15.04.2023

Elxan Şükürlü - CAVABSIZ CAVAB

İran kəşfiyyatıyla əlaqəli iş adamlarıyla böyük biznes ortaqlığına malik məşhur azərbaycanlı oliqarxın “çirkli para”sıyla bünövrəsi qoyulan və hazırda da ölkəmizin informasiya-təbliğat siyasətində önəmli yer tutan media-holdinqlərimizdən birində məni sevə-sevə, sığallaya-sığallaya SEPAH-a bağlamağa çalışan, nəsihətlərlə dopdolu geniş bir material yayılıb.
Təşəbbüsün media-holdinqin rəhbərindən və onu yayan saytın baş redaktorundan gəldiyinə qətiyyən inanmıram. Çünki hər ikisiylə çox normal münasibətlərim, hətta bölüşüləcək ortaq keçmişimiz var: ən azından, bir-birimizi çox yaxşı, dərindən tanıyırıq! 
Zəng vurub nəyisə dərhal dəqiqləşdirə biləcəkləri halda, manşetdən uzun-uzadı nəsihət-məktub yaymağa nə ehtiyac vardı?!
Heç indiyədək hansısa fikrimlə razılaşmadıqlarına eyham belə etməyiblər. Əksinə, tez-tez də şərhlərimi verirlər, sağ olsunlar…
Adlarını çəkmirəm, lakin biləsiniz ki, hər ikisi çox istedadlı yazar, tanınmış qələm ustaları, öz qabiliyyətləriylə özlərinə yol açmış şəxslərdir. Ancaq nə edəsən ki, indi əksər istedadlı yazarlarımız kimi, onlar da zamanında ehtiyac ucbatından xislətcə oğru və əyyaş, heç bir mənəvi ölçüsü olmayan bəzi para sahiblərinin qurduğu mediada çalışmağa məcbur qalıblar və indi də dövlətin media siyasətini yönləndirənlərin göstərişləriylə oturub-qalxmağa məhkumdurlar. 
Bəli, ehtiyac çox pis şeydir, adamı hər işə sövq edir. Eləsi var çətinliyə dözür, müəyyən hədləri gözləyir; eləsi də var dözmür, komfort həyat üçün özünü hər yola qoyur. Hətta Həzrəti Əli kimi adam belə, tez-tez deyərmiş: “Ehtiyac bu qapıdan girəndə, iman o biri qapıdan çıxar”.
…Əleyhimə materialı vermiş holdinq rəhbəri və sayt baş redaktoru imanlarını, vicdanlarını hələ itirməmiş şəxslər olduqlarından, həm onlara verilən tapşırığı yaxşı icra ediblər, həm də bu zaman məni aşağılamamağa, ölçülü davranmağa çalışblar. Bunu qiymətləndirirəm. Şər-böhtandırsa, başqa cür də davrana bilərdilər. 
Onlara göstəriş verənlərdən fərqli olaraq, keçmş həmkarlarım yaxşı bilirlər ki, mənim bu yazıya cavabım nə səpkidə, hansı üslubda olar və insafən, buna eyham da vurublar. 
Ancaq mən buna – öz keçmiş həmkarlarıma media üzərindən cavab verməyə, hansısa fikrimi əsaslandırmağa qalxmayacağam! Çünki Azərbaycanda medianın indi necə, kimlər tərəfindən idarə olunduğunu, hansı prinsiplərlə işlədiyini çox yaxşı bilənlərdənəm və elə belələriylə bir sırada durmamaq üçün də zamanında onlarla əməkdaşlığa deyil, Azərbaycanın ən yaxşı analitik saytlarından biri olan strateq az-ı çəkib bağlamağa üstünlük verdik. 
Çoxunu yaxşı tanıdığımdan, bilirdim ki, Azərbaycan mediasını idarə edənlərin əksəriyyəti bir gün bizim saytı da dost, qardaş, həmkar saydığım, ən çətin günümdə mənə dayaq durmuş, hansısa alçağın qarşısında sınmama imkan verməmiş insanların da üstünə qaldıracaq qədər aşağı, prinsipsiz, mənəvi ölçüsü olmayan kəslərdir! Bir gün seçim qarşısında qalmayım deyə, öz ziyanıma olan variantı seçdim – saytı çəkib bağladım! Və indi Azərbaycan mediasının salındığı rəzil durumu gördükcə, bir daha əmin oluram ki, nə qədər doğru qərar vermişik!
Əlbəttə, hər kəsdən mənim kimi davranmasını da gözləyə bilmərəm! Hərənin öz xarakteri, öz yolu, öz axarı, öz səmti, öz cığırı var... Başqasına ağıl öyrətməkdənsə, dərs keçməyə qalxmaqdansa, elə hər kəs öz yolunu getsə, daha yaxşı olar! Zaman bir gün kimin kim olduğunu ortaya qoyacaq!
Ancaq diqqətimi həmkarlarımın yazısının altındakı rəylərdən birinin müəllifi xüsusilə çəkdi. Kim olsa yaxşıdır? Rəhmətlik Heydər Əliyevin öz imzalı-möhürlü sərəncamıyla alnına silinməz “siyasi riyakar” damğasını yapışdırıb, tutduğu yüksək dövlət vəzifəsindən rüsvayçılıqla qovduğu, qovulandan sonra da Rəsul Quliyevə sığınıb Heydər Əliyevin əleyhinə qondarma imzalarla iftira yağdıran, sonra sürüşkənliyinə görə Rəsul Quliyevin yanından da qovulan və gəlib dünənədək söydüyü İsa Qəmbərin yanına qısılan, burada da daxili rahatlıq tapmayan və indi, ahıl yaşında, bir ayağı gorda ola-ola, dünənədək aşağıladığı İlham Əliyevə mədhiyyə oxumaqla özünü təzədən bazara çıxarmağa çalışan məşhur eynəkli isim…
Mənim nədə səhv etdiyimi arayan dostlar, mən səhvlərimi yaxşı bilir və onları da zamanla ardan qaldırmağa çalışıram, sizinləsə işim yoxdur, aramaq haqqınızdır. Ancaq içinizdən bir ağıllısı o eynəkli riyakar qocaya başa salsın ki, ayıbdır, onun istismar müddəti çoxdan bitib, özünü bu basabasa soxmasın! Təngənəfəs olar, bağrı çatlayar, baiskar biz sayılarıq!
Sizə isə qayğıkeşliyinizə görə, təşəkkürlər! Mesajı aldım! Ancaq mənim harada səhv etdiyimi aramağa və “doğru yol”a yönləndirməyə girişdiyiniz bir ərəfədə, mənim də sizə və sizin üzərinizdən dövlətin media siyasətini yürüdən məlum anti-milli şəbəkəyə bircə sualım var: əgər bir təhlilçinin iki cümləlik çıxışı sizin apardığınız informasiya-təbliğat işini alt-üst edirsə, dağıtmaq istədiyiniz İrandakı 25-30 milyonluq azərbaycanlı sizin deyil də, onun fikirlərinə inanırsa, daha hər il o milyonlarla manatı boş-boşuna sizin ciblərinizə niyə axıdırlar ki?! Yoxsa bu “yenilər” də sizin hüsnü-camalınızın aşiqləridir?! 
Ayıbdır, cah-cəlallı şüşə imarətlərdə əyləşib, başqasının dəmir qapısını daşlamayın! 
Su axar, çuxurunu tapar! Çalışın, axarınız  qurumasın, çuxurunuz dağılmasın!

Комментариев нет:

Отправить комментарий