19.02.2019

Mən çox istərdim ki, Cavid, Müşfiq kimi ziyalılar həqiqətən də günahsız olaydılar- onda səsimiz yetən qədər bərkdən qışqıraraq bu günahsız qurbanlara görə bütün Azərbaycan ictimaiyyətindən üzr istəyərdik. Çünki biz kommunistlərin buna mənəvi gücü çatardı- biz hər zaman səhvlərimizi etiraf etməyi bacarmışıq. Amma bu gün bunu edə bilmirik, o səbəbdən ki, ortada Bəxtiyar Vahabzadə nümunəsi var. Bəxtiyar Vahabzadənin “Şəki üsyanı” kitabına yazmış olduğu ön sözü oxuyanda ağlımdan sadəcə bu sözlər keçdi: “Hayıf, çox hayıf ki, kommunistlər 1987-ci ildə “37”-ni təkrar edə bilmədilər”.
Bəxtiyar Vahabzadə Manaflının “Şəki üsyanı” kitabına yazmış olduğu ön sözdə deyilirdi: “Şəki şəhərində 30-cu il iğtişaşı zamanı həlak olmuş kommunistlərə Sovet vaxtı abidə qoyulmuşdu və mən hər dəfə Şəkiyə getdiyim zaman həmin abidənin önündən keçəndə orada yatanlara (kommunistlərə-red.) lənət, xalqın haqqı uğrunda canlarını qurban verən, güllələnən, sürgünə göndərilən Bəhram bəylərin, Mustafabəy Əlicanbəyovların, Qaçaq Abbasların, Nəcməddin Əfəndilərin, Kar Xuduların və Şeyxzadələrin ruhuna rəhmət oxuyuram”. Sonra isə fikirlərini davam etdirərək yazır: “Biz bu gün görürük ki, həqiqətən də mayasında allahsızlıq olan bayrağın altında yalnız satqınlar yaşaya bilib”. (H.Manaflının sözügedən kitabından).
İndi görün, Sovet hökuməti qoynunda kimləri bəsləyib. Az qala yarım əsr cibində Sovet İttifaqı Kommunist Partiyasının biletini gəzdirmiş, Ali Sovetdə deputat olmuş, Sovet süfrəsinin ən mötəbər yerində əyləşib ən yağlı tikələri yemiş birisi indi “əqidəsinə sədaqəti” hansı cümlələrlə ifadə edir! Sovet vaxtı məktəb dərsliklərindən tutmuş hər yerdə şəklini görməkdən gözümüz, adını oxumaqdan dilimiz mazol olmuş bu şəxs özünü hər kəsə “vicdanlı” kommunist kimi tanıdıb, qırmzı bayraq ordeninə layiq görüldüyü halda, Sovet hakimiyyəti süqut etdikdən sonra üzündəki maskanı çıxardaraq gerçək “çopur” simasını bizlərə göstərir və bir andaca gözlərimiz önündə “ziyalı” kommunist görkəmi əvəzinə Çopur Məmmədlərin əqidə qardaşı durur. Sən demə Partbilet altında kolxozları yandırıb kolxoz fəallarını öldürən, müəllimləri, kommunistləri qətlə yetirən Bəhrambəylərin, Molla Mustafaların mənəvi davamçısı gizlənirmiş. Tək Bəxtiyar Vahabzadəmi belə etmişdir? Tək olsa dərd yarıydı; Sovet vaxtı ən yağlı tikələri yeyib, sözün əsl mənasında inqilabın feyzlərindən doya-doya bəhrələnənlərin əksəriyyəti belə çürük çıxdı.

azerbaycaninqaratarixi.blogspot.com

Комментариев нет:

Отправить комментарий