27.02.2023

Rusiya ilə imzalanmış Müttəfiqlik bəyannaməsinin əhəmiyyəti

Elşən Manafov

Azərbaycan və Rusiya arasında keçən ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik münasibətləri barədə bəyannamə hüquqi səciyyə daşısa da, o bəyannamə olduğundan parlamentlər tərəfindən təsdiqinə ehtiyac yoxdur. Belə ki dövlətlər arası müqavilələrdən fərqli olaraq bəyannamələrin təsdiqi məcburi deyil, bəyannaməyə imza atmış tərəflər gələcək niyyət və istəkləri ilə bağlı məsələləri bəyan etmiş olurlar.
Bununla belə bəyannamə Rusiya ilə münasibətlərimizdə postmüharibə dövrünün yaratdığı reallıqlarla bağlı əməkdaşlığın konturlarının çəkilməsi, müttəfiqlik münasibətlərinin mahiyyət və təsnifatına aydınlıq gətirilməsi baxımından ciddi siyasi və diplomatik səciyyə təşkil edən bir sənəddir.
Bəyənata imza atmaqla Azərbaycan tərəfi heç bir vəchlə Rusiya əleyhinə olan və ya gələcəkdə təşkil edilə biləcək hərbi siyasi formatlarda yer almayacağını bəyan etdi, Rusiya isə Azərbaycanla münasibətlərinin tarixində ilk dəfə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi şəkildə etiraf etmiş oldu. Bu isə istər diplomatiya tariximizdə, istərsə də Azərbaycanın regional təhlükəsizliyinə ola biləcək mümkün təhdidlərin zərərsizləşdirilməsi baxımından çox ciddi uğurumuzdur.
Azərbaycan və Rusiya bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə ehtiramla yanaşmaq, bir-birilərinin daxili işlərinə qarışmamaq kimi öhdəliklər götürüblər. Rusiya ilə metallurgiya, neft-qaz sektoru, kənd təsərrüfatı, informasiya təhlükəsizliyi, loqistika sahəsində əməkdaşlıq kimi razılıqların da hər iki tərəf üçün strateji əhəmiyyəti var. Bölgəki əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Rusiya Azərbaycanın da yer alacağı Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərinin rentabelliyinin təmin edilməsi ilə bağlı layihələrdə Azərbaycanla eyni mövqedən çıxış edir. Ən əsası Rusiya ilə müttəfiqlik münasibətləri barədə bəyannamə çoxvektorlu xarici siyasətimizin uğurla həyata keçirilməsinin növbəti bariz göstəricisidir, belə ki bu bəyannamədən sonra belə Avropa İttifaqı Cənubi Qafqaz qaz dəhlizi ilə bağlı daha 2 milyard avro neft-qaz sektorumuza investisiya qoyacağı ilə bağlı mövqeyini açıqladı.
Aİ-ni Azərbaycanla danışıqlarda israrla vasitəçiliyiyə dəvət edən Qərbyönümlü Pasinyandan fərqli olaraq rəsmi Bakı balanslaşdırılmış xarici siyasət prinsiplərindən çıxış edərək bu məsələdə təşəbbüskar mövqedə çıxış etmir. Ermənistanın mövqeyi isə onun Rusiya ilə münasibətlərində yüksələn xətlə artan gərginliyin əsas səbəblərindəndir. Zira bu mövqe Rusiyanın Cənubi Qafqaz regionunda təsir imkanlarının məhdudlaşdırılmasına hesablanmış mövqedir.
Rəsmi Bakı isə özünün təhlükəsizlik maraqlarından çıxış edərək burda dominat rolda çıxış etmir. Dolayısı yolla olsa da Ermənistanın Rusiya ilə münasibətlərində çatın dərinləşməsinə çalışır.

Комментариев нет:

Отправить комментарий