16.09.2012

Ölümün boz sifəti

Bilal Alarlı

Publisistik məqalələr yazıçının təcrübə məktəbidir. Bədii ədəbiyyata publisistikadan güclü axın və güclülərin axını gəlir. Dili cilalayan «köşə məktəbi»ndə özünü və sözünü tanıyanlar və tanıdanlar anadan şair kimi «doğulanları» heyrətdə qoyurlar. Bu yeni ədəbi dalğa, yeni ədəbi axın hələ ki, uğurgətiricidir. Qəzetlər bolluğunda heç bir mətbu orqan bədii əsər sifariş etmir, ancaq məharətlə, qələmi olanları öz «əməkdaşlarına» çevirir.
Bu, qələm adamının maddi maraqları ilə bağlı ola bilər, yaxud özünüifadə istəyindən doğa bilər. Bəzən yazı mənəvi borc həddinə yüksəlir. Fərqi yoxdur, əsas odur ki, yeni bir təmayülün şahidi oluruq. Cəlil Məmmədquluzadə kimi böyük bir sənətkar məhz «Molla Nəsrəddin» mətbu orqanının yetirməsidir, baxmayaraq ki, bu mətbu orqanı o, özü yaratmışdı. Çağdaş ədəbi proesesə publisistikadan gələn, yaxud bunun hər ikisi ilə məşğul olan, yəni həm qəzet yazarı kimi tanınan, həm də bədii yaradıcılığını davam etldirən xeyli gəncin adını çəkə bilərəm ki, onlara ümidverici nəzərlərlə baxmaq olar. Bunun bariz nümunəsi Kənan Hacıdır.
Kənan Hacı «Özündən qaçmaq olmur» adlı ilk şeirlər kitabında pərəstişkarlarını iç dünyasına buraxmaqla onları ürək döyüntülərinə «qonaq» etmişdir, desəm, yanılmaram. Günlərin külünü sinəsindəki külqabıya çırpan şair Kənan publisist Kənanın «astarı» təsiri bağışlayır. Məsələn, «sinifdənxaric oxu şeirləri»ndə Kənan Hacı publisist mundirindədir, nəsrə meyillidir. Bəlkə də, bu, ona görə belə alınıb ki, Kənan Hacı doğrudan – doğruya ciddi nasirdir və onu böyük uğurlar nəsrdə gözləyir. Bununçün onun oturub eşşəkyükü romanlar yazmasını gözləməyə ehtiyac qalmır. Bir və ya bir neçə hekayə kifayət edir ki, tamına baxdığın sözün hansı qazanda və hansı «aşpazın» mətbəxində bişdiyini biləsən. Mətbuatda tanış olduğum bəzi hekayələr məni bu qənaətə gəlməyə vadar etdi. Onların arasında Kənan Hacının da hekayələri var. Klassik ədəbiyyatda deyildiyi kimi, həyatın dibindən bəhs edən «Boz ilan» hekayəsi bəs etdi ki, onun yaxşı bir yazıçı olduğunu deyim. Bu, mətbuatda oxuduğum xoşuma gələn hekayələrdən biridir. Müəllif dilin incəliklərinə enməklə oxucunu heyrətləndirir, öz həyat bilgiləri ilə onu məlumatlandırır, yaratdığı obrazın reallığına məftun edir və kövrəldir. Tərif üçün giriş bəsdir, bəs təriflənən nədir?
Hekayə ilk cümlələrindən güclü obraz yaradır: Ev – eşiyi olmayan ədəbi qəhrəmanın sığındığı yer dünyayla üzülüşmüş, divarları mamır basmış yastı – yapalaq, tənha bir daxmadır. İkinci güclü obraz: bura dənizlə cəngə girmiş dəli küləklərin dinclik yeridir. «Küləklərin dinclik yeri» söz birləşməsi məni bu hekayəni maraqla oxumağa sövq etdi.
Hekayə boyu oxucuya ləzzət eləyən incəliklər: qaramat basmış dam, hündür qamışların süpürgə təpələri, süləngi itlər, çappa stəkan, rəngi və dadı bilinməyən payız yağışları, gecənin dibi, köhnə – külüş paltarlar, içəri addamaq, işıqlı təbəssüm, boz tənhalıq, araq şüşəsinin boğazından dibinə səyahət, kal – kal hürən it, beli qapmaq, yaş yuyub quru sərmək, «zapı»nın bağrını çatlatmaq və sair hər biri bir obraz olan ifadə elə öz ifadə tərzinə və yerinə görə rahat oxunur və «həzm» olunur.
Kənan Hacının hekayəsində diqqətimi çəkən maraqlı bədii keyfiyyətlər onun dilə münasibəti ilə bağlıdır. Hekayənin mövzusu belədir: «Çöllüyün boz qaranlığında» qaranlıq ömür sürən evsiz – eşiksiz, tüfeyli və içki düşkünü olan ədəbi qəhrəmanın sığındığı zülmət daxmaya boz ilan girir. Bu ilan özüylə bədbəxtlik gətirir və ədəbi qəhrəmanın qoxumuş cəsədi həyətdəki quyudan tapılır. Quyu qəbir rəmzidir, ilan ölüm! Hekayənin digər iki qəhrəmanı - Dəllək Səfi və Kababçı Vəli də gəlib quyunun üstünə – qəbirə çıxırlar, ilanı – ölümün boz sifətini görürlər. Günümüzün reallığını əks etdirən adi mövzulardan birinə müraciət etsə də, müəllif «Boz ilan» hekayəsində ənənəvi ideyanın öhdəsindən məharətlə gəlir. İdeya isə belədir: Mühit bədbəxt deyil, bədbəxtlər bədbəxt mühiti seçirlər və bədbəxt mühitdə xoşbəxtlik olmur.
Görünür, həyata bu cür baxış – özünəməxsus rakurs Kənan Hacının düşüncə tərzidir. Belə olmasaydı, Kənan şeirlərində də eyni ovqatı yaşamazdı:

Biz seçmirik, tale seçir bizləri,
Alnımızda öz imzası, möhürü. 

Sözümün başında dediyimi təkrarlamaq zorundayam: Bütün bu təsirlər publisistikadan gəlmədir. Publisistika Kənan Hacının dündəlik həyatıdır. Kənan Hacının ədəbiyyata özünün gündəlik yaşayışı olan publisistikadan pəncərə açması yaxşıdır, yoxsa pis? Cavab yazımın əvvəlindədir.

Комментариев нет:

Отправить комментарий