– Kimin növbəsidir?
Səs uzaq məchulluqdan,
sonu görünməyən boşluqdan gəlir. Key-key irəliyə baxıram. Gözləri qayır-qayır
qaynayan, güclü və özünə inamlı görünən biridir. Üzümə gülümsünür. Təbəssümü
o qədər dərin və anlaşılmazdır ki, məni vahimə bürüyür. Bu an heç kimdən heç
nə gözləmirəm.
O, böyük insan kütləsi içərisindən yalnız məni seçir, güclü maqnit dalğası onun bütün diqqətini uzun növbənin sonunu gözləməkdən şil-küt olmuş yorğun adamların çiyinləri üzərindən mənə tərəf yönəldir. Qeyri-ixtiyari başımı qaldırıb onun üzünə baxıram.Fikrim qarışır:”Bu hardan gəlib çıxdı belə”...
O, böyük insan kütləsi içərisindən yalnız məni seçir, güclü maqnit dalğası onun bütün diqqətini uzun növbənin sonunu gözləməkdən şil-küt olmuş yorğun adamların çiyinləri üzərindən mənə tərəf yönəldir. Qeyri-ixtiyari başımı qaldırıb onun üzünə baxıram.Fikrim qarışır:”Bu hardan gəlib çıxdı belə”...
Mənə tamamilə yad olan
bu kişinin dibi görünməyən məchul gözlərində
ani olaraq özümü seyr edirəm: üz - gözündən yorğunluq yağan, solğun bənizli,
uzun qara saçları pərişan şəkildə çiynlərinə tökülmüş, gözlərindən çaşqınlıq süzülən zərif görkəmli
qadın portretinə tamaşa edirəm. Nə isə mızıldanıram və adi qadın instinkti ilə
anlayıram ki, bu adam məndən əl çəkməyəcək. Bu məni üşəndirir, təsirdən
qurtulmağa çalışıram.
Gözlərimi
divardan asılmış, bəlkə də yaddan çıxıb qalmış və heç kimə gərək olmayan, insanları
texniki təhlükəsizlik qaydalarına riayət etməyə çağıran köhnə plakata zilləyirəm.
Düşüncələrim geriyə qayıdır, yenidən öz aləmimdə çözələnirəm.
Bu anda mən
göydən asılmışam. Keçib gəldiyim yollar yenidən qayıtmaq üçün yaramır. Orada o
qədər xoşagəlməz şeylər var ki... Elə şeylər ki, onları yoluna qoymaq üçün
böyük bir zaman, uzun bir təkamül yolu gərəkdir. Gözlərimi yumub ruhumun harda
qərar tutduğunu, ağlımın, hisslərimin hansı istiqamətə hərəkət etdiyini dərk
etməyə çalışıram. Ən əsası isə, mən ümidimi itirmişəm. Həyat ümid və istəklərdən
başqa bir şey deyilmiş.
– Gözləməyə dəyməz
çətin ki, sənə növbə çata.
Səs bu dəfə
lap yaxından gəlir. Onun varlığını bir addımlıqda hiss edirəm, bir qədər vahimələnirəm.
Mənə elə gəlir ki, gözlərinin dərinliyində hiyləgərlik gizlənib bu adamın. Bəlkə
də elə deyil, mən belə hiss edirəm. Qürurunu, hökm sahibi olduğunu məharətlə
ört-basdır etməyə çalışan adama oxşayır. Deməli, səhvlərini dərk etmədən özünə
bəraət verən adamlardandır, belə adamlar, adətən, kənardakı adamları özlərinə
tabe etməyi xoşlayırlar.
Hər şey cəhənnəmə,
axı nə istəyir bu, məndən?
Özümü qətiyyətlə
inandırmağa çalışıram ki, onun mənə heç bir dəxli yoxdur. Uzun saçlarımı laqeydcəsinə
əl barmaqlarımın ucuyla darayıram, üzümə etinasız ifadə verirəm. Yorulmadan
beynimi qurdalayıram, reallıq axtarıram. Keçmişə boylandıqca həyatımın səhvlər
üzərində qurulması mənim son qənaətim olur. Mən indimi keçmişimin üzərində qurmağa,
keçmişimlə ayarlamağa çalışıram, indimə gecikirəm. Daha doğrusu, mənim
zamanla problemim var, indimə sahib çıxa bilmirəm. İşığa can atıram. Qarşıda
keçə bilməyəcəyim divar mövcuddur. Divarın o üzündəki işıqda insanlar var. İnsanlar
yaxşı şeylərin dəyərini bilirlər, qiymətli olanları seçirlər. Mən seçim edəmmirəm.
Görünür, əsil
çürümək vaxtıdır, çürümək!
Üzümdə güclü
qasırğa küləyinin hənirtisini hiss edirəm.
– Mən sənə
kömək edərəm. Mənsiz heç nə edə biməyəcəksən, gücün çatmayacaq.
O, məni özümdən
çıxardır, eyni zamanda hiss etdirmədən sırf qadın xislətimlə onu izləməyə başlayıram.
Mühafizəkarlığım və qorxaqlığım bir qədər də maraqla əvəz olunur. Uzaqdan səs
eşidirəm. Bəlkə də, beynimin, yaxud ürəyimin hansısa qatından gələn intuitiv
səsdir: “Bu nəhəng adamdır, ondan qorxma. O, sənə kömək edəcək”. Səsə tabe
olmamağa çalışıram. “Onun əlləri
böyükdür, vahiməlidir, amma sığınacaqdır, müdafiə yeridir. Sən onun əllərindən
tutmalısan, göylərdən asılmış ruhunu xilas etmək üçün, fırtınalı dənizlərin
dibində boğulmamaq üçün”.
O, gözlərini
mənim üzümə zilləyib, elə bil orada çoxdan axtardığı hansısa qiymətli bir itkisini
tapmağa çalışır. Hiss edirəm ki, məni rahatlıqla oxuyur, çünki mən də onu
oxuyuram.
Nəhəng adam mənim
qorxaq və çəkingən nəzərlərimin əhatəsində mərhəmətlə gülümsünür, onun mərhəmətində
rinqdə qalib gəlmiş adamın lovğalığı var. Eqoist və tədbirli adama oxşayır. Bəlkə
də, məqsədinə çatmasa ölə bilər...
Amma hər
kimdirsə, bu adam reallıqdan gəlib, mənim baş vura bilmədiyim yerlərdən xəbər
verir. O, işıqda baş verənləri yaxşı dərk edir. O, mənimlə divarın o üzündəki
adamlar arasında əlaqə yaradacaq, məni işığa aparacaq. Mən da onlar kimi olacağam,
özümə güvənəcəyəm, həyatda real olanları axtaracağam. Onun mənə ehtiyacı var. Bəzən
nəhəng adamların da kiçik adamlara ehtiyacı olur, nəhənglər də kiçik ola bilməməyin
əzabını çəkirlər. Bu anda mənim çarəsizliyim onun xoşbəxtliyidir, mənim məğlubiyyətim
onun qələbəsidir. Bu həyat dialektikasıdır, metafizikanın inkişaf qanunudur.
O, bir söz
demədən və gözlərini üzümdən çəkmədən, qalib addımlarla mənə yaxınlaşır, əlini
mənə uzadır. Əlləri böyük və sehrlidir.
Mən bu an
aciz və xoşbəxtəm. Onu hisslərimlə ölçürəm. O, mənim hisslərimlə bir boydadır
və bundan artığını düşünmək istəmirəm. İntuitiv səs məni ona doğru sürükləyir,
mənə çox şeyləri diqtə etməyə çalışır.
Gözlərimi
qarşıdakı çəpgöz pəncərəli binaya zilləmişəm.
Zaman irəliyə doğru dartınır. Mən daha zamandan yapışmalıyam. Yorulub usanmadan
irəliyə doğru getməliyəm. Ruhumun hərəkətini izləyirəm. Boğulmaqda olan
ruhum sonuncu dəfə öz inadkarlığını edir, ağlıma təslim olur. Ruhum incikdir,
amma itaətkardır. Bu anda güclü iradəm mənə mane olmağa çalışır. Mənim iradəm,
həm də inadkarlığımdır, ağlıma itayətsizliyimdir. Ancaq sonucda o da dəfedilməz
deyil, məğlub olandır.
Əllərimi ona
uzadıram. Əllərim onun əllərinin içində görünməz olur, nəhəng adamın üzü
işıqlanır, əlləri sıxılır.
O, məni uzun
və sonu görünməyən insan növbəsindən kənara çıxardır. Biz hay-küylü, uzun və
sonu görünməyən yola çıxırıq.
Bayırda hava
çox gözəldir. Dünyanın sakit və xətərsiz, günəşli, mərhəmətli bir günüdür. Havadan
yasəmən ətri gəlir.
Ürəyimin
döyüntüsünü eşidirəm. Ürəyimin döyüntüsü addım səslərimə dolaşaraq gedir. Mən
gələcəyə gedirəm, məchulluğu dəf edəcəyəm. Bu mənim beynimin çoxsaylı
qatlarının, düşüncəmin və idrakımın ənginliklərinin mənə təlqin etdiyi
yoldur. Mənim başqa yolum yoxdur. Bu yolda qorxu, həyəcan, səhv etmə
ehtimalı var. Amma bu, həyat yolu, dirilik yoludur. Həyatda hər şey
mümkündür.
Yolboyu məchullluqdan
gələn səs qulağıma pıçıldayır: “Qorxma bu, o adamdır. İndindən qorxma, yoxsa,
keçmişin olmayacaq”.
Başımı
qaldırıb göyün üzünə baxıram. Göyün ortasında günəş mərhəmətlə gülümsünür. Yanağım
aşağı yuvarlanan bir damla yaşı barmaqlarımın ucuyla silərək gülümsünürəm.
Havadan xəfif
yasəmən ətri gəlir...
Комментариев нет:
Отправить комментарий