17.07.2011

Avtobusdakı xalqım

Dilqəm Əhməd

O gün şəhər nəqliyyatında bir neçə maraqlı hadisələrin şahidi oldum. Marşrut avtobusda bir neçə maraqlı hadisəni müşahidə etdim. Avtobus el dili ilə desək ağzınacan dolu idi və yenə el dili ilə desək qabaq qapıda cavan bir qardaş çox qəribə bir əl hərəkəti ilə yaşlı bir kişinin cibinə girməyə çalışırdı. Biləyini çox qəribə formada əymişdi və 3 barmağını tədricən kişinin cibinə salmağa çalışırdı. Birdən başını qaldırarkən cavan oğlan baxdığımı görüb əlini çəkdi və üzünü başqa tərəfə çevirdi. Fərdlərlə çalışdığım üçün oğlan mənə baxmasa da, bu hadisədən sonra maksimum dərəcədə onun üz cizgilərinə və hərəkətlərinə diqqət etməyə başladım. Oğlan əvvəlcə dərin bir şəkildə udqundu, hava yağmurlu olsa da, udqunmağından boğazının baş verən hadisədən sonra qup-quru quruduğunun fərqinə varmamaq imkansızdı. 10 dəqiqə müddətində üzü ancaq bir tərəfə baxdı, ardınca daha dözməyərək avtobusun pəncərəsini açaraq dərin nəfəs almağa başladı. Üzü qızarmışdı. Bütün bu hadisələr cavan oğlanın peşəkar oğru olmadığını göstərirdi, bəlkə də ilk siftəsi olacaqdı, amma onun vicdan təri axıtdığı gerçək  idi.  Səs oğurlayanların vicdan təri varmı görəsən?
Ardınca iki qadının söhbətinə qulaq asıram. Biri yaşlı, digəri isə təxminən 27-30 yaşında olan bir xanım idi. Məlum oldu ki, gənc qız uşağı olmadığına görə yoldaşından ayrılıb və bundan depressiyaya düşən qız birbaşa falçının yanına üz tutub. Falçı isə bildirib ki, sənin qismətin ikinci dəfə kəbin kəsdirməkdən asılıdır. Bunu qəbul etməyən qız maraqlı bir variant kəşf edib və keçmiş ərinə təklif edib ki, gəl kəbinimizi təzələyək, bəlkə uşağımız oldu. Kişi isə qəbul etməyib. Qız elə yazıq-yazıq danışırdı ki, tanımadığım o kişini bir anlıq döymək istədim.
Axşamüstü işdən evə qayıdarkən isə hansısa problemdən havalanmış bir sürücünün avtobusuna mindim. Yolboyu vətəndaşlara maraqlı arzular arzulayırdı: “Allah mənim qaynanamın ömründən kəsib sizə versin”.  Avtobus Göy məscidin yanına yaxınlaşanda sürücünün növbəti xəbərdarlığı eşidildi: Ofirist mollaların ofisində düşənlər buyursun))). Ardınca Asiya universitetini Asya xalanın universiteti kimi təqdim etməsi və ona “müəllim” deyən sərnişini tənqid etməsi xalqımın avtobusdakı təmsilçilərinin neçə faizinin bu cür olduğunu düşünməyə başladım. Ümumiyyətlə, avtobus sürücülərində yeganə qibtə etdiyim şey onların səbrləridir. Allah sürücülərimizi havalanmaqdan qorusun.

Комментариев нет:

Отправить комментарий