etdi? - kriminal aləm hekayəti (kitabdan parça)

"Lotu Quli" ləqəbli Nadir Səlifovun adı ətrafında kriminal aləmə aid söhbətlərdən biri də 1993-99-cu illlərdə Lənkəranın İH başçısı olmuş Dilruba Camalovanın həkim oğlunun qaçırılması epizodu idi. Bu barədə daha təfərrüatlı şəkildə ötən ilin sonunda nəşr olunmuş "Mən Quliyəm" kitabında söz açılıb. Sözü gedən kitabın həmin fəslini oxucularımıza təqdim edirik.

1995-ci ilin əvvəllərində, ictimai-siyasi baxımdan gərgin günlərdə, ölkədə kriminogen durumun nəzarətdən çıxmış olduğu dönəmdə Bakı şəhərində fövqəladə bir hadisə baş verdi. Bu hadisə o zaman da sıradan hadisə deyildi, bu gün baş versə də, sıradan sayılmaz və dərhal ajiotaj doğurar.
Söhbət adam oğurluğundan gedir. Baş verən hadisədə oğurlanan adam sıradan biri deyildi, ölkənin 5-6 əyalət mərkəzindən biri olan mühüm rayonun – Lənkəranın İcra Hakimiyyəti başçısının oğlu idi. O günün günorta çağı beynəlxalq kriminoloji terminologiyada kidneppinq adlanan cinayətin qurbanı olmuşdu. Hərfi tərcüməsinə görə “kidneppinq” bizim dildə “uşaq oğurluğu” deməkdir, amma oğurlanan adam heç də uşaq deyildi, 30 yaşlarında yetkin bir adam idi. O yalnız anası, İH başçısı Dilruba Camalova üçün uşaq ola bilərdi, oğrular üçünsə qiymətli girov idi. Ondan ötrü o vaxtın bahalı dollar məzənnəsiylə bir çamadan pul tələb edəcəkdilər (Azərbaycan manatıyla götürsək, bir çuval).
Oğurlanan şəxs həkim Rəşad Talışınski idi. O 1987-1988-ci illərdə Bakı şəhəri 4 saylı klinik xəstəxananın cərrahiyyə şöbəsində internatura keçmiş, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin otorinolorinqologiya üzrə əyani aspiranturasına daxil olmuş və 1994-cü ildə oranı bitirmiş, burun-boğaz-qulaq həkimi ixtisası qazanmışdı.
Onu oğurlayanlar heç də Rəşad həkimin özünün qazandığı, qazanmaqda olduğu pulu hədəfləməmişdilər. Oğrular onun anasının yüksək dövlət vəzifəsində olduğundan xəbərdar idilər.
R.Talışinski 2001-ci ildə «Uşaqlarda burun arakəsməsinin deformasıyası zamanı korreksiyaedici əməliyyatın tətbiqi» mövzusunda Namizədlik dissertasiyasını müdafiə edib. 1990-1991-ci illərdə Daxili İşlər Nazirliyinin hospitalında həkim-otorinolorinqoloq kimi çalışan və polis zabitlərini dəfələrlə müayinə edən doktor Talışinski bəlkə də oğruların əlində olarkən onu məhz keçmiş tanışlarının xilas edəcəyini düşünürmüş, amma həkimi sırf kriminal aləmin adamları girovluqdan azad edərək anasının yanına qaytarıblar.
Həmin hadisənin xroniki ardıcıllığı belədir.
Rəşad Talışinski girov götürüldükdən sonra onun hansı cinayətkar qrup tərəfindən aparıldığı dərhal bilinməyib. İlk növbədə ona görə ki, “qanuni oğru”lar adam oğurluğunu “yol verilən cinayət növü” saymırlar, bir növ haram buyurublar. Bu üzdən onun hansısa “qanuni oğru”nun himayəsində olan qrup tərəfindən götürülmədiyi bəlli olub və ortaya sual çıxıb: “Bəs həkimi kim aparıb?”
Arayış. Oğru dünyasının ideoloqlarının iddiasına görə, əslində bu aləmdə adam oğurlamaq yoxdur. Düzdür, detektiv janrda yazılmış bədii, publisistik əsərlərdə, müasir serialların demək olar hamısında adam oğurluğu epizodları, səhnələri var, ancaq iddia bundan ibarətdir ki, oğru ideyasına sadiq cinayətlər adam oğurluğuna qol qoya bilməzlər. Xüsusilə də uşaq və qadın oğurluğu tamamilə qadağandır.
Özü də bu məsələdə humanizm prinsipləri rol oynamır. Sadəcə burda belə bir məntiq var: Oğurlanan uşaq bəlkə gələcəkdə oğru olacaqdı?
Ümumiyyətlə əsl oğru öz işini görərkən pula görə insanı incitməməli, işgəncə verməməlidir. Qayda budur ki, evdə, ofisdə heç kim olmayanda pulu sakitcə götürmək olar. Özü də “ideyalı” oğru “oğurlamışam” sözünü dilinə gətirmir. O deyir ki, “mən özümə məxsus olanı götürdüm”.
Bu oğurluğun diletant və oğru dünyasından uzaq olan bir cinayət qruplaşması tərəfindən həyata keçirildiyi polislərdən də öncə kriminal aləmin avtoritetlərinə məlum olub. Onlar oğruları tapmaq, bu fürsətdən istifadə edərək, yenicə həbsə alınmış “oğru” qardaşlarını azad etdirmək fikrinə düşüblər.

Rəsmən axtarışda olan Quli bu məsələyə qarışıb, öz kanalları ilə Rəşad Talışinskini kimlərin apardığını, onların 100 min dollar qarşısında gənc həkimi azad edə biləcəklərini öyrənib, sonra o tanınmış “oğru” Masallı Mamedlə görüşüb, məsələni ona danışıb, bu hadisədən “Lotu Ənvər”in azad edilməsi üçün yararlanmağın lazım olduğunu deyib. Mamed Qulinin təklifini müsbət qarşılayıb.
Onların adamları Lənkərana gediblər, İH başçısı Dilruba Camalova ilə görüşüblər, onun oğlunu oğurlayanların 100 min dollar tələb etdiyini bildiriblər və əlavə ediblər ki, bundan ötrü bir də “Lotu Ənvər” azad edilməlidir.
Oğlu üçün hər cür fədakarlığa hazır olan vəzifəli ana kriminal aləm adamlarının şərtlərini qəbul edib, öz nüfuzundan, əlaqələrindən istifadə edərək onsuz da konkret cinayət üstündə saxlanılmayan, “üstündən silah tapılan” Ənvərin həbsdən çıxarılaraq birbaşa Lənkərana gətirilməsini təmin edib. Ənvər və onu müşayiət edən 4-5 nəfər Lənkəranda “Xanbulan” istirahət mərkəzində lüks şəraitlə təmin olunub.
Yəqin ki kriminal aləmdə bir oğrunun sərt rejimli həbsxananı dörd divarı arasında çıxarılıb lüks şəraitli istirahət mərkəzinin rahat nömrəsinə yerləşdirilməsi hadisəsi çox az olub. Bu imtiyazı “Ənvər Sovetski”, “Ənvər Meyranquluoğlu” kimi tanınan Lotu Ənvərə ona görə veriblər ki, o Rəşad həkimi evinə sağ-salamat gətirdə bilsin.
Beləcə, Lotu Ənvər İH başçısının hesabına istirahət edə-edə, yeyib-içə-içə Rəşad həkimin oğrularıyla bazarlığa başlayıb.
Bəs xanım Camalova o qədər nağd ABŞ dollarını hardan alıb? O vaxt bu qədər pul yüksək vəzifəli adamlarda da yox idi. Pulu olanlar da bunu hər saat görk etməzdilər. Sonrakı hadisələr göstərir ki, ya İH başçısında bu qədər nağd pul olmayıb, ya da olub, amma özünü imkanlı biri göstərmək istəməyib, “el gücü, sel gücü” deyib və lənkəranlı məmurlara müraciət edib. Xanım başçı tabeliyində olan idarə və müəssisələrin rəhbərlərindən atışaraq “girov pulu” düzəltməyi tələb edib. O zaman bir çoxları “başçının oğlunun oğurlanması” hadisəsinə inanmayıb, bunu əfsanə sayıb, Dilruba xanımın bu bəhanə ilə onlardan xərac topladığını düşünüblər. Bununla belə, heç kim etiraz etməyib, tələb olunan pulu toplamağa başlayıblar və tezliklə tələb olunan məbləğ yığılıb hazır olub.
Oğurlandığı gündən 15 gün sonra İH başçısının oğlu evinə gəlib, ailəsinə qovuşub. Bir çamadan pul isə lotu Ənvərin adamlarının əliylə oğrulara ötürülüb. Ancaq pulun təhvil-təslim edilməsi prosesində kiçik bir tamahkarlıq hadisəsi baş verib. Ənvərin adamı pulun üstündən 20 min dollar götürüb ki, bu da oğru payı olsun. Güman ki, Ənvərin də bundan xəbəri olub və o, bu əməliyyatda vasitəçilik edərək, çəkdiyi əziyyətlərin haqqını aldığını düşünüb. (Bəzi mənbələrə görə, girov pulu 300 min dollar olub və üstündən 80 min götürülüb).
Ancaq bu işin üstü tezliklə açılıb. Bir versiyaya görə Naxçıvandan, başqa bir versiyaya görə isə Gəncədən (bəlkə də hər ikisindən) olan şəxslərdən ibarət cinayətkar qrup yaxalanıb. Onların ələ keçənlərinin istintaqı zamanı aşkarlanıb ki, oğrulara çatan pulun üstündən 20 min dollar götürülübmüş. Lənkəranlı məmurlardan topladığı 100 min dolların 80 minini geri alan Dülruba xanımla “Xanbulan”da lüks həyat yaşayan Ənvərin münasibəti buna görə pozulub. Camalova Lotu Ənvərə deyib ki, siz məndən 20 min dollar istəsəniz, verərdim, amma bunu etməməliydiniz, çünki ortada oğlunun taleyi, salamatlığı məsələsi vardı.
Bundan başqa, Ənvərlə həkimi oğurlayanlar arasında da münasibət gərginləşib. İkincilər ortada satqınlıq olayının olduğundan şübhələniblər. Həmin ərəfədə doktorun girov götürülməsində iştirak edən və yaxalanmayanlardan biri Qulinin yanında deyib ki, “oğru”larla iş gördük, onlar da bizi satdılar. Bu söz Qulini qəzəbləndirib və o Ənvərin, bir “oğru”nun qarasınca ağır danışanlardan birini bıçaqlayıb. Onlar qaçıb gediblər, amma Qulini, ondan qisas alacaqları ilə hədələyiblər.
100 min dollar qazanacaqları yerdə “zərər çəkən”, liderləri həbs olunan, özləri yaralanan adam oğruları tezliklə Qulini cəzalandırmaq istəyiblər, onu güdüblər, bir gün yaşadığı binanın blokuna daxil olarkən ona atəş açıblar. Quli blokun işığını söndürüb, bir az atışıblar, divara dəyib rikoşet edən güllələrdən biri Qulinin kürəyinə saplanıb. Hücum edənlər qaçıb gediblər. Sonradan aydın olub ki, həmin gecə Quli şans əsəri olaraq salamat qalıb. Çünki ona hücum edənlərdən biri, Qasım adlı avtoritet çox sərrast atıcıymış.
Bu hadisəni şərh edən keçmiş məhkumun söhbəti belədir. Mən özüm Qulinin kürəyində güllə yarasını görmüşəm. Bu, Qulinin “zasluqa”sı sayılır. Adam oğruya görə böyük bir əməliyyata qarışır, sonra dava edir, axırda güllə yarası alır... Bu, kriminal aləm üçün ciddi xidmətdir. Tutulana qədər bu cür xidmət və fəaliyyətlər onun dosyesinə əlavə olunur.

Комментариев нет:

Отправить комментарий