17.09.2012

Faiq Balabəyli. Yağışı sevməyən qız

 Səhərləri akvariumda okean həsrəti yaşayan bir balığın göz yaşları ilə açılır

Şairə  Aytən Nəsibbəylinin söz dünyasına güzar


“Yağışı sevmirəm” deyir.  Deyir ki, bu yağış  “mənə sərinlik gətirmir”.  Onu da əlavə edir ki, eşitmişəm yağış  “hər atəşi söndürür”. Amma illərdən bəri bu gənc xanım şairə, qəlbindəki alova nə üçün yağmır, deyə, yağışı qınayır.  Axı, Aytən yağışa qarşı biganə olmayıb, “damlasını saçıma taxıb gəzdirmişəm axşamlar”, deyir.  Bəlkə ona görə ki, yağış aydınlıq gətirməliydi şairin sirli dünyasına, özünün olan axşamlarına.  Yağışı sevmirəm deyir, və “mən dolu istəyirəm ömrümə” yazır.

Özünü inkar etdiyi, ovqatının başqa vaxtında özünü təkzib etdiyi anları da olur.  Amma poetiklik, səmimilik yenə də onu və şeirlərini tərk etmir. Bu dəfə yağışsız keçinə bilmir:

Bir yağış istəyirəm, səndən
Damlasında əriyim,
əriyim yox olum deyə
qarışım bu şəhərin
çirkab dolu sularına,
 kim deyir ki,
onlardan təmizəm mən?!
(“Sənsiz”)

Aytənin şeirlərində boynubüküklük var, inciklik var. Bu qız yaşıdlarından fərqlidir.  Şeirlərində anasız bir uşağın qayğısını çəkən Aytən, “bəlkə, neçə dəfə əlindən tutub, onunla birgə qaçmışam dünyanın hardasa var olduğu deyilən limansız, yolsuz, itmiş şəhərinə” deyir.  Nağıllar uydurur, içində körpəliyini yaşatdığı,  özü ilə böyütmədiyi, ama bu günə qədər yol-yoldaşı olduğu o, anasız uşağa danışır. Nağıla bənzədir olub keçənləri və xəyalında yaşatdığı gələcəyi. Bu günün reallığına yaxın qoymur, bu gün nağıl ola bilməz. Nağıl ötənlər və hələ görmədiyimiz  gələcəydi.
Hər açılan səhəri, başlanan günü yaşayıb ömür adlandırdığımız olumla ölümün arasındakı məsafəni qət etmək, Aytənin təbirincə kor bir vərdişdir. “Kor bir vərdişdir zamanı qovlamaq”, saatın əqrəbləri isə sənin tək düşmənin.

“Saatım
Düşmənim olub
Ötən dəqiqələr qəsdimə durub
sənsizliyi əbədiləşdirdikcə
Sənsizlik gözümə mil kimi batır”
(“Sənsiz”)

Şairənin səhərləri bir akvariumda okean həsrəti yaşayan bir balığın göz yaşları ilə açılır, o balığın akvariumdakı susuzluğu kimi açılır ömrünə.  Nə yazıq ki, bəzi akvarium balıqları okeanın necəliyini bilmir, dar akvariumu okean genişliyi kimi yaşayır. Aytən elələrindən deyil.  Aytən bir akvarium balığının ölümünü, min üsyanın doğulduğu gün kimi səciyələndirir və SƏHƏRLƏR -  İŞIĞIN ZÜLMƏTİNDƏ ÖMRÜNƏ BİÇİLƏN YALANMIŞ, DEMƏ!”, deyir.
Okeana qovuşmaq istəyi gerçəkləşməyən baalığın ölümünə ağlamaq günah sayılmaz.

“BİR GÜN AĞLAMAQ İSTƏSƏN ƏGƏR,
AĞLA.
AĞLA “ÖLÜB GEDƏN” O YAZIQ QIZIN ARDINCA..
BİR SƏBƏBİ OLMADAN AĞLA,
BU DÜNYADA SƏBƏBİNİ İTİRMİŞ O QƏDƏR DƏRD VAR Kİ”
(“AĞLA”)

Tənhalıq var dedim, boynubüküklük var Aytən Nəsibbəylinin şeirlərində. Tənhalığa meyilli görünür. “Bir gün çıxıb gedəcəm yxınlardan” deyir. Yaxın olanları uzaq görür, uzaqda hiss edir. Bu uzaqlıqda doğmalar , doğmalıqlar var. Qəfil gedişinin istəyi bir göyqurşağı isyəyi. “RƏNGLƏRİNİ ÖZÜM BOYAYACAM, RƏNGLƏRİNƏ ÖZÜM BOYANACAM”, deyir. Göyü və Göyqurşağını özünkü edib də bu yalana inanacağını qələmə alır. Yalanıma özümü inandırıb, cənnətimə gedəcəm istəyinin ardınca həm də hər şeyin yalan olması əminliyi!
Aytən Nəsibbəylinin şeirlərindəki səmimiyyətdən yan qaçmaq olmur. Onun şeirləri oxucu ilə müəllifin arasında doğmalıq toxumu səpməyə qadirdi.  Misraların kövrəkliyi, ürkəkliyi oxucunu daima bezdirmir. Heç müəllifə ürəyin də ağrımır ki, yaşantılarını qələmə alıb, iztirablarını dilə gətirib.  Şairə xanım, şeirləri ilə çoxlarının yaşadığı, lakin deyə bilmədiyi hisslərini deməyi bacarıb.
Mən qələm dostumu, gənc şairə Aytən Nəsibbəylini hələ daha çox oxuyacaq, şeirləri haqda fikirlərimi səsləndirəcəyəm. Məndə buna bir əminlik var.  Şairənin özü yağışı sevməsə də, yağan yağışlar onun ruhunu sərinlətməsə də, yazdığı şeirlərin ruhumuzu sərinlədəcək bir yağış kimi ürəyimizə çilənəcək bir əminlik.

avropa.info

Комментариев нет:

Отправить комментарий