29.11.2021

Manaf Süleymanov, “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”:


“Quba meydanındakı yeməkxanalardan biri də Həsən Pervoyun adı dillər əzbəri «İslam» restoranı idi. O zaman ev, dükan, restoran, mağaza yiyəsinin adı ilə tanınardı. Həsənə də xörəklərin ləzizliyinə görə «Pervoy» ləqəb qoymuşdular. Səkili mərtəbədəki bu restoran səhərdən gecə yarısına qədər müştərilə dolu olardı. Burdakı xörəklər kimi dadlı xörək heç yerdə yox idi; şəhərdəki müştərilərdən başqa ətraf qəsəbə və hətta mədənlərdən, kəndlərdən - Sabunçu, Suraxanı, Ramana, Bibiheybət, Keşlə, Ağşəhər, Qaraşəhərdən faytonda, qazalaqda bu restorana nahara gələr, yeyib-içib qəlyan çəkər, söhbət edər, sövdələşər, mal alıb satardılar. Handa bir dövlətli, tanınmış qoluzorba sövdəgər, tacir, çodar və digər adamlara burda rast gəlmək olardı. Fayton, qazalaq küçəboyu bir-birinin dalınca düzülərdi. Bir gün nahara gələn müştərilər görür ki, «İslam» restoranı bağlıdır; səs-küy salırlar, başlayırlar Həsən Pervoyu axtarmağa. Əlaltılarından birini tapıb soruşurlar, bu nə əhvalatdır... Deyir ki, xəbərim yoxdur, işə gəldim gördüm ki, lələ köçüb yurdu qalıb... Müştərilər dilxor olurlar. Xörəklərin belə ləzzətli olmasının səbəbini Həsən Pervoyun əlaltısı nəql edir: biz hər şeyi hazırlayırdıq, Həsən Pervoy sirrini öyrənməsinlər deyə hamını mətbəxdən çıxardıb əti qazanlara, küpələrə, tavalara özü təklikdə töküb yerbəyer edər, ocağa asandan sonra bizi mətbəxə buraxardı. Deməyinən Həsən Pervoy bütün qablara ölçüsünə, həcminə görə müəyyən miqdarda tiryək sürtüb sonra ət tökərmiş, ədviyyat da əlavə edərmiş; bu qayda ilə az doza ilə müştəriləri tədrislə tiryəki etmişdi. Yaxşı da pul qazanıb dövlətlənmişdi. Həsən Pervoy özü İranın Zəncan şəhərindən idi. Bakıdakı zəncanlıların çoxusu şatır-çörəkçi idilər; onlar da xeyli pul qazanandan sonra gözlənmədən yoxa çıxardılar”.

Комментариев нет:

Отправить комментарий