28.03.2021

Güllü Həsənova - Ana sevgisi

Mən anamı çox sevirəm.
Biz hər birimiz anamıza borcluyuq. Çünki anamız körpəliyimizdən böyüyənə kimi yanımızda olub.
Bizim oxumağımız üçün hər şey edib. Nə istəsək alıb, bizə görə hər şeyini qurban verib.
Biz oxumayanda anamızın əziyyətini bada veririk.
Anamız bizi heç vaxt çətin vəziyyətlərdə tək buraxmayıb. Anamız hər şey verib bizə. İstədiyimiz yeməyi bişirib, istədiyimiz əşyaları alıb.
Belə bir atalar sözü var ki, cənnət anaların ayaqları altındadır. Bəli, doğrudan da belədir. Çünki anamıza elədiyimiz hər yaxşılıq Allah tərəfindən bizi cənnətə yazır.
Bir gün anamız bizdən küsəndə, ya ortada inciklik yarananda anamızın ürəyi ağrıyır. Uşaq ondan üzr istəyəndə, ana övladının səhvini başa düşdüyünə görə sevinir.
Çox vaxt çıxılmaz vəziyyətdə olanda məhz anamız köməyimizə çatır.
Bir dəfə başıma belə bir iş gəlib. Məktəb dəftərimi itirmişdim. Çox ağlayırdım. Axşamçağı anam bunu gördü. Səbəbini soruşanda mənə dedi ki, ağlama, mənim balam, gəl sənə kömək edim, təzə dəftər götürüb yazılarını yenidən yaz. Mən göz yaşlarımı silə-silə dedim ki, axı dəftərimdə dərs cədvəli var idi, onu da itirdim. Anam mənə dedi ki, onu da sinif yoldaşlarından alıb yazarsan, burda nə var ki?
Hər şeyi anamın dediyi kimi etdim. Təzə dəftər götürüb dərsimi ora yazdım. Cədvəli uşaqlardan, dostlarımdan aldım.
O gündən sonra bir şey olanda anamın yanına gedirdim. Bildim ki, anam mənə hər məsələdə dəstək ola bilər. Anam mənə hər şeyi ağılla düşünsən, necə çarə tapa bilməyi öyrətdi.
Mən bir kitab oxumuşdum. Burda 14 yaşlı Polyannadan danışılır. Müəllifi Eleanor Porter olan bu kitabı bizim evdə bütün bacı və qardaşlarım sevə-sevə oxuyub. Polyannanın atası ona hər şeyə şükür etməyi öyrədir. Polyana hər dəfə ağlayanda yaxşı şey tapır və gülür. Beləliklə, ilk oxuduğum kitab “Polyanna” kitabı oldu və bu kitab da mənə çox şey öyrətdi. Anama sağ ol deyirəm ki, “mütaliə etməklə insan həyatı necə dərk edir” adlı dərsi mənə öyrətdi.
Kitabların sayı artdıqca mənim kitablara həvəsim çoxalırdı. Daha sonra böyüklərə aid olan başadüşülməz kitablar oxumağa başladım. Mən onları çox tez anlayırdım. Bacı və qardaşlarımın içərisində ən yaxşı və savadlı uşaq oldum. Çoxlu kitablar oxuduqca nəsihət nağıllarına həvəsim artırdı. Tezliklə Məhəmməd Peyğəmbərin və İmam Əlinin nəsihət kitablarını oxumağa başladım. Xüsusən ana haqqında nəsihətləri qeyd eləyib saxlamışdım. Bu nəsihətlərdə deyilir:
-Ana ürəyi, dağ çiçəyi.
-Cənnət anaların ayağı altındadır.
-Ana haqqı, Tanrı haqqı.
-Ana evin dirəyidir.
Qədimlərdə deyilən bu nəsihətlər indi də yaşayır və bunlara riayət olunmasına üstünlük verilir. Qədim müdriklər nəsihətləri övladlarına verir, anaya hörmət etməyi öyrədirdilər.
Mən ömrümün bütöv hissəsini anama borcluyam. Mən uğurlarıma görə ailəmə, uğurlarımın əsas səbəbi olan anama borcluyam.
Mən anamı çox sevirəm və sizlərə də ananızı sevməyi məsləhət görürəm.

Təəccüblənməyin, bu şəkli təxminən 5-6 il qabaq atam bizi çölə gəzməyə aparanda çəkdirmişəm)))

Комментариев нет:

Отправить комментарий