Kiyan Xiyav
Rüqəyyə Kəbirinin susənbər yazıları üstündə bir not
Susənbər yarpağı, bir başa sevgi öyküsüdür. Bütün sevgi kateqoriyalarını içərən bir öykü. Bir az umud, bir az dilək, bir az küsgünlük, bir az şaşqınlıq, yarısı darıxqanlıq, yarısı qısqanclıq, yarısı öz, yarısı içöz öyküsü. Yetgin bir alma ağacı kimi gözəl, sarı lampalı bir otaq kimi ışıq, bir nana yarpağı kimi qoxulu, yarı hörümcək, yarı yalnıq öyküsü....
Bir hörümcək, səssiz- səmirsiz bir həyətdə, bir aşağı, bir yuxarı, hankısa bir alma ağacını budaq- budaq, yarpaq- yarpaq dolaşır. Hankısa bir otaqdan içəri girib, hankısa bir monitorda açılan məsencer pəncərələrinə zillənir.
Bu hörümcək darıxqandır. Ancaq kimə darıxır, nədən, haçan darıxır? Bunu söyləməlidir. Kiməsə üzünü tutub, yazıb anlatmalıdır. Buluda yağış gərəkən tək, ona da bir "sən" karakteri gərəkir. Ortalıqda hankısa bir "sən" yoxdur. Vardır da yoxdur! Bu "sən"ə boylu qalmaq gərək! bu "sən"i doğmaq gərək! Bu nədəndən üzrə bir az şaşqındır, ancaq çox çevik birisi kimi öddən ödə, saatdan saata, istənilən sevdiyi həyətə varıb, nələrisə görmək, nələrisə duymaq- düşünmək istəyir. Öz- özünə acılı- ağrılı dizilər tökdürərək, öz gəzinib sürünməsində, bambaşqa deyilməz, öyülməz dadlar içindədir. Bu dad yalnız sevgidən, sevginin kateqoriyalarından qaynaqlana bilər. hörümcək istəklidir. Aşırı bir istək içində, yüngülcə bir həyətin daş- duvarında, alma ağacında, pəncərəsində yürüməkdədir. "sən" hardadır? O itirilmiş bir varlıq deyil, təki vardır da yoxdur! Hardadırsa, hörümcək bu "sən"i arayıb bulmaq üçün, kimi anlar kötükdən budağa qalxır, kimi anlar budaqdan yarpağa düşür, sonra birdən birə yenidən yenə də yarpaqdan kötüyə dönür, kökə, kökənə qayıdır....
Susənbərin hörümcəyi söyləyici bir qadındır; günümüzün qadını. Gün- gecəni aldırmadan çeşid saatlarda nəyisə, nələrisə oxucularına söyləyib anlatmaq istəyir. O hankısa bir həyəti səkkiz əliylə ölçərək, "sən"i axtarır. Darıxqan bir durumdadır. Bir ışıqlı pəncərəyə sarı gedir. Xəstədir, qan azlığı var. Bu "sən" onun damarlarına qan kimi gərəkdir. "sən"ə varıb, onu sevib ona sevilmək üçün, bir pəncərə şüşəsində, bir güzgüdə bəzənib bərtənir. Ancaq yenə də şaşqınlıq, yenə də qısqanclıq onun içini sarır. Incikdir. Nəsəyə marağı yoxdur. Böylə yorqun- arqın bir durumdakən, bir qadın neyləməlidir? Iki damcı göz yaşına sığınmaq daha yaxşıdır. Sığınır. Mən ağlayıram, sən ancaq gülmə, söyləyir. Böyləliklə susənbər yarpağına yazılanlar, bir qadın – oxu bir hörümcək – ın bütün saatlarının, yorqun, tanınmaz, umudsuz, ancaq bir başa sevgi içərən öyküsünə dönür. Bu özünü yarı hörümcək yarı yalnıq görən qadın, öd aşırı nana yarpağı üstündə sürünərək o "sən" adlı sevdiyi birisinə nəsə yazmağa çalışır. Biz burada bir gün qadınının hankısa bir "sən" karakterinə, sevginin bol- bol giz- gizəmini aşılamaq istədiyini aydınca görürük....
Burada gün qadını özünü bir hörümcək fiqorunda duyur. Bu hörümcək neçə yol ayrıcında dolaşıb qalır. Kimi anlar umudluca aşağıdan yuxarıya özünü qaldırmaqdadır. Kimi anlar umudsuzca yuxarıdan aşağıya endirməkdə. Bu ortada gün- gecənin çeşid saatlarında yorqunluq- yuxusuzluğu aldırmadan hankısa bir həyətdə gəzinərək duvara, pəncərəyə, otağa, monitora, desktapda açılan məsencerə də boylanır. Gövdə- tinindən bütün darıxmaları çıxsın deyə boylanır, ancaq yenə də öz darıxqanlığına, öz yalnızlığına, öz yaralarına dönüb çevrilir. Demək bütün susənbər yarpağında bir gün qadınının öz- özündən didərginliyini, öz- özündən sürgünlüyünü açıq- aydın görmək olur. Günümüzün özünü hörümcək tipində görən qadını öz didərginliyini də öz sığınacağı sanır. Didərginlik sankı bir ölkədir burada. Ölkə, o "sən" karakterinin həyətidir. Bir ölkənin kimliyini bəlirdən bir bayrağı da olsa gərək. bayraq- yalan yoxsa gerçək- genəldə qutsal bir motivdir. bu ölkə - oxu həyət – ninsə bayrağı 41 nümrəli bir başmaqdır. Ancaq 41, 40 kimi qutsal bir ədəd deyil. Susənbərin yarpağında bayraq başda deyil, ayaqda dalqalanır. Bu isə qutsallıqları sorulayır. Harada bir qadın darılıb sıxılırsa, demək orada hankısa qutsallıq aranmamalı! Bir ölkənin, bütün qadınları sıxıntılardan, darıxmalardan qurtara biləcək bir şaşırdıcı olayı da olmalıdır. Bu ölkə - oxu həyət – də də alma ağacı, hörümcək – oxu qadın – in tapındığı o şaşırdıcı olaydır....
Susənbərin söyləyici qadını yarı yalnıq yarı hörümcəkdir. Bu, mitolojidə olan ənayın yaradıqları anımsadan bir karakterdir. Özü yalnıq olaraq başqa bir yaradığa dönməsi deyil, keçişməsidir. Bu karakter saat- saat keçirdiyi anları bizə anladır. Ona görə də kafkanın zamzasından özünü yana bilir:
"əl- ayağımı kafkanın zamzasından borc almamışam..."
"nə sənin adın kafkadır, nə mənim adım filisə..."
Burada söyləyici qadın öz yalnıqlığından ayrılıb hankısa bir hörümcək biçiminə dönüşməyir, qolayca özünü bir hörümcək kimi düşünüb daşınaraq, öz iç durumunu, öz yaşam anlarının necəliyini, o "sən" karakterinə aşılayır. Demək susənbər yarpağında gəzişib dolaşan bu hörümcək, tor hörən, tor toxuyan ola bilər, ancaq tor atan, tora salan hörümcək ola bilməz. Və hörümcəklərin böyləsi, "yalnız mürəkkəb gözləriylə yox, səkkiz əlləriylə, ayaqlarıyla belə ağlayarlar..."
Bu söyləyici qadın sanılmış bir söyləyicidir. "insandan hörümcəyə, hörümcəkdən insana çevrilmək qabiliyyəti daşıyır." Söyləyici burada yazar (rüqəyyə kəbiri) dan ayrıqdır. Bunu yazar özü, sıra yazdıqlarının ikinci bölümünün başında öz oxucularına aşılayır. Böyləliklə burada mən deyilən sözcük, yazar özü deyil, yazıları oxucuya anladıb söyləyən bir karakterdir. Bu söyləyici qadın, elat qadınları kimi daş dövər bir qadındır. "zamanı yetişərsə, xiyavanın ortasında, qırmızı ışığın arxasında duran maşınların önündə belə" o "sən" karakterini xəyal hormonlarından doğa bilən bir qadın. Bir saniyədə "sən"dən "sən"ə boylu qalıb doqquz ay sürəsində günbaşı o "sən"i yenidən doğa biləcəkcə güclü bir qadın....
Qadın hörümcək tipində o "sən"i görür. "sən" məsencerdə iki pəncərə açmış, kimlə, kimlərləsə yazışmadadır. Bu durumun bir qadın üçün bağışladığı duyma, qısqanclıq duymasıdır. Qadın – oxu hörümcək - əyilib üzü aşağı gedir. Onun da özünə görə bir məncilliyi var. Məncilliyinə çat düşmüş sanır. Bunu bir təhər onarmalıdır. Nə gərəkir? Doğrudur. Yenə də iki damla göz yaşı. Bu damlanın biri özü üçün ola bilər, biri də o "sən" üçün. Sən, qadın! Öz, içöz! Kök, budaq! Aşağı, yuxarı! Sevmək, sevməmək! yazmaq, yazmamaq! bunlar iki yol ayrıcı deyil, neçə yol ayrıcı ola bilər. günümüzün qadını neçə yol ayrıcında yalnız darıxa bilir. Bu darıxqanlıq onu içindən qızdıra da bilir, öfkələndirə də bilir. Yol, yazmaqmı, yazmamaqmı, bilinmir. Sevməkmi, sevməməkmi, bilinmir. Qadın, olmaqla olmamağın arasında dayanmış, içindəki o "sən" sorununu bir tür çözə bilmir. Və gerçəkdən o "sən" olmazsa, bütün bunca sevgi öykülərini kimə yazmaq, kimə söyləmək olar? Bunca acı- ağrıları haraya götürmək olar? Ancaq haradasa bir həyət var. Oranın kərtilərində gəzinməyə alma ağacı da var, yazmağa nana yarpaqları da. Böyləliklə hörümcək getdiyi yolu aldırmayıb da gedir. Söyləyici başqalarını aldırmadan üzünü bir "sən" karakterinə tutub söyləyir. Və yazıçı bir qadın, gün- gecədən hankı saat olduğunu aldırmadan yazır. Yorqun olanda yazır, yanqı olanda yazır, gövdəsini yuyan çağlar, saçları ıslaq olanda, çırıl- çılpaq olduğunda, özünü sıxdığında, sevdiyi bir otağa gizlicə girmək istədiyində yazır. Yazır, ancaq ferdrik niçə demişi, heyvanlar arasında yaşamağı yalnıqlar arasında yaşamaqdan qolay bularaq, özünü bir hörümcək fiqoruna salıb yazır....
Niyə hörümcək? hörümcək nə romantizmi anımsadan türkü oxuyan bir quşdur, nə də aristokratların qəfəs vitrinlərini bəzəyən bir sarı köynək. qadın öz- özlüyündə bir romantik varlıq olsa da günümüzün qadını bu axımın ən düşündürücü, ən başqaldırılı yönüdür. Böyləsə daha hörümcək də hankısa dip- diri bir toplumun, hankısa bir axımın qabarıq kötülüyü deyil, üstəlik bütün kənd- şəhərlərin ən ayaqda getmiş, ən acı çəkmiş, ən ağır ağrılara qatlaşmış bir varlığıdır. Bu sayaq dirilərə dərindən zillənərsək, onlardan daha yazığını bulmayacağıq. Bir başmaq – tut 41 nümrəlisini – altında yoxsa ikicə barmaq arasında da onun qolayca sıxıb suyunu çıxarmaq olur. Genəldə də suçsuzca ayaqlanırlar. Kimsəyə hardasa hankısa bir yaş odun da satdıqları bəlli deyil. Ödbaşı başları öz işlərindədir. Özlərinə tor toxuyur, yuva toplayır, azacıq da olsa yaşam günlərində özgürcə soluq alıb vermək istəyirlər. bir hörümcək sürün- sürün sürünür də kimsə onun səs- soluğunu belə duymur. Gücsüz deyil, ancaq yabanı canlılar onun da bir canlı olduğunu aldırmadan ona kötülük edirlər. ferdrik niçə görkəmli birisi belə, "qadınların sorağına gedirsənsə, qamçını unutma!" deyir. Bu hörümcək duvarların gözəlliyini korlayır deyilir. Oysa duvarların özü, təkbaşına yalnıqların arasında oduqca ara törədən, doğmalığı ögeyliyə, ögeyliyisə özgəliyə çevirə bilən bir görüntüdür. Buradakı istənilən hörümcəyin ağzından salqılanan salqı daha tora dönmür. Yazınsal bir ürünə dönür. Bir yanlı olsa da belə, gözəl bir söyləşiyə dönür. Bu hörümcək ov ovlamağı düşünmür. Hankısa bir yaradığı yaxalamaq istəmir. Hörümcəyə çox qolay hörümcək deyə bilirik, oysa onun çox gözəl orqanismini düşünmürük. Öz içində nə diləklər, nə istəklər bəsləyirlər, bilmirik. Kəsinliklə susənbər yarpaqlarında gəzinə bilən hörümcəklər gözü ac bir saldırqan hörümcək ola bilməzlər. bunlar öz ovlarını, öz yemlərini qolaylıqla bulmaq istəməzlər. yalnız onları sevərlər, onlara darıxarlar. Böylə bir hörümcəklər üzgünlüklə olduqları kimi alınmır, alqılanmırlar. Daha bu günün hörümcəyi, nə ceyran qaçışlı, nə də kəhlik yerişli olmaq istəyir. Bunların da abzurd bir yaşamın qaç ha qaçında nəyisə dilədikləri, kimisə sevdikləri var. Artıq günümüzün hörümcəklərinin nə kimliklərini aşağılatmağa, nə sevgilərini şablonlaşdırmağa, nə onları daşa basmağa, nə də başmaq altında yıxıb yerə yaxmağa kimsənin haqqı çatmır. Bu sayaq hörümcəkləri kötü sayanlar, daha niyə ayaqlayıb öldürürlər? qolayca onları öz başına da buraxa bilərlər. onlar da hankısa duvar üzərində, hankısa bir həyətdə, hankısa alma ağacında, hankısa bir pəncərə ışığında, hankısa sevdikləri bir otaqda gəzinməyə haqlıdırlar. Hörümcəklər ağac dələn kimi baş- qulaq aparan deyillərdir. Gövdələrinin bütün əriş- arğacı yerli yerində, yaranışın ilkinindən ərənci ən gözəl tökülmüş bir varlıqdırlar. Bunlar düşünülərsə, bunlar sevilərsə, yaşanan bütün abzurd yaşam olurundan daha anlamlı bulunar. Umudlar qanadlanar, daş ürəklər titrəyər, tinlərin ən dərin qatlarında seviləsi çox böyük bir olay olar, və bütün duyğulardan ayrıq bir duyğu çox böyük bir sevinc, çox böyük bir mutluluğun nədəni olar. Bir hörümcək bir qartal, bir qarğa deyil. Bir hörümcək yalnız bir hörümcəkdir. Olsun, hörümcək sürünür, onu görüncə toxunan yoxsa toxunacaq torların darısqallığı anımsanır, ancaq yenə bunlar onun çatışmaz yönü sayılmaz. Onun tinində olan ən böyük gizli- gizəmli imgələri, yalnız onu ən içdən sevə bilənlər duyub düşünə bilər. altı da, üstü də bilən hörümcək var. Aşağını, yuxarını, kötüyü, budağı yaxşıca tanıyır. Ancaq yenə bir çoxunun yönündən sevilmir, sayılmır. Üzgünlüklə kimi anlar gül adı da pisə çıxır. Hörümcək boş- boşuna suçlu sayılır. Işləmədiyi suçundan arıtlansın deyə onu ayaqla daş altında əzib kövsər suyuna atmaq istəyənlər də var. Yazıqlar olsun! Bir hörümcək bir ovuc suda belə boğula bilər deyə, biriləri hələlik anlamayırlar. Doğrudur; hankısa bir otaqda bulunan bir hörümcək, o otaqda yaşayan bir yalnığa toxuna da bilər, onu dar bir durumda qoya da bilər. yalnıq onu qoruya bilməsə də, onu əzib dağıtmağa, vurub duvara yaxmağa haqlı deyil. Gerçəkdə hörümcək bulunan bir otaqda qalmaq olmasa da, oradan qaçmaq da olanaqsızdır. Üzdə necə kötü görünsə də, içdə hörümcəyin də öz üstünlükləri var kəsin. O otağa girirkən qapını belə döyməsə də, onunla bir təhər yumuşaqca davranıb keçinmək olar. Kökündə hörümcək olmazsa, doğanın da, yaranışın da ətəyinin bir böyük bucağı boş qalar. Tək də hörümcək deyil, quzquna da, kaftara da, sıçana da, qanadlı böcəyə də böylə bir düşüncə açısından baxılsa gərək. bütün canlı yaradıqlar sevdikləri kimi yaşamalıdırlar. Nəysə hörümcək də bir hörümcəkdir. Nə vurağan ılandır, nə də çalağan çayan. Nə ağzında qurd dişi var, nə də qanlı qıynağında sivri pıçağı. Üstəlik onda olan – hələ olsa – kötülük də ən azından kimi yabanı yaradıqlarda olanlardan deyil. Örnəyin bir zümrüd quşu yoxsa bir umay kimi adlı- sanlı olmasa da, ən alçaq könüllü bir süzəyəndir. Hələ onda olan bambaşqa özəllikləri biz görməyə də bilərik. Ola bilər kimi hörümcəklərdə bir çoban aldadan quşunun usu olsun, bir bülbülün ürəyi, bir alıcı quşun gücü. Ola bilər bir hörümcəyin də özünə görə öz dili, öz dini, öz quralı olsun. Susənbərdə olan hörümcək də bir "sən" karakteriylə bir yanlı söyləşmə taktikini ortaya qoyur. O artıq sevdiyi karakterə darıxmasın deyə onunla söyləşir. O, bu söyləşiylə sankı öz yapışqan torunu toxuyur. Toxumasa özünün ova çevrilməsini, özünün yemə dönməsini göz önündə görəcək. susənbərin hörümcəyi sevdiyi "sən"ə səssizcə söyləməsə, öz tinsəl, düşünsəl problemlərinə ovlanıb yeniləcəyini, yenilib yeyiləcəyini yaxşıca bilir. Bu problemlər gün qadınlarının bir çoxunun problemidir. Bir təhər çözülməsinə yalnız bir "sən" karakterini düşünüb daşınaraq, onunla söyləşmək istəyirlər. nəysə, hörümcəklər pis deyillərdir, yalnız onların dilini bilmək gərək. onları sevə bilənlər onların dilini bilə bilərlər. demək qadın bütün dəyərlərinə görə, bütün özəllik və gözəlliklərinə görə sevildimi, alınar da, alqılanar da, bir sevgisi yüz sevgiyə, yüz sevgisi min sevgiyə çarpılar da! Üstəlik susənbər yarpağındakı hörümcək qadın, necə sevilmək öyküsünü deyil, necə sevmək öyküsünü bizə söyləməkdədir. Demək susənbər qonusu, gün qadınının necə sevilməsi deyil, necə sevməsi, kimi sevməsi qonusudur....
Susənbərin söyləyici qadını, bir "sən" karakterini, dəlicəsinə sevərək, onunla bir yanlı söyləşmədədir. Bu "sən" o qadının yanında deyil. Vardır da yoxdur. Onu zaman və məkan dışında doğmaq istəyir:
"Sənin doğulmağın məkan və zaman dışında olacaq əlbəttə."
"sən", hankısa "elat bir qadının şəltəsi altından" deyil, hankısa "doktorun mətəbbində sezariyən tərziylə" deyil, yalnız "söyləyici qadının xəyalından" doğulur. "şirnək kimi düşüncəsinə daraşır, beyninin əsəb sellullarına yapışır, ürpəyinin altında saçlarına belə sarmaşır", söyləyicini sevindirir, dəli edir, hönkür- hönkür ağladır. Gerçəkdən bu söyləyicinin doğmaq istədiyi "sən" kimdir? Aşırı bir sevgi, aşırı bir istək qarşısında uşaqcasına gülüb pıqqıldayan, yerinəsə söyləyiciyə sancı verən, özünü ona min acı- ağrıyla doğuzduran bu "sən"?!
"gülərsən... gül... pıqqılda, sənə nə var kı! sənin üçün sancı çəkən, səni min dərd ilə doğan mənəm, sən yox kı!!!..."
Susənbərin söyləyici qadını boyasız qandan söyləyir. O "sən" karakterini xəyal hormonlarından doğarkən, qanının boyasız olduğunu istəyir. Burada boyasızlığın ən sevilə biləsi bir boyaya çevrilməsi də çox maraqlı, çox düşündürücüdür. Doğulacaq o "sən"in qanı belə "boyasız bir qan olmalıdır. Yoxsa dünyada qan su yerinə gedər". günümüzün qadını dediyimiz artıq budur. Sevgi varsa, bir qadın doğmağa bunca acı- ağrıya qatlaşırsa, bu acunda kimsənin burnu belə niyə qanasın, söyləyir. O xəyal hormonları düşünmək belə yasaq olduğu sürədə nələrisə açıq- saçıq söyləyə bilməsə də, bütün yaranış kökünün cinsəl hormonlara bağlı olduğunu yaxşıca bilir, ancaq onun necə yasaq olduğunu da düşünüb anlayır. Böyləliklə o içdən dəlicəsinə sevdiyi "sən" karakterini xəyal hormonlarından doğmaq istədikdə, onu sankı çox gözəl bir biçimdə doğur, doğurkən də özünü ona anladıb aşılamağı ustacasına başarır. Böylə bir "sən"in göbək bağı şəms boyda bir görkəmli personanın belə məzar torpağına qarışıb çürüməsin deyə, minarə başında qoç buynuzundan aslanıb, bir bayraq kimi yellənib dalqalanmağa dəyir. Bu "sən", ömər xəyyamla şamlunu olduqca sevən və söyləyicinin baxışında, səs tonları şamlunun səs tonlarına bənzəyən, və "səs tanrısı" kimi bir adla onurlanan bir "sən"dir:
"nədənsə şamlunun səsini eşidəndə bircə dəf`ə olsun belə, səs tanrısıyla üz- üzə oturmağı arzu etdim..."
Bu "sən" karakterini, söyləyici qadın, bütünlüklə özünə keçişdirir. Bir istikan içdiyi çayda belə boğaz yolundan aşağı, köksünə sarı sızdırır. Onu xəyal hormonlarından doğandan sonra, köksü üstə iki dağın arasında ona yer verməsini düşünür. Bunla belə kimi anlar doğa gözəlliklərini o "sən"dən üstün tutur:
"istikanın dibindəki tiliflər mişov dağından görünən rumi sərbaz qayasının şəkilindədi. Sənin üçün darıxsam da, bir an mişov dağına səndən artıq darıxmağım gəlir. Səni istikanımın dibində rumi sərbaz ilə baş- başa buraxıram. Mişov dağında cüt bacılar daşının dibində bir istikan kəhlik otu çayı içməyə həvəslənirəm..."
Burada nəsənin sevgidən üstün tutulması nədəni nədir deyə sorulursa, bunun nədəni yalnız o "sən" karakterinin söyləyici qadının yanında olmamasıdır. Sevgi yoxsa, sevgi yasaqsa, doğa bu yoxluğu, bu yasaqlığı dözüləsi edə biləcəkcə güclü bir sevimlidir. Söyləyici öncədən də sevginin necə yasaq olduğunu aşılayıb. O "sən", xəyal hormonlarından doğulub qurtarsa da belə, söyləyicinin yanında olmayacaq, ola bilməyəcək. olması yasaqdır demək. yasaqlıqsa olanaqsızlıqdır:
"o gün gəlirsə belə, sən yoxsan. Hər zamankı kimi yoxsan... sənin üçün darıxıram, yoxsan..."
Bura kimi söyləyicinin bir dişi olmasını bilirik. Özü də dişi bir hörümcək olmasını. Hörümcəklərsə toplu bir durumda deyil, yalnızca yaşayarlar. Kimi anlar cütləşərlər, ancaq cütləşdikdən sonra dişiləri erkəklərini yeyərlər. erkək dişinin önündən qaçdı, qaçdı, qaçmadısa yeyilməkdən qurtara bilməyəcək. ancaq bunlar ayrıq deyil. Sonunda dişilər yenə yalnız yaşamalıdırlar. Yalnız yaşayanlarınsa hankısa bir "sən"ə darıxmaları doğaldır. "sən"sə bir çeşid əl çatmaz olub yoxdur. Yoxluq burada çox böyük bir soru, çözülməz bir sorundur. Bu sorunu yanıtlamağa, bu sorunu çözməyə, yalnız o "sən"in olması gərəkir. O "sən"sə yoxdur. Hardasa susub qalıb. Söyləyicisə üzünü ona tutmuş, "susma, sən de" söyləyir. Demək o hankısa "sən" çox da anlaşılmaz bir varlıq deyil. O "var", çox da "yox" deyil. Ola bilər, söyləyicinin real yaşamında "var"dır, ancaq yanında "yox"dur. Öylə bundan dolayı da onu yenidən doğmaq istəyir:
"doğmaq istədiyim sən, özüm deyən kimi doğulmasa nə edim?... susma, sən de!..."
Gerçəkdən bu "sən" kimdir? Söyləyici qadın toplumsal qonuları belə onunla ortaya qoymağı düşünür. Bütün ortalıqda olan sorunların qalabalığında belə ona öz xəyalında boylu qalır. Onu ölüm yağışı belə yağan gecədə doğmaq istəyir:
"yağışın gilələri üzümə toxunduğunda, dərisini qıdıqlayır. Sən heç ömründə, fəsilin qızğın çağında, belə yağış görübsənmi? Mən demirəm ha, babalı deyənlərin boynuna. Deyirlər uçaqlar kəbinsiz, başlıqsız buludlara təcavüz edirlər. gecələr buludların nə`rələrini eşidirmisən? sən eşitməzsən! çünkü başında qalmaqal olur gecələr. deyirlər anbaşı buludları doğuzdururlar, bəlkə urmunun ölümü bir- iki il olursa belə geciksin! Görürsən həyat nə də ənayın bir anlam tapıb bu günlər? mən boylu qalıram, sən doğulursan, urmu ölür..."
Deməsinə gərək yoxdur; burada söyləyici bütün qayğısını çəkdiyi sorunları belə, o "sən" karakteriylə bir yanlı söyləşisində, ən azından öz- özünə bir tür çözmək, yoxsa onu dözüləsi etmək istəyir. Və çeşid sorunlar içrə yalnız "sən"ə darıxır. Sankı ortalıqda istənilən sevgi olursa, bulunursa, deməli bütün sorunlar da çözülmüş, yoxsa dözüləsi sayıla bilir:
"sənin üçün darıxıram. Yoxsan. Buralarda olsaydın, boylu xəyalımla birgə urmuya sarı uçurdardım səni..."
Burada sevgisizlik yaşamsızlıq deməkdir də. Və doğrusu söyləyici qadın üçün sevgisiz yaşamın anlamı yoxdur:
"gözlərim bir an baxışının təcavüzünə həvəslənir. Gilə- gilə sənsizliyi, urmusuzluğu yağmaq istəyir..."
"sən", söyləyici qadının, könüllü olsa da, olmasa da, düşüncəsində, başında, saçında, qanında belə onlindır. Onu "xəyal xərçəngi" adında ənayın bir xəstəliyə uğradır, ayaqlarına sarı sərətan kimi dolaşıb əl- qolundan yuxarı qalxır. Bu "sən" bu qadına düşünülmədiyi an belə düşünülür. Ancaq yenə də onu toplumsal qayğılarından ayırmır. Bunla belə doğada və toplumda olan sorunlu olaylar, söyləyicinin iç durumundan asılıdır:
"yel urmunun şoranlığını sovurub təbrizdə əsdirir. Hava da mənim kimi çirkin, darıxqandı."
"sən" kimdirsə, söyləyici sevindikdə də, incindikdə də onu düşünüb, onun üçün darıxır. Onu itirmiş sanır da darıxır. Irmi altı il öncə belə ilk sevgilisinin əlindən qaytardığı sevgi payını – qızıl kəpənəyi – belə düşünüb darıxır. Sonra bu darıxmada bir boşluq duyur. Bütün darıxmalarda hankısa bir boşluğun duyulması doğal olsa da, burada boşluğu dolduracaq bambaşqa bir duyğu- düşüncə var. "sən"sizliyin çox böyük boşluğu bir yana, bu boşluqda darıxmalar da bir yana, ekiz orqanların darıxması hankısa cinsəl orqasma varmanın çatışmaz olduğundan dolayı yarana bilər. bu nədəndən üzrə söyləyici "sən" karakterini zaman- məkan dışında belə cinsiyyətsiz doğacağını umur. Böyləliklə yalnıq gövdəsində olan 11 ekiz orqana birini də artırmış olacağını düşünür. Bu 12 ekizlik yalnız iki karakterdən oluşur: "söyləyici, sən!" bu ekizlik gövdəsəl və nəsnəl bir ekizlik də deyil, üstəlik tinsəl və öznəl bir ekizlikdir də:
"sən ruhumun ekiz tayı olacaqsan!"
Deməli hörümcəklərin də ruhu var:
"sən də təlxək kimi nişxənd ilə mənə baxma. Səncə hörümcəklərin ruhu olmazmı?..."
Doğrudur. Susənbər hörümcəyinin gövdəsi də, tini də var. Gövdəsinə ekiz tayı aramaq olanaqsızsa, bu tayı tininə bula biləcəyinə inanır. Bu ekiz tay başqasıyla bölüşülməz, paylaşılmaz bir taydır. Düz 13 ədədi kimi. Gizli- gizəmli bir tay. Gizli- gizəmli bir ədəd. Söyləyici qadın sevdiyi "sən" karakterini kimsələrlə paylaşmaq istəmədiyi üçün, adını 13 qoyur. Burada azərbaycan ayın düşüncəsində 13 ədədinin qutsuz, uğursuz olduğunu azacıq aşılayaraq, onu "sən" karakterinə yaraşdırmayacağını deyib, onları – 13 ədədi və sən – bir yeni sürənin başlanışı kimi dəyərləndirir. Sonunda da günəşin belə bir zamanlar 13üncü topal ulduzu olduğunu söyləyir. Susənbər yarpağında azərbaycanın ayın düşüncəsiylə bağlı bir çox dizilərə tuş gəlirik. Bu isə yazar – rüqəyyə xanım kəbiri – ın mitoloji yönlü yazılarda böyük başarılı olduğunu bizə aydınca göstərir. Nəysə, söyləyici qadın o "sən" karakterini mifolojik çox motivlərdən belə üstün tutub, bütün bu düşüncələrdən yana, "sən"in özünün olmasını, bir gecə onun qulağına sevgidən nəsə pıçıldamasını və bütün kişiliyini ona yağdırmasını diləyir. Ancaq bu "sən", nədənsə, onu bunca dəlicəsinə sevən, dəlixanaya belə götürülə bilən söyləyici qadına nəsə yazmır, yoxsa da yazmağa çalışmır. Burada olan "sən"i erkək bir hörümcək sana bilərsək, ola bilər dişisinə yem olmaqdan, ola bilər də sevginin yasaq olmasından çəkinir. Nəysə, hələlik o "sən" susub, söyləyicisə ona bu bir sözdən başqa nəsə demir:
"sən mənə yazmasan da, mən sənə yazmağa məcburam..."
Artıq söyləyici bunca "sən"sizdir. "sən"sizlik doldurulmaz bir boşluqdur. Boşluqlar qolaycasına hörümcək bölgəsinə çevrilir. Söyləyici "sən"sizlikdən bu bölgəyə sığınıb, "sən" yerinə çeşid- çeşid jenlər yiyəsi, səkkiz əl- ayaqlı hörümcəklərlə - qəhveyi, sarı, rəssam – yatır. Yatdımı, daha qısqanc xəyalları havalanıb qanadlanmır. Kökündə də hörümcəkdə uçmağa qanad bulunmaz. Kimi böcəklərdə qanad bulunsa da, hörümcəkdə bulunmaz. Ola bilər buna görə də hörümcəyin iki qıçı qanadlı böcəklərdən artıqdır. Maraqlıdır; hörümcək öz torunu gecələr hörər, susənbər yarpağının da bir çox bölümü gecə saatlarında yazılıb. Yoxsa hörümcək toru ipək olar, bu yazılar da ipək kimi yumuşaq bir lirika olub. "sən" və "sən"sizlik öyküsü bir lirika. Böyləliklə susənbər yarpağının bir bölümü də bir gecə kimi "sən"siz bitib tükənir. Ancaq yarın başqa bir gün olacaq. Başqa bir gün olur demək; cüm`ə axşamı. Söyləyici özünü "sən"in qarşısında bir öyrənci kimi duyur. Özünü yenə də dəqiqə başı, saatbaşı onlin bir sınaqda bulur. "sən mənim müəllimimsən" deyir. Və "sən"siz bu sınağı necə başa çatdıracağını bilmir. Öyrəncilərin yanında hankısa bir müəllimin adı gəldiyində, içlərində nədənsə bir şıltaqlıq başlanır. Oxulu özləyirlər. bitik altında gizlicə sevgililərinə yazdıqları yazını özləyirlər. söyləyici də bir öyrənci kimi hankısa dildə, örnəyin türkcədə yazmağı başarmadığı bir ödü anımsayır. Və "sən"i öz öyrətməni sanaraq, sankı sınağının sonucu nə olduğunu ona sorur:
"ağaaaa, icazə! Mənim onlin imtəhanım necədi? Qəbuli nümrə alıram?"
Bu öyrənci oxullarda alışdığımız öyrəncilərdən deyil. Öyrətmən də öyləcə. Kəsin bu öyrətmənin də yanıtı başqa olacaq. "yenə bu ravinin başı havalanıb" deyəcək. bu yanıtın niyə başqa yanıtlarla ayrıcalığı var? Bir söz yetər sanıram: burada öyrətmən "sən"dir. Səsi düşgün bir "sən". ancaq səsinin tonları yerli yerində, musiqi kimi bir "sən". onun səsi hörümcək kimi söyləyici qadının qulaqlarına tor toxuyur. Burada nədənsə hörümcək karakterinin yeri dəyişik düşür. Demək daha söyləyici burada hörümcək karakterini daşımır. Tərsinə, hörümcək burada o "sən"dir. Bu isə söyləyiciylə "sən"in sevgi üzərindən bir- birinə keçişməsi, enib qonması deməkdir. Söyləyici yalnız bu səslə səslənməsini diləyib, qulaqlarının dibində yalnız bu səsin yatıb yataqlanmasını istəyir. Səs özgün bir kişinin səsidir. Gözləri ata gözləri kimi, ürəyi titrədən bir kişi. Söyləyici öncə də onu "səs tanrısı" deyə adlandırmışdır. Görən söyləyici niyə bu səs tanrısının səsini qulaqlarının dibində yatıb yataqlanmasını diləyir? Bunun bir tək nədəni var:
"yastığım uzun zamandı yabancıdı kişi qoxusuna..."
"səs tanrısı"sa susub. Onun səs tonlarının pərdə arxasındakı səssizliyi söyləyicini darıxdırır. Artıq darıxmasın deyə bircə çıxış yolu var. O da başqa hörümcəkləri yatağına çağırıb, onlarla birlikdə o "sən"in otağına girmənin yolunu bulmaqdır. Görən bu canatım nəyə görədir? "sən" özgün bir kişidir, öncə deyildi. Gözləri söyləyicinin atası gözlərinə oxşayır. Ata doğulmaz artıq. Doğuzdurar. Burada doğanla doğulanın da yeri dəyişik düşür. Bu da başqa bir keçişmə, başqa bir kəsişib birikməkdir:
"yoxsa mən səni deyil, atamı doğurmaq istəyirəm! yoxsa duvardakı çərçivənin içindən sənmisən atamın şəkilinin gözlərindən mənə baxırsan! Şaşqınam, hələ də şaşqınam. Sənsən yoxsa atam, seçə bilmirəm. ancaq çərçivədən baxan gözlər ürəyimi titrədir. Xəyalım min hava çalır. Atam üçün darıxıram. Atamdan artıq sənin üçün darıxıram..."
"sağın gözlərinin qoruqçusu ol! Gözlərini qoru! Inan bu istəyim özümə görə deyil. Atamın çərçivədəki gözlərinin xatirini saxlayıram. Sağın gözlərini, baxışlarını qoru, sağın!..."
Susənbər yarpağına yazılan sıra yazılarının, kimi bağlamlarında, kimi dizilərində, söyləyiciylə yazarın bir olması anlaşılır. Özəlliklə də ki rüqəyyə xanım kəbiri bu onlin sıra yazılarında özünün də ara- sıra bulunmaq istədiyindən çəkinmir. Bu isə bir yazınsal yazıda normallıqdır. Yazar öz kişisəl yaşamını yazınsal bir formada öz yazısına qatmazsa, o yazı oxucu kütləsi üçün quru, yorucu və reallıqdan yana olmasından dolayı inanılmaz ola bilər. məncə bu yöndən də susənbər yazıları özəl bir biçimdə olduqca maraq doğuran yazılardır. mən burada bir fakt gətirməsəm də, susənbər sıra yazılarında olan bol- bol dizilər, bağlamlar mənim bu sözümə örnəkdir. Bu qonuda qavrama sınırları çox genişdir. Təki bura kimi qəbul edilmiş normalardan qıraq yazıların üstündə, öylə qəbul edilmiş normalardan qıraq danışmaq olar. Özəl bir metodla yaranan bir yazıya, özünə uyğun metodla yanaşmaq daha yerinə düşər. Söyləyiciylə yazarın hankısa bir yazıda bir olmasının da öz dadı olsa gərək, demək istərdim! burada da sankı bunlar ikisi bir yerdə o "sən" karakteri üçün darıxırlar. Burada yazdığım kimi söyləyicinin qadın olması çeşid faktlar dolayısından bəllidir. Yazarda kı bir qadındır. Demək burada burxes demişi, iki qat bir qadınla üz- üzəyik. Burxes hardasa yazar qadınları iki qat bir qadın kimi dəyrləndirib. Böyləliklə r. kəbiri böylə yaza bilirsə, deməli iki qat bir qadın kimi sayılmalıdır. Bu, yersiz bir öymə deyil, yazılan hörütdən bu anlayışlar irəli gəlir. Ancaq mənim iki qatdan anlayışım bir başqadır. Susənbər yarpağının söyləyicisi onun yazarıdır, demək istərdim. Başqa sözlə yazar – r. kəbiri – burada özü söyləyici bir qadındır da. Sankı söyləyiciylə yazarın da burada bir- birinə keçişməsi var. Onun "sən" karakterinin belə yazıb yaradan, yazarlıqdan yetərincə başı çıxan bir karakter olduğu göz önündədir. Təki nədənsə burada yazar, yazar kimi deyil, bir söyləyici kimi çıxış etmək istəyir. Bunun da nədəni bambaşqa bir nəsələr ola bilər. bunu profesyonal oxucular kişisəl yozumlarıyla öz- özlərinə aydınlaşdıra bilərlər. Nəysə, bütün bu dediklərimə aşağıda gətirəcəyim dizilər aydın qanıtdır:
"sənə darıxıram. Yazmağı xoşlanıram. Nədənsə belə yazdığımda cümlənin formu yalnış olur. Bir yazar cümlələri doğru- düzgün qullanmalıdı deyirlər. mən ki yazar deyiləm, raviyəm. darıxqanlığımı necə istəsəm yazmalıyam!"
Gerçəkdə sankı susənbər yarpağında neçə çeşid karakter bir karakterdə kəsişib birləşirlər: yazar, söyləyici, hörümcək, sən! bunlar bir- birlərini tanımadan belə qonaqlayırlar. Bu dizələrə zillənək:
"bu gün bizə gələcəksən. adressiz gələrsən. belə təəccüblə mənə baxma. Hörümcək karakterimcə yoxsan?! Adresini bilmədən sənin həyətində alma ağacının kötüyünə belə dırmaşır. Bu yazının ravisi mənəm. sən karaktersən. sənə yalnız sözümə baxmaq düşər... sən haralardasan, kimsən belə bilmirəm. mirvarı boyunbağım, sırğalarım sənə, sənin üçün darıxır...."
Və "sən", susənbər yarpağında yazılan kimi çərçivələrə, qalıblara sığışan bir "sən" deyil. Demək qolay bir "sən" deyil. Bir başa özgürlük anlamını özündə daşıya bilən bir "sən"dir. Özü də yazıb yaratmaqla uğraşan bir "sən". Bu "sən" rəssamların vurğunudur. Bütün gözəllikləri, özəllikləri, özgürlükləri rəsm edə bilənlərin vurğunu. Özgürlük sözcüyünün bir başa yalnıq yaşamıyla bağlı olduğundan dolayı, burada "sən" karakteri, söyləyicinin daha hörümcək karakteri aracıyla deyil, onun yalnıq karakteri aracıyla yalnıqcasına özlənir. Söyləyicinin xəyalı "sən"in xəyalına toxunur. "sən"in əlləri söyləyicinin xəyal ölkəsinə dönür. Söyləyici bu "sən"in əllərini öz kişisəl yeri- yurdu sanaraq, onun paylaşılası olmadığı, olmayacağını da, öylə sevdiyi "sən" karakterinə inandırmaq istəyir. Üstəlik "sən"in əllərinə görə bütün əski inam- inanclarını da dana biləcəyini söyləyir. Deməli bütün inancları ata kimi kişi bir kişinin baxışıyla da dəyişənlər varmış! Bu inanc, solçuluq olsa belə, daha da dəyişməyə dəyərmiş sankı. Nəysə, söyləyici əlini sevdiyi "sən"in əlinin coğrafiyasında naxışlayır. Ancaq barmaqlarının nümrəsini, "sən"in başmaqlarının 41 nümrəsinə uyğun gələn barmaqlarından, bir nümrə güdə gördüyündə, özünü hələ o "sən"in yanında uşaq sanır. Və o "sən", o ata kimi özgün "sən"in önündə susaraq, yalnız ona darıxıb, onu özləyir:
"əllərini axtarmıram. əllərin xəyalımın mülküdür. Inan mülkümü iştiraka qoyası deyiləm. sol düşüncəmi belə əllərinə görə dana bilərəm."
"gözlərinə baxmıram. Atamın baxışlarından utanıram. Xəyal mülkümü dolaşıram. əllərinə baxıram. əllərin başmaqlarının 41 nümrəsinə uyğun gəlir... susmuşam. əlimi əlinin içində tutmuşam. Rəssam deyiləm. sən rəssamların vurğunusan bilirəm.... əlimi əlinin coğrafiyasında naxışlayıram. Barmaqlarım bir nümrə boyunda barmaqlarına güdə gəlir. Mən hələ boy atıb böyüməmişəm sanıram...susmuşam... hörümcək karakterim deyil, özüməm.... sənə darıxıram. Səni özləyirəm..."
Bu sözlər, bu anlayışlarımı, daha bir bağlamla bitirmək istəsəydim, nə deyərdim? Günümüzün qadını özünü yetərincə düşünülməyən birisi sanır. Bundan dolayı özünü bir başqası düşünüb daşınır. Yaşamın abzurdluğu da bu düşünüb daşınmalarla bir az dözüləsi olur. Kimi anlar yalnıq öz yalnıqlığını bəyənmirsə, dörd əl- ayaq olduğunu sevmirsə, sevdiyi, istədiyi işləri qolayca yapa bilmirsə, səkkiz ayaqlı bir hörümcək olmaq daha yaxşıdır. Özü də alma ağacını gəzib dolaşmaq istəyən bir hörümcək. nədənsə susənbər yarpağında olan bu hörümcəklə alma ağacının başından keçən bunca ilginc olaylar, mənə fransalı alen buskəni də anımsatdı. Alen buskə bir qoşuğunda özünü bambaşqa birisi düşünüb daşınmaqla öz yaşam abzurdluğunu dözüləsi sanmışdır. Maraqlıdır; bu qoşuqda alen buskə hankısa böyük bir öyrətmənə billur sağ ollar göndərir. Hörümcəyi bir musiqi səsinə bənzədir. Hörümcək onun ençəsinin eninə sürünür. Orada boşluqla bütünlüyü birlikdə sanır. Abzurdluq mütləq, mütləqlik abzurddur demək! hörümcək bu boşluqla doluluq arasında əl dəyməz bir alma qoyur. Almanı arayıb bulan sevilir. Burada alma qaranquşu özündə gizlədən bir gözəl gilas, bir qarpız kimi normal bir yemişdir. Sankı susənbər yarpağını yazan da bir tür abzurdluqla öyküdaşlıq edir. Sankı susənbər yarpağı öz- özlüyündə bir öykü deyil, bir öyküçüdür. Yazarın yoxsa söyləyicinin içində gizli olan nəyisə oxucuya anladır. Buradakı hörümcək gerçəkdən də yerli bir düşünüb daşınmadır. Bu düşünüb daşınma oxucuya hankısa fəlsəfə yönlü bir axımı tanımlayır. Bu axımın bir adı da məncə abzurd olsa gərək. yığcam desəm, böylə bir yazar olmaq, tər nanada gəzinən bir hörümcək tək tər nana kimi qoxuyub, öz oxucularını çeşid düşünüb daşınmalara sürükləyib, yaşamın abzurdluğunu onlara dözüləsi etməkdir. Yersiz bir öymə kimi alınmazsa, rüqəyyə xanım kəbiri bunca başarılı bir yazardır deyərdim. Bu sevimli xanıma daha da böyük başarılar, uğurlar diləyirəm.
Sayqılarımla Kiyan Xiyav- şəhrivər ayı 1391 (2012)

Комментариев нет:
Отправить комментарий