NƏYİN BAHASINA OLURSA OLSUN SAĞ QALMAQ! Son vaxtlar yaranan filmlər də ki, elə bil sifariş əsasında çəkilir. Hamı dünyanın sonundan, kataklizmlərdən, fəlakətlərdən danışarkən bu mövzu kinoya rahatlıqla yol tapdı. Əslində dəhşət filmləri sayılmayan bu filmlər insanlara dəhşət filmlərindən də dəhşətli gəldi. Çünki bu, həqiqətə çox yaxın görünürdü. Bəlkə də indi kinomatoqrafdakı filmlərin əksəriyyəti sağ qalmaq istəyənlərin bir növ sifarişidir. Amma onlar özləri üçün çıxış yolu axtararkən hamının tanıdığı cığırlarla getmək istəmirlər. Adi insan üçün hamı öləndən sonra qalmağın özü çox dəhşətli görünərkən onlar necə olursa olsun sağ qalmaq istəyirlər.
İLK SURVİVALİST NUH PEYĞƏMBƏRDİR. İndi təsəvvür edək ki, ətrafımızda hər yer belə bir zonadır. Heç kim üçün bu zonadan çıxış yeri yoxdur. Və ölüm gələnədək burda qalıb mübarizə etmək gərəkdir. Bayaq adını çəkdiyimiz survivalistlərin idealogiyası və konsepsiyası belədir. Bu cərəyan stalkerlikdən daha qoca və daha da populyardır. Survivalist nəinki qlobal kataklizmə inanan adamdır. O, həmən günə, həmən ana hazırlaşır. Bu termini ilk dəfə amerikalı publisist Kurt Sakson ortaya atıb. O, ekstrimal şəraitdə sağ qalmağı öyrədən məlumat kitabçasının müəllifidir. Amma bir cərəyan kimi survivalizm daha əvvəl yaranıb.
Nuh peyğəmbəri bəlkə də ilk survivalist saymaq olardı. Yeri su basarkən nəinki insanların, bütün canlıların xilası naminə çalşan insan obrazı hələ də aktualdır və yeni-yeni versiyalarda ədəbiyyata, kinoya gəlməkdə davam edir. O, dünyanın sonuna hazırlaşan insanları həmişə ilhamlandırıb. ABŞ-da şəxsi nicat gəmilərinin kütləvi şəkildə hazırlanması keçən əsrin 50-ci illərindən başlayıb. O vaxtlar “soyuq müharibə” çox real görünürdü və minlərlə insanı qorxu içində saxlayırdı. Hər gün dünyanı “qırmızı kommunizm kabusu” dolaşırdı və əksəriyyəti atom müharibəsinin reallığına və labüdlüyünə inanırdı. Sadə amerikalılar bombalarda qorunmaq üçün yeraltı bunkerlər qazır, adam ayağı dəyməyən yerlərdə komalar tikib həmən bu dəhşətli günü gözləyirdilər. Məktəblərdə mülki müdafiə dərsləriylə uşaqları bu günə hazırlayırdılar. O vaxtlar dövlət bu kütləvi paranoyanı ciddi qəbul etmirdi. Onun ağlına da gəlməzdi ki, nə vaxtsa bu cərəyan nəzarət altından çıxa bilər. 3-cü dünya savaşı təhlükəsi get-gedə gerilədikcə çoxları əvvəlki kimi qayğısız həyat tərzinə qayıtdı. Amma ümumdünya kataklizmlərinə ürəkdən inanmış insanlar o qədər də optimist deyil. Onlar dünyanın sonuna daha də cəhdlə hazırlaşmağa başladılar. Bu dəfə təhlükə təkcə nüvə partlayışı təhlükəsi deyildi. İndi söhbət bütün dünyanın sonundan və məhvindən gedirdi.
İNSANIN İNSANA ETİBAR ETMƏDİYİ BİR GÜN. Survivalist üçün fərqi yoxdu ki, dünya nədən məhv olacaq. Dünyanın nüvə silahı dağıdacaq, yoxsa yadplanetlilərin atdığı bomba. Yer kürəsi iqtisadi böhranda çökəcək, yoxsa təbii fəlakətdən, qlobal istiləşmədən. Onunçün zombiləşmə də təhlükəlidir, adətkarda olduğu sivilizasiyanın məhv olması da. O, bu hadisədən sonra olacaq sosial xaosdan qorxur və məhz həmən günə hazırlaşır. Onunçün artıq faktdır ki, mağazalar əvvəl bağlanacaq, sonra qarət edilib dağıdılacaq. Elektrik cərəyanı tamam yoxa çıxacaq və kommunikasiya telləri qırılacaq. Hökümət hərbi vəziyyət elan edəcək, küçələr meyitlərlə dolu olacaq, sonra isə kütləvi epidemiyalar başlayacaq. İnsanlar nəinki radiasiya, virus və monstrlardan qorunmalı olacaq, insana insanın özündən təhlükə gözləyir. Belə bir dəhşətli gündə sağ qalmış insan üçün fərqi yoxdu ki, onu küçədə polis güllə ilə vurub yaralayacaq, yoxsa onu qaçqınlar üçün ayrılmış düşərgədə aclıq və xəstəliklərdən öldürəcəklər. Qəddarlaşmış və ümidini itirmiş insanlardan kimsəni normal saymaq mümkün olmayacaq, çünki onlar bir banka konserv üstündə, ya da bir tay ayaqqabıdan ötəri özükimisini öldürməyə hazır olacaq. Survivalizm bax belə bir şəraitdə salamat qalmağın yollarını axtarır. Çünki o, insanlara etibar etmədiyi qədər də dövlətə inanmır. Bir qab şorba almaq üçün ucu-bucağı görünməyən növbəyə dayanmış adamlara güclə nəzarət edən dövlət survivalist üçün qəbuledilməzdir. Çünki təhlükənin bəlkə də ən böyüyü ordan gəlir. Survivalist gücünü yalnız özünə hesablayır. Onun mənəvi ehtiyatı uzaqbaşı bir ailəyə, ya da kiçik qrupa çata bilər.
SONUNCU GÜNÜN REPETİSİYASI. Onları anlamaq olar. Həmin bu qara gün gələndə (onların terminalogiyasna görə bu gün BP, yəni “Böyük Pe” adlanır) heç kim istəməz ki, illər uzunu tikib hazırladığın sığınacağa tanımadığın insanlar girsin. Əgər stalker sirrlərlə dolu, qorxulu zona axtarırsa survivalist balaca təhlükəsiz “ada” yaradır. Bura evin zirzəmisi, qarajı da ola bilər. Əgər imkan varsa xüsusi tikilmiş bunker də, meşədə tapılmış mağara da. Bir az əvvəl ABŞ-da survivalistlər arasında “retreater” adlanın ideya populyar idi. İdeyanın əsasında kəndə köçüb təsərrüfatla məşğul olmaq dururdu. Amma onlar anlayırdı ki, hamı kimi sağ qalmaq istəyən fermerlər çağırılmamış qonaqlara sevinməyəcəkdi. Elə həmin səbəbdən survivalist konservlər və dənli bitkilər topladığı kimi silah da yığmalıdır. Qanunla icazə verilmiş ov silahı survivalist üçün postapokaliptik dünyada sağ qalmağın ideal variantlarından biridir. ABŞ-da tamamilə qanunu yolla bütöv bir silah arsenalı toplamaq olar. BP günündə hər şey yarayacaq- əlbəyaxa döyüş fəndləri, bıçaq atma bacarığı, balta və bellə işləmək adəti. Sağ qalmaq istəyən avtomobili təmir etməyi də bilməlidir, generatoru işə salmağı və ocaq qalamağı da. Soba tikməyi, vəhşi təbiətdə yemək tapmağı, suyu təmizləməyi, toxum cücərtməyi bilməyən adam əlbəttə ki sağ qala bilməz.
“KÖSTƏBƏKLƏR”, “NUHLAR” VƏ “SİÇOVULLAR”. Tutaq ki, BP günü (qulaqlara qurğuşun) gəldi. Bəs sonrası necə olacaq? Məqsədlərinə görə survivalistlər 3 qrupa bölünürlər. Birinci və ən çoxsayıl hissəni “kostəbəklər” adlandırırlar. Onlar passiv və etinasızdır. Məqsədləri öz gizlin yerlərində salamaq qalıb gizlətdikləri peçenyeni xırtıldadaraq çay içib “Hamı ölsə də mən sağ qalacam” devizi ilə yaşamaqdır. İkinci qism survivalistləri “nuhlar” adlandırırlar. Onlar nəinki özləri xilas olmaq istəyir, həm də müxtəlif gəmi tipli üzən qurğular tikirlər ki, daha artıq bir şeylər xilas edə bilsinlər. Onlar elmin, tərəqqinin nailiyyətlərinə də qiymət verirlər deyən bunları gələcək nəsillərə çatdırmaq üçün də çalışırlar. Onlar seçim qarşısında olsalar Şekspirin kitabı əvəzinə bir kanistr benzini tullayarlar. Survivalistlər arasında “siçovullar” daha təhlükəlidir. Alimlərin fikricə yer kürəsinin başına bir iş gəlsə bütün canlılar arasında siçovulların ən çox şansı var ki, planetin yeni sahiblərinə çevrilsinlər. Həmin bu keyfiyyəti əllərində bayraq edən “siçovullar” da belə davranmağı düşünür. Onlar indidən gizli cəmiyyətlər yaradır, bir-birinə dayaq olurlar. Onların planına görə BP günü hamı başını itirib çığıra-çığıra ora-bura qaçarkən silahı ələ alıb bütün dəyərli yerləri nəzarətə götürmək lazımdır. Mağazalar, benzin doldurma məntəqələri ilk məqsədləridir. Sonra federal qoşunları şəhərdən qoparıb muxtariyyat əldə etməkdir. Artıq indidən bu arzuyla yaşayan bu qruplaşmalar dama-dama köynək geyib “Tenerin gündəlikləri” kitabını oxuyaraq “Milli atıcılıq assosiasiyası”nın tərkibində ola-ola ətraflarındakı hər adama düşmən kimi baxırlar. Bu səbəbdən onlar artıq indidən dövlət tərəfindən ciddi nəzarət altındadırlar.
Tərs kimi də mayya qəbiləsinin təqvimi 2012-ci ilin 12 dekabrından o yanı göstərmir. Onların dediyinə görə 5-ci Günəşin zamanı bitir. Dünyanın sonu gələn günü öncəgörməlik edən müxtəlif sektalar insanların başını dumanlandıraraq adətən varidat toplamaq məqsədi güdürlər. Dini kitablarda danışılan axirət günü ilə camaatı qorxudaraq şəxsi həyatlarını təmin edirlər. Amma onlara inanan yüzlərlə insan köstəbək kimi yer altında komalar qazıb indidən ora doluşur və dünyanın sonu gələcək gündə özünü qarantili hiss etmək istəyirlər. Müqəddəs kitablar deyir ki, Allah əvvəl mömin bəndələrinin canını alacaq ki, qiyamət gününün əzabını onlar görməsin. Həmən günü sağ qalmağın nə mənası var?
Gülnarə Rəfiq
Комментариев нет:
Отправить комментарий