Azərbaycanın ən böyük tikinti maqnatı, "Şərur" MTK-nın sədri, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov “Yeni Müsavat”a müsahibəsində keçdiyi həyat yolu, hazırkı işləri və haqqında səslənən iddialar barəsində danışıb.
İsfəndiyar Axundovla müsahibəni təqdim edirik.
- İsfəndiyar bəy, hazırda hansı layihələr üzərində çalışırsız?
- Türkiyədə, Azərbaycanda inşaatla, sosial obyektlərin tikintisi ilə məşğulam. Bundan əlavə mağazalarım, restoranlarım da fəaliyyətdədir. Yəni ümumi desəm, hər tərəfli işləyirik. Bir tərəfli iş qurmamışam. Fermam da var, istilik sistemi ilə pomidor da əkirik. Böyük metal konstruksiya zavodum, şadlıq evlərim var. “Hollivud”, “Siyaqut”, “Flaminqo”, “Prins” şadlıq evləri mənimdir.
- Bu qədər işin arasında gündəlik həyatınız necə keçir?
- Hər gün bulvar ərazisində 4-5 kilometr gəzirəm. Bu, mənim daimi fəaliyyətimdir. Eyni zamanda səhər saat 9-dan 18:00-a qədər də ofisdə iş başındayam. Yeməyim də çox dietikdir. Yağdan, duzdan və şirniyyatdan uzaq dururam. Demək olar sadaladığım təamları 25 ildir ki, dadmıram. Əvvəllər təzyiqim olub, onu da özüm müalicə edib sağaltmışam. Ən çox yediyim çiy qidalardır. Yəni meyvə, göyərti, qarpıza daha çox üstünlük verirəm. Ən çox sevdiyim qida qarpızdır. Səhər durub doyana qədər qarpız yeyirəm, günorta saat 4-5-ə qədər ac qalıram. Sonra da alma, heyva və ya qoz yeyirəm.
- Yəqin qonaqlıqlarda çox olursuz. Orda da yeməklərdən imtina edirsiz?
- Çox az hallarda qonaq gedirəm. Gedən zaman da orda da az yeyirəm. Öz qidalarıma daha çox meylliyəm. İnsan özünə baxmasa hər şeyi gedər. Atalar deyir pulunu itirsən heç nə itirmirsən, sağlamlığın getdisə hər şeyi itirirsən. Sağlam olan zaman hər şeyin qədrini bilmək lazımdır.
- Gəncliyinizdə heç pulsuz qaldığınız zamanınız olubmu?
- Deyim ki, heç birinci sinfə də getməmişəm. Elə uşaqlığımdan işləmişəm. Gəncliyim, uşaqlığım həddindən artıq ağır keçib. Deyərdim ki, mən uşaqlıq yaşamamışam. 16 yaşında bənna olmuşam və o zamana qədər də xırda işlərlə məşğul olmuşam. Yəni özümü dərk edəndən işləmişəm. Uşaqlığımda bir çadırım, bir itim, bir də atım var idi. Dağda çadırda yatırdım. Ətrafımda da ilanlar. Yəni bu günlərdən keçib gəlmişəm.
- Sizə “Şərurlu İsfəndiyar” deyirlər. Şərur üçün hansı işləri görmüsüz?
- Mənə dostlarım bu cür ad veriblər. Əslən isə Qərbi Azərbaycandanam. Şərurda anadan olmuşam və buna baxmayaraq Qərbi Azərbaycana da tez-tez gedirdim. “Şərurlu” adını mənə veriblər, özüm götürməmişəm. Şərurda hansısa iş görmürəm. Naxçıvanın özündə ev almışam, gedəndə orda qalıram. Eyni zamanda Şərurda da tez-tez oluram. Lakin orda hansısa iş görmürəm. Şərurda da heç bir qohumum yaşamır. Hamısı gəlib Bakıya, mən də ev vermişəm yaşayırlar.
- İmkansızlara əl tutursuz?
- 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev iş adamlarına müraciət etdi ki, kömək etmək lazımdır. O zaman Binəqədi batalyonunun ailə üzvlərini öz himayəmə götürdüm. Onların hamısını saxlayıb, hər ay da maaşlarını verirdim. İndi də dövlətə çox ucuz qiymətə evlər tikirəm. Təsəvvür edin ki, sosial evləri təmirlə birlikdə kvadratını 500 manata verirəm. Yəni 50 faiz güzəşt edirəm. Dövlətin mənə müraciəti oldu ki, bir müəssisə 1036 adamı aldadıb. Mən həmin insanları evlə təmin etdim. Hazırda da mənzillə təmin edəcəyim insanlar var. Xırdalanda bir qisim insanları aldadıblar və onların hamısını öz vəsaitim hesabına mənzillə təmin edəcəyəm.
- Belə məlumatlar var ki, “Şərur MTK” vətəndaşları aldadır, kommunal xətləri çəkmir, problem olan zaman həll etmirlər. Bu doğrudur?
- İndiyə qədər bizim xətlərin heç birində problem olmamışdı. Ancaq bu yaxınlarda Yasamalda belə bir hadisə baş verdi. Birdən-birə su kəsildi və binada 1 həftə su olmadı. Savadlı adamlar başa düşürlər ki, mənim əlimdə krant yoxdur. Sonradan məlum oldu ki, “Azərsu”nun əməkdaşları, təmir zamanı suyu bağlayıb, sonra da açmayıblar. Mənim işim tikmək, qurmaqdır. Su, işıq və digər kommunal məsələləri mən vermirəm. Bunun üçün müvafiq qurumlar var. Başqa heç bir problem ola bilməz.
- İnternet saytlarında bir mənzili fərqli adamlara satmağınızla bağlı da məlumatlar dolaşıb. Buna izahınız nədir?
- Bizdə belə problemlər olsa, dövlət bizə etibar edib iş gördürməz. Bəzən elə bir problem yaradılır ki, anlaşılmaz olur. Bir məsələni sizə danışım. Hazırda “Mur-Ay” MMC şirkətinin rəhbərləri həbs olunub. Bu şirkəti ləğv edib obyektlərini mənə verdilər. Həmin şirkətin aldatdığı insanları evlə təmin etdim. Müqavilədə də yazıldı ki, insanları 85 min kvadrat mənzillə təmin etmişəm. Digər mənzillərə isə təminatçı deyildim. Ancaq buna baxmayaraq elə insanlar var idi ki, onlar istintaqdan keçməmişdilər. Bu adamlar yenidən məhkəməyə müraciət edib, köhnə evlərinə qayıtmaq üçün məhkəmədən qərar almışdılar. Həmin adamlar gəlib bizim ev verdiyimiz insanlara deyirdilər ki, mənzili “Mur-Ay” MMC-dən almışıq, evi tərk edin. Yəni mənzili mən satmamışdım. Problem qeyd etdiyim kimi idi. Süni bir şey yaradıb, mənim adıma çıxmaq istəyirlər. Ancaq mənim bütün sənədlərim yerində idi və qanunsuz heç bir iş görmürdüm. Orda 1036 adama ev vermişdim. Yerdə isə 200-ə yaxın adam qalırdı. O adamların evlə təmin olunması mənə tapşırılmamışdı. Əgər dövlət tapşırarsa, həmin adamları da mənzillə təmin edə bilərik. Ancaq bir mənzili heç zaman iki adama satmamışam. Əgər kimsə sübut eləsə ki, bir mənzili bir neçə adama satmışam, bunu sübut edən şəxsə 100 ədəd mənzil bağışlayacam.
- Dövlətin böyük layihələrini həyata keçirirsiz. Hər hansı bir dövlət vəzifəsi tutmaq arzusunda olmusuz?
- Mən heç orta məktəbə də getməmişəm. Dövlətdə də heç bir vəzifə arzusunda olmamışam. Dövlət sifarişləri ilə də işləməmişəm. Şəxsi işlərimi görmüşəm. Heç bir dövlət adamı ilə əlaqəm olmayıb.
- Məlumat yayılmışdı ki, ləğv edilmiş MTN naziri Eldar Mahmudovla “Orxan” MMC adlı qurum yaradıb, işlər görmüsüz. Bu məlumat doğru idi?
- Xeyr, bu məsələ fərqli formada olub. Məlumat verim ki, o şirkətin yiyəsi biz olmamışıq. Həmin şirkət pis vəziyyətə düşəndə, insanlar çətin durumda qalanda mənə deyiblər, insanları evlə təmin etmişəm. Yəni “Mur-Ay” MMC-də olduğu kimi burda da insanlara köməklik etmişəm. Onun təsisçisi, idarəedicisi mən olmamışam. İnsanlar elə bilirlər ki, nə olsa da bunu biz edirik. Belə deyil.
- Bəs yazılanlara nə üçün zamanında reaksiya vermədiniz? Bu yazıları oxuyanda nə düşünürsüz?
- Bunları elə-belə qəbul edirəm. Çox da fikir vermirəm. Görünür yalan məlumatları yazanların da çörəyi ordan çıxır. Ona görə də heç bu adamları məhkəməyə də vermirəm. O qədər işim var ki, bu kimi şeylərə baş qoşmağa vaxtım yoxdur. Kim nə istəyirsə, yazsın.
- Övladlarınız ali təhsil alıblar?
- Bəli, övladlarım təhsil alıblar. Nəvələrimdən biri Amerikada ali təhsil alır, digərləri isə orta məktəbdə oxuyurlar. Deyirəm heç mən oxumasam da, qoy onlar ali təhsil alsınlar.
- İmkansız tələbələrin təhsil haqlarını ödədiyiniz vaxt olub?
- Bəli, Binəqədi Rayon İcra Hakimiyyətindən siyahı veriblər, həmin tələbələrə yardım etmişəm.
- Oğlunuzun universitetə bahalı 650 min dollarlıq maşınla getməsi barədə xəbər yayılmışdı. Həmin maşının aqibəti necə oldu?
- “Lamborghini” də var, “Ferrari” də, lap hələ “Bentley” də. Cavan adamdır. İstəyir, sürsün də. Biz işləyirik və qazanırıq. Mənim özümün də maşınım “Lexus”du. Yuxarıda sadaladım ki, nə qədər obyektlərim var, iş görürük. 68 yaşım var və hələ də məzuniyyətə getməmişəm. İstəsəm heç işləmərəm. İcarəyə verdiyim obyektlərdən aldığım gəlirlər ömrüm boyu mənə də, övladlarıma da bəs edər. Ancaq illər boyu ünsiyyət yaratmışıq və bir dəqiqədə bunları atmaq olmaz. Ömrümün çoxu gedib, azı qalıb. Biz də bu dövlətə xidmət edirik və edəcəyik. İnsan özü üçün yaşasa, bu mənasız olar. İnsan həm də dövləti, milləti üçün yaşamalıdır.
- Oğlunuza görə sizə xəbərdarlıq edilibmi? Onlarla söhbət aparırsız?
- Uşaqlarımın həm tərbiyəsi ilə məşğulam, həm də söhbət edirəm. Bilirəm ki, oğlumun hərəkətinin mənim üçün zərəri ola bilər. Ancaq buna baxmayaraq, bütün məmurlar da eyni fikirdə deyillər. Onların içərisində dövlətinə, xalqına xidmət edənləri də çoxdur. Bəziləri də istəyər ki, kiməsə ləkə yaxsın. Bu cür insanlar dünyanın hər yerində var.
- Banklara borcunuzun olması ilə bağlı xəbərlər var. Sirr deyilsə borcunuz nə qədərdir?
- Təbii ki, banklara borcum var. Bu xəbərlər doğrudur. Hazırda banklara 20 milyon manat borcum var. Bu, mənim üçün çox xırda rəqəmdir. Hər bir adam öz işini idarə etməlidir. Biz həmin pulları götürən zaman 3 dəfə bahasına obyektlər qoymuşuq. Biz Türkiyədə də çox böyük işlər görürük.
- Türkiyə iqtisadiyyatındakı gərginlik sizi zərərə saldımı?
- Türkiyə bizim üçün qardaşdır. Hazırda bəzi güclər orda qarşıqlıq yaratmağa çalışırlar. Ancaq Rəcəb Tayyib Ərdoğan bütün bu hiylələrin qarşısını ala bilir. O çox müdrik insandır. Ümumiyyətlə, dünya siyasətini yaxından izləyirəm. Jurnalist olayı ilə də Türkiyəni oyuna salmaq istəyirdilər. Ancaq Ərdoğan yaradılan bu problemi də həll etdi. O bildirirdi ki, mən həm masada, həm də sahədə olacağam. Türkiyədəki iqtisadi vəziyyət də bir külək idi. Gəldi və getdi. Doğrudur, orda böyük şirkətlər çox pis vəziyyətə düşdülər. Ən böyük holdinqlər orda zərər çəkdi. Mənim isə nə zərərim oldu, nə də xeyrim. Tikmişdik, sata bilmədik. Saxladıq ki, sonra sataq.
- Maraqlıdır ki, siz heç orta məktəbə də getmədiyiniz halda, bu boyda işlər görüb, böyük rəqəmlərlə işləyirsiniz. Bunların öhdəsindən necə gəlirsiniz?
- Hamısı beynimdədir. Bayaq bir sənədlə bağlı satış şöbəsinin müdirini çağırıb məlumat alıram. Xatirimdədir ki, həmin sənədi bir neçə il öncə almışıq. Satış şöbəsinin müdiri deyir ki, elə bir şey yoxdur. Dedim get araşdır, tapacaqsan. Araşdırdı və gördü ki, həqiqətən də sənəd var. Yəni insanların kompüterə yazdıqlarını, mən yaddaşıma yazıram. Yaddaşım çox güclüdür. Onu da deyim ki, mən həkimlik də edirəm. Həkimlər deyirlər ki, gəl gedək bizimlə xəstələrə bax, pulun yarıdan çoxu sizin olsun. Xeyli adamları sağaltmışam. Deyim ki, təzyiq problemim vardı və onu da özü sağaltmışam. Bir neçə il qabaq gözümdə də zəiflik vardı. Onu da özüm sağaltdım. İnsanın özünün iradəsi olmalıdır. Piyada gəzmək, üzmək çox vacibdir. Eyni zamanda qan da vermək önəmlidir. Heç bir həkimə müraciət etmirəm. Yalnız özüm-özümü sağaldıram. İnsana zərərli olan bir neçə şey var ki, onlardan əl çəksən, rahat yaşayarsan.
- Dinə münasibətiniz necədir?
- Dinlə elə də maraqlanmıram. Bircə Allaha inanıram. Bu seyiddir, bu molladır deyə kimlərisə ayırmıram. Mollaların da bəzilərinin danışığını bəyənmirəm. Ümumilikdə dinə bağlı deyiləm. Ancaq yas mərasimlərində iştirak edirəm. Bu, bizim borcumuzdur.
- Hazırda Bakının bir neçə yerində sürüşmə hadisəsi baş verir. Konkret olaraq sizcə Badamdardakı vəziyyətin günahkarı kimdir?
- Günahkar sakinlərin özləridir. İnsanın hədəfi, baxışı olmalıdır. Ümumiyyətlə, hər zaman təhlükəli şeylərdən uzaq olmuşam. Çünki insan özünü və həyatını qorumalıdır. Bu günə qədər Bakı şəhərində 100-dən çox bina tikmişəm. Mənim həyatım o binaların hər birindən asılıdır. O binalarda nə isə olarsa, bununla da mənim həyatım sona çatar. Ona görə də binaların fundamentindən tutmuş, son tamamlanma işlərinə qədər nəzarət edirəm. Fövqəladə Hallar Nazirliyi yaranmadan öncə Bakıda pərakəndəlik idi. Kim istəyirdisə, ev tikirdi. Azərbaycanda bir ev iki-üç nəfərə satılır və bunun da günahkarları var. Türkiyədə belədir ki, bank sənə “kupça” da verir, nəzarət də edir. İstəsən də ikinci adama sata bilməzsən. Rusiyada da buna ciddi şəkildə nəzarət edən sistem var. Orda mənzil almaq istəyən dövlət qeydiyyatından keçir. Bizdə isə fundamentini qazıb, gələcək sakinlərə telefon, televizor və digər bu kimi məişət əşyaları verib, özlərini reklam etdikdən sonra işə başlayırlar. Heç nəyi olmayan adamları elə reklam edirlər ki, adam çaş-baş qalır. İnsanların çoxu bəzən ucuzluğa, boş reklamlara qaçıb aldanırlar. Qəpik-qəpik yığdıqları pulu 5 dəqiqənin içərisində bir “moşennik” aparır. Xalqı da, dövləti də qorumaq lazımdır. Bulvarda gəzən zaman görürəm ki, kimlərsə əlində nə isə yeyib, kağızını da atırlar küçəyə. Onlara yaxınlaşıb deyirəm ki, bu ölkə də, bulvar da bizimdir. Buranı niyə çirkləndirirsiz? Həmin insanlar məni başa düşüb, üzr istəyirlər. Hər şeyi cənab prezidentin üstünə atmaq lazım deyil. Bəzən toy zalında otururam və görürəm ki, bir insanın ətrafı doludur uşaqlarla, bu da siqaret çəkir. Ona da yaxınlaşıb xahiş edirəm ki, gələcəyimizi məhv eləməsin, siqareti çöldə çəksin. Bunları deyəndə təzyiq etmirəm. Xahiş edirəm. İnsanı şirin dillə başa salmaq lazımdır. Yanaşma, fikir düzgün olmalıdır. İnsanların hamısı dövlətini, millətini, prezidentini qorumalıdır. Azərbaycan günbəgün inkişaf edir. Xoşbəxt adamıq ki, Azərbaycanda yaşayırıq.
- Azərbaycanda bunun qarşısını almaq üçün hansı sistem yaradılmalıdır?
- Ya Əmlak Məsələləri Dövlət Komitəsində, ya Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində bir orqan yaradılmalıdır. Mənzil almaq istəyən getməlidir həmin orqandan qeydiyyatdan keçməlidir. Orda qeyd olunmalıdır ki, filan MTK-nın tikdiyi binada, məsələn, 5-ci mərtəbə bu vətəndaşa satıldı. Mənzili qaytaran zaman da gedib həmin qurumdan qeydiyyatdan çıxmalıdır. Mən bunu təklif kimi irəli sürəndə Daxili İşlər Nazirliyi çox bəyəndi. Ancaq bəzilərinin xoşuna gəlmədi.
- İsfəndiyar bəy, aksessualara münasibətiniz necədir? Sizin də bahalı saatlarınız varmı?
- Vallah, mənim elə şeylərə marağım yoxdur. Maşınıma baxsanız, görərsiniz ki, necə sadə vəziyyətdədir. Heç saatım da yoxdur. Pencəyimin qiyməti 50 manatdır, köynəyimi də 30 manata almışam. Telefonumun isə qiyməti 300 manatdır. Məndən olsa 2-3 min manatlıq maşında gəzərəm. Ancaq düşünürəm ki, insanlar ona da başqa don geyindirirlər ki, qıymazlıq edir. Əslində isə insan özü üçün yaşamalıdır. Digərlərinin fikirləri əhəmiyyət daşımamalıdır.
- Yəni pul sizi dəyişməyib?
- Dəyişə də bilməz. Ağıllı adamı pul və vəzifə dəyişə bilməz. Kim ki, pulla, vəzifə ilə dəyişəcəksə, onun gələcəyi yoxdur. Verən də Allahdır, alan da. İnsan elə münasibət yaratmalıdır ki, əlindən hər şey gedəndə heç olmasa kiminsə yanına getməyə üzü olsun. Bir insan ki, keçmişinə baxa bilmədi, onun gələcəyi yoxdur. Bəzən sual verirlər ki, arzunuz nədir. Deyirəm ki, mənim bu qədər böyük arzum olmayıb. Düşünməmişəm ki, indiki vəziyyətə gəlim. Ən böyük arzum bu olub ki, Bakıda 2 otaqlı evim, bir də “Juqilim” olsun. Bundan böyük nə arzu edə bilərdim ki? Əldə etdiklərimi verən Allah və dövlətimizin yaratdığı şəraitdir. O qədər çətin günlər keçirmişəm ki, bu qədər yaşayacağımı bilməzdim. Allah mənim ömrümü də verib. 68 yaşım var, çox sağlamam.
- Bayaqdan tez-tez “çətin ömür” ifadəsini işlədirsiz. Nəyi nəzərdə tutursuz?
- 25 yaşına qədər bənna işləmişəm. Söhbət tək bənnalıqdan getmir. Uşaq olanda hər gün 14 kilometr yol gedib, 2 növbə işləyirdim. 12-13 yaşımda minirdim qatara, gedirdim İrəvana. Bir xurcunum vardı. Onun içərisini müxtəlif xırda əşyalarla doldurub, gətirib satırdım. Küçələrdə top, albom satırdım. Çörəkpulu qazanmaq üçün dayanmırdım. İndiyə qədər mənə heç kim kömək etməyib. Heç kim əlimdən tutmayıb, qabağa çəkməyib. Hamısını öz zəhmətimlə qazanmışam. 2-3 ay fəhlə işlədim, gördüm ki, bənna ondan yaxşıdır, bənna oldum. Sonra yavaş-yavaş yüksəldim və öz işimi qurdum. İndiki ofisimin də proyektini özüm çəkmişəm. Yəni beynimdəki fikri həyata keçirməyə çalışıram. İndiyə qədər heç kimdən məsləhət də almamışam və sonu da yaxşı olub.
- Biznesinizi nə zamansa xaricə köçürmək istərdiniz?
- Xaricdə işləmək də olar. Ancaq vətəndən imtina edib, getmək mümkün deyil. Əsas sərmayən vətəndə olmalıdır. Təxminən 10 il qabaq bir cavan oğlanla söhbət edirdim. Dedi ki, mən çox savadlı oğlanam, ancaq arxam yoxdur. Ona dedim ki, səni özümə oğul kimi qəbul edərəm. Adını çəkməyəcəm. Bu gün həmin şəxs dövlətə milyardlarla xeyir verir. Həmin adam mənimlə şərikli ev də tikir və hazırda 200 mühəndisi var. Heç bilmirdim ki, həmin adam hansı rayondandır, kimdir. Görürsən ki, bu adam istedadlıdır, ona yardım etməlisən. Olub ki, xeyli adama kömək etmişəm, ancaq heç bir nəticəsi olmayıb. Kiməsə kömək edəndə, ondan nə isə güdmürəm. Çox insana kömək etmişəm. Adam olub ki, gəlib məndən iş istəyib. Görmüşəm ki, ağıllı uşaqlardır. Onlara ayda 15 min manat maaş verirəm. Halbuki, bu adamlar məndən 600-700 manat maaş istəyiblər. Görmüşəm, ağılı, zəhməti yerindədir, istəməmişəm ki, əziyyəti yerdə qalsın. Hər şeyi gərək düzgün qiymətləndirəsən.
Комментариев нет:
Отправить комментарий