16.01.2023

İbrahim Sel: Bizim işimiz haqq işidir


İbrahim Sel: Bizlər olmasaq postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

—Nəyə görə avrasiyaçıları Rusiyanın Azərbaycandakı 5-ci kolonu adlandırırlar?
—Liberastlar hər yerdə Kremlin əlini görürlər, zəlzələdən tutmuş sunamiyə kimi dünyada baş verən bütün fəlakətlərdə də Rusiyanı günahkar çıxarırlar. Zəngilanda körpünün altından mina tapılmışdı, tumanlarını başlarına atmışdılar, vay-şüvən qoparmışdılar ki, o minanı Putin qoyub, ordan keçən Azərbaycan maşınlarını partlatmaq istəyirdi. Kremlin əlini hər yerdə axtarırlar. Kremlin əli də o qədər uzundur ki, belə getsə bizim politoloqların hesabına Ginnesin rekordlar kitabına düşəcək. Biz 5-ci kolon deyilik, 6-cı flotuq, ay bədbəxtlər. Mən ölməz polkun sıravi əsgəriyəm. Mənim kimi oğlanlar olmasa postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz. Qərb diskursu Azərbaycanda məhz bizlərin sayəsində oturuşa bilmədi. Biz avrasiyaçılar, bizim analitik qrup narıncı inqilablar olan ölkələrin hamısını araşdırırıq ki, bizdə belə fəsadlar olmasın, təhlükənin qarşısı vaxtında alınsın. Biz hər yerdə dövlətçiliyə dəstək veririk, ənənəçiliyi qoruyuruq, daha yüksək amallar uğrunda həmrəyliyə səsləyirik. Bir çox postsovet respublikaları kimi bizim ölkədə də Qərbyönümlü QHT-lər dövlət içində dövlət yaradıblar. Onların hakimiyyətdə də güclü dayaqları var. Soros Azərbaycana da dürtülüb öz tulaları vasitəsilə altdan-altdan iş aparmalıydı, amma İlham Əliyev vaxtında onları əzdi və süpürüb atdı. Yoxsa indi Ermənistanın gününə biz qalacaqdıq. Baxın, İlham Əliyev deyir: “Putinlə çox yaxın əlaqələrim var, bir-birimizə inanırıq”. Biz səni elə buna görə sevirik, böyük insan! Sükanı belə saxla!

—Sizi Rusiyaya yarınmaqda, Rusiyanın xeyrinə radikal şüarlar səsləndirməkdə günahlandırırlar.
—Mən birbaşa bəyan edirəm, konkret fikirlərlə və lakonik sözlərlə deklamasiyalar verirəm. Sadə xalq kütlələri məni elə buna görə sevir. Məndə falş yoxdur. Missiyam məni məcbur edir ki, xalqımla səmimi olum. MDB məkanı ölkərini birləşdirən qüvvə məhz Rusiyanın iradəsidir. Bizi strateji birliyə də məhz bu iradə aparacaq. Xalqlar Rusiyadan məhz bunu gözləyirlər ki, o açıq şəkildə SSRİ-nin yaranacağını bəyan etsin, ötkəm səslə onun yenidən bərpa olunacağını bildirsin. Rusiya xalqın pullarını tıxaraq şişmiş postsovet elitalarının necə reaksiya verəcəklərinə fikir vermədən bu prosesləri həyata keçirməlidir, gedişatda xalq yerlərdə özü Rusiyaya dəstək verəcək, proses sürətlənəcək və öz axarına düşəcək. Xalqlar cana yığılıb. 30 ildi ABŞ bizim regionu öz halal dədə yurdu kimi öz strateji maraqları zonası elan edərək burda at oynadır. Qanımızı içərək təbii resurslarımızı oğurlayıb aparmaqda davam edirlər. Rusiya buna radikal reaksiya verməlidir. Rusiya çoxdan postsovet məkanında öz hədəflərini açıq bəyan etməliydi və xüsusən də bizim regionu öz strateji maraqları zonası elan etməliydi. İndi artıq bu işlərə start verilib, inteqrasiya gedir, ayrı-ayrı sahələr üzrə unifikasiyalar həyata keçirilir. Sadə xalq kütlələri bunu çoxdan gözləyirdi. Məsələn, xalq dəfələrlə tələb etmişdi ki, Rusiya ilə bizim aramızda olan gömrük götürülsün, bu soyğunçuluğa son qoyulsun. Qərb kəşfiyyatı Rusiyaya qarşı çoxlu məkrli planlar qururdu və zərərli layihələr həyata keçirirdi. Rusiyanın açıq və sərt bəyanatlar verməməsi regionda amerikanların və onların təsir agentlərinin əl-qolunu açır. Bizə Rusiya hava və su kimi lazımdır. Burda həyat ölüb, yalnız Rusiya qayıdandan sonra əsl canlanma, çiçəklənmə və inkişaf baş verəcək. Rusiya öz niyyətlərini daha geniş masştabda bəyan etməlidir və daha əhatəli iş aparmalıdır, onda xalq kütlələrinin Rusiyaya marağı daha da artacaq. Tarix boyu Rusiyanı həmişə o güclənib irəli gedəndə, meydana ton verəndə seviblər, rusların naxışı belədir. Çünki güclü olmaq, irəlidə olmaq Rusiyaya yaraşır. Başbilənlərimiz Rusiyanı tarixən bizim böyük qardaşımız adlandırıblar, ona görə biz özümüz də Rusiyanın güclənməsində maraqlı olmalıyıq. Keçmiş Sovet xalqları Rusiyadan daha çox əzm, daha çox qətiyyət, şərə qarşı daha kəskin bəyanatlar və sərt addımlar gözləyir. Bizim öz iqtisadiyyatımız çöküb, öz pulumuz dəyərini itirib. Bizdə Rusiya iqtisadiyyatı və rus rublu işləməlidir. Biz bunu deyəndə bəzilərinin xoşuna gəlmir. Ac-yalavac kütlə nə vaxta kimi sürünə-sürünə yaşamalıdır? Hətta qatı liberallar da bilirlər ki, sosial vəziyyət yalnız Rusiya gələndən sonra düzələcək, nə qədər ki burda rus nəzarəti yoxdur, soyğunçuluq və çapqınçılıq daha da çoxalacaq, get-gedə daha masştablı şəkil alacaq. Yəni doğrudanmı düşünürsüz ki, bu ortalıqda olan liberallardan kimsə hakimiyyətə gəlsə xalqın qayğısına qalacaq? Axı demokratik şüarlarla bəzənmiş bu allı-güllü dırnaqarası vətənpərvərlər okeanın o üzündən işarə almasalar heç asqıra da bilmirlər. Düşünürəm ki, bu istiqamətdə keçmiş Sovet xalqlarını birləşdirən əsas ideologiya məhz avrasiyaçılıq olmalıdır. Aydındır ki, millətçi ab-havada bu dövlətcikləri çox da saxlamaq mümkün olmayacaq. Əvvəl-axır birləşmə getməlidir və bu labüddür. Millətçiliyi də hər yerdə ona görə yayıb maliyyələşdirirlər ki, bu xalqlar Rusiyadan distansiya götürsünlər. Amma bu mümkün olmayacaq. Çünki xalq hər yerdə öz gəlirini-çıxarını gözəl bilir. Sadə xalqa bu 30 ildə boş-boş lozunqlardan başqa heç nə verilmədi, əksinə əlində olanları da tutub almağa çalışdılar. Odur ki nə qədər cəhd göstərsələr də birləşmənin qarşısını ala bilməyəcəklər.

—Rusiyanı imperiya ambisiyalarında qınayırlar və avrasiyaçılığın da məhz buna xidmət etdiyini bildirirlər...
—Baxın, amerikan strateqləri daim deyinirlər ki, əhalisi dünya əhalisinin cəmi 2 faizini təşkil etdiyi halda dünyanın faydalı qazıntılarının 40 faizi Rusiyada yerləşir. Onlar bunu ədalətsiz sayırlar və Rusiyanın bölüşməsini istəyirlər. Rusiyaya açıq şəkildə deyirdilər ki, Sibiri bizə ver, ordakı təbii sərvətlərdən yararlanaq. Okeanın o üzündən durub gəlib Bakı neftinə yiyələniblər, öz benzinimizi özümüzə baha qiymətə satırlar. Bu bəyəm imperiyaçılıq deyil? Rusiyanı imperiya ambisiyalarında suçlayanlar bundan niyə danışmırlar? Rusiya bəyəm bu təhlükələrə sinə gərməli, bu təhdidlərə qarşı addımlar atmalı deyil? Qafqaz aşırımı Rusiyanı İranla birbaşa strateji əlaqədən ayırır, İrana çıxış isə Rusiyanın Hind okeanına, isti dənizlərə çıxışı deməkdir. Qlobal satanist güclər bu yolun üstündə Azərbaycan gömrüyü formalaşdırıb bura öz adamlarını otuzdurmuşdular. Soyğunçu iudey mafiyasının idarə etdiyi Azərbaycan gömrüyü əslində Rusiyanın Hind okeanına çıxışını bağlayıb, Avrasiya genişlənməsini bloklamışdı. Azərbaycan gömrüyü Amerikanın Rusiyanı mühasirəyə almaqla bağlı məlum Anakonda planında vacib həlqədir. Bu gömrük Rusiyanı vacib kommunikasiya xətlərindən ayırır, Rusiyanın izolyasıya salınmasında mühüm rol oynayır. Buna geopolitikada sanitar kordon da deyirlər. İudey mafiyasının idarə etdiyi Azərbaycan gömrüyü burda bir növ Rusiyaya qarşı sanitar qovşaq yaratmışdı. Azərbaycan gömrüyü tarixən planetin əsas qan damarı sayılan Böyük İpək Yolunu tıxayaraq bu yolu bağlamışdı. Əslində 1990-cı illərdə müstəqillik oyunları da elə ona görə ortalığa atılmışdı ki, Rusiyanın kənarlarını ondan kəsib ayırsınlar, Rusiya ilə tarixən əlaqədə olduğu ölkələr arasında filtr yaratsınlar, Rimləndin sahil zonası deyilən ərazini genişləndirsinlər. 14 respublikanın ayrılaraq müstəqil olması amerikan geopolitik planının tərkib hissəsi idi ki, Anakonda strategiyası əsasında Rusiyanın boğulub məhv edilməsinə gətirib çıxarmalıydı. Həmin həlqənin qapanmasından ilk növbədə Azərbaycan xalqı da əziyyət çəkir. 30 ildə Azərbaycan gömrüyü xalqımızın başına hansı oyunlar açmadı? Bu gün xalqımızın ac-yalavac qalmasının, qiymətlərin bu qədər baha olmasının əsas səbəblərindən biri də məhz soyğunçu gömrük sistemidir. Biz bir anlaşıqlı xalq olaraq Anakonda həlqəsinin qapanmasına imkan verməməliyik. Rusiyanı imperiya maraqlarında suçlayan məlum zümrənin oyununda qurbanlıq qoyun olmamalıyıq. Bu gün Azərbaycan xalqı seçim qarşısındadır. Ya müstəqillik adı altında amerikan qlobal imperiyasının quru kolonizasiya məkanı kimi qalacayıq, ya da yeni yaradılacaq Avrasiya Birliyinin əsas və möhtəşəm özəklərindən birinə çevriləcəyik. Özünüz bilirsiz ki, Amerikanı burda nə xalqın acından ölməsi, nə də iqtisadiyyatın inkişafı qətiyyən maraqlandırmır, ənənəvi dəyərlərlə Amerikanın hansı məsafədə olmasını da gözəl bilirsiz. Amerika sadəcə burda özünün çoxsaylı fahişə jurnalist və politoloqlarına pul buraxır ki, onun satanist ideallarını bəzəkli-düzəkli formada xalqa soxuşdursunlar və Rusiyanı da bax bu cür imperiyaçı, işğalçı qismində göstərsinlər. Biz Vaşinqtonun dünyanın qoy xalqlarına qarşı apardığı geopolitik müharibəsində alətə və peşkaya çevrilməməliyik, Qərbin təsir agentlərinin təbliğatına uymamalıyıq, məsələlərə daha ayıq gözlə baxmağı bacarmalıyıq.

—Bu yaxınlarda təşkilatınızda böyük təlatümlər yaşandı, bir necə vacib üzvünüz səs-küylü şəkildə sıralarınızı tərk etdi. Bu barədə nə deyə bilərsiniz?
—Bizim köhnə manera ilə desək, reptiloidlərin ortalığa tökdüyü alienlər bizə qarşı yenə öz alienasiyalarını həyata keçirmək istədilər, amma onlar bizi kiminləsə qarışdırıblar, biz onların sahiblərinə xəbər göndərdik ki, indi Yeltsinin vaxtı deyil, özlərinə də çatdırdıq ki, loşadyu xodu – atla gediş edin, bu cür alınmayacaq, soldan götürün, bu yolla girə bilməyəcəksiz. Əsas odur ki, belə cəhdlər onlardan da çox bizçün vacibdir, biz öz düşərgəmizin və düşmən cəbhənin koordinatlarını müəyyənləşdiririk, gələcək üçün vacib olan siyahılar var ki ora əlavələr təklif edirik. Üzlərinə də elə vacib görkəm verirlər ki, elə bil qızıl xırdalayırlar. İudey akademik sisteminin yeritdiyi 5-10 trafareti əzbərləyib düşüblər ortalığa ki iş bilmişəm, xalqa ağıl öyrədirlər. Qardaş, başıboşsan da, kim də bilməsə biz bilirik ki, lomsan, get işinlə məşğul ol. Deyir alternativ avrasiyaçılıq yaradacayıq. Hə, ingilislər Hindistanı tutanda da həmin alternativ avrasiyaçılıqdan yaratmışdılar. Hitler Antarktidanı tutmaq istəyəndə də, ABŞ Avrasiya qitəsinə yiyələnmək istəyəndə də bunu avrasiyaçılıq adı altında təqdim etməyə çalışırdı. Deyir milli avrasiyaçılıq yaratmaq lazımdır. Avrasiyaçılığın da millisi olur, ay qaqa? Başıboşluq öz yerində, amma axı avrasiyaçılığa böyük trend yaranıb, ona görə də fikirləşir görəsən bu sahədən nə qazana bilərəm, nə cür fırladıb bir qədər irəli düşə bilərəm? Hitler Antarktidada avrasiya yaratdığı kimi sən də üstüaçıq kənddə avrasiya yaradacaqsan. Dərd burasındadır ki, bunları Troya başçısı nəzərində görənlər də var. Əslində heç qoz da deyillər. Biz uzun zaman işlək konsepsiyaların rasional analizini apararaq, geopolitik reallıqdan çıxış edərək yekun nəticəyə gəlmişik ki, nəinki regionu, qitəni, hətta bəşəriyyəti məhv olmaqdan yalnız avrasiyaçılıq xilas edə bilər. Bunlar isə qaz vurub qazan doldurmaq eşqilə meydana atılanlardır. İohann Herder deyir ki, beyin üçün ən gözəl təlim işıqlı zəka sahiblərinin fikirlərinin öyrənilməsidir. Mənim fikirlərimi öyrənsinlər, elmi teoriyalarımla tanış olsunlar, bəlkə o boş başlarına nəsə girər, qablarına nəsə götürərlər. Yoxsa bu yolla Biləcərinin kruqundan o tərəfə fırlada bilməyəcəklər. Hay-küy düşən vaxt hər gün statusda bir gop quraşdırıb paylaşırdılar. Bu yolla özlərini vacib adamlar kimi cəmiyyətə, xüsusən də bəzi dairələrə sırımaq istəyirdilər. Tarixi qanunauyğunluq budur ki, əfsanəvi qəhrəmanların düşmənləri də mifik olur. Onlar bizdən özlərinə düşmən düzəltmək istəyirdilər, sonra üzvlərimiz gördülər ki, onlar özləri şişirdilmiş şar qismindədirlər, pafosları balaca iynə batırana kimidi. Nə bilim, biri deyir guya mən onu daim aşağılamışam. Məndə təkəbbür yoxdur, yoldaş, böyük adamlar təkəbbür mərəzinə tutulmurlar. Həmişə hamı ilə sadə olmuşam. Əgər onlar səhv ediblərsə, biz onları dinləməyə hazırıq, onların səhvini bağışlamamaqla biz özümüz səhv edirik. Bilirsiniz, bu əslində psixologiya materialıdı. Bu xüsusda facebookda populyar olan Cevat Gökün bir sitatını paylaşıblar ki, biri daim sənin əleyhinə danışırsa, bil ki sənin kimi olmaq istəyib, amma ola bilməyəndir. Bir opponentimiz bizdən genetik cəhətdən üstün olduğunu qabartmışdı. Əlbəttə, sənin genetikan xürrəmiləri, qüreyşiləri qıran elə həmin xüsusi genetikadı, bizim sənə çatmağımıza çox var. Mən dərin hərbi-patriotik köklərlə Rusiyanın imperiya diskursuna bağlı olan bir ailədə doğulmuşam. Rusiyaya sevgi və hörməti mənə atam və babam aşılayıb. Rus kəndində, rusların içində böyüməyim mənim şəxsiyyət kimi formalaşmağımda mühüm rol oynayıb, rus məktəbində ilkin təhsil almağım həyat yolumu müəyyənləşdirib. Mənim qürur duyduğum babam rus əsgərləri ilə çiyin-çiyinə 1936-cı ildən Fin cəbhəsində xidmət edərək döyüşüb, 1941-ci ildən 1945-ci ilə kimi isə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçib. O düz 10 il – 1936-cı ildən 1946-cı ilə kimi rus ordusunda artilleriya komandiri kimi xidmət edib. Stalinin pərəstişkarı olub. Bizi yetişdirən Rus sadəliyinə sevgi, Sovet əsgərinə hörmət olub. Sən isə o tərifli genetikanla hələ də bazar dəllalığından o tərəfə adlaya bilməmisən. Bilirsinizmi əsas məğz nədədi? Azərbaycanda təşkilatlanma həddən artıq çətin məsələdi. Əlbəttə burda mentallığımızdan doğan bəzi məqamlar var. Bir-birimizi gözümüz götürmür. Bir yerə yığışanda adi danışığımızdakı istənilən söz kəsici-deşici olur, söhbət etmək əvəzinə atmacalar atırıq, sözlə sağalmaz yaralar qoymağa çalışırıq. Adi ünsiyyət qura bilmirik, hökmən münasibətləri mürəkkəbləşdirib burulğana salırıq. Bizim davranışımız bir növ Duqinin öz noomaxiyasında təsvir etdiyi həmin titanomaxiyaya bənzəyir: istənilən fikir, söz və təzahür özündə döyüş məğzi, hərbi məna daşıyır. Spor başlayan kimi də, - bizimkilərin təşkilatlanmasında isə bildiyiniz kimi spor hökmən olur və olacaq - bir-birimizin bildiyimiz zəif cəhətlərini afişa eləməyə çalışırıq ki, onu aşağılayaq. Danışanda da mədəniyyətdən danışırıq, normal cəmiyyət qurmaqdan dəm vururuq. Mən şiəyəm, ayrı-seçkilik də salmıram, sünniyə də canımız qurban, o da bizimdi. Amma biz şiələrin İmam Hüseyni buyururdu ki, bizim şiələrimız o insanlardır qəlbləri hər cür ikiüzlülükdən, eləcə də kin və hiylədən pak olsun. Mən onların hamısını təmiz olmağa çağırıram. Onsuz da Vodoley erasında fəsad və hiylə ilə çox da uzağa gedə bilməyəcəksiz. Nə bilim, hətta marşal Jukov qoca yaşında gileylənirdi ki, bu yaşına gəldim, hələ də insanlardan baş aça bilmədim. Yoldaşlardan biri ilə mənim şəxsi münasibətlərim alınmadı, amma mən onun yaradıcılıq qabiliyyətini çox yüksək qiymətləndirirəm. Digərinin isə bizim işlərdən qandığı heç nə yoxdur, o ümumiyyətlə bazar dəllallığından başqa heç nə anlamır. Bildirmişdi ki, milli avrasiyaçılıq yaratmaq fikrindədir. Tarixən elə bir işıqlı və təmiz ideya olmayıb ki, bizim insanlar onu eybəcər formaya salmasınlar. Avrasiyaçılığın da millisi olur? Üzə çıxdı ki, biz eyni təşkilatda olsaq da onların provayderləri başqa imiş. Ümumiyyətlə, sən adi insanlarla yola getmirsən, bu ideologiya ilə necə yola gedəcəksən?

—Onların sizə əsas iradları təşkilat bacarığınızın olmaması və məsələlərə milli maraqlardan kənar yanaşmalarınız idi...
—Axı onlar bilmirlər biz hardaydıq, hardan harda gəlmişik, bu yol hardan qaynaqlanır, nədən nəşət götürür, bu yola biz necə atılmışıq, nələrdən keçmişik. 5-6 trafareti əzbərləyib düşüblər ortaya. Bu işlər standart normativlərlə idarə oluna bilməz. Qərbin ölkəmizdəki liberal agenturası Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmağa çalışarkən mən yalan təbliğata qarşı mübarizəyə başladım, potensiallı aktivist və bloggerləri ətrafıma topladım, Azərbaycanda Rusiya həqiqətlərini çatdıran sosial şəbəkə sistemi qurmağa çalışdım. Mən rus insanının xoşniyyətli adını daim yüksək tutdum, ürəyimin səsi ilə bildiyim fəaliyyəti yerinə yetirdim. Və mənim fəaliyyətim Rusiya tərəfdən də aydın görüldü və bəyənildi. Əlbəttə ilk əvvəl çətin idi, mən bir çox dostlarımı itirdim, rusbaş, Rusiya agenti deyirdilər, satqın, xalq düşməni ad qoyurdular, bir çox açıq və gizli təzyiqlər və təhdidlər vardı, çoxları dözmürdü. Mənə qarşı bir çox provokasiyalar həyata keçirilirdi, şükürlər olsun ki, sonda hamısı çat verdi. Mənim fəaliyyətimi diskreditasiya etmək, antidövlət yöndə təqdim etmək istəyirdilər. Amma zaman öz sözünü dedi. Həmin təzyiq və təhdidlər mənə ciddi təsir göstərmədi, əksinə öz əməyimizi professionalcasına mobilizasiya etməyi və fəaliyyətimizi effektiv koordinasiyanı öyrəndim. Mən ətrafıma özüm kimi düşünən çoxlu sayda adamlar toplaya bildim. Biz ölkədə baş alıb gedən rusofobiyaya sinə gərdik, NATO propaqandist maşınına əsaslı zərbələr endirdik, öz missiyamızı uğurla yerinə yetirdik. Hal-hazırda Rusiyaya qarşı düşmən siyasətə hökumət səviyyəsində son qoyulmuşdur, belə anormal siyasət bircə liberal düşərgədə qalmışdır. Ölkənin vacib simaları, siyasi meydanın ağsaqqalları bizim fəaliyyətimizi bəyənirlər və dəstəkləyirlər. Biz düzgün yoldayıq. Ölkəmiz Rusiya ilə dostluq və qardaşlıq birliyinə qədəm qoyur. Sevindiricidir ki, bu birliyin ilk pionerləri biz olmuşuq. Bizim maraqlı inteqrasiya layihələrimiz var ki, tezliklə işə düşəcək. Nailiyyətlərimiz yetərincədir. Bu uzun illərdə internet şəbəkəsində olduqca effektiv işləmişik, Qərbin dezinformasiya sistemi ilə çoxşaxəli mübarizə aparmışıq. Hər halda bizim təbliğatımız İran təbliğatından qat-qat yüksək, keyfiyyətli və ünvanına çatan olub. Ən aşağısı, biz Qərbə sübut etdik ki, regionun ağası sən deyilsən, Rusiyadır. Hal-hazırda antiqlobalist dəst-xətt götürən və ortalıqda olan aktivistlər bizdən çox şeylər öyrəniblər. Biz xüsusi məktəb yaratmışıq. Bu məktəbin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda rusiyaçı hərəkat postsovet respublikalarının, o cümlədən keçmiş sosialist bloku ölkələrinin 80 faizindən güclüdür və masştablıdır. Azərbaycanın demək olar ki bütün rayonlarında bizim dəstəkçilərimiz var. MDB ölkələri mətbuatında bizdən yazmağa başlayıblar. Rusiya-Azərbaycan dostluğunun böyüməsində və güclənməsində bizim töhfəmiz böyükdür. Biz vaxtilə çoxlarının qorxduğu addımları atmaqla lideralların yeritdikləri tabuları qırmışıq, cəmiyyətimizə sırımaq istədikləri satanist bütləri ortalıqdan çıxartmışıq. Artıq yol açıqdır. Daim Rusiyanın xoş adını ucaltmağa çalışacayıq. Mənim bütün həyat kredom Rusiya ilə bağlıdır. Mən bu yola öz qəlbimin səsi, əcdadlarımın çağırışı ilə gəlmişəm. Rusiya bizə ruh verir, onun möhtəşəmliyi, sarsılmaz və hüdudsuz qüdrəti bizi yeni-yeni zəfərlərə səsləyir. Bizim effektiv fəaliyyətimizə enerji verən də Rusiyanın əzəmətidir. Aleksandr Duqinin dediyi kimi, rus mədəniyyəti, rus sivilizasiyası, rus identikliyi, rus missiyası fundamental və dərin oyanış, gur işıq, hədsiz səadət və sevinc mənbəyidir. Biz ortaya effektiv fəaliyyət qoymuşuq. Bizə inanan çoxlu sayda böyük insanlar var. Bundan qabaq dövlət idarəçiliyində ABŞ-ın qabağında əyilən, onun ayağından öpən məmurlar vardı. Onlar ölkədə hökumət səviyyəsində geniş rusofobiya sistemi formalaşdırmışdılar. Hal-hazırda onlar postlarından uzaqlaşdırılıblar. Bu korrupsiya dağarcıqlarına rusofobiya həm də öz soyğunçu və yırtıcı hegemonluqlarını saxlamaq üçün lazım idi. Biz isə onların formalaşdırdığı həmin rusofobiya maşınına qarşı bütün mümkün üsullarla, bəzən də taran yolu ilə mübarizə aparırdıq. İndi çətin və təhlükəli anlar arxadadır. İndi rusiyaçı olmağa nə var ki? Haqqında danışdığınız şəxslər bu periodlardan keçməyiblər, bu çətinlikləri görməyiblər, real təzyiqlərlə və təhdidlərlə üzləşməyiblər, bir neçə ildi ortalıqda peyda olublar, amma hazırının naziri olmaq istəyirdilər. Mənim bu dediklərim hələ olanların cüzi bir hissəsidir, o qədər keşməkeşli, ağlasığmaz və inanılmaz gedişatlar baş verib ki, bu əbləhlərin heç yuxusuna da girə bilməz. Bir rus məsəlində deyildiyi kimi, geri çəkilməyə yer yox idi, arxamızda böyük Rusiya vardı, ona görə də hərdən birbaşa tarana gedirdik. Biz bu çətin missiyanın öhdəsindən bacarıqla gəldik, böyük bir məktəb keçdik, nəticələr çıxardıq, konsepsiyalar işləyib hazırladıq. Elə indi də içimizdə belə neqativlərin peyda olması məhz Qərbin zərərli təsiri ilə bağlı olan nüanslardır. Mən çox şey yaza bilərəm, sizə də maraqlı olar və dərin təəssürat yaradar, amma ehtiyac yoxdur. Əsas odur ki, Rusiyanın nəzərləri daim üstümüzdədir və tutduğumuz yolun haqq yolu olduğuna insanlarımızda böyük inam var. Vaxt olacaq neqativlər ortalığa çıxartmaq istəyənlər də bəzi məsələləri anlayacaqlar. Amma indidən, vaxtkən nəticə çıxarmalıdırlar. Onların orientasiya olunduqları istiqamətin bir ucunun hara bağlı olduğu aydındır. Bu Şərq yolu deyil, Qərb yoludur. Bütün Rusiyaçı təşkilatlardan mənə bildirdilər ki, bu adamlar destruktiv fəaliyyət məqsədilə ortalığa atılmışlar. O boş başlarına vursunlar nə etmək istədilər və hansı adla siyahıya alındılar. Bacarmayacaqlar. Onlar istəsə də, istəməsə də Rusiya qələbə çalacaq. Bəli, bizim naxışımız belədir ki, hökmən qələbə çalacayıq. Bu təkcə mənim inamım deyil, tarixin verdiyi siqnaldır. Ən əsası odur ki, bizim buna böyük inamımız var. Hətta çətin vaxtlarda da, təhlükələrlə üzləşdiyimiz vaxtlarda da biz bu inamda olmuşuq. Çünki Rusiya – həmişə qalibdir. Bizim təşkilatın şüarlarından biri də elə budur. Zoya Kosmodemyanskayanın boynuna faşistlər kəndir keçirəndə də o buna inanırdı. Qafur Məmmədov özünü alman dzotundakı pulemyotun üstünə atanda da buna inanırdı. Panfilovçular Moskva uğrunda son patronlarına kimi vuruşanda da buna inanırdılar. Vaqnerçilər sonuncu qranatlarını sinələrində sıxanda da inanırlar ki, Rusiya onsuz da qalib gələcək. Biz də inanırıq. Bizim təşkilat üzvlərində buna tam əminlik var. Sıralarımızın get-gedə genişlənməsinin səbəbi də budur. Siz də gec-tez buna inanacaqsınız. Bizim işimiz haqq işidir.

Aqil Adiloğlu, “Xəbər saatı”

Комментариев нет:

Отправить комментарий