15.11.2021

Namərdə möhtac olan vətənpərvərin şeiri


Aqil Adil

Bir sevgimi min ağıla dəyişdim,
Bir Şuşamı min oğula dəyişdim,
Nəhayət ki yollarınla görüşdüm,
Torpağına düşmən ayaq basmasın,
Azərbaycan, sənsiz bir gün olmasın.

Gülüstanı, Türkmənçayı yaradan,
Bu savaşda bizi qoru, Yaradan!
Kəlbəcəri tən bölünmüş yarıdan.
Milli qeyrət bir də böylə sınmasın,
Azərbaycan, sənsiz bir gün olmasın

Türkmən nədi, bozqurd nədi, qadası?
Kələkilər qəlbimizin yarası.
Bəs azadlıq yurdumuzun harası?
Əkrəm, Rafiq xalqa dustaq qalmasın,
Azərbaycan, sənsiz bir gün olmasın.

Qəhrəmandır tər Müşviqin qatili,
Düşman dərlər Mirzə Cəlil, Sabiri.
Sifarişli, xəyanətkar şairi,
Vətən-vətən bağıraraq durmasın.
Azərbaycan, sənsiz bir gün olmasın.

Özün qoru, Tanrım, bizim milləti,
Şüursuzluq yeridilir xəlvəti.
Bu millətin bu torpağın qeyrəti,
Bir də… bir də…
Şəhidlərin qanı yerdə qalmasın.
Azərbaycan, sənsiz bir gün olmasın.

Комментариев нет:

Отправить комментарий