07.02.2023

AMERİKA DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARI İLƏ PƏRDƏLƏNİB


Valeri Korovin

Bizim amerikan imperiyaçılığına qarşı nə qədər effektiv və hansı üsullarla mübarizə aparmağımız – bu mübarizə isə sağ qalmağımız üçün hökmən vacibdir – ondan asılıdır ki, bizə qarşı istifadə olunan şəbəkə texnologiyalarının məğzini nə dərəcədə düzgün anlayacayıq və onlardan öz xeyrimizə necə istifadə edəcəyik.
ABŞ üçün şəbəkə müharibələri həm də öz maraqlarını həyata keçirmək üçün xərclədiyi resurslarını minimuma endirmək, düşmənlə açıq qarşıdurmaya girməmək, formal olaraq beynəlxalq hüququ pozmamaqla hərəkət etmək, o cümlədən üstünə humanitar pərdə çəkməklə prinsipsiz xainliyi gizlətmək, məsuliyyətdən yayınaraq onu bölüşmək imkanıdır. ABŞ üçün həqiqi maraqlarının açılması, real məqsədlərinin üzə çıxması qalan dünya ilə açıq qarşıdurması demək olardı. Amerikanlar özlərini nə qədər aşkar və aqressiv aparsalar, müttəfiqləri bir o qədər az olacaq, mənəvi cəhətcə daha az haqq qazandırılacaqlar, daha az insanlar, dövlətlər, xalqlar onları hansısa humanitar dəyərlərin – “demokratiyanın” və “insan hüquqlarının” daşıyıcıları hesab edəcəklər.
Artıq bu gün dünya əhalisinin çox hissəsinə gün kimi aydındır ki, amerikanları heç bir “demokratiya” və “insan hüquqları” maraqlandırmır. Bu bir növ gəlişigözəl sözlərdir, cəfəngiyyatdır ki, amerikanlar dünya ağalıqlarını və bəşəriyyət üzərində total nəzarətlərini qurmaq kimi konkret strateji məqsədlərini pərdələmək üçün dövriyyəyə buraxıblar. Lakin əgər onlar öz imic örtüklərindən də imtina etsələr, axırıncı müttəfiqlərindən də məhrum olarlar.
Bu gün təkcə kəmağıl avropalılar hələ də amerikanların oyununa aldanırlar və ABŞ-ın humanitar demokratik dəyərlər yeritdiyinə inanırlar. Məhz öz idealistik sadəlöhvlüklərinə görə avropalı siyasətçilər amerikan mövzularının işlənməsində könüllü şəkildə yardımçı olurlar, mahiyyətcə tam dəhşətli cinayətlərin iştirakçısına çevrilirlər ki, belə cinayətlər hətta insanlığın ən qəddar diktatura dövrlərində də görülməyib. Amerikan xainliyinin dünyada məhvinə səbəb olduğu qurbanların sayı tarixin ən qanlı tiranlarının, diktatorlarının və totalitar dövlət yaradıcılarının bütün repressiya qurbanları sayından qat-qat çoxdur. Amerikan aktivliyi — dəhşətli qurbanların və dağıdıcı nəticələrin zirvəsi deməkdir. Buna baxmayaraq avropalılar könüllü şəkildə buna qatılırlar və yardımçı olurlar, ona görə ki avropalılarda “demokratiya” və azadlıq” idealları hər şeydən vacibdir, hətta insan həyatından da üstün sayılır. Onlar bu yolda insan qurbanları ilə də barışıblar, o cümlədən iqtisadi cəhətdən çökmələrinə də dözməyə razıdırlar, təki hər yerdə insan hüquqları və azadlıqları bərqərar olsun. Avropalılar “insan hüquqları” məsələsinə dəlilik həddində tapınıblar – bu bir növ Avropa kultu, bütpərəstliyidir ki, ona sitayiş edirlər.
Yalnız bu cür, cəlbedici inam hislərinə qatlamaqla onları amerikanların dünyada törətdiyi özbaşınalıqlarda iştiraka motivasiya etmək olardı. “İnsan hüquqlarına” inam Avropanın sadəlöhv, kəmağıl idealistləri üçün axırıncı arqumentdir. Və onlar həqiqətən bunda iştirak edirlər.
Əgər ABŞ insan hüquqlarının yeridilməsi deklarasiyasından imtina etsə, Avropa ondan üz döndərəcək. Avropa sərbəst şəkildə öz proqramlarını realizasiya etməyə başlayacaq, bu proqramlar həqiqətən də humanitar, qansız olacaq, mərhəmətə əsaslanacaq ki, burda dünyada hər şeyin başı olan insan bir yana qalsın, hər bir canlının həyatına da qiymət veriləcək. Axı avropalı üçün insanın adi saçı da böyük dəyər kəsb edir. Əgər avropalılar bugünkü kimi amerikanların göstərişləri ilə deyil, sərbəst, öz maraqlarına uyğun hərəkət etsələr, əlbəttə itkilər verməyəcəklər. Onda Avropanı hansısa özgə maraq yolunda istifadə etmək mümkün olmayacaq.
Minimal humanizm ruhunda təqdim olunan ABŞ-ın humanitar ritorikası olmasa ABŞ-dan dünyadakı bütün müttəfiqləri üz döndərərlər, hansı ki onlar bu gün amerikanların yırtıcılıqlarında könüllü iştirak edirlər. “Demokratiya” və “insan hüquqları” – axırıncı ideoloji pərdədir, gözə kül üfürmədir ki, bu yolla öz dəhşətli cinayətlərinə mənəvi cəhətdən bir cür bir təhər haqq qazandırırlar. Bu olmasa, hamıya Amerikanın Hitlerdən və Pol Potdan da qat-qat artıq təcavüzkar olması açıq-aşkar aydın olar. Əgər bəşəriyyətin müəyyən hissəsinin mənəvi dəstəyindən məhrum olsa, heç olmasa Qərb dünyası və onun kiçik ərazisi olan Avropa onu dəstəkləməsə, Amerika üçün bu sonun başlanğıcı olar.
Əlbəttə, Amerika hələ də bəzilərini fiziki, hərbi cəhətdən, güc yolu ilə laxladır, məcbur edir, sağa-sola bombalaya bilər. Müttəfiqlərin sayı heçə ensə fərqli mənzərə yaranacaq. Onlar indi köhnəlmiş Yalta sülh konfransının atavizmləri olan BMT-ni və Təhlükəsizlik Şurasını qulaqardına vuraraq açıq oynayırlar. 1999-cı il Yuqoslaviya bombalanmasından sonra ABŞ heç nəyi vecinə almır. Beynəlxalq institutların mövqeyi ABŞ-ı qətiyyən maraqlandırmır. Amerika məhz avropalılara görə az-çox beynəlxalq hüquqa riayət edir və beynəlxalq institutların rəyini nəzərə alır, çünki Avropadakı imicini qorumağa çalışır, transatlantik əməkdaşlığının ömrünü bir az da uzatmaq istəyir, hansı ki bu əməkdaşlıq barədə Avropa liderləri get-gedə daha təşvişlə və inamsızlıqla danışmaqdadırlar. Avropada nə deyəcəkləri, necə yanaşacaqları, avropalı siyasətçilərin necə qiymətləndirəcəkləri, Avropa cəmiyyətinin necə reaksiya verəcəyi Amerika üçün hələ də vacibdir. Axı Amerikanın həyata keçirdiyi şəbəkə strategiyasında cəmiyyətin rolu önəmlidir.
Hal-hazırda ərəb dünyasına girişən amerikanların qurbanları milyonları aşdıqca avropalılar ayılacaqlar, məsələni anlayacaqlar, amerikan varvarlığına yox deyəcəklər. Həmin andan onlar ABŞ ilə əməkdaşlıqdan imtina edəcəklər. Lakin həmin an amerikanlar... qətiyyən mütəəssir olmayacaqlar və deyəcəklər: “Boş şeydi, siz avropalılar olmasaz da olar, bizim işimiz gedəcək, azca qalır, bir az sahəni də betonlayaq, vəssalam, təmiz, hamar amerikan beton qlobusu hazır olacaq. Sizsiz də ötüşərik”. Lakin hələ ki imkan var, ABŞ özünün insan hüquqları cəfəngiyyatına inanan bu cür sadəlöhv müttəfiqlərini özünün şəbəkə proyektlərinə cəlb edəcək, lüt kral kimi Avropanın arxasında gizlənməklə hələ də tam amerikan olmayan dünyanın “boş məkanlarında” demokratiyanın humanitar şəkildə yeridilməsi planlarına və strategiyalarına çəkəcək.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий