09.05.2023

Bakıda 9 May tədbiri keçirildi


Mayın 9-unda Bakı kommunistləri Nərimanov rayonunda yerləşən "Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 78 ildönümü ilə əlaqədar təntənəli bayram tədbiri keçirtdilər.
Mərasimdə sol vətənpərvər qüvvələrin nümayəndələri, Beynəlxalq Avrasiya hərəkatının Azərbaycan bölməsinin fəalları, Azərbaycan Milli Fədailər Hərəkatının rəhbərliyi, həmçinin Qarabağ müharibəsi veteranları iştirak edirdilər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və İkinci Dünya müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ədalət Abdinov çıxış edərək, xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini bildirdi. O qeyd etdi ki, qəhrəman xalqımızın ümumilikdə 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan Ədalət Abdinov “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıraraq, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçünün dəfn olunduğunu, onların arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğunu vurğuladı.
Natiq, mərhum prezident Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırdı.
Ədalət Abdinov əlavə etdi ki, faşizm üzərində qəhrəmanlıq salnaməsi XXI əsrdə, İkinci Dünya müharibəsindən 75 il sonra bir daha yazıldı. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək tarixi təkrarladılar, faşizm üzərində bir daha Qələbə çaldılar, hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Bu gün Azərbaycan tarixində istər 9 may, istərsə də 8 noyabr tarixləri faşizm üzərində Qələbənin simvoluna çevrilib. Döyüşlərdə həlak olan qəhrəmanlarımız hər zaman yad edilir, şəhidlərimizin ruhları yüksək ehtiramla anılır.
Tədbirdə Azərbaycan Kommunist Partiyasının sədri Telman Nurullayev, Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel, Azərbaycan Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, kommunistlərdən Vüsal Həsənov, Bahadur Nurullayev və Rasim Məmmədov çıxış edərək vurğuladılar ki, Böyük Vətən müharibəsində qələbənin digər bir vacib amili də Abşeron yarımadasından çıxarılan Azərbaycan nefti olmuşdur. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
Həmin illərdə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb – çıxış edənlər bildirdilər.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər. Daha sonra kompleksdə dəfn olunmuş əsgər və zabitlərin məzarları ziyarət olunub.

Azərbaycan KP MK-nın mətbuat xidməti

Комментариев нет:

Отправить комментарий