13.02.2017

Hara gedir bu dünyamız, İlahi?

Hacı Qubad Həsənzadə

Qarışmış aləmin səfi, nizamı,
Hara gedir bu dünyamız, İlahi?
Bilinmir dövranın məğzi, məramı
Hara gedir bu dünyamız, İlahi?..

Ağıllar daralmış, idrak kiçilmiş,
Düşüncə, təfəkkür ərşə çəkilmiş,
Həqqin, həqiqətin beli bükülmüş,
Hara gedir bu dünyamız, İlahi?..

Bir odtək çıxmış o məcərasından,
Oğulsan qop onun qan yaxasından,
Allah, Özün saxla Sən sorasından,
Hara gedir bu dünyamız, İlahi?..

Nə səmti bəllidi, nə yönü bəlli,
Nə dili bəllidi, nə dini bəlli,
Nə tövrü, nə tərzi, nə kini bəlli,
Hara gedir bu dünyamız, İlahi?..

Naşısı dünyanın - naxışı olmuş,
Odlara yaxanı - barışı olmuş,
Nadanlıq, naxaslıq - yarışı olmuş,
Hara gedir bu dünyamız, İlahi?..

Kütü "mööz" eləyir, koru əl çalır,
Yaxşı xar edilir, pisi öc alır,
Mərdlik, mənəviyyat enir, alçalır
Hara gedir bu dünyamız, İlahi?..

Qubadam, olsa da dövran amansız,
Ya Rəb, olmaz heç nə sonda divansız,
Şükür ki Sən varsan, - yoxsa sükansız,
Hara gedər bu dünyamız, İlahi?!..
Hara gedər bu dünyamız, İlahi?!..

Комментариев нет:

Отправить комментарий