21.02.2019

Bəy və xanlara qarşı çıxan Qatır Məmmədin anası Gülxanım, qardaşı Adil, əmiləri Aslan və Yusifəli də daxil olmaqla bütün ailə üzvləri- 40 nəfərdən çox qohum-əqrəbası müsavatçı bəylər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Müsavatçılar Qatır Məmmədin ailə namusuna da toxundular. 1919-cu ildə müsavatçı bəylər Şadıllı kəndinin 29 nəfər sakinini qırmızı partizanlara yemək verdikləri üçün ot tayasına dolduraraq diri-diri yandırdılar. Kommunist Əli Bayramovun başı müsavat jandarmları tərəfindən 1920-ci ilin martında kəsildi- heç bir məhkəmə və istintaq işi aparılmadan. Bu qəbildən minlərlə fakt sadalamaq olar. Necə olur ki, müsavatçı bəylərin məhkəməsiz, istintaqsız dinc kəndliləri ot tayasına doldurub diri-diri, həm də kütləvi halda yandırmalarına, məhkəməsiz, hökmsüz insanları ən vəhşi metodlarla öldürmələrinə liberal müəlliflər “demokratiya” adı qoyurlar, amma Sovet hökumətinin banditbaşılarına 3-5 il həbs kəsməsini “istibdad”, “represiya”, “terror” kimi qələmə verməyə çalışırlar?! Fikir verin, 1923-cü ildə “İttihadi İslam” partiyası Göyçay qəzasında Sovet hökuməti əleyhinə qanlı qəsd təşkil edir (türk Camal Paşanın rəhbərliyi ilə). Əməliyyat zamanı silahlı qəsdə rəhbərlik edənlərdən Əhməd Yüzbaşı Qədir oğlu çekistlər tərəfindən həbs edilir. Bilirsiniz bu banditbaşının cəzası nə olur? Cəmi 5 il həbs. Bundan başqa, 1931-ci ilin martında Şəki iğtişaşlarını təşkil etmiş banditbaşı Bəhrambəy Nəbibəyovun qardaşları Hüseynbəy və Vahidbəy Nəbibəyovlara Sovet məhkəməsi cəmi 3 il həbs cəzası verir. 1932-ci ildə qolçomaq qiyamının rəhbəri olmuş, qaçaraq Gürcüstan ərazisində gizlənmiş, burdan Türkiyəyə keçmək istəyən Molla Mustafa Sovet çekistləri tərəfindən tutularaq Bakıya gətirilir. Qəribədir ki, Sovet məhkəməsi yüzlərlə insanın qətlində əli olan bu banditbaşını sadəcə olaraq Solovetsk adasına 10 il sürgünə göndərməklə kifayətlənir. Bu quldurbaşı sürgündə Sovet çörəyi yeyib osmanlı ləhcəsiylə şeirlər yazır, ayda bir dəfə ailəsiylə məktublaşırdı da. Hətta gələcəyə o qədər nikbin baxırdı ki, 1937-ci ildə ailəsinə yazdığı məktubda ədalətli Sovet məhkəməsinin onu əhv edəcəyinə inandığını bildirirdi. Bəli, kommunist fədailərin torpaq altda sümükləri cürüyəndə quldurbaşı Molla Mustafa Solovetsk adasında şeir yazıb əhf ediləcəyi günü gözləyirdi.

Комментариев нет:

Отправить комментарий