25.03.2021

Şahımızın əcnəbi səyyahla söhbəti

Bir dəfə Fransua de Loren adlı bir fransız səyyahın Şah İsmayılın hüzuruna gəlmək istədiyini xəbər verdilər.
Səyyah içəri girər-girməz qəribə hərəkətlərlə, əyilib dura-dura, qollarını yellədərək, başındakı şlyapasını çıxararaq Şah İsmayılı salamlayıb qarşısında təzim etdi.
- Möhtərəm Şah həzrətləri, -deyə o, söhbətə başladı- Venesiyalı dostum, səyyah Covanni Maria Ancolello sizin haqqınızda o qədər təriflər yağdırdı ki, maraq məni bura- sizin məmləkətinizə və sarayınıza gətirdi. Lakin çox təəssüf ki, siz Avropa dillərindən heç birini bilmirsiniz və mən özümlə tərcüməçi gətirməyə məcbur qaldım.
Şah İsmayıl eyni ahənglə ona cavab verdi:
- Mösyö Loren, çox təəssüf ki, siz bu vaxta qədər Şərq dillərindən heç birini öyrənməmisiniz. Axı siz səyyahsınız, səyahət etdiyiniz ölkənin də Şərqdə yerləşdiyini bilirsiniz. Zənnimcə dil öyrənmək sizə daha çox lazımdır.
Şahın haqlı iradlarından pərt olmuş səyyah söhbəti dəyişmək məqsədilə dedi:
- Möhtərəm Şah həzrətləri, burdan əvvəl mən Osmanlı dövlətinin sultanı Yavuz Səlimin qonağı olmuşam. Onun saray hərəmxanasında yüzlərlə cariyələr gördüm. Həddimi aşdımsa üzr istəyirəm, bəs sizin hərəmxananız neçə nəfərdən ibarətdir?
Şah təmkinini pozmadan suala cavab verdi:
- Mənim hərəmxanam yoxdur. İki zövcəm və iki övladımın anaları olan cariyələrim var. Qalan zənən xeylaqları saray xidmətçiləridir. Məndə eyş-işrətə, xanımlarla vaxt keçirməyə vaxt hardan idi? Günüm, ömrüm at belində keçir. Gözəllərin zülfündənsə, qolum qılıncıma sarılar. Çünki dövlətimi qılıncımın gücü ilə qazanmışam və onu qorumalıyam.
Fransız səyyahı:
- Bəs savaşlarda əsir götürdüyünüz qız-gəlinləri nə edirsiniz? Saraya gətirmirsiniz? Axı Osmanlı sarayında seçilmiş gözəl qızları saraya yerləşdirirlər- deyə Lorren maraqla soruşdu.
Şah İsmayıl:
- Onların əksəriyyətini evlərə paylaşdırıq. Kimisi kəbinli arvad olur, kimisi yaşlılara və ya övladı olmayanlara övladlıq verilir.
Səyyah:
- Dostum italiyalı səyyah Françesko Romano sizin haqqınızda öz qeydlərində bildirib ki, Şah İsmayıl təhsilli, təmkinli, müdrik, çox çalışqan və çox təcrübəlidir. O nə gizlində, nə də aşkarda şərab içmir. Var-dövlətə etinasızdır və səxavətlidir. Bu həqiqətən belədirmi?
Şah gülümsəyərək dedi:
- O baxır sizin dostunuza olan inamınıza. Əgər ona inanırsınızsa demək, həqiqətdir.
Uzun dialoqdan sonra fransız səyyah Fransua de Loren sarayı tərk etdi. Lakin eyni zamanda qəlbində Şah İsmayıl kimi mərd, əhalisinin taleyi üçün narahat olan, gözəl əxlaqlı bir hökmdar təəssüratı ilə ordan uzaqlaşdı...

Paylaşdi: Rəhim Həsənli

Комментариев нет:

Отправить комментарий