21.02.2022

RUSİYA OLMASAYDI AZƏRBAYCAN ƏFQANISTAN OLARDI

Aydın Əlizadə
fəlsəfə elmləri doktoru

Belə sual verim. Bizim bu gün dünyagörüşümüzü formalaşdıran, bizi bir millət və dövlət halına gətirən Axundov, Ağaoğlu, Hüseynzadə, özündə onlarla yazarı və ictimai xadimi birləşdirən "Molla Nəsrəddinçilər" Rusiya İmperiyasından kənarda meydana gələ bilərdilər? O dövrdə Qacar və Osmanlıların arasında belə hərəkat, şəxslər, ideyalar yarandımı? Hələ mən Əfqanıstan ya Sudan kimi məkanları demirəm. Həmin Azərbaycan aydınları nəinki bizim, həm də bütün müsəlman Şərqinin oyanmasında xüsusi rol oynamışdırlar.
İndi gəlin fikirləşək. Rusiya İmperiyası olmasaydı bunlar olacaqdı? Məsələn, "Molla Nəsrəddinçilərin" fəaıliyyətinə hansı ənənəvi müsəlman cəmiyyəti imkan verərdi? Onların hamısını hələ fəaliyyətə başlamamış dar ağacından asardılar. Axundovun isə nəinki özünü, hətta nəslini tikələrə doğrayardılar. Necə ki indi müsəlman ölkələrində görürük. 
İndi əfsanələr söyləyirlər ki, guya biz böyük türk (ya bəzilərinin dediyinə görə iranlı) imperiyalar yaratmış xalqıq. Əslində isə uzaq keçmişə baxdıqca görürəm ki, türk (ya iranlı) orduları qarət məqsədi ilə təşkil edilmiş yürüşlər idi. Bir xanın, ya şahın iradəsindən asılı idi. O öləndən sonra qurduqları qurumlar da dağılırdı.
Yaxın tarix haqqında heç olmasa Sabirin yaradıcılığı təsəvvür yaradır. Onu və başqalarını oxuyanda məlum olur ki, onun dövründə bizim tərəflər Əfqanıstandan fərqlənmirdi.
İndi Rusiya dövründə başlamış və sonra Sovet dövründə davam etmiş maarifçilik olmasaydı biz nə gündə olardıq? Ən yaxşı halda İran Azərbaycanı kimi. Halbuki ona da bizim maarifçilər təsir edib indiki nisbətən babat hala gətiriblər. Yəni yenə də Rusiyanın təsiri ilə.
Tağıyevlər, Əsədullayevlər, Nağıyevlər kimi iş adamları və milli burjuaziya da Rusiya İmperiyasından kənarda formalaşa bilməzdi. Şərq hakimiyyətləri buna imkan verməzdilər, onları da dar ağacından asardılar.
Sovet dövründə davam edən maarifçilik, təhsil, sənaye, sosial həyatın və müasir infrastrukturun qurulması, dövlətçiliyimizim heç olmasa SSRİ tərkibində davam etməsi bu günkü varlığımızı təmin etdi.
Dövlətimiz də Rusiyanın İrandan qopardığı ərazilərdə yarandı. Bu yerlər Qacarlarda qalsaydı indi nə Azərbaycan Respublikası, nə də Azərbaycan milləti olmayacaqdı.
Eyni zamanda, əlbəttə bu uğurları biz özümüz əldə etmişik. Yəni Rusiyada yaranmış imkanlardan yararlana bilmişik və hərtərəfli inkişaf edib bu günümüzü qurmuşuq. Bu çox vacib amildir. Çünki yaranmış imkan hələ onu gerçək etmək demək deyil. İmkandan istifadə etmək bizim istedadlı xalq olduğumıza dəlalət edir. 
Buna görə də Rusiyanı təkcə mənfi obrazda görmək olmaz. Əlbəttə onlar həmişə öz maraqları ilə hərəkət ediblər, ancaq onların maraqları bizim maraqlarımızla üst-üstə düşməsi halları çox olub, indi də var. Heç kəs heç kəsi sevmir, maraqlarla hərəkət edir. Yəni ruslar bizə ancaq ziyan verib, erməniləri dəstəkləyib, dövlətçiliyimizi məhv edib demək gerçəkliyin yalnız bir tərəfidir. Başqa tərəfdən isə yazdıqlarım da var.
Bunu nəzərə alıb gələcəkdə də Rusiya ilə ehtiyatlı davranıb xeyrimizi almalıyıq.
Təbii ki, bəzən maraqlarımız kəsişə də bilər.
Ancaq o hallarda ağılla hərəkət etməliyik ki, zərbə bizə dəyməsin.

Комментариев нет:

Отправить комментарий