13.05.2014

Akif ABBASOV - PEŞMANÇILIQ

“Acı xatirələr” romanından

Rasim kobudluq etdiyinə, Səhərin gözləri qarşısında Müjkanı itələdiyinə görə özünü heç cür bağışlaya bilmirdi. Qadın elə incə məxluqdur ki, onu heç vəchlə incitmək, təhqir etmək, döymək, söymək, itələmək, alçaltmaq olmaz!  Belə sərt hərəkətlərə dəfələrlə yol verərək qadını necə kobudlaşdırdığımızı təsəvvürümüzə gətirmirik.
Rasim Müjkanı itələmişdi. Buna onun əli necə gəlmişdi? O gün Səhər Rasimə necə dedi? Hə, “Əlin qurusun!” dedi. İndi Səhərin gözünə necə görünəcək? Yəqin  indi onun Rasimə bərk acığı tutub, bəlkə də ona nifrət edir, bir də görmək istəmir?

Şübhə yox ki, Müjkan da eyni cür düşünür, o da daha Rasimlə bir daha görüşmək istəməyəcək, mənzilinin qapısını onun üzünə açmayacaq? İş yerinə gəlməsinə izn verməyəcək, bəlkə də səsini qaldırıb Rasimi təhqir edəcək. Daha kafedə, Müjkanın mənzilində qabaq-qabağa oturub qəhvə, yaxud mixəkli, kəklikotulu, mürəbbəli çay içməyəcəklər. Restorana, bara gedib rəqs etməkdən isə, təbii ki, söz açıla bilməzdi. 
Günah o general qızında oldu. Əslində günahkar həmin qız yox, Rasimin özü idi. Ona deyən gərək idi ki, restoranda baş verənləri gəlib Müjkanla Simaya danışsın. Gəzib-dolandığın qızlar, qadınlar özlərinə diqqət tələb edirlər. Bir də görürsən oğlanla qız kafeyə gəlib. Amma gözü başqa qızlarda, qadınlardadır. Yaxud küçədə qoşa gedərkən dönüb hansısa xanımın ardınca baxır. Bütün bunlar təmasda, ünsiyyətdə olduqlarınızı təhqir edir. Rasimin general qızından ağız dolusu danışmağı, onun gözəlliyini vəsf eləməyi, “mənə söylədi ki, sən əsl kişisən” deməyi,  general qızının onu gözlədiyini fəxarətlə bildirməsi Müjkanı özündən çıxardı. Qadın qısqanclığı dəhşətli olur!
Rasim hiss edirdi ki, Müjkansız yaşaya bilmir. Ondan necə ayrı dolana bilər?! Əgər Müjkan ondan imtina etsə, o, dəli olacaq. Emil nə qədər edirdisə, Rasimi sakitləşdirə bilmirdi:
-Özünü ələ al. Əslində təqsir səndə yox, Müjkanda oldu.
-Lənətə gəlmiş general qızının əhvalatını danışmasaydım, bu xöşagəlməz hadisə də baş verməzdi.
-Sənə fikrini dağıtmaq lazımdır. Bir az özünə gəlməlisən, yoxsa həqiqətən dəli olarsan. Bəlkə Roza ilə Marinanı axşama çağırım?!
- Roza da, Marina da başına dəysin! Mən nə hayda, sən nə hayda.
-Sənin fikrin doğrudan ciddidir? Bəlkə bu Müjkanı almaq, onunla ailə həyatı qurmaq istəyirsən?
-Təsəvvür eləyirsən – hə!
-Bəs Nailə?
-Nə edim, mənimki belə gətirdi? Bu qız elə bil məni ovsunlayıb. Bir an xəyaləmdan çıxmır.
-Amma mən istəməzdim…
-Nəyi istəməzdin?
-Nailədən əl götürməyini.
-Nailə ilə ailə qurmamışam ki, onu bədbəxt edəm. Nişanlıyıq. Qaytararam nişanı, birinə ərə  gedər. O qədər istəyəni vardı. Mən Müjkandan sonra onu xoşbəxt eləyə bilmərəm. Nailə ilə evlənsəm, onun yanında, onun qoynunda olacaq, fəqət Müjkanı xatırlayacağam. Belə həyat olmaz.
-Yox, sən ağını çıxartdın. Səni belə aciz bilməzdim. Nailə bir yana qalsın. Sənin evdə çoxlu problemlərin olacaq. Elə bilirsən ata-anan yanı balalı qadınla evlənməyinin şərəfinə  qurban kəsəcəklər?! Sizi evə qoymazlar.
-Evə qoymazlar gəlim burada – Moskvada yaşayar, burada işləyərəm.
-Nədən dərs deyəcəksən? Rus uşaqlarına Azərbaycan dili və ədəbiyyatı fənnindən? Axı sən  filologiya fakültəsini bitirmisən, diplomunda da yazılıb: orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi.
-Get, özünü dola. Başqa iş taparam. Mağazada işlərəm. Bazarda alver edərəm.
İki dost axır ki, söhbəti bur yerə çıxara bilmədilər. Onlar Müjkan və Sima ilə barışmaq üçün bir yol axtarırdılar.
* * *
Müjkan həmin gün keflənmişdi. Özünə gələndə tutduğu əməldən son dərəcə peşmançılıq keçirdi. Qızından utanırdı. Rasimlə Emilin üzünə necə baxacaqdı? Elə bil şeytan onu yolundan azdırmışdı. Həm də sayıqlığını itirmişdi. Rasim tez-tez onlara gəlib-gedirdi. Müjkan içib o günkü kimi sərxoş ola bilərdi. O günkü kimi Rasimə şərait yaratsaydı, o da həmin imkandan istifadə edər və beləliklə,  rayondakı hadisədən sonra növbəti  rüsvayçılıq baş verərdi. Yaxşı ki, həmin gün mənzildə Rasimlə tək deyilmiş. Sima, Emil  yanlarında olub. 
Yaxşı, bundan sonra hadisələrin gedişi necə olsun? Ata-anası Müjkanın yığışıb rayona gəlməsinin tərəfdarı idilər. Bu məsələ ilə bağlı ona çox dil tökmüşdülər. Fəqət Müjkan gah işini, gah mənzilini bəhanə gətirirmiş. O, Moskvada universitetə daxil olmuşdu. Qiyabi oxusa da, sessiyalar dövründə, imtahanlar zamanı Moskvada olmalı idi. Rayona köçərsə, yollarda qalacaqdı. Elə hazır qulağı dinc yaşayır da burada. Dəyib-dolaşan yox, adına söz çıxaran yox, maaşı da ki, qədərincədır. Dolanışığına da söz ola bilməzdi.
 * * *
Rasim özünü saxlaya bilməyib Müjkan yaşayan binanın qarşısına gəldi, amma yuxarı çıxmağa ürək eləmədi. Fikirləşdi, buralarda Sima, yaxud Müjkanla rastlaşa bilər, onu yuxarıdan, pəncərədən görə bilərlər. Bir onların fikrini öyrənsin, ondan sonra necə hərəkət edəcəyini müəyyənləşdirər. Artıq bir saata yaxın idi ki, buralarda idi. Gah oturur, gah da  gəzişirdi. 
Birdən binanın yuxarı mərtəbəsindən bir kərpic daş düz onun ayaqları altına düşüb, çilik-çilik oldu. başını qaldırıb baxdı. Müəyyən eləyə bilmədi ki, qırmızı kərpic hansı mərtəbədən, hansı aynabənddən atılıb. O, öz-özünə düşməmişdi. Kərpici atmışdılar. İki ehtimal ola bilərdi. Ya onu qorxutmaq istəyiblər, ya da həqiqətən atıblar ki, başına dəysin, lakin hədəfi tutmayıb. Bəs bu iş kimin ola bilərdi?  Müjkandan savayı ağlına başqa adam gəlmədi. “Onu itələyib yerə yıxmağımın heyfini çıxır. Emil deyəndə onun sözlərini qəribçiliyə salırdım. Demə, o, haqlı imiş. Bunlar – Sima ilə Müjkan onları həqiqətən ələ salıblar. Uşaq kimi oynadılar”.
Hirsindən Rasimin dişi bağırsaqlarını kəsirdi. O, əlini yelləyib çıxıb getdi. Başına gələnləri Emilə danışanda onun dili çıxdı:
-Bəs mən nə deyirdim?! Gəl bu qızlardan uzaq olaq. Şər-xatadırlar. Sənin vayına oturacaqlar.
-Ağ eləmə. Amma nəsə inanmağım gəlmir. Yəni Müjkan belə iş tutar? Mənim ona nə pisliyim keçib?! Axı biz onlara nə eləmişik? Həm də biz həmyerliyik. Bu qərib yerdə bir-birimizə qənim kəsilə bilmərik. 
-Mən də inanmıram ki, sənin o boyda yaxşılığından sonra Müjkan elə nankorluq eləsin.
-Nə yaxşılıq?
-Taksi məsələsini deyirəm. Böyük bir taksi növbəsində onu vəziyyətdən çıxarmısan.
-Yenə başladın?
-Başa düş, Rasim, qadınlar çox kinli olurlar. O səndən hökmən heyf çıxacaq. Sənə bir ziyan vurmamış əl çəkməyəcək. Deyilənə görə, dəniz kobrası dünyanın ən zəhərli ilanıdır. Sənin Müjkanınla, Siman dəniz kobrasından da qorxuludurlar. Bunu biləsən. Yadında saxla: qadınlar öz fərasətlərindən daha çox bizim zəifliyimizdən istifadə edərək istədiklərinə nail olurlar.
-Amma  sonuncu sözlərində həqiqət var. Bizi zəif edən, acizləşdirən onların gözəlliyidir.
Emil davam etdi:
-Mən yenə də öz fikrimdə qalıram. Müjkan səni öldürməyinə öldürməyəcək, amma qorxuram  şikəst eləsin ki, elə bir təhqirdən sonra bir nişanə qalsın.
-Brat, lap məni qorxutdun ha...
-Gəl üzü sulu tüpürək buralara, gedək Sankt-Peterburqda. Bizimçin nə fərqi?! Təki alverimiz getsin.
-Mənciyəz buradan heç yerə gedəsi deyiləm.
-Ezopun çox ibrətamiz sözləri var. Onları sənin yadına  salmaq istəyirəm. Sonrasını özün bilərsən. Sən onsuz da mənə qulaq asan deyilsən. Özünü məndən ağıllı bilirsən, ona görə. Ezop deyib: “Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz”. Bəs niyə belə deyib? Baş sındırsan, taparsan. Hə, yadıma düşmüşkən, alimlər “İncil”də cəhənnəmə aid rəvayətləri oxuyub bu qənaətə gəliblər ki, cəhənnəmin hərarəti 718 dərəcə selsidir. Bax, sözümə qulaq asmasan, cəhənnəmin belə bir hərarətində od tutub yanacaqsan. 
Rasim həmin axşamı çox narahat yatdı. Yaxşı əgər qırmızı kərpici Müjkan atmayıbsa, bəs onda Rasimlə kimin düşmənçiliyi var? Yadına Moskvada öldürülən  azərbaycanlı iş adamları düşdü. Bax onların da başına belə daş salıblar. Emil düzünü deyir. Başımızı burada qoymamış, götürüb qaçmaq lazımdır.
Axşam belə fikirləşən Rasim səhəri gün yataqdan qalxanda Müjkanı xatırladı. Ondan ötrü darıxdığını, qəribsədiyini başa düşdü. Emili başından eləmək üçün:
-Sən bazara get, mən də bir-iki yer var onlara dəyib yarım saata gəlirəm.
-Bura bax, Rasim, birdən yenə o abırsızın dalınca gedərsən ha?! Səni xəbərdarlıq edirəm, sonra demə ki, sənə mane olmadım, başına ağıl qoymadım.
-Yox, daha onunla qurtardım.
-De sən öl.
-Demirəm, amma qurtardım, narahat olma.
Emil getdi. Az sonra Rasim də çıxdı. Dəyəcəyi yer yox idi. Müjkanı görmək istəyirdi. bi istək indi əvvəlki günlərdən daha güclü idi.
Rasim yenə həmin həyətdə gəzişirdi. Yarım saat-qırx dəqiqə sonra Gülay o qapıdan çıxıb işə gedəcəkdi.  Yaman həyəcanlı idi. 
Rasim özünü Müjkanla görüşə hazırlayırdı ki, bu zaman tanış bir adam gördü. O da Rasimə diqqətlə baxıb keçdi. Binanın Müjkan yaşayan  blokuna girdi. Yenə dönüb arxaya baxdı. Rasim tanıdı. Tatar oğlan idi. Keçən dəfə az qala süpürləşəcəkdilər. Müjkan onin adını necə demişdi? Fəxrəddin? Yox, Fəxrəddin deyil. Amma bu ada oxşayırdı bi tatar oğlanın adı. Hə, Feyzəddin.
Feyzəddin əlindəkiləri evə qoyub həyətə düşdü. Rasim gəzişirdi. O, Rasimə bir söz deməyib, harasa getdi, qayıdanda yanında 3 nəfər cavan oğlan vardı. Onlar Rasimə yaxınlaşdılar. Feyzəddin Rasimi gələnlərə göstərib:
-Mənə xoruzlanan bu idi. Bizim binaya qız dalınca gəlir”.
Yoldaşlarından bədəncə nisbətən iri və hündür olan, enli kürək oğlan:
-Brat, sən burada işə girmisən? Bu binanın oxrannikisən?
-Yox, nə olub ki?!.
-Canına dərd olub. Burada nə gərdiş edirsən?  Yer tapmısan bazlıq eləməyə? 
İkinci oğlan dedi:
-Lotuluq edirsən?
Feyzəddin dedi:
-Nədir o ceyran küsüb səndən? Daha səni hərləmir?
-Ağzını təmiz saxla.
- Üfunətli öz ağzındır. Avaranın biri avara! Bu dəqiqə buradan rədd ol, get, bir də ayağın bu həyətə  dəyməsin! Bildin?
-Yox, bilmədim.
Dörd nəfər Rasimin üstünə düşdü. İlk zərbələr çənəsini, ikinci zərbələr gözünün altını tutdu. Rasimin də əlini pişik yeməmişdi. Vaxtilə o, boksla məşğul olmuşdu. Amma qeyri-bərabər döyüş idi. Hərəsi bir tərəfdən zərbə endirirdi, yumruq, təpik, kəllə, şillə…
Rasimin yumruqları da cəld işləyirdi. Bu oğlanlarla döyüşə-döyüşə: “Bütün bunlar Müjkanın işləridir. Feyzəddini o öyrədib, mənim üstümə salıb! Qırmızı kərpici də Feyzəddin atıbmış” – deyə fikirləşdi. Onlar Rasimi, bu da onları əzişdirirdi. Kənardan bir neçə adam yaxın gəlib baxırdı. Azarkeşlər də vardı. Onlar qışqırırdılar: 
-Bax belə, gör necə vurdu, təkdir, amma dörd nəfərlə vuruşur.
Geri çəkiləndə Rasimin ayağı nəyəsə ilişdi və o, yerə gəldi. İndi Feyzəddin və onun yoldaşları təpiklərini işə salmışdılar. Rasimin yerdə çox qalmadı. Sıçrayıb ayağa qalxdı və Mişa deyilən gəncə zərbəni necə vurdusa, o, təpəsi üstə yerə gəldi. Rasimin növbəti zərbəsi Feyzəddinə dəydi. O, tez sifətini tutdu.
Rasimin də burnu qanamış, gözünün altı göyərmişdi. Bu zaman qışqırtı eşidildi. Rasim dönüb baxdı. Bundan istifadə edib onu vurdular. Rasim yıxıldı. Blokun birindən ayaqyalın-başıaçıq Müjkan, o birindən cinsi şalvarda Sima yüyürüb gəldilər. Oğlanlar Rasimin üstünə yeriyəndə Müjkanla Sima onların qarşısını kəsdilər. Müjkan əlini uzadıb Rasimi qaldırdı. Rasim öz-özünə: “Yox, burada Müjkanlıq iş yoxmuş. Bəla Feyzəddindən gəlib. Ötən dəfəkinin əvəzini çıxırmış ”.
Müjkan Feyzəddinə acıqlandı:
-Ayıb olsun sənə! Bu nə hərəkətdir?!. Gedib onları da çağırmısan, düşmüsünüz bu oğlanın üstünə.
Sonra cavan oğlanlara acıqlandı:
-Rədd olun buradan, gedin öz xarabanıza! Dava-dalaşı öz həyətinizdə salın.
Sima Rasimin qoluna girib binaya sarı apardı.
Oğlanlar dağılışdılar. Feyzəddin də onlarla getmək istəyəndə Müjkan onu saxladı:
-Feyzəddin, sən bilirsən ki, Rasim bizə gəlib-gedir. Sima ilə mənim həmyerlim, həm də  dostumuzdur. Bunu bilə-bilə avaraları da çağırıb düşmüsünüz onun üstünə. Belə qonşuluq olar? Polisə şikayət etmirəm, amma anana deyəcəyəm.
-Bu cavan oğlan bir saatdan çoxdur həyətdə gəzişirdi. Hiss elədim ki, onunla aran dəyib. Bunun da üzü yoxdur, sizə getsin. Fikirləşdim ki, siz qovmusunuz, bu isə əl çəkmir. Ona görə dərs vermək qərarına gəldim.
-Bax sənə xəbərdarlıq edirəm, axırıncı dəfə olsun! Yoxsa məndən incimə.
Müjkan Rasimi də götürüb mənzilinə çıxdı. Qapını Səhər açdı. Rasimi görüb təəccübləndi. Bir əvvəl istədi salam verməsin, bunu başa düşən Müjkan:
-Qızım, Raslm əmidir.
Anasının nə dediyini əlüstü başa düşən Səhər dilləndi:
-Salam, Rasim əmi.
-Salam.
-Rasim əmi, sizə nə olub, yıxılmısınız?
Müjkanla Simanın dodaqları qaçdı, amma özlərini gülməkdən saxladılar:
-Yıxılıb, qızım, yıxılıb. Üzü-gözü cızılıb, iynə-sapı gətir, cırılan yerləri tikək.
Səhər key-key anasının üzünə baxdı. Onun zarafat etdiyini anlayıb güldü və tez qaçıb spirt, tənzif və pambıq gətirdi.
* * *
 Müjkanın xeyirxahlığı Rasimi riqqətə gətirmişdi. Hər halda qadən psixologiyasına bələd olmaq çətinmiş. Emil deyəndə ki, “Müjkan səndən heyf çıxacaq, sənə  ziyan vurmamış sakitləşməyəcək” Rasim az qala ona inanmışdı. Buna görə xəcalət çəkdi. Öz-özünə düşündü: “İnsan gərək başqasının dedikləri ilə oturub-durmaya, öz ağlı ilə iş görə”. 
Müjkan da, Səhər də əl-ayağa düşmüşdülər. Bilmirdilər Rasimə necə kömək etsinlər. Sima tez qəhvədanı qazın üstünə qoydu. Məlum oldu ki, qəhvədan bayaqdan qaynayıbmış, sadəcə onu qızdırmaq lazım idi. Sima çayı dəmlədi. Çaynik dəm alana kimi süfrəni hazırladı. Özü də bir stəkan çay içib,  xudahafizləşdi və getdi.
- Müjkan, soyuducudan moruq mürəbbəsini də çıxar, - dedi.
Müjkan Səhərin uzaqlaşmasından istifadə edərək:
-O günkü hərəkətimə görə üzr istəyirəm, -dedi və utanırmış kimi gözlərini yerə dikdi.
Rasim tez:
-Yox, sən məni bağışla, - deyib onun əlindən tutdu, Səhərin yaxınlaşdığını görüb əlini çəkdi. 
-Nəsə, keçənə güzəşt deyiblər.
Bunu Müjkan dedi, Rasim də təsdiq etdi:
-Bəli.
Rasim kresloda oturmuşdu. Müjkan pambığı spirtə batırıb Rasimin alnını, çənəsini, əlini sildi.  Gözünün altına soyuq kompres qoydular. Müjkan qulluğunda durduğuna görə bədəninin, sifətinin ağrılarını tamam unutmuşdu.
-Balaca uşaqsan, dava niyə salırsan?
-Səncə, mən davakar uşağa oxşayıram. Aşağıda  sakitcə gəzişirdim. Üstümə gəldilər. əvvəlcə təhqir etdilər, sonra da hərəsi bir tərəfdən hücuma keçdilər. Amma möhkəm əzişdiriblər, bütün bədənim ağrıyır.
-Sən də pis döyüşmürdün. Bu hesabla yəqin kiminsə qol-qabırğasını sındırmısan.
Sakitlik oldu. Səhər o biri otağa keçmişdi. Müjkan:
-Darıxdım səninçin. Yanımda olanda istəyirəm tez çıxıb gedəsən. Simaya, Səhərə görə, həm də laqeyd qala bilmirəm, əzab çəkirəm. Yanımda olmayanda isə, ürəyim partlayır, darıxıram. Neçə gündür özümdə-sözümdə deyiləm.
-Doğrudan?
Müjkan:
-Şübhən olmasın, - deyib aşağı əyildi və Rasimi öpdü.
Rasim onun əllərində tutdu. Bu qədər. Daha başqa təşəbbüsdə olmadı. Onun qəlbinə dəyəcəyindən qorxdu. Bilirdi ki, Müjkan əliuzunluğu xoşlamır.
-İstəyirsən axşam burada qal.
-Yox, yaxşı düşməz. Əvvəla, uşaqdan ayıbdır. Sonrası da, Emil harada gecələnməyimlə maraqlanacaq. Həm də getməsəm, nigaran qalar.
-Doğru deyirsən, getməyin yaxşı olar.
Bu zaman Rasimi mobil telefonu səsləndi. Götürüb baxdı. Kənddən idi. Nailənin bacısı idi. Rasim qeyri-ixtiyari:
-Xeyir ola. Görəsən nə hadisə baş verib?
* * *
Həsənbəyli kəndi sakit həyatını yaşayırdı. Yay ayları olduğundan bəzi cavanlar, orta yaşlı kişilər kənddə deyildilər. Daraşmışdılar Rusiyətin şəhərlərinə, pul qazanırdılar. Qışa hazırlıq görülməli idi. Həm öz evləri, həm də heyvanların tövlələri, toyuqların hini, itin damı isti olmalı, həm öz azuqələrinin, həm də mal-heyvanın, toyuğun yeminin qayğısına qalmaq lazım idi. Kənddə qaz olmadığından, həm qaz balonları alınmalı, həm də odun tədarükü görülməli idi.
Axşamlar Tellinin qoynunda rahat yatan Xansuvar səhər arvadının ütüləyib qoyduğu köynəyi, şalvarı geyib dükan-bazara çıxır, alış-veriş edir, bazarlıqdan arxayın olandan sonra gedib çayxanada oturardı. Buraya kimisi çay içib-söhbət edib gününü keçirmək üçün gəlirdi, kimisi də bir çaynik çayı bir kənara qoyub domino, nərd, şahmat oynayırdı. Bəziləri bu oyunları elə-belə oynamırdı, nərd taxtanın, domino qabının altına pul qoyardılar. “Oyunçu aparsın”.
Loto da dəb idi. Adam vardı bu oyunlardan, lotodan yaxşı pul götürürdü. 
Belə adi günlərin birində bir də gördülər ki, İdris kişinin evindən tüstü qalxıb. Kənddən qıy-qışqırıq qopdu. Adamlar, əsasən də söz-söhbət gəzən arvadlar, macəra  axtaran uşaqlar  tüstülənən evə  doğru qaçdılar. Balaca otaq idi, odlanmışdı. Tez də söndürdülər. Sən demə, Nailə özünə qəsd etmək istəyirmiş, tutub sirkəni əlindən alıblar. O da tez öz otağına çəkilib, döşəmənin üstündəcə Rasimdən gələn məktublara və şəkillərə od vurub. Onun qəzəbinə səbəb məktublar deyil, bu gün aldığı zərfin içərisinə qoyulmuş şəkillər olub. Şəkilləri Rasim deyil, başqa bir nəfər yola salıb. Onları Rasim göndərə bilməzdi. Çünki Rasim şəkillərin hamısını  bir qızla çəkdirmişdi. Şəklin birində tanımadığı qız Rasimin yanağından öpür, digərində onun qoluna girib. Başqasında Rasim qızı qucaqlayıb.
Nailə cin atına minmişdi: “Buna görə toyu uzadır. Adını da qoyub: “Pul qazanıram”. Demək, bu qıza görə Moskvadan əl çəkmir. Neynək...
Xəyalə tez özünü bacısına çatdırdı. O, ailəli idi, üç uşağı vardı:
-Ay qurbanın olum, özünə niyə qəsd edirsən? Şəkildir çəkdirib, burada nə qəbahət var? Bu dəqiqə həmin qızı almır ki...
-Necə yəni, Moskvada onunla min oyundan çıxır, sonra gəlib mənə deyəcək: “Gəl evlənək? Özü də fikir verdin, rus deyil, azərbaycanlıdır. Yəqin buradan gedəndə özü ilə aparıb ki, orada darıxmasın. İndi gəl beləsinə inan, bel bağla.
-Ay qız, öz nişanlındır, götür mobil telefonu, öyrən nə məsələdir bu?
-Zəng edən deyiləm. Özümü alçaltmaq istəmirəm. Qoy elə bilməsin ki, ölürəm ondan ötrü.
-Onda mən zəng vuraram.
* * *
-Salam. Ölüm-itim yoxdur ki. Şükür, şükür. Səndən çıxmayan iş, nə əcəb  zəng etmirsən? Nailəyə bir şey olmayıb? 
Xəyalə:
-Olub, - dedi.
Rasim həyəcanlı:
-Nə hadisə baş verib?
Xəyalə danışdıqca Rasim rəng alıb rəng verirdi. Müjkan da narahat olurdu. Onun sual dolu baxışları Rasimə dikilmişdi. Bunu görən Rasım daha da həyəcanlanırdı. Bir yandan Xəyaləyə qulaq asır, digər yandan fikirləşirdi: “Bu zalım qızı nə pis vaxtda zəng vurdu. İndi gərək nişanlısı olduğunu Müjkana bildirə. Belə məqamda  Məşədi İbad deyib: “Heç hənanın yeridir?!” İkincisi də, Rasim  hazırda kəndə olub-keçənləri, Xəyalənin dediklərini gərək Müjkana danışa”.
Rasim  Müjkanın yanında deyə bilmirdi ki, şəkildəki qızla aralarında ciddi bir şey yoxdur. Anlada bilmirdi ki, şəkillərdən də xəbəri yoxdur, onları kimin çəkdiyindən də bixəbərdir. Həm də şəkildir də. Şəkil hələ hər şeyi anlatmır ki. Şəkildə birisini hansı münasibətləsə öpmək də, onun qoluna girmək də olar. 
Elə danışırdı ki, Xəyalə onun nə demək istədiyini başa düşmürdü. Yəni, doğrudanmı o qıza uyub, yoxsa bu, sadəcə bir əyləncə, ötəri hissdir, ciddi məsələdirmi, şəkli quraşdırıblarmı? Xəyalə çaşıb qalmışdı. Rasim:
-Yaxşı,  sonra zəng edib özü ilə danışaram, - dedi.
Rasim məcbur olub məlumat verdi. Müjkan bildi ki, Rasimin kənddə  Nailə adlı nişanlısı var, ona kimsə Rasimlə Müjkanın birlikdə çəkilmiş şəkillərini göndərib. Nailə həmin onları görəndən sonra az qalıb dəli olsun.  Qısqanclığın, həddən artıq çox sevməyin də belə xətaları, fəsadları var. Məlum oldu ki, Nailə əvvəlcə intihar etmək istəyib, sonra Rasimin məktublarını, şəkilləri yandırıb. Az qalıb ev od tutub alışsın. Sonra da nişana gətirilmiş pal-paltarları yandırıb. 
Müjkanda da qısqanclıq hissi baş qaldırmışdı. O, bahar buludu kimi dolub durmuşdu.
-Bəs deyirdin subaysan?
-Bəs subay necə olur? Nişanlı olmaq evli, ailəli olmaq demək deyil ki... Uşağım yoxdur, bir yerdə yaşamırıq. Hərə öz evindədir. Hər nişanlı oğlan və qız ailə qurmur ki... Nişanlılıq bir növ sınaq dövrüdür. Bax görürsən heç nədən şou çıxarıb. Bu özü də seçim üçün göstəricidir.
-Yəni deyirsən nişanı qaytara bilərsən?! Yoxsa qaytarmaq barədə fikirləşirdin.
- Müjkan, xahiş edirəm, bu söhbəti hələlik burada qapayaq. İndiki vəziyyətimdə onu davam etdirməyə hazır deyiləm. Sonra bu barədə danışarıq. Olar?
-Olar.
Rasim ayağa qalxdı. Müjkan onu qapıya qədər ötürdü. 
* * *
Rasim kirayə qaldıqları mənzilə yetişəndə gecə saat bir olardı. Emil mışıl-mışıl yatırdı. O, Emili  qardaşı kimi sevirdi. Amma bu gün ona acığı tutmuşdu. Dişi bağırsaqlarını kəsirdi. Bir istədi Emilə dəyməsin, amma səbri tutmadı. Onu dümsükləyib ayıltdı:
-Bu sənin işin olacaq.
Emil  diksinib ayıldı. Səksəkəli:
-Nə mənin işin olacaq? Nə olub, sözünü sabaha saxlaya bilməzdin? Adamı da yuxudan belə oyadarlar? İstəyirsən dəli olaq, havalanaq? Ev sahibi deyir gecənin elə bu vaxtı şələ-küləmizi yıgışdıraq? – deyə soruşdu.
Ev sahibəsi iki gün əvvəl xəbərdarlıq eləmişdi ki, özləri üçün ayrı mənzil kirayə etsinlər. Qızının qayınanası onu öz oğlu qarışıq evdən çıxarır.  Mənzili əlacsızlıqdan, pulsuzluqdan kirayə vermişdilər. Ev sahibəsi bağ evində qalırdı. Oradan şəhərə gəlib-getmək çox vaxt aparırdı. Amma ailəyə pul da lazım idi. “Allahdan buyruq, ağzıma quyruq”la iş başa gəlmirdi. 
Rasim son dərəcə əsəbi:
-Ev sahibəlik bir iş yoxdur. Hələ möhlət verib, özü də nə qədər desən. Rus olsa da,  səndən qeyrətlidir.
-Yenə nə oldu qeyrətimizə?
-Peyğəmbərimizin belə kəlamı var: “Millətimin içində xəyanət olmasa, düşmən qabağımda tablaşa bilməz”. Çox haqlı deyib. Özü də sənin kimiləri nəzərdə tutaraq deyib. 
-Rasim, nə olub, günahım nədir?
Rasimin sir-sifətini görüb:
-Bu nə gün-güzərandır? Yəqin sənə köməyə gələ bilmədiyimə görə mənə acığın tutub?! Ovcumun için iyləmişdim? Mən nə biləydim sən haradasan, başına nə iş gəlib? Yanında olub, əlimi yanıma salıb dayansaydım,  yenə günahlandırmağa haqqın olardı. İndi isə sən haqsızsan. Mən səni xəbərdarlıq eləmişdim. Demişdim ki, o, anasının əmcəyini kəsən qız sənin axırına çıxacaq. Mənə qulaq asmadın. İndi mən oldum günahkar? 
-Sənin Müjkanda gözün vardı. Bunu hiss eləmişdim...
-Belə çıxır ki, səni mən döydürmüşəm?
-Söhbət döyüb-öldürməkdən getmir. Şəkillərdən gedir.
-Nə şəkillər?
-Nailəyə göndərilən şəkilləri deyirəm. Özünü elə aparırsan ki, güya xəbərin yoxdur.
-Nailəyə hansı şəkillər göndərilib?
-Mənimlə Müjkanın xəlvəti çəkilmiş şəkilləri. Telefonla çəkilib. Başqa kim çəkə bilərdi? Ya sən, ya Müjkan, ya da mən? Mən belə qələti eləməzdim. Kim öz başına daş salar? Şəkli Müjkan çəkmiş olsaydı belə, ünvanı bilmirdi, heç nişanlı olduğumdan da xəbərsiz idi. Şəkil əhvalatından sonra etiraf etməli oldum. Deməli, şəkilləri sən çəkmisən, Nailəyə də sən göndərmisən. Göndərmisən ki, Müjkanla məni ayırıb, onu özün ələ keçirəsən.
-Gör bir nə fikirləşirsən? Dostluqda, qardaşlıqda ayıb iş deyil?
-İnsan qızanda, mənafelər toqquşanda nə elədiyini, hansı alçaqlığa yol verdiyini düşünmür.
 -Bir Allah şahiddir ki, şəkil məsələsindən mənim xəbərim yoxdur.
-Allah sənə qənim olsun!
Emil durub yerinin içində oturdu:
-Axı nə olub? Bir məni başa sal. Səni harada belə döyüblər? Nailəyə şəkillərin göndərildiyini haradan bildin?
Rasim gün ərzində baş verənləri Emilə danışdı. Sonra acı təəssüf  hissilə:
-Emil, məni bağışla, gümanım heç kimə gəlmir. Odur ki, səndən şübhələnirəm. Şəkilləri sən göndərmisən. Bundan belə səninlə mənimki tutmaz!
Emil ayağa sıçradı:
-Ağlını başına yığ. Bu qadından sənə arvad olmaz. Gül kimi nişanlını peşman eləmə. Özünü el içində rüsvay eləmə. 
Emil sözünə ara verib baxdı. Rasim ona qulaq asmırdı. Görünür fikrini dəyişməmişdi. Emil davam etdi:
-Nəyə deyirsən and içim. Şəkillərdən mənim xəbərim yoxdur.
-Nə isə... Mən gedim özümə kirayə otaq axtarım. Biz bir yerdə qala bilmərik.
-Heç olmasa, qal, sabah ev axtararsan. Gecənin bu vaxt-vədəsi hara gedəcəksən? Milislər tutub şöbəyə aparacaq, malcan çırpacaqlar. Onların qara millətə münasibətini ki, bilirsən.
Rasim qapını çırpıb çıxdı. Emil bir istədi onun ardınca çıxıb, ona yalvar-yaxar eləsin. Lakin onun xasiyyətinə yaxşı bələd olduğundan yerindən tərpənmədi. Tərsin biri idi. Onsuz da qayıtmayacaqdı, üstəlik Emilə ağzından çıxanı deyəcəkdi. Amma deməmişdirsə, burda da bir səbəb vardı. Yəqin az-çox Emilin sözlərinə də inanmışdı. Babal yumaq istəmirdi, amma hələ ki, məsələ durulmamışdı.
Rasim birdən ayaq saxladı: “Heç Sima yadımıza düşmür. Bəlkə şəkilləri o çəkib göndərib. Yox, ünvanı bilmir. Dayan, indiki zəmanədə ünvan öyrənmək nə çətin iş imiş. Dünyanın o biri başı ilə bir saniyə ərzində əlaqə saxlamaq, danışmaq, görmək olursa, Moskvadan Saatlı ilə əlaqə yaratmaq nə böyük işdir. Kəndimizin adını da min dəfə çəkmişik. Saatlı rayonu, Həsənbəyli kəndi, Nailə... Hə, bəs soyadını nə Müjkan, nə də Sima bilmir axı. Guya sadəcə Nailə yazsa, gedib çıxmayacaq? Bilirlər ki, tibb bacısı işləyir. Yəqin zərfin üzərində yazıblar: “...kənd xəstəxanası, tibb bacısı Nailəyə”.
Simanın işi olacaq. O, güman edir ki, Nailə və Müjkanla məsələlər yoluna qoyulsa, Rasim onun olar. Eh, qadınlar, qadınlar...
* * *
Gecə saat iki olardı. Rasim o qədər fikirli idi ki, qarşıdan gələn maşını görmədi. Qəfil yola çıxdığından az qala sürətlə gələn taksi onu vurub keçəcək, yaxud havaya qaldırıb, sonra yerə çırpacaqdı. Sürücü əyləci vaxtında basdı, maşın səs qopararaq xeyli irəli gedib Rasimin bərabərində dayandı:
-Durak şto li? – sürücü acığını tökdü.
Rasim cəld qapını açıb özünü içəri atdı. Sürücü elə bildi ki, onu vurmaq istəyir. Odur ki, başını geri atdı. Rasim:
-Sür, getdik, - dedi.
Sürücü onun dava etmək niyyətində olmadığını görüb sevindi, amma bir istədi onu aparmasın. Xatakar adama oxşayırdı. Sir-sifəti siyrilmiş, yodlanmış, gözünün altı qaralmışdı.
Sürücünün fikrini oxuyan Rasim onu xatircəm saldı:
-Qorxma, məndə təqsir olmayıb, dörd nəfər üstümə tökülmüşdü. Mən də onların dərsini verdim. Onların da əlini pişik yeməmişdi ki?!.. Bir-ikisini də onlar çəkdilər. Milissiz-filansız əvəz-əvəz elədik.
Sürücü tərpəndi:
-Hara?
-Bilmirəm.
-Necə bilmirsən. Bəs deyirsən, ağlı başında olanam. İndi isə məlum olur ki, avaranın, yurdsuz-yuvasızın birisən. Milislərə rast gəlsən, salacaqlar içəri.
Sürücü maşını saxladı:
-Brat, məni başa düş, gecənin bu vaxtı yatmayıb çıxmışam yola ki, beş-on manat qazanım. Sən Allah, düş, qoy çıxıb yolumla gedim.
-Brat, mən nə avarayam, nə də lüt.
Rasim əlini cibinə atıb bir dəstə pul çıxartdı:
-Pulum da var, qanacağım da. Sür.
O, Simanın yaşadığı evin ünvanını dedi. Qərara almışdı, gecə ilə aydınlaşdırmaq istəyirdi, şəkilləri Nailəyə göndərən odurmu? Odursa məqsədi nədir? Onu Müjkandan ayırmaq, yoxsa Nailəni Rasimdən ayırmaq?  Məqsəd Nailə ilə Rasimin aralarını vurmaqdırsa, Sima bunu Müjkanın xətrinə edir, yoxsa özünün nəsə təmənnası, ya planı var? Bütün bunları araşdırmaq istəyirdi.
Taksidən düşəndə sürücüyə gəlmə pulunu və bir az da artıq pul verib xahiş etdi ki, burada onu gözləsin, təcili söhbəti var, onu eləyib qayıdacaq.
Qapının zəngi Simada bərk həyəcan və təşviş oyatdı: “Gecənin bu ələmi kim olar?”
O, mətbəxə keçib, iri bıçağı götürdü və qapıya yaxınlaşdı. Gözlükdən baxıb Rasimi gördü.
-Sima, mənəm.
Sima onu sorğu-suala tutmadan tez qapını açdı. Görünür, nə isə ciddi bir hadisə, bəlkə də ölüm, baş vermişdi ki, Rasim səhərin açılmasını gözləmədən buraya gəlmişdi.
-Nə olub? Salamatlıqdır? Xeyir ola?
Yarıyuxulu və çaşqın vəziyyətdə olan Sima sualları bir-birinin ardınca verirdi. Sonra yadına düşdü ki, qonağa oturmağı təklif etməyib. Ona yer göstərdi. Rasim divanda əyləşdi. Qarşı tərəfdə kresloda Sima oturdu.
-Sima, düzünü de, şəkilləri sən göndərmisən?
Sima təəccüb qaldı:
-Bunu haradan bildi? Buna kim deyib. Axı bu məsələdən heç Müjkanın da xəbəri yoxdur. Sən Allah işə bax. Belə yerdə deyirlər ki, yerin də qulaqları var.
-Sözün düzünü deyim?
-Əlbəttə, sözün düzünü.
-Bəli, dünən səhər tezdən yola saldım.
-Axı niyə belə iş tutdun?
-Bəs nə edəydim? Niyə də göndərməməliydim.
-Heç səndən gözləməzdim?
Rasim ayaqa qalxıb:
- Mən səni yaxşı tanımamışam,  xudahafiz.
Taksi aşağıda gözləyirdi. Rasim maşına oturdu. Sima boynuna aldı, Emilin günahı yoxmuş, amma ona olmazın sözlər dedi. Gedib barışmaq, axşam həmin mənzildə gecələyə bilərdi. Amma o söz-söhbətdən sonra bir də Emili narahat etmək istəmədi. Sabah bazarda dərdləşərik”, - deyə fikirləşib  sürücüdən soruşdu:
- Səhər saat yeddiyə qədər nə qədər qazanırsan?
Sürücü dedi. Rasim  fikirləşdi ki, bundan belə mehmanxanaya getməyin də adı yox idi. Səhərin açılmasına 3-4 saat qalırdı. Odur ki təklif etdi:
-Həmin pulu sənə verəcəyəm, benzin də işlətməyəcəksən. Maşını dalda bir yerə sür, saat yeddiyə, uzağı səkkizə qədər gözümün acısını alım, dostumu narahat etmək istəmirəm. Sən də o vaxta qədər yatarsan. Səkkizdə məni ... ? bazarına aparar, pulunu alarsan.
Bu təklif sürücünün ürəyindən oldu. Həm yatacaqdı, həm də benzin işlətmədən, müştəri axtarmadan pulunu qazanacaqdı.
* * *
Şəkli, həqiqətən Sima göndərmişdi. Özü də bir neçə şəkil idi. Müxtəlif görüntülərlə. Onları zərfə həyəcan içərisində, ürəyi uçuna-uçuna qoymuşdu. Zərfin ağzını yapışdırana qədər xeyli düşünüb-daşınmışdı. Bütün olub keçənlər, başına gələnlər, bütün acı xatirələr kino lenti kimi gəlib gözünün qarşısından keçmişdi. Doqquz, yaxud on şəkil idi. Axırda qəti qərara gəlmiş, zərfin ağzını yapışdırmış, səhər işə gedəndə poçta salmışdı.
Rasimin tənəli sözlərindən Sima bir şey başa düşməmişdi.gecə yarısı durub onun qapisına gəlməklə nə demək istəyirdi? Müjkandan üz döndərirdi, yoxsa Nailədən? Yəni doğrudan Simaya bənd olmuşdu? Bu haradan ağlına gəlib? Orada birinə nişanlanıb, dünənə qədər Müjkandan ötrü ölürdü, indi də Simanın eşqinə düşüb? 
Sima artıq onluq deyil. Sima şəkli Bakıya göndərmişdi. Ötən dəfə gedəndə bir oğlanla tanış olmuşdu. Daha doğrusu, təşəbbüs oğlan tərəfindən olmuşdu. Bir dəfə gəmi ilə dənizə, bir-iki dəfə Dənizkənarı bulvara gəzintiyə çıxmışdılar. Kafedə də oturmuş, şampan şərabı  içmişdilər. Aydın idi onun adı. Bu görüşlərdə səmimi olmuş, bir-birlərindən heç nəyi gizlətməmişdilər. Sima bilirdi ki, Aydının birinci sinfə gedən oğlu vardı. Arvadı uşaq üstündə dünyasını dəyişmişdi. Onlar dördlükdə yaşayırdılar: Aydın, atası Məcidxanla anası Şəfiqə, bir də balaca Yaşar. Aydının iki bacısı ərdə idi. Yaşarı körpəlikdən Şəfiqə saxlamışdı, bir növ ona analıq etmişdi.  
Sima Aydına ərə getməyə razı idi. Nə olsun ki, Aydın evli olub, bir uşağı var. Onun da taleyi gətirməyib. Sima da qız uşağı deyildı, həm də həkimlər ona demişdilər ki, uşağı olmayacaq. Sima danışmışdı, onun başına gələnlərdən  Aydın da xəbərdar idi.
Sima dostları ilə burada çəkdirdiyi və Bakıda olarkən telefonla çəkdiyi şəkillərin bəzilərini zərfə qoyub Aydına göndərmişdi. Rasim  şəkillərdən söz salanda Sima elə bilmişdi ki, onun Aydına göndərdiyi şəkilləri soruşur. Sima deyəndə ki, şəkli göndərmişəm, Rasim də düşünmüşdü ki, Müjkanla onun şəkillərini Nailəyə Sima çatdırıb.
* * *
Nailə evə od vuranda, kənd əhli bunun səbəbi ilə maraqlanıb təəssüf hissi keçirmişdi. Nailənin də, Rasimin də ailəsini hamı tanıyırdı. Pis qələmə verən tapılmazdı. Nailəyə də, Rasimə də dodaq büzən yox idi. Bir-iki adam olardı ki, Nailə ilə Rasimin arasında yaranan bu anlaşılmazlığa sevinsin, yaxud biganə qalsın. Onlar da bu ailələri gözü götürməyənlər, yaxud da Rasimin sancdığı, ayaqlarını basdaladığı adamlar ola bilərdi. Amma  Xankərəmin sevincinin həddi-hüdudu yox idi. O tərəfdən – Nailəgilin evindən qopacağı əks-sədanı intizarlıqla gözləyirdi. Bilirdi ki, nə isə bir tüfan qalxacaq, amma nə şəkildə olacağını bilmirdi. O tərəfdən ev-eşiyə od vurulduğunu görəndə: “Başlandı!” – deyə qol götürüb oynadı. Amma aləmin tülküsü idi.  Çalışırdı ki, sevindiyini bilən olmasın. 
Rasim, Nailə və Xankərəm bir sinifdə oxuyurdular.  Rasim çalışqan və  intizamlı idi, idman bölməsinə yazılmışdı. Boksla məşğul olurdu. Səliqəsinə-sahmanına söz ola bilməzdi. Paltarları ütülü, dırnaqları tutulu, saçları daranmış olardı. Rasimdən ötrü qızların ürəyi gedərdi. O isə birini seçmişdi – Nailəni. Qız da başa düşürdü ki, Rasim ona biganə deyil. Yuxarı siniflərdə ürəklərini bir-birlərinə açdılar. Amma Rasimdən qabaq Xankərəm Nailəyə yanaşmış, onu sevdiyini bildirmişdi. Nailənin ondan xoşu gəlmirdi və həm də gözü-könlü Rasimdə idi. Ona görə Xankərəmə “yox” dedi. Bu, Xankərəmə pis təsir elədi. Həmişə bu iki gəncdən heyf çıxmağa, onların ziyanına iş görməyə çalışırdı. O, Rasimdən qorxurdu, ona görə bütün pisliklərini xəlvəti həyata keçirirdi ki, xəbər tutan olmasın. Şəkil əhvalatını da o, fikirləşmiş və həyata keçirmişdi. Rasimlə Nailənin arasını vurub, qıza yiyələnmək, onunla evlənmək istəyirdi. Kənd camaatının Moskvada qaz vurub qazan doldurduğunu görən Xankərəm də özünü ora vermişdi. Bazarların birində həmkəndlilərinin, qonşu kənd uşaqlarının qoltuğu altına sığınıb, bir işin qulpundan yapışmışdı. Bazarda araba ilə yük daşıyırdı. Bir dəfə Rauf adlı bazar yoldaşı ilə restorana şam etməyə gedəndə burada dördlüyü – Rasimlə Emili, Müjkanla Simanı görüb xəlvəti onları müşahidə etmiş, şəkillərini çəkmişdi. Kəndə qayıdan kimi, xəlvəti  Nailəyə çatdırmışdı. Hadisə bax beləcə cərəyan etmişdi. Nə Emildə, nə də Simada bir təqsir vardı.
* * *
Bu bəxtsiz qızların, daha doğrusu, qadınların Moskva həyatı çətin keçsə də, burada müəyyən mənada sakitlik, dinclik tapdılar. Onların qəmli, qəlbağrıdan taleləri buradakılara bəlli deyildi. Bəlli olsa da, bu rusların bəziləri üçün həmin əhvalatlar adi, təbii hal kimi görünə bilərdi. Bundan başqa, kim idi onları tanıyan ki, tənə də vuraydılar.   Bir də bunlar çox da arvadbaz deyildilər, kimisə belə işlərə məcbur eləmirdilər. Eşitsəydilər də belə-belə işlərə görə bu cavan qadınlar ev-eşiklərini atıb buraya pənah gətiriblər, hətta onlara gülərdilər. Təyyarə  Demodedova hava limanına enəndə Müjkan da, Sima da key-key ətrafa baxdılar. Birdən yağışdan çıxıb yağmura düşərlər. Ac-susuz qalarlar. Bir az pulları var, onu da  xərcləyib qurtarandan sonra nə edəcəklər? Küçələrə düşərlər. 
Səhər maraq dolu nəzərlərlə ətrafa baxırdı. Moskva Bakıya, rayonlarına bənzəmirdi. Bu nəhəng, ucu-bucağı görünməyən şəhərin özünəməxsusluğu vardı. Hava limanında hər rəngdə, hər biçimdə kişi və qadın vardı. Hamı tələsirdi. Səhər birinci dəfə idi ki, qara adamlar görürdü. Zənciləri şəkillərdə görmüşdü. Qapqara idilər, bircə gözləri, bircə dişləri ağarırdı. Sanki kimsə onları bilərəkdən qaralamışdı.  İnsanlar sadə idilər, təmtəraqlı geyimlərdə deyildilər. Əksəriyyəti – kişisi də, qadını da cinsi şalvarda, bir çoxu krasovkada idi.
-Mənzil lazımdır sizə?
Bir yaşlı arvad idi. Onlara yaxınlaşmışdı. Müjkan onu başdan-ayağa süzdü. Əmin olmaq istəyirdi ki,  bu qadından onlara bir xətər toxunmaz ki? Həyat onu ehtiyatlı, ayıq olmağa məcbur etmişdi. Sima da gözlərini həmin qadına zillədi. Qarı bir daha soruşdu:
-Mənzil axtaracaqsınızsa, uzağa getməyin, üç otaqlı mənzil varımdır. İkisini verərəm sizə.
Sima Müjkana baxdı: “Yəni nə cavab verək?” 
Müjkan soruşdu:
-Tək qalırsan?
-Tək niyə? Allah heç kimi tək-tənha eləməsin. Bir oğlum var. Onunla.
Bu dəfə Sima soruşdu:
-Neçə yaşı var oğlunun?
-25 yaşı olacaq.
-Subaydır?
Qadın tez:
-Subay, subay, dedi.
Müjkanla Sima baxışdılar. Müjkan başını yellədi. Sima tez:
-Yox, qalası olmadıq. Yenə tək olsaydınız, dərd yarı idi. Biz iki qadın, yanımızda da qız uşağı, dünya axmaq, zaman da oğraş. Burada Müjkanı gülmək tutdu. Sima:
-Niyə gülürsən? Arvad cavab gözləyir.  
Müjkan Zamanın əhvalatını Simaya danışdı:
-Zaman adlı bir kişi varmış. Bir gün yaxşı bir toy çaldırıb evinə   gəlin gətirir.  Gəlinin adi Dünya olur. Gəlin boylu-buxunlu, tökməbədənli, yaraşıqlı bir qız  imiş. İş elə gətirir ki, qayınatanın gəlinə gözü düşür. Günlərin birində oğlu işdə olanda qayınata  gəlinlə bir süfrə başında oturub nahar edir. Yeməyini yeyə-yeyə gəlinə  xoş sözlər deməyə başlayır. əslində həmin sözlər iki başlı olur:
-Dünya gözəl dünyadır!
Gəlin atası yaşda olan qayınatasına baxıb bir söz demir.
Bu hadisə bir neçə dəfə təkrar olunur. Axırda gəlin həmin atmacalardan bezib bu əhvalatı ərini danışır.
Bir gün hamı süfrə başına cəm olanda Zaman gözlərini gəlindən çəkmədən yenə də:
-Dünya gözəl dünyadır! – deyir.
Oğlan həyat yoldaşının dediklərinin həqiqət olduğuna inanaraq acı təəssüf hissi və  qeyzlə ona cavab verir:
-Doğru deyirsən, əziz ata, Dünya gözəl dünyadır, amma Zaman oğraş zamandır!
Əhvalatı təkrar eşidən Sima da qəşş elədi, qarı gözlərini döyüb baxırdı. Ona tərcümə elədilər. O da gülməkdən uğundu. Sonra özünü ələ alıb:
-Yaxşı mənzili kirayə edəsi oldunuz, yoxsa başqa müştəri axtarım?
-Evdə cavan, subay oğlan  var.
-Onun nəyindən qorxursunuz, arvad kimidir. Gücü verib içkiyə, heç arvad yadına düşmür, yoxsa çoxdan birini alardı. Düz sözümdür, səhər evdən çıxır, gecə yarısı gəlir.
Müjkanla Sima bir-birini başa düşdülər: “Belə mənzildə yaşamaq onlara sərf eləməz”. Bəlkə elə bu qoca arvad da içəndir. Sifətinin quruluşundan içkiyə meyilli olduğu görünür. Bəhanə gətirdilər:
-Biz burada bir həftə, bir ay qalmağa gəlməmişik. Moskva qeydiyyatına düşüb burada yaşayıb işləyəcəyik.
Qarı əl çəkmək fikrində deyildi:
-Sağlıqla yaşayın. İki otaq sizə qurban.
-Yox, nənə, burada bir rus tanışımız var, o bizimçin mənzil kirayə edib.
Qoca arvad deyinə-deyinə bir kənara çəkildi. Qadınlar ətrafa baxdılar. Əlində əsa tutmuş, 70-75 yaşlarında bir kişiyə yaxınlaşdılar. Nurani sifəti vardı.
-Üç otağım var. İkisini kirayə verə bilərəm. Tək adamam. Bir ayağım gordadır. Arada bir mənim qayğıma da qalarsınız. Kimsəsizəm, köməksizəm. İnfarkt keçirmişəm, əlim işə-gücə yatmır.
Razılaşdılar.

Комментариев нет:

Отправить комментарий