18.01.2023

İbrahim Sel: Avrasiyaya doğru irəli!


Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Seldən sitatlar

“Bizlər olmasaq postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz”.
“Biz 5-ci kolon deyilik, 6-cı flotuq, ay bədbəxtlər. Biz ölməz polkun sıravi əsgərləriyik. Bizlər olmasa postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz”.
“Qərb diskursu Azərbaycanda məhz bizlərin sayəsində oturuşa bilmədi”.
“ABŞ bizim regionu öz halal dədə yurdu kimi öz strateji maraqları zonası elan edərək burda at oynadır. Qanımızı içərək təbii resurslarımızı oğurlayıb aparmaqda davam edirlər. Rusiya buna radikal reaksiya verməlidir”.
“Hətta qatı liberallar da bilirlər ki, sosial vəziyyət yalnız Rusiya gələndən sonra düzələcək, nə qədər ki burda rus nəzarəti yoxdur, soyğunçuluq və çapqınçılıq daha da çoxalacaq, get-gedə daha masştablı şəkil alacaq”.
“Yəni doğrudanmı düşünürsüz ki, bu ortalıqda olan liberallardan kimsə hakimiyyətə gəlsə xalqın qayğısına qalacaq? Axı demokratik şüarlarla bəzənmiş bu allı-güllü “vətənpərvərlər” okeanın o üzündən işarə almasalar heç asqıra da bilmirlər”.
“Xalq dəfələrlə tələb edib ki, Rusiya ilə aramızdakı soyğunçu gömrük götürülsün!”.
“30 ildə Azərbaycan gömrüyü xalqımızın başına hansı oyunlar açmadı? Bu gün xalqımızın ac-yalavac qalmasının, qiymətlərin bu qədər baha olmasının əsas səbəblərindən biri məhz soyğunçu gömrük sistemidir”.
“Bu gün Azərbaycan xalqı seçim qarşısındadır. Ya müstəqillik adı altında amerikan qlobal imperiyasının nökər kolonizasiyası olaraq qalacayıq, ya da Rusiya ilə birgə yeni yaradılacaq Avrasiya Birliyinin əsas və möhtəşəm özəklərindən birinə çevriləcəyik”.
“Biz Qərbə və atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik”.
“Bilmək vacibdir ki, Rusiya ilə Amerikanın müharibəsi Xeyirlə Şərin müharibəsidir: bu müharibədə Rusiya Xeyiri, Amerika, Qərb isə Şəri təmsil edir”.
“Söydüyünüz ruslar pulsuz təhsil verirdilər, ardınca da heç bir süründürməçilik olmadan işə düzəldirdilər. Qapını döyüb, krediti ödəməsən evin əlindən alınacaq deyən bank quldurları yox idi, onların qulağını kəsərdilər. Sovet işləyən adama evi havayı verirdi, indiki kimi qanı qiymətinə 25 illiyə ipotekaya vermirdi. Müəllim və həkim cəmiyyətin ən hörmətli və yaxşı yaşayan təbəqəsi sayılırdı. Söydüyünüz ruslar ildə bir dəfə, iki dəfə sizi Yaltaya, Soçiyə sanantoriyaya göndərirdi ki, gedib kef çəkəsiz, hələ üstəlik 13-cü maaş da verirdi ki, ürəyiniz istədiyi şeyi ala biləsiz. Söydüyünüz rusun vaxtında saxta qida söhbəti yox idi, indi saxta qida yeməkdən xalqın yarısı rak tutub. Söydüyünüz rusun vaxtında valideyni dərd götürmürdü ali məktəbdə oxuyan uşağımın ödənişini necə verim”.
“Kim nə deyir desin, Putin mənimçün müqəddəsdir. Putin mənim nəzərimdə sakral hökmdar, müqəddər çar, dünya padşahıdır. Putin mənim tədqimatlarımda hətta kosmik moderatordur. Bəli, mənim təqdimatımda bu moderatorda yerlə göy kəsişir, atman brahmanla çuğlaşır”.
“Dünyanın bütün təfəkkürlü insanları Putinə və onun rəhbərliyi altında günü gündən irəliləyən, hər dəfə yeni üfüqlər fəth edən Rusiyaya heyran qalıblar. Amma bu gün öz ailəsini idarə eləyə bilməyən adam Putini müzakirəyə çıxardır, öz aləmində onda aşibkalar tapır, fikirləşmir ki, Putin planetin yarısını idarə eləyir, o biri yarısının da haqq-hesabını aparır”.
“Bu gün problemlər içində üzən ortastatistik azərbaycanlının rusa kəm baxmasını qətiyyən anlaya bilmirəm. İnsan batır, boğulur, amma başa düşmür ki, dünyanı məhz rus gözəlliyi xilas edəcək. Rus gözəlliyinə tapınmaq lazımdır. Slavyan qəlbi böyükdür və genişdir. Məhz bu qüdrətləri ilə ruslar qlobusun yarısını fəth ediblər, dünyanın hər guşəsində hörmət-izzətləri var. Bu adamlar öz vətənlərini dərin məhəbbətlə sevirlər, torpaqlarının mətin müdafiəçiləridir, dostluq etməyi və sevməyi bacarırlar. Onların xarakterində elə müsbət notlar var ki, dünyanın bir çox xalqlarında yoxdur. İlk növbədə şərəf, ləyaqət və sağlam ruhları var. Ulularından onlara qızıl əllər, yaradıcılığa hədsiz həvəs, müsbət ideyalar vermək bacarığı, gözəlliyə meyl, hamıya xeyir gətirəcək işlə məşğul olmaq istəyi miras qalıb. Onların gücü də bundadır. Allah rusları yaradıcılıq eşqi və qələbələr üçün yaradıb”.
“Nə qədər ki türk regionda hakimdir, nə qədər ki türk regionda söz sahibidir, regionun əsas semantik ieroqlifi slavyanlıq olacaq, arianlıq yox. Biz Avropaya, Qərbə, atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik və əvvəl-axır rus administrativliyini bərqərar edəcəyik. Tarixi qanunauyğunluq belədir”.   
“Hacıleylək gələcək. Liberast camiədə bəziləri şirin yuxularda, xam xəyallardadırlar, hər halda buna özlərini kökləməyə çalışırlar, amma böyük dəyişikliklərin astanasındayıq, özlərini gözləsinlər”.
“Biz işlək konsepsiyaların rasional analizini apararaq, geopolitik reallıqdan çıxış edərək yekun nəticəyə gəlmişik ki, nəinki regionu, qitəni, hətta bəşəriyyəti məhv olmaqdan yalnız avrasiyaçılıq xilas edə bilər”.
“Bizi yetişdirən Rus sadəliyinə sevgi, Sovet əsgərinə hörmət olub”.
“Ölkəmiz Rusiya ilə dostluq və qardaşlıq birliyinə qədəm qoyub. Sevindiricidir ki, bu birliyin ilk pionerləri biz olmuşuq”.
“Biz avrasiyaçılar xüsusi məktəb yaratmışıq. Bu məktəbin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.
“Aleksandr Duqinin dediyi kimi, rus mədəniyyəti, rus sivilizasiyası, rus identikliyi, rus missiyası fundamental və dərin oyanış, gur işıq, hədsiz səadət və sevinc mənbəyidir. Rusiya bizə ruh verir, onun möhtəşəmliyi, sarsılmaz və hüdudsuz qüdrəti bizi yeni-yeni zəfərlərə səsləyir. Bizim effektiv fəaliyyətimizə enerji verən də Rusiyanın əzəmətidir”.
“İndi çətin və təhlükəli anlar arxadadır. İndi rusiyaçı olmağa nə var ki? Biz bu yolun ilk pionerləri olmuşuq”.
“Bir rus məsəlində deyildiyi kimi, geri çəkilməyə yer yox idi, arxamızda böyük Rusiya vardı, ona görə də hərdən birbaşa tarana gedirdik. Biz bu çətin missiyanın öhdəsindən bacarıqla gəldik, böyük bir məktəb keçdik, nəticələr çıxardıq, konsepsiyalar işləyib hazırladıq”.
“Rusiyanın nəzərləri daim üstümüzdədir və tutduğumuz yolun haqq yolu olduğuna insanlarımızda böyük inam var”.
“Liberallar istəsə də, istəməsə də Rusiya qələbə çalacaq. Bəli, bizim naxışımız belədir ki, hökmən qələbə çalacayıq. Bu təkcə mənim inamım deyil, tarixin verdiyi siqnaldır”.
“Rusiya qələbə çalacaq – bizim buna böyük inamımız var. Hətta çətin vaxtlarda da, təhlükələrlə üzləşdiyimiz vaxtlarda da biz bu inamda olmuşuq. Çünki Rusiya – həmişə qalibdir”.
“Rusiya – həmişə qalibdir: bizim təşkilatın şüarlarından biri də elə budur. Zoya Kosmodemyanskayanın boynuna faşistlər kəndir keçirəndə də o buna inanırdı. Qafur Məmmədov özünü alman dzotundakı pulemyotun üstünə atanda da buna inanırdı. Panfilovçular Moskva uğrunda son patronlarına kimi vuruşanda da buna inanırdılar. Vaqnerçilər sonuncu qranatlarını sinələrində sıxanda da inanırlar ki, Rusiya onsuz da qalib gələcək. Biz də inanırıq”.
“Rusiya – həmişə qalibdir! Bizim təşkilat üzvlərində buna tam əminlik var. Sıralarımızın get-gedə genişlənməsinin səbəbi də budur. Siz də gec-tez buna inanacaqsınız”.
“Bizim işimiz haqq işidir”.

Комментариев нет:

Отправить комментарий