20.07.2011

BİR BƏDƏN ŞEİR

                                                             Namiq Rəssam

BİR BƏDƏN ŞEİR

Ayaqlarımın üstündə bir bədən şeir gəzdirirəm,
Necə ağırdı , heçkim bilmir.
Sevgi düşüb gözlərimdən ,
Halsız düşüb , qalxa bilmir .
Təsəlli buralara küçə-küçə yovuşur ,
Küçə-küçə yoluxur , doğmalaşır.
Təsəlli quyusudu qadınsız evlər .
...və hamı susur...və heçkim heçnə bilmir...
Üfüqlər soyumaqdaykən ,
Mən qəmli bir gecə ərəfəsini xatırladım.
Əqrəblər 12-in üstündə cütləşirdi .
Yoxsul bir dayanacaqda
Xəfif geyimli , mavi donlu bir qızcığaz durmuşdu.
Avtobus gözləmək və ağlamaq...
Bir də bu an yağış yağsın ...
Ən kiçik yağış damlası qızcığazın kipriyinə qondu .
...və mən...mən ağladım...
Ağladım səhərə qədər , bilmirəm niyə.
Bəlkə , o yağışı sevdiyimdən ,
Bəlkə də , o qızı sevmədiyimdən.
Şübhəlidi , heçkim bilmir.
Düzünü desəm ,
o qızın kim olduğu ,
Nə üçün ağladığı
Mənə heçvaxt maraqlı olmayıb.
Çünki , özümün kim olduğumu ,
Nə üçün ağladığımı
Hələ də bilmirəm.
Hara baxır buraların tanrısı ?!
Çox qəribədi , heçkim bilmir.

İÇ

İç , əfəndim , iç .
Badələr gözyaşı dolub , için-için.
Sərxoş edir adamı ağlamaq ,
Baş ağrıdır.
Ağlayanın gözlərində titrəyir göyüzü.
Onlar var haa , onlar .
Nütfə-nütfə insanları deyirəm.
Biz ağlarkən çox güldülər.
"Noolar , gülməyin" , - dedik.
Yıxılana gülməzlər.
Uşaq idik...
Tutacaqlara əlimiz çatmırdı...
Miskin idik...
Yıxıldıq...
Güldülər...
Hələ onda səmalarımız aydın ,
Əllərimiz günahsız idi.
Hələ onda dizlərimiz bükülməmişdi.
Dua qədər təmiz idik.
Biləyimizə göz muncuğu bağlamışdılar.
Tutacaqlara əlimiz çatmırdı...
Yıxıldıq...
Çox ağrıtdı...
Ağladıq...
Güldülər...
"Noolar , gülməyin ,əmilər" ,- dedik.
Uşaq idik...
Yıxıla-yıxıla böyüdük.
Böyüyə-böyüyə ağladıq.
...və ağladıqca güldülər...
İç , əfəndim , iç.
Doydum demə.
İç , əfəndim , doymayınca.
Havadan da havayıdı gözyaşı.
İç , lənətə gəlsin bütün gülüşlər.
Onlar var haa , onlar .
Nütfə-nütfə insanları deyirəm.
Önümə keçib
" Niyə içirsən ? " , - soruşdular.
"Böyüyün yoxmu sənin?"
"Kimsən yoxmu sənin ?"
"Tanrın yoxmu sənin ?" ,- soruşdular...
Bilirsən, nə cavab verdim ?
Bilirsən, nə?...
Nə isə...
Keç , əfəndim , keç.

Комментариев нет:

Отправить комментарий