17.01.2023

İbrahim Sel: Biz Qərbə və atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik


İbrahim Sel: Müasir dünyanın qaydası belədir ki, informasiyalısansa demək silahlısan

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

—Sizi Rusiyanın Azərbaycandakı əsas təbliğatçısı sayırlar...
—Bəli, mən Rusiyanın Azərbaycandakı 1 nömrəli təbliğatçısıyam. Mən Rusiyanın Azərbaycandakı informasiya speçnazıyam. Hal-hazırda facebook və youtube kanallarımın çoxu blok olunub silinsə də, artıq 15 ilə yaxındır ki belədir. Fəaliyyətimizdə əsaslı dinamika var. Mən uzun illərdir həm qonşu Qafqaz respublikalarında, həm də digər keçmiş Sovet respublikalarında bu sahədə gedən fəaliyyəti araşdırıram, açıq-aydın görürəm ki, bizim fəaliyyətimiz daha məhsuldardır, daha effektivdir, daha çoxşaxəlidir. Biz həm təbliğat aparırırıq, həm maarifləndirici iş görürük, həm də insanları qruplaşdırırıq. NATO-nun təbliğat maşınına qarşı əlimizdən gələn qədər mübarizə aparırıq, xalqımızı planlaşdırdıqları kimi zombi sürüsünə çevirmələrinə imkan vermirik. Əlbəttə müəyyən əngəllər vardır, amma bu bizdən asılı deyil. Bilmək vacibdir ki, Rusiya ilə Amerikanın müharibəsi Xeyirlə Şərin müharibəsidir. Bu müharibədə Rusiya Xeyiri, Amerika, Qərb isə Şəri təmsil edir. Rusiyanın mübarizə üsulları Qərbinkindən tam fərqlidir. Bu fərqlilik biz Rusiya təbliğatçıları üçün də problemlər yaradır. Rusiya uzun illərdir informasiya cəbhəsində Qərbə niyə uduzur? Bu müharibənin spesifikası belədir ki, Xeyir müharibəni adi qaydalarla, yəni qəbul olunmuş normativlərə uyğun aparır, Şər isə hər cür şərəfsizliyə və hiyləyə əl atır. Şər hansı yolla olur olsun qələbə çalmağa çalışır. Hansı ki Xeyir ədalət qanunlarına riayət edir, mübarizəsini təmiz, kişi kimi edir, şərəfsizlik etməyi özünə sığışdırmır. Rusiya hətta uduzmaqla üz-üzə qalanda belə alçaq üsullara əl atmır. Çətin məsələdir. Problem bundadır ki, əgər Rusiya rəzil üsullara əl atsa onda Rusiya olmayacaq. Axı necə ola bilər, əgər Xeyir də Şərin apardığı üsullarla mübarizə aparsa onda Xeyir olmaqdan çıxacaq, o da olacaq Şərin bir tayı. Ona görə də Xeyirin əli-qolu bağlanıb. Xeyirin mübarizə üsulları məhduddur, Şər isə hər cür alçaqlığa əl ata bilər, buna görə ona nəsə deyən olmayacaq, Şər – elə Şərdir. Şərin hər bir hoqqasına qarşı Xeyir adektat və haqq-ədalət ruhuna uyğun cavab verməlidir. O buna məhkumdur. Xeyir ad onun üstündədir və bu adı o sonadək ləyaqətlə daşımalıdır. Ona görə də Xeyir geriləyir, bir çox mövqelərdə Şərə uduzur. Müasir dünyamızda ziyankarlıq, hiylə, yalan və alçaqlıq yolu ilə mübarizə aparan daha çox irəli gedə bilir, haqq-ədaləti əldə rəhbər tutaraq meydana atılan yox. Xeyir abrına sığınan qüvvə kimi bəzən mövqelərini verib geri çəkilməli olur. İşıq müharibəsinin mahiyyəti də bundan ibarətdir: qələbə çalmaq üçün elə hər üsula əl atmaq olmaz. Şərin səviyyəsinə enmək olmaz. İşıq ordusu təmiz fikir, təmiz düşüncə, təmiz ruh, təmiz ideya, təmiz əməl ordusu olmalıdır. Ona görə də biz avrasiyaçı təbliğatçıların işlərində müəyyyən paradokslar yaşanır. İşıq ordusu hər yerə nur saça bilmir, çox yerlərə Qaranlıq ordusu öz zülmətini hakim edir. Qaranlıq ordusu hiylə strategiyası, yalan, aldatma üsullarından gen-bol istifadə edir, nəticədə İşıq ordusu çıxılmaz vəziyyətə düşür. Şiəlikdə şəhidlik və mərhumiyyət məktəbi də məhz bu təmizliklə bağlıdır. Biz uduzmağa məhkum olsaq belə İşığın tərəfində olmalıyıq, udmaq və irəli düşmək şansı əldə etmək naminə də olsa Şərin yolunu getməməliyik. Çüni bizim tarixi naxışımız belədi. Allahın bizə qoyduğu nişan belədi ki, biz heç bir vəchlə Şərin tərəfində olmamalıyıq, yoxsa ağır fəsadlar olacaq. Ulularımızın bizə mirası, vəsiyyəti belədir ki, daim İşığın ordusunda olmalıyıq. Rusiyanın Amerikadan fərqli olaraq qanunlara uyğun şəkildə mübarizə aparmaq strategiyası bizim təbliğat işində ümumən götürəndə uduzmağımıza gətirib çıxarır. Düşmən tərəf təbliğat işini udmaq üçün bütün mümkün vasitələrə əl atır. Biz isə qaydalara uyğun oynamalıyıq. Əslində İşıq müharibəsinin, Xeyir və Şər mübarizəsinin əsas qaydası belədir: vacib olan sonda ortalıqda hasil olan nəticə deyil, haqq-ədalət əzmi və onun prinsiplərinə möhkəm şəkildə riayət edərək aparılan mübarizədir. Fikir verin, NATO-nun ölkəmizdəki təbliğat maşını, bu maşını işlədən gülənçi jurnalistlər Rusiya və İran haqda gündə bir yalan xəbər quraşdırıb saytlara və kanallara doldururlar. 30 ildir KİV bu cür xəbərlərlə aşıb daşır. Sizə deyim, mən 10-a yaxın sayt işlətmişəm, xəbərin hazırlanması və dövriyyəsi metodunu gözəl bilirəm. Professional admin kimi, baş redaktor kimi Qərbin öz diskursuna qarşı bu cür yalan xəbərlərdən yüzlərlə, minlərlə quraşdırıb yaya bilərəm, çoxu da bunu qəbul edər, inanar. Bizim də onların dezinformasiya hücumuna qarşı əla cavabımız belə olardı. Amma Rusiyaya bu lazım deyil. Rusiya belə şeyi qəbul etmir. Rusiya öz düşmənləri ilə məkr və hiylə ilə yox, açıq oynamağı xoşlayır. NATO-nun təbliğat maşınından fərqli olaraq Rusiyanın təbliğat maşını deyir ki, yalana yalanla cavab vermək olmaz. Qaranlığın hökmranlıq etdiyi yerlərə sadəcə bol, gur işıq salmaq lazımdır ki, zülmət çəkilsin və aydınlıq yaransın. Bax bəzi sahələrdə geriləməyimizin əsas səbəblərindən biri də budur. Bizim üstümüzə on minlərlə dezinformasiya ilə düşdükləri halda biz onların qabağına quru həqiqətlə çıxırıq.

—Özünüzü informasiya speçnazı adlandırırsız. Müasir cəmiyyətdə informasiya hansı rolu oynayır?
—Müasir dünyanın qaydası belədir ki, informasiyalısansa demək silahlısan. Xalqımız düzgün informasiya almalıdır. Yoxsa satanistlər, qlobal yırtıcılar onu məhv edər. Çox təəssüflər olsun ki, bizdə ictimai fikrin liderləri hələ də gülənçi jurnalistlər və politoloqlardır. Xalqa informasiya vermirlər, informasiyanın surroqatı ilə yedizdirirlər. Əsas xəbər saytlarımız heç bir əhəmiyyəti olmayan dördüncü sort informasiyalarla aşıb daşır. İntellektcə zəif olan kəsim informasaiya zibilinin içində itib batır, nəticədə nurçu juranalistlər kütlənin böyük hissəsini öz yedəklərinə qoşub apara bilirlər. Kütlənin zombiləşdirilməsi əməliyyatı o dərəcədə nəzarətli və diqqətli aparılır ki, hətta öz statuslarının altında əks rəy yazılmasına belə imkan vermirlər. Bizim kütləvi oxucu seqmentinin isə əsasən öz rəyi yoxdur, girir rəyləri oxuyur, çoxlu rəylər eyni şeyi təsdiqləyirsə, o da həmin xüsusda rəy yazaraq statusla razılaşır. Çünki insan təbiəti belədir ki, eyni fikri təsdiq edən rəylərin bolluğu oxucunun həmin fikrə simpatiyasını yaradır. Bizdə bu sarıdan lap faciəlidir, 5-10 saxta profildən qatıq qaradır yazan kimi ictimai fikir də ümumən həmin tərəfə meyllənir. Pensilvaniyadakı imamın kontorundan idarə olunan nurçu jurnalistlər də fəaliyyətlərində məhz bu prinsipə əsaslanırlar.

—Ermənilərlə bizim aramızda 3-cü Qarabağ müharibəsi başlanmasının ehtimalı nə qədərdir?
—2-ci Qarabağ müharibəsinin nəticələrinə rəğmən biz deyirik ki, ədalət qələbə çaldı, amma bunu erməniyə necə başa salmaq olar? Erməni tərəfi uduzan tərəfdi, onun öz anladığı formada ədaləti var və bu müharibədə ədalətin zəfər çaldığını düşünmürlər. Bir tərəfdən də bizi inandırmağa çalışırlar ki, xeyr, əslində ədalət qələbə çalmadı, ədalət onda qələbə çalacaqdı ki, Yerevana kimi gedək, buna isə guya Rusiya imkan verməyib. Erməni tərəfini inandırırlar ki, Rusiya olmasaydı Xəzər dənizinə kimi biçə-biçə gedəcəkdiz, biz tərəfi inandırırlar ki, Rusiya olmasaydı Qara dənizə kimi şumlaya-şumlaya gedəcəkdiz. Hər iki tərəfdə yaratdıqları bu süni natarazlıqdan amerikan səflirlikləri bacarıqla istifadə edirlər və jurnalistikadakı öz agenturaları vasitəsilə müharibəni yenidən qaynatmağa çalışırlar. Tez-tez mətbuatımızda, eləcə də mətbuatın təsiri ilə cəmiyyətimizdə belə fikirlər səsləndirilir ki, Qarabağ müharibəsində Rusiya Ermənistanın tərəfində oldu. Müharibənin gedişatında Rusiya əlindən gələni elədi ki, işlər nizama düşsün və əslində bizim də yox, haqqın tərəfində oldu. Haqq tərəf isə biz idik. İnsanlarımız ilk növbədə onu fikirləşməlidirlər ki, niyə Ermənistanda müharibədən dərhal sonra gecə-gündüz antirus mitinqləri keçirildi? Müharibədən sonra uzun müddət Yerevanda çoxsaylı antirus mitinqlər oldu, amma bizim xalq bu barədə geniş məlumatlanmadı ki, bu etirazların səbəbi nədir. Ermənilər Rusiyaya qarşıdırlar, aydın şəkildə bəyan edirlər ki, Rusiya Azərbaycana kömək elədi. Youtubedəki videolara baxsaz görərsiz ki, onların mitinqlərində “Gömrük İttifaqı – Sibirə havayı putyovkadır”, “Biz ermənilələr – avropalılarıq”, “Rusiya İmperiyasına yox deyirik”, “Bizə Gömrük İttifaqı yox, müstəqil Ermənistan lazımdır” kimi şüarlar olur. Mitinqlərin aparıcıları bildirirlər ki, Rusiyanın məqsədi Ermənistanı ermənilərdən təmizləməkdir. Ermənistan siyasi sferası rusa qarşı nifrətlə aşıb-daşır. Eyni nifrəti içimizdəki öz daşnaklarımız da xalqımıza sırımaq istəyirlər. Professor Qaqik Oqancanyan deyir Ermənistan iqtidarı ilə Azərbaycan müxalifətinin xaricdəki ağaları eyni adamlardır. Hətta bir müddət əvvəl xüsusi saytlar, kanallar yaradılmışdı, hər gün xəbər verirdilər ki, Qarabağda guya artıq müharibə başlayıb, döyüşlər gedir. Məqsədləri budur ki, Qarabağda yenidən müharibə olsun, rus sülhməramlıları burdan qovulsun və yerinə amerikan-fransız qoşunları gəlsin. Fikir verin, hətta bir müddət əvvəl bildirirdilər ki, Qarabağa rus sülhməramlılarındansa BMT-nin Pakistan sühməramlıları gəlməlidir. Hətta Pakistanın vahhabi ordusunun da gəlməsinə razıdırlar, təki rus burdan çıxıb getsin! Əlbəttə ki bu məsələdə Fətulla Gülən sektoruna mənsub Azərbaycan jurnalistikasının katalizatorluğunun böyük rolu vardır ki, biz bunu dəfələrlə qeyd etmişik. Niyə? Bunların azarı nədir ki belə əl-ayağa düşüblər? Haraları ağrıyır? Aha! Çünki Pakistan hərbi komendantlığının bunlarla işi olmayacaq, amma Rus hərbi komandantlığı nə vaxtsa NATO agentlərinin hamısını qol-qıç eləyib, kukuruznik yük təyyarələrinə doldurub sürgünə göndərəcək. Əvvəl-axır bu baş verəcək. Dərd bu dərddi! Azərbaycanda bəzi saytlar Ermənistandakı saytlarla paralel olaraq eyni təbliğatı aparırlar ki, rus burdan getməlidir. Bu xüsusda hər iki tərəfdə eyni formatlı youtube kanalları da yaranıb ki, müharibəni qızışdırmağa, yenidən xoda salmağa hesablanıblar. Bütün bu işlər hər iki ölkədəki ABŞ səfirlikləri tərəfindən idarə olunur. Ermənistan hakimiyyəti və Azərbaycan müxalifəti bir-birlərinin əlinə oynayıb konflikti qızışdırırlar. Bu rəngli inqilablar üzrə ixtisaslaşmış amerikan strateqlərinin köhnə metodudur. Buna “sock puppet” - corab kuklalar metodu deyirlər. Yəqin görmüsüz, ələ keçirilmiş corablardan ibarət teatr var. Bir nəfər hər iki əlinə corab kuklalar keçirir, pərdənin arxasında gizlənib oturur, bu kuklaları danışdırır, güldürür, ağladır, sən də baxırsan, bilmirsən ki hər iki kuklanı eyni adam idarə edir. Kuklalar mübahisə edir, bir-birinə qışqırır, bağırır, hətta arada yumruqlaşırlar da, bir-birini gəmirirlər də. Zalda oturan uşaq-muşaq isə bu kuklaların eyni adamın əlləri tərəfindən idarə olunduğunu anlamır.

—Demək belə çıxır ki, dezinformasiyanın yayılmasında xalqın intellektual səviyyəsinin aşağı olması da mühüm rol oynayır...
—Təəssüf ki, belədi. Tək bizdə deyil, artıq keçmiş Sovet respublikalarının hamısında insanlar baş verənləri məntiq ardıcıllığı əsasında başa düşməyi yadırğamışlar. Sovet vaxtı insanlara elə riyaziyyat və ədəbiyyat keçirilirdi ki, bu fənlər analitik baxış bucağı formalaşdırırdı, xüsusən həmin dövrdə keçirilən riyaziyyat insanın təfəkkür tərzinin formalaşmasında və həyata atılmasında mühüm rol oynayırdı. İndiki yetişən nəslə daha nə o riyaziyyat keçilmir, nə o məntiq verilmir, nə də o təfəkkür qabiliyyətinin formalaşmasına imkan yaradılmır. Şəkli sayta qoyub başlığa yazırlar ki, küçəyə on min adam çıxdı. Şəklə diqqətlə baxanda hiss olunur ki, heç 200 adam da çıxmayıb. Amma indiki insan şəklə ötəri diqqət yetirib başlığa inanır. Və yaxud heç xəbərin içində nə yazıldığına diqqət yetirmədən başlığı oxuyaraq özü üçün nəticələr çıxarır. Ya da şəklin həmin aksiyaya aid olub-olmadığı barədə düşünmür də. Mətbuatımıza indilərdə ton verən amerikan strateqləri, hegemonluq edən nurçu jurnalistlər də belə fokuslanmadan bacarıqla bəhrələnirlər. Zolaq-zolaq fiqur dayanıbsa, demək pələngdir, yaşıldırsa xiyardır, bənövşəyidirsə demək badımcandır. Müasir insanın predikativ təfəkkürü onların əlinə oynayır. İnsanlarımız mətbuatda böyük oyun qurulduğunun fərqinə varmalıdırlar. Biz sizinlə insanlarımızı məhz bu sahədə ayıltmalıyıq. Xalqımızın potensial düşmənlərdən müdafiə immunitetini ancaq bu yolla yarada bilərik. Təəssüf ki insanın elə bir orqanı yoxdur düzü yalandan ayırd edə bilsin. İnsan evolyusiyasının tarixi bazası ondan ibarətdir ki, kim kimi harda aldadaraq yıxdı, kim kimi necə yalan yolu ilə yoldan çıxararaq yedi. İnsanlıq da daim həmin fəlakətli yalanlardan nəticə çıxararaq öz həyat yolunu qura bilib, öz inkişafını müəyyən təhlükəsiz relsə salmağa çalışıb. Biz avrasiyaçı təbliğatçılar xalqımıza bu boşluğu doldurmaqda kömək edirik, qlobal prosesləri düzgün anlatmağa çalışırıq. Bizim xalqın öz pyakinləri, zaznobinləri, duqinləri yoxdur ki, dünyada gedən proseslərin alt qatını aça. Bizim politoloqların əksəriyyəti, yüngül desək yerpənəylərdir. Əslində onlar öz səviyyələrini, mülahizələrini, dəyərlərini çox şişirdirlər. Elə görüntü yaradırlar ki, ideoloji baxışları guya hamı tərəfindən qəbul olunur. Onların fikirlərini statuslarının altında komment yazan özü kimi əbləhlər təsdiqləyirsə, o demək deyil ki başqaları da bu fikirdədir. Abırlı adamların çoxu onlarla ünsiyyətə belə girmir. Hakimiyyətdə də köhnədənqalma çoxlu tutarlı və pullu dayaqları var. Zyomalardı da, bir-birlərinə dəstək verirlər, bir-birlərinin əlinə oynayırlar, bir-birlərini qaldırırlar. Azərbaycan üçün adi haldı bu. Ona görə də hələ ki meydanda at oynadırlar. Bəzilərinin iç üzü artıq açılıb, bəziləri də var özlərini həqiqət və azadlıq mücəssiməsi kimi xalqa soxuşdura biliblər. Hər şey göründüyü kimi deyil. Kişinin oğlu ABŞ səfirliyinin qulabında yatır, NATO kəşfiyyatının pulu ilə arvad-uşaq saxlayır, çıxıb youtubeda Rus-İran agentlərindən danışır. Amma bütün bunlar hamısı müvəqqətidir. Özləri də bilirlər, az qalıb, hacıleylək gələcək. Liberast camiədə bəziləri şirin yuxularda, xam xəyallardadırlar, hər halda buna özlərini kökləməyə çalışırlar, amma böyük dəyişikliklərin astanasındayıq, özlərini gözləsinlər.

—Bilirik ki, məhsuldar mütaliə ilə məşğul olursunuz. Mütaliə sizə nə verir?
—Son bir il ərzində oxuduqlarım Duqinin noomaxiyaları, Korovinin şəbəkə müharibələri, Platonun qədim yunan sistemi, Şellinqin yeni Avropa fəlsəfəsi, qədim alman folkloru, slavyan folkloru, Upanişad təlimi, Puştunvalay etikası haqqında kitablardır ki, bunlar ilk növbədə tədqiqatlarım üçün vacibdir. Əvvəlki vaxtlarımdan fərqli olaraq kortəbii yox, sistemli şəkildə və sırf tədqiqatlarım üçün lazım olan əsərləri oxuyuram. Belə mütaliə həm həzz, həm də rahatlıq verir.

—Nəyə görə daim SSRİ-ni mədh edirsiniz, Sovet dövrünə belə böyük önəm verirsiniz?
—Sovet vaxtı işləyən adam pulsuz olmurdu, cibi pulla oynayırdı. İstədiyin yerdə işləyə bilərdin. Söydüyünüz ruslar pulsuz təhsil verirdilər, ardınca da heç bir süründürməçilik olmadan işə düzəldirdilər. Qapını döyüb, krediti ödəməsən evin əlindən alınacaq deyən bank quldurları yox idi, onların qulağını kəsərdilər. Sovet işləyən adama evi havayı verirdi, indiki kimi qanı qiymətinə 25 illiyə ipotekaya vermirdi. Müəllim və həkim cəmiyyətin ən hörmətli və yaxşı yaşayan təbəqəsi sayılırdı. Söydüyünüz ruslar ildə bir dəfə, iki dəfə sizi Yaltaya, Soçiyə sanantoriyaya göndərirdi ki, gedib kef çəkəsiz, hələ üstəlik 13-cü maaş da verirdi ki, ürəyiniz istədiyi şeyi ala biləsiz. Söydüyünüz rusun vaxtında saxta qida söhbəti yox idi, indi saxta qida yeməkdən xalqın yarısı rak tutub. Söydüyünüz rusun vaxtında valideyni dərd götürmürdü ali məktəbdə oxuyan uşağımın ödənişini necə verim. Kim nə deyir desin, SSRİ doğrudan da fəhlə və kəndlilərin azad və xoşbəxt dövləti idi. SSRİ-nin dağılması onun digər xalqları kimi bizə də ağır iztirablar, alçalmalar hesabına başa gəldi, Qərb kolonizatorları xalqlarımızı əzdilər və təbii sərvətlərimizi talayıb apardılar. Bir məsələni hökmən qeyd etmək lazımdır. Axı SSRİ dağılanda Qərb rəhbərləri rusiyalı idarəçiləri inandırırdılar ki, narahat olmayın, əsas SSRİ idi, bu ki dağıldı, düşmənçiliyimiz aradan götürüləcək, sizinlə dost-qardaş olacayıq. Amma NATO tədricən əvvəl Şərqi Avropadakı sosialist ölkərinə hərbi bazalar yerləşdirdi, sonra keçmiş Sovet respublikalarına dürtülüb Rusiyaya qarşı düşmən mövqelər qurdu. Hətta Gürcüstan vasitəsilə Dağıstan və Çeçenistan ərazisində vahhabilərin əli ilə böyük qırğınlar törətdilər. 11 sentyabr 2001-ci ildən sonra NATO hətta Orta Asiyada da bazalar qurmağa cəhd etdi ki, burdan Rusiyaya zərbələr endirə bilsin. Burda yerlərdə sizlər nə qədər gəlişigözəl sözlərlə bəzəsəz də, Rusiyadakılar özlərinin, eləcə də MDB ölkələrinin, o cümlədən bütün Avrasiya məkanının təhlükəsizlik məsələsini geopolitik metodla həll etmək əzmindədirlər. Başqa yolu yoxdur və bu metod qaçılmazdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyi bu gün açıq şəkildə bəyan edir ki, ABŞ-ın qeyri-adekvat şəkildə irəliləməsinə və müasir təhdidlərinə qarşı cavab verəcək geopolitik metod məhz Avrasiya təhlükəsizliyinin ümumi konsepsiyasına əsaslanan cavab strategiyasının həyata keçirilməsidir. Avrasiya qitəsinin əsas güc dövlətləri olan Çin və İran da bu strategiya ilə tam razıdırlar.

—Sosial şəbəkələrdə sizi Putini həddən artıq bütləşdirməkdə qınayanlar tapılır...
—Kim nə deyir desin, Putin mənimçün müqəddəsdir. Putin mənim nəzərimdə sakral hökmdar, müqəddər çar, dünya padşahıdır. Putin mənim tədqimatlarımda hətta kosmik moderatordur. Bəli, mənim təqdimatımda bu moderatorda yerlə göy kəsişir, atman brahmanla çuğlaşır. Dünyanın bütün təfəkkürlü insanları Putinə və onun rəhbərliyi altında günü gündən irəliləyən, hər dəfə yeni üfüqlər fəth edən Rusiyaya heyran qalıblar. Amma bu gün öz ailəsini idarə eləyə bilməyən adam Putini müzakirəyə çıxardır, öz aləmində onda aşibkalar tapır, fikirləşmir ki, Putin planetin yarısını idarə eləyir, o biri yarısının da haqq-hesabını aparır. Allah rusları yaradıcılıq eşqi və qələbələr üçün yaradıb. Bəli, mən Rusiya heyranıyam. Bu da bizdə genetikdir, babam Stalini ideallaşdırmışdı, mən də Putini. Babam “Vstavay, strana oqromnaya” mahnısını eşidəndə gözündən yaş süzülürdü. O vaxt əlamətdar günlərdə bu mahnını televizorda tez-tez verirdilər və “Katyuşa” kimi bu da Böyük Vətən Müharibəsi veteranlarını duyğulandıran mahnılardan idi. Biz rus sevgisinə uşaqlıqdan oturuşmuşuq və bizi bundan ayırmaq mümkün deyil. Mən rus xarakterini, rus danışığını, rus yanaşmasını, rus təfəkkürünü, rus analiz tərzini, hətta rus üzünün gözəlliyini, rus adətlərini, rus folklorunu, rus tarixini sevirəm. İndi nə edim, öz baxışlarımı kimlərəsə görə format eləməliyəm? Bu gün problemlər içində üzən ortastatistik azərbaycanlının rusa kəm baxmasını qətiyyən anlaya bilmirəm. İnsan batır, boğulur, amma başa düşmür ki, dünyanı məhz rus gözəlliyi xilas edəcək. Rus gözəlliyinə tapınmaq lazımdır. Slavyan qəlbi böyükdür və genişdir. Məhz bu qüdrətləri ilə ruslar qlobusun yarısını fəth ediblər, dünyanın hər guşəsində hörmət-izzətləri var. Bu adamlar öz vətənlərini dərin məhəbbətlə sevirlər, torpaqlarının mətin müdafiəçiləridir, dostluq etməyi və sevməyi bacarırlar. Onların xarakterində elə müsbət notlar var ki, dünyanın bir çox xalqlarında yoxdur. İlk növbədə şərəf, ləyaqət və sağlam ruhları var. Ulularından onlara qızıl əllər, yaradıcılığa hədsiz həvəs, müsbət ideyalar vermək bacarığı, gözəlliyə meyl, hamıya xeyir gətirəcək işlə məşğul olmaq istəyi miras qalıb. Onların gücü də bundadır. Onlar müasir keşməkeşlərdə də dəyişkən dünyanın ritminə əyilmədilər, ənənələrə sadiqliyi saxladılar, SSRİ yenidən bərpa etmək istəyi əsasında ortalığa qoyduqları avrasiyaçılıq platforması ilə bir daha sübut etdilər ki, bəşəriyyətin xilası missiyası daim onların çiynində olacaq. Qədim müştərək Azərbaycan və İran dili saya biləcəyimiz persiya dilində raohsna, rosn, yəni rusnya, rus cəmiyyəti işıq demək idi. Mən işığı orda görürəm – Rusiyada. Göylərə, yükəsəkliyə nə qədər çox yaxınlaşırsansa, rus dilini bilmək lazım olur. Hətta beynəlxalq kosmik stansiyada da danışıq rus dilindədir. Hətta amerikalı da kosmosa uçanda yerlə rus dilində danışır, çünki başqa dildə siqnal yoxdur.

—Bildirirsiniz ki, Qərb diskursu Azərbaycanda oturuşa bilmədi. Sizcə bunun əsas səbəbi nədir?
—Tarixən türk öz kortəbii anladığı inancını slavyan semantikası üzərində qurub. Türk rusa inanır. Türk rusa tapınır. Tarixən belə olub, belə də olacaq. Türkün yaşam fəlsəfəsi və metafizikası rusun orijinal nooloji paradiqması üzərində bərqərar olub. Türk tarixən dövlətçiliyi slavyan imperiyasının sakralizasiyası hüdudlarında, rusun işıq çarlığı metafizikası prinsipi əsasında başa düşüb. Türkün dərin dünyagörüşü də məhz rusun tarixi məişəti ilə ünsiyyətindən aldığı informasiya bazasında formalaşıb. Azərbaycan və Orta Asiya tarixini dəqiq araşdırsaz görərsiz ki, türk tarixən Rusiya İmperiyasının təbəəsi olub, daim bu təbəəliyi almağa can atıb, bu imperiyada rahat yaşayıb, öz əbədi xoşbəxtliyini bu imperiyada tapıb, komplekslərini də məhz bu imperiyada tullayıb. Ona görə də nə qədər ki türk regionda hakimdir, nə qədər ki türk regionda söz sahibidir, regionun əsas semantik ieroqlifi slavyanlıq olacaq, arianlıq yox. Biz Avropaya, Qərbə, atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik və əvvəl-axır rus administrativliyini bərqərar edəcəyik. Tarixi qanunauyğunluq belədir.

Vidadi Novruzov, “Qaynar Xəbər”

Комментариев нет:

Отправить комментарий