22.04.2023

Hay ruhanisinə hərbçimiz tərəfindən keçirilən mistik-fəlsəfi dərs

Erməni kilsə xidmətçisi Artur Qazaryanın “Коммерсанть” qəzetinə (23.01.2021) müsahibəsindən:

“Şuşa kilsəsinin yaxınlığındakı məktəbin pəncərələrindən piano səsi eşitdim. Uşaq bağçasına getdiyim vaxtlardan yadımda qalmış “Cücələrim”i (“Ну погоди!” cizgi filmində qurdun toyuq hininə girməsini müşayiət edən uşaq mahnısını – "Kommersant") ifa edirdilər. 
Anladım ki, Azərbaycan əsgərləridir. Bundan da belə bir nəticəyə gəldim ki, azərbaycanlılar artıq müdafiə xəttimizi yarmış və şəhəri ələ keçirmişlər. Əks təqdirdə sinif otağında oturub piano çala bilməzdilər.
Çölə baxmadım, sonra azərbaycanca danışıq eşitdim. Məbədin qapısından enlikürək bir zabit içəri daxil oldu. Küncdə dayanmışdım. Əvvəlcə mənə fikir vermədi. Məbədi gəzdi, qurbangaha baxdı, aşağı düşəndə məni gördü. Sonra onun tabeliyində olanlar yaxınlaşdılar. Zabit mənimlə danışdı. Azərbaycanca yalnız bir neçə söz bilirəm. Dedim ki, müəllim və ruhaniyəm. 
Məni toplama məntəqəsinə apardılar. Orada elə indicə döyüşdən gəlmiş zabit və əsgərlərlə görüş keçirildi. Mənə çətin suallar verdilər... Birtəhər cavablandırdım. Əsgərlər öz yeməklərindən mənə də təklif edirdilər. Amma təbii səbəblərə, yəni ayaqyolu məsələsinə görə özümü saxladım. 
Xətirlərinə dəyməmək üçün yarım peçenye yedim. Çünki hər dəfə xahiş etməliydim ki, açıb ayaqyoluna aparsınlar. Onlar belə xahişlərimi də heç vaxt yerə salmırdılar. Amma hər halda tez-tez icazə istəmək xoşagələn iş deyil. Buna görə də çalışırdım ki, bədənimi çox yükləməyim. 
Ən çətin məsələ isə o idi ki, bizdən Qarabağın Azərbaycan torpağı olduğunu onların ardınca təkrarlamağı xahiş edirdilər. Təkrar etmədim. Bununla kifayətlənək ki, mənə az-çox hörmətlə yanaşırdılar. Bizə baş çəkən əsgərlər mənə maraqla baxırdılar. Məni Şuşadan apardıqdan sonra yenə də ən ağır hal bu iki sözün (“Qarabağ Azərbaycandır” – “Kommersant”) deyilməsi tələbi oldu. Demədim və simamı qorudum. Başqalarından isə özünüz soruşun.
Şuşada baş vermiş daha bir epizod haqqında danışım: Bizi çoxlu əsgər və zabitin olduğu meydançada sıraya düzdülər. Orada mənə dərs keçdilər. Bunun mistik-fəlsəfi tərəfi vardı. Əsirlərlə həmişə bir qədər sərt davranırlar. Hər birimiz öz xalqımızın, seçdiyimiz dinin nümayəndəsiyik. Mənə dedilər: “Deməli, müəllimsən? (Uşaqlara) bunumu öyrədirdin? Bəs nə üçün belə edirdin? İndi buna görə sənə nə düşür?"
Üzümə tüpürcək düşürdümü? Şillə-qapaz düşürdümü? Hər nə olsa, (hər biri) özünə görə ədalətli idi. Onlar (azərbaycanlılar) sənə bir-iki qapaz vura bilərlər, amma bu işgəncə deyil, nə isə başqa bir şeydir. Onlar bununla sanki hirslərini soyudurdular. Axı həmvətənlərim (haylar) onların (azərbaycanlıların) dostlarını öldürmüşdülər. Almaniyada yaşayan qızım şeirlərində onları (Azərbaycan əsgərlərinin erməniləri yüngülcə qapazlamalarını) “ruhun partlayışı” adlandırır. 
Qızım mənə yazdı ki, ata, öz günahını gör və onu yumağa çalış. Onu da deyim ki, hadisələrin bu yerə gəlib çatmasında mənim də təqsirim olub. Azərbaycanı daha proqressiv hesab edən rus dostumla Moskvada etdiyim söhbəti xatırlayıram. O zaman 17 yaşım ancaq olardı. Millətçilik hisslərinə qapılıb Azərbaycan haqqında təhqiramiz ifadələr işlətmiş, Ermənistanın ondan çox üstün olduğunu bildirmişdim. Halbuki çox gənc və dindar idim. Belə etməməliydim".

Şərh. Şuşada azərbaycanlıların 1992-ci ildə tərk etməyə məcbur olduqları mənzildə qeyri-qanuni məskunlaşmış erməni Artur Qazaryan 2020-ci il noyabrın 7-də saxlanılmışdı. Onu şəhər uğrunda şiddətli döyüşlərin getdiyi bir zamanda tutmuşdular. Amma bununla belə, Azərbaycan əsgəri yenə də rəhm hissini itirməmiş, Artur Qazaryanı və digər mülki şəxsləri, o cümlədən hərbi əsirləri nəinki öldürməmiş, onlara heç əl də qaldırmamışdı. 
Halbuki ermənilər təkcə Xocalıda 763 insanı (onlardan 150 nəfər bugünədək itkin sayılır), o cümlədən, 89 körpəni (26 nəfəri itkindir), 174 qadını (68 nəfəri itkindir) ağlasığmaz işgəncələrlə qətlə yetirmişdilər. Artur Qazaryanın müsahibəsindən göründüyü kimi, azərbaycanlıların erməni əsirlərinə verdikləri ən böyük “işgəncə” “Qarabağ Azərbaycandır” ifadəsinin deyilməsi barədə tələb və ya xahiş olmuşdur.

P.S. Azərbaycanlını azərbaycanlı edən məhz onun humanizmi və mərdliyidir. Belə keyfiyyətlər isə yalnız dövlət quran, dövlətçilik ənənələrini yaşadan, tarixi boyunca həmişə səmavi dinlərə (tanrıçılıq, zərdüştilik, xristianlıq və İslam) etiqad etmiş xalqlarda ola bilər. Məsələn, hətta düşmənin belə uşaqlarına rəhm üç amillə bağlıdır: 
1. Sağlam düşüncənin nəticəsi – heç bir döyüş qabiliyyəti olmayan adamı öldürmək mənasız və zərərli hərəkətdir;
2. Səmavi dinlərin aşıladığı mərhəmət hissi – istənilən halda və şəraitdə körpəyə əl qaldırmaq ağır günahdır;
3. Dövlətçilik təfəkküründən irəli gələn prinsip – insan ehtiyatlarına həmişə qənaətlə yanaşmaq lazımdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Комментариев нет:

Отправить комментарий