16.02.2017

Sehri yox imiş

Əfrahim Hüseynli

BƏLKƏ XƏBƏRSİZSƏN BU GƏLƏN QIŞDAN

Bir vaxt ayağına gəldiyim ömrün,-
Hağılı qalıbdı böldüyüm ömrün.
Qızıldan qiymətli bildiyim ömrün
Qızılı yox imiş, dürrü yox imiş.

Yadıma düşmədi heç gəlim-gedim,-
Görünməz göründü bu ömrün həddi.
Hər günə, hər aya şeirdi dedim,-
Çox bəndi, misrası-sətri yox imiş.

Ha haqqı aradım, yerini tapdım?!
Daşın, çiçəyin də dilini tapdım-
Suların yol kəsən selini tapdım,
Çox şeyi deməyin yeri yox imiş.

Uzun gecələri ömrümə köçdü,
Gördüm Yer üzündə, Göyündə köçdü.
Ayın, ulduzun da tilsimi heçdi,-
Bu kəhkəşanın da sehri yox imiş.

Boran da, çovğun da dayanıb başda,-
Görünməz olubdu qaya da, daş da...
Bəlkə xəbərsizsən bu gələn qışdan?-
Bir də görəcəksən biri yox imiş.

ADAM ÖLÜMÜ QINAYIR

Bir əlimi sazaq kəsir,-
Gəzir, od-ocağı gəzir.
Bir əlim ümidi kəsir,-
Əlim əlimi qınayır.

Dağlar aşıb gələn atlı
Gəlib harda ocaq çatdı?!
Külək odu külə qatdı,-
Ocaq külünü qınayır.

Yol seçdi yollar içində,
Qaldı şaxta-qar içində.-
Ömür günahlar içində,-
Ayı-ilini qınayır.

Yol da, iz də yağış döyən,-
Oldu gümana baş əyən.
Kitab-kitab deyilməyən
Sözüm dilimi qınayır.

Günahını haqq bilən də
Günah gəzir haqq biləndə.
Ölə bilməyən öləndə
Adam ölümü qınayır.

İŞ YOLDAŞLARIMA

Başımın üstünə qar yağır belə,
Dünyanın nəbzini tuta bilmirəm.
Hamının üzünə gülənlər kimi
Yalanı, böhtanı uda bilmirəm.

Mənə qaraqabaq deyib bezməyin,
Sevinə bilmirəm dərdin önündə.
Var namərd yanında deyib-gülməyim,
Ağlamaq da olar mərdin önündə.

Bilirəm, acıdan xəbərsiz qalıb
İrişə-irişə şöhrət alan var.
Üzə gülə-gülə gölgələrə də
Tanrı əvəzinə səcdə qılan var.

Bacara bilmədim... "böyük" sözünə
Əyilə-əyilə "hə" deyən də çox.
Stollar, məclislər qurulu qalır,
Gəlməyən "şahlar"ı gözləyən də çox.

Hardan biləsiniz, ağrı-acınız
Gecələr gözümü yuxusuz qoyur...
Bəzən hirslənirəm, sizdən xəbərsiz
İşdən də, gücdən də əlim soyuyur.

Nə var dilimdədi, ürəyimdəsə
Sizə olan sevgi, məhəbbər yatır.
Saxta salamların, üzə gülməyin
Bilin, arxasında xəyanət yatır.

Bəzi adamlartək yalanmı deyim;-
"Sizin başınıza dönüm - dolanım"?
Qovun, üzümdəki buludu qovun,-
İçimdə gizlənib olub-olanım.

Ağrı-acısını çəkdiyim dünya
Mənsiz də dünyanı yola salacaq.
Deyən olmasa da, yaxşı bilirəm,
Bu kürsü, bu otaq kimə qalacaq?

DAHA BILDIM NƏSƏN, ÖLÜM 

Ömür açılmaz oyundu, 
Yaşıl donunu soyundu. 
Toyumdu, mənim toyumdu, 
Gəlmək üçün bəzən, ölüm. 

Arzu dərdsə, nə həvəsdi? –
Belə uzaqlıq əbəsdi. 
Tut yaxamdan, daha bəsdi, 
Ay uzaqda gəzən ölüm! 

İşin yoxdu «işbilən»lə,-
Qılınc altdan əyilənlə. 
Haqq gələndə, bilə-bilə, 
Yolu, izi kəsən ölüm. 

Nə çəkmişik... çəkəmməzsən, 
Hər yola göz dikəmməzsən. 
Körpü uçub, keçəmməzsən, 
Daha bildim nəsən, ölüm!

Комментариев нет:

Отправить комментарий