Ermənistanda azərbaycanlı əhaliyə qarşı diskriminasiya siyasəti hələ Sovet dövründə başlamışdı. Bu ayrıseçkiliyə qarşı hətta 1968-ci ilin mart ayının 18-də Eçmiadzin rayonun Zəngibasar kəndinin azərbaycanlı sakinləri həmin dövrün Sovet lideri Leonid Brejnevə kollektiv məktubla müraciət etmişdilər. Məktubun Rusiya Dövlət Ən Yeni Tarix Arxivində saxlanılan məzmunundan və yazı tərzindən görünür ki, sadə adamlar tərəfindən yazılıb. Bir anlığa elə həmin 60-cı illərdə hər şeyin ermənilərin nəzarətində olduğu Dağlıq Qarabağla Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini müqayisə edin.
Həqiqəti çılpaqlığı ilə əks etdirən bu məktubun dilini və yazı tərzini olduğu kimi saxlayırıq. Zəngibasarlılar yazırdılar:
Yoldaş Brejnev, kommunist partiyasının rəhbəri, yoldaş leninçilər. Siz Oktyabr inqilabının 50 illiyindən, Sovet ordusunun 50 illiyindən, Lenin milli siyasətindən, xalqlar dostluğundan danışırsınız. Bunlardan danışmayın, gəlin Ermənistanın Eçmiadzin rayonunda, elədə də həmin rayonun Zəngibasar kəndində azərbaycanlılara verilən erməni millətçilik və daşnak zülmündən danışın. Yaxşı olar ki, partiyanın Mərkəzi Komitəsi öz fikrini versin millətçiliyin aradan qaldırılmasına.
1. Sovxozun direktoru Stepanyan, partiya təşkilatı katibi Hayrapetyan və kənd sovetinin sədri Asatryan və katibi bütün kəndin rəhbərləri və onların əlaltıları bizi türk adlandırmaqla intiqam alırlar.
2. Sovxozun idarəsində, tarlada hər hansı bir yerdə bizə millətçi kimi yanaşır, türk deyib intiqam alırlar.
3. Bizim qadınlarımız və uşaqlarımız gecə teatra-kinoya gedə bilmirlər.
4. Həftədə bir dəfə kəndin içərisinə millətçilik ruhunda yazılmış şüarlar yapışdırırlar. Hayrapetyan və Stepanyan deyirlər belədir, istəmirsiniz köçün burdan gedin.
5. Zəngibasar kənd əhalisinin 50% azərbaycanlılar olduğu halda bunlardan heç birinə iş vermirlər. Qonşu kəndlərdən erməni gətirib işə yerləşdirirlər, ancaq həmin Zəngibasarda azərbaycanlılardan qoymurlar.
6. Sovxozun direktoru, partiya təşkilatının katibi, Sovxozun sədri, hesabdarlar, anbardarlar, kənd sovetinin sədri, katibi, poçtun naçalniki, bankonun sədri, bütün mağaza işçiləri, bağ briqadirləri, bağ qaroulları, həkimlər, kino işçiləri, sovxozun qaroullarına kimi hamısı ermənilərdir.
7. Azərbaycanlıların orta təhsilli kadrları işsiz qaldığı halda, heç I (birinci) sinif təhsili olmayan Hahabetyan Danel həmkarlar ittifaqının sədri işləyir. Danelin özü də hazırkı dövrün mülkədarıdır. Təsərrüfatı tanımadığı halda bir sürü inəyi və qoyunu sovxozda ozbaşına otlayır. Danelin dövlətə vurduğu ziyan xeyrindən çox olur.
8. Maqazinə gələn mallardan azərbaycanlılar məhrumdur. Gizlin halda öz adamlarına yalnız ermənilərə satırlar. Bir azərbaycanlı bir söz deyirsə türk deyib təhqir edirlər.
9. Sovxozun direktoru Stepanyan və partiya təşkilatı katibi Harapetyan azərbaycanlıları belə görmək istəmirlər. Nə qədər millətçilik sözləri var azərbaycanlılara deyirlər.
10. Bu təhqir və millətçilik zülümlərə dözə bilməyən azərbaycanlılar öz ata-baba yurdlarını tərk edib gedirlər. Get-gedə azərbaycanlılar azalır.
11. Bizim ərizə və şikayətlərimizə nəinki kənddə, heç rayonda da baxmırlar.
Biz bu haqda dəfələrlə respublika Mərkəzi Komitəsinə, Nazirlər Soveti və rayon təşkilatlarına da məlumat vermişiksə də, heç bir ölçü götürülməyib. Xahiş edirik 50 illiklərin keçirildiyi vaxt inkişaf etmiş millətçiliyi aradan qaldırasınız. Xahiş edirik tezliklə bunu aradan qaldırmaqla lazımi sərəncam verəsiniz.
Kənd sakinləri adından məktubun (konvertin) üstündə J. Məmmədovun adı yazılmışdı. Məktub rus dilinə tərcümə edilib Ermənistan KP MK-ya göndərilmişdi. 1968-ci ilin aprel ayının 25-də Ermənistan rəhbərliyi də Moskvaya cavab vermişdi ki, məktub anonimdir və yoxlama zamanı faktlar öz təsdiqi tapmadı. Bununla da işi bağlamışdılar.
Комментариев нет:
Отправить комментарий