16.07.2011

Öpüşək, inkişaf edək!

Yusif Əsəd             Professional Oxucu Liqası

 Qəzetlərdə tez-tez xəbərlərə, tələbə şikayətlərinə rast gəlirik ki, polis bulvarda öpüşən gəncləri tez-tez tutub şöbəyə aparır və pul alıb buraxır. Rejim sevən qəlblər üçün əsl cəhənəm yaradıb. Lopabığ və yekəqarın asayiş keşiçilərimiz arada qucaqlaşan cütlük görür, hücum çəkir ora. Onsuz da heç bir həyat şəraiti olmayan məmləkətdə iki sevən şəxs özünü qürbətdəki kimi hiss edir. Bu ağır mühitdə onlar bir çəkisizliyə düşürlər. Ətrafda baş verənlər eyinlərinə olmur. Kimdir dünyadan xəbərsizlər? Körpələr, yatanlar və sevənlər.
 Dünyadan xəbərsizləri- sevənləri "ay bala Azərbaycandasan, özünə gəl, qayıt elə-obaya, kollektivə" həyəcan siqnalı ilə qorxutmaq onlarda həqiqi qürbət arzusu oyadır. "Ah, nə yaxşı olardı Almaniyada yaşasaydıq. Utanmadan öpüşərdik bol-bol" -düşünürlər.
 İnsanlar öpüşürlər, çünki onların buna ehtiyacları var. Bu ehtiyaca qarşı rəsmi qadağa olmadığı üçün polislərin və qeyrilərinin müdaxiləsi hüquq pozuntusudur.
 Azərbaycanda öpüşmək ona görə ayıb sayılır ki, ümumilikdə adamlar sosial sifarişlə, cəmiyyət tələbi ilə, ailə təpkisi ilə cütləşirlər. Seks tələbin ödəndiyi zövqlü hadisə deyil, vəhşi tələbin ödəyicisi məzmunu daşıyırsa ona münasibət kölgəli olacaq. Seks azadlığı olmayan cəmiyyətdə öpüşmək də qeyri-təbii qarşılanacaq.
 Niyə qeyri-rəsmi, qanunsuz-qaydasız hüquqları pozulan "öpüşənlər" özlərinin müdafiəçiləri deyillər, elementar tərzdə izahlı-sübutlu hisslərinin tərəfindən çıxış etmirlər?
 Hər kəs ilk növbədə özü özünün vəkili olmalıdır. Sonrakı mərhələdə bu işin peşəkarına üz tutmaq önəmlidir. Bizdə məhkəmə ifadəsi qorxunc təsəvvür yaradır. Əgər kiminsə işi məhkəməyə qədər çatırsa bu ayıb sayılır. Niyə özümüzü müdafiəyə qalxmaqdan utanırıq? Hətta qorxuruq. Azərbaycanda hüquq sistemindən, güc stukturlarından "qorxu kabusu" uydurması adamın lap zəhləsini tökür. Nədən qorxmaq, kimdən qorxmaq lazımdırı bilmədən, qorxmaq lazımdır kredosu ilə yaşayır əhali. Polis asayişi qorumaq üçündürsə, niyə adamlar ondan "xortdan" kimi hürkürlər? Ey azərbaycanlılar, hüquqlarınızı tanıyın.

Комментариев нет:

Отправить комментарий